- Tomas Hammerberq: Bloqqerlərin həbsi bizi ciddi şəkildə narahat edir
- Bloqqerlərin növbəti məhkəməsinə ekspertlər gətiriləcək
- Yalançı şahidləri 6 aydan 6 ilə qədər həbs gözləyir
- Bir məhkəmə iclası da arxada qaldı...
- H.Klinton Azərbaycanda insan haqları ilə bağlı suallar qaldırıb
- Adnan haqda Hikmətli sözlər
- Elmar Məmmədyarov Kolumbiya universitetində əsəbiləşib (Video)
- Bloqqerlərin növbəti məhkəmə iclası necə keçdi...
- Adnan Hacızadə hakimə «təşəkkür» etdi
- Gənclərin valideynlərinin iddiaları təmin edilmədi
- Beynəlxalq ictimaiyyət gənc bloqçuların azad olunmasını istəyir
- “Sərhədsiz reportyorlar” hakim Araz Hüseynovu blogerləri azad etməyə çağırıb
- Bloqqerlərin məhkəməsi sentyabrın 18-də davam etdiriləcək
- Zərərçəkənin ziddiyyətli ifadələri hakimi də güldürdü
- Məhkəmə qarşısında həbs edilən gəncləri buraxıblar
- Dövlət Departamenti bloqqerlərlə bağlı Bakı ilə danışıqlar aparır
- Gəncik, gələcəyik!
- Mini-AZƏRBAYCAN
- “Youth 4 Gender Equality”
- Məhkəmə Səbail polisinə sorğu göndərdi
- Leyla Yunus hakimi blogerlərin işi ilə bağli ədalətli qərar qəbul etməyə çağırıb
- Haraşti: Jurnalistlərin təqib edilməsinə son qoyulmalıdir
- İsveçli gənclər Adnan və Eminin həbsinə etiraz edirlər
- Bloqqerlərin qısa sürən məhkəməsi...
- Prezidentə məktub var
- Gənclərin məhkəməsindən gözləntilər nədir?
- “Freedom House” gənclərə qarşı ittihamları dayandırmağa çağırır
- Ombudsman gənc fəalların azadlığa çıxmasını istəyir
- Azərbaycan səfirliyi qarşısında etiraz
- "Gənclər ombudsmana barışıq təklifi etməyiblər"
- "İstəməzdim ki, Azərbaycan bu məsələyə görə təcrid olunsun"
- Gənc fəallar barışıq istəyir?
- Amerikalı azərbaycanlılar bloqqerlərin azadlığını tələb edib (Video, Foto)
- Bloqqerlərin işi üzrə məhkəmənin günü bəlli oldu
- Londonda bloggerlərə dəstək konserti keçiriləcək
- Gənc fəalların işi ilə bağlı Klintona müraciət olundu
- Gənc fəalların işi prokurorluğa göndərildi
- "Bu qadağaya görə, ailəmizə böyük mənəvi və fiziki ziyan dəyib"
- "Bloqçuları həbs etmək asan olmamalıdır"
- Gənc fəallara yeni ittiham irəli sürülüb
- Məhkəmə Hikmət Hacızadənin şikayətinə gələn həftə baxacaq
- "Şirbənd" bloggerlərə mahnı həsr etdi
- Bakı səmasında "Adnan və Eminə azadlıq!" şüarı (Foto, Video)
- Gənc fəalların istintaqı başa çatır…
- Gənc fəallarla bağlı Bakı Apellyasiya Məhkəməsinə iki şikayət verilib
- Almaniya Bundestaq deputatının Azərbaycan Respublikası Prezidentinə ünvanladığı məktub
- Hollandiyada Azərbaycan səfirliyi qarşısında etiraz
- ABŞ-da hər oxuyandan "Saakaşvili" olmaz
- Azərbaycan bloggerlərinin məhkəməsinə beynəlxalq müşahidəçilər gələcək
- Azərbaycan gənci, azadsanmı?
- Novruz Məmmədov: Bloggerlər xuliqandırlar, amma onları buraxacaqlar
- Bloqqerlərin taleyi Qərb diplomatlarının diqqət mərkəzindədir
- Brayza prezidentlə bloqqerlərin həbsindən danışıb
- Elçin Behbudov dövlət başçısından bloggerləri azad etməyi xahiş edir
ANA SƏHİFƏ
Xalq Dövlət üçün yox, Dövlət Xalq üçündür
Dövlətin yaranma nəzəriyyəsi – İctimai müqavilə nəzəriyyəsinə görə insanlar öz təhlükəsizliklərinin təmini, sosial rifahlarının yaxşılaşması üçün bir yerə yığışmış, razılaşma və seçki yolu ilə hökümət seçmiş və beləliklə hökümət və cəmiyyətdən ibarət dövlət institut kimi formalaşmağa başlamışdır. Dövlətin yaradılmasında insanlar könüllü olaraq iştirak etmiş, hökümətlərini zorla deyil özləri seçmişlər. Dövlət yaradıldıqdan sonra onun daxilində iki kəsim: cəmiyyət və hökümət meydana gəlmişdir. Beləliklə dövlətin uğurlu fəaliyyət göstərməsi üçün məsuliyyət həm hökümətin həm də cəmiyyətin üzərinə düşmüşdür.
Hökümət xalq tərəfindən seçilmiş bir qurumdur. Müvəqqətidir, səlahiyyətlər bölünmüşdür (qanun verici, icra edici, məhkəmə). Hökümət üzərinə məsuliyyət götürmüşdür ki, müəyyən zaman ərzində xalqa qulluq edəcək, onun təhlükəsizliyini, sosial rifahını təmin edəcək və hüquqlarını müdafiə edəcəkdir. Məsuliyyətə görə hökümət öz vəzifəsini icra edə bilmədikdə ya istefaya getməli, ya da xalq onu bir daha növbəti azad, demokratik seçkilərdə seçmir, başqa qüvvələrdən ibarət hökümət qurur.
Xalq dövlətin yaradılmasında, hökümətin seçilməsində bir başa iştirak etdiyindən onun da borcudur ki, hökümətin fəaliyyətinə nəzarət etsin, dövlətin fəaliyyətində iştirak etsin. Hökümət uğursuz fəaliyyət göstərdikdə, vədlərinə əməl etmədikdə, xalqın təhlükəsizliyini təmin etmədikdə, insan hüquqlarını kobudcasına pozduqda, sosial rifahını təmin etmədikdə və nəhayət ərazi bütövlüyünü qorumadıqda xalq onu ya seçki yolu ya da kütləvi etirazlar, sosial dəyişikliklər vasitəsilə dəyişir.
Yuxarıda göstərdiyim formanı avtoritar ölkələrə tətbiq etsək görərik ki, nə xalq öz məsuliyyətini bilir nə də hökümət. Xalqla hökümət arasında böyük uçurum var, komunikasiya zəifdir. Xalq hökümətdən istəmir, hökümət də vermir. Hökümət xalqa göstərmir, xalq da görüb tələb etmir. Məsuliyyət qarşılıqlıdır. Bu arada mərhum prezident Heydər Əliyevin “Xalq Dövlət üçün yox, Dövlət Xalq üçündür” kəlməsi yadıma düşdü. Hökümət xalqı təmsil etdiyindən, vəzifəli şəxslər mandatlarını xalqdan aldıqlarından onların üzərində məsuliyyət daha çoxdur. Xalq məsuliyyətini dərk etmədikdə, höküməti dəyişmək üçün iradə göstərmədikdə cinayət işləmir, əksinə, dözümlülük nümayiş etdirərək hökümətin xalqa qarşı törətdiyi cinayətlərə məruz qalır. Hökümət məsuliyyətini dərk etmədikdə, demokratik seçkilər keçirmədikdə, insan hüquqlarını kobudcasına pozduqda cinayət işləmiş olur və məsuliyyətə cəlb oluna bilir. Gödüyümüz kimi xalqın məsuliyyətsizliyi cinayət deyil, hökümətin məsuliyyətsizliyi nəticə etibarı ilə cinayətdir.
Xalqın avtoritar hökümətlərə təsir vasitələri QHT-lər, parlament, seçkilər, media və digər institutlar vasitəsilə çox zəif olduğundan alternativ vasitələrə ehtiyac yaranır. Demokratik İnstitutların yaranması üçün xalqın demokratik dəyərlərinin olması vacibdir. Demokratik dəyərlərin yaranması üçün isə alternativ informasiya mühüm əhəmiyyət kəsb edir. Avtoritar ölkələrdə xalq informasiya blakadasında olduğundan (alternativ fikir təqdim edən televiziya kanalının olmaması, müxalif mətbuatın ictimai rəy yarada bilməməsi və resurslarının az olması, ictimai müzakirələr üçün platformaların məhdud olması) demokratik dəyərlərin yaradılması prosesi çox zəif gedir. Demokratik dəyərlərin yaradılması üçün alternativ vasitələr internet mediası, yahoogrouplar, tənqidedici video roliklər, facebook və youtube kimi internet şəbəkələri, fərdi bloqlar daha səmərəlidir. Alternativ media vasitələri yeni bir şey olduğundan və hökümət nümayəndələrinin təfəkküründən daha böyük bir şey olduğundan avtoritar hökümətlər bu dili anlamır, lakin alternativ media vasitələrindən istifadə edən gənclərin sayının artdığını görür. Avtoritar hökümətlər böyüyən, kütləviləşən hər bir şeyi özünə təhlükə kimi qəbul etdiyindən, böyüyən lakin nəzarətsiz qalan alternativ media vasitələri şəbəkəsini də məhdudlaşdırmaq istəyir.
Azərbaycanda alternativ media vasitələri son zamanlar sürətli inkişaf edir və bu işdə AN şəbəkəsinin yaradıcılarından olan Emin Milli və OL Azərbaycan Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadə xüsusilə aktiv idilər. Onlar inqilab etmək istəmirdilər, onlar sadəcə alternativ tənqid üsulları ilə hökümətə, xalqa mesajlarını çatdırmaq istəyirdilər. Lakin onlar durduruldu. Adnan və Eminin həbsi əks effekt verdi. Adnan və Eminlə həmrək olanların sayı həm ictimai, həm də beynəlxalq səviyyədə artmış oldu. Şəbəkə daha da genişləndi.
Adnan və Emin təbiətcə pasifist, dəyərcə zorakılığa qarşı insanlardılar. Adnan sosial dəyişikliyin ancaq maariflənmə, dinc yollarla gələcəyinə inanırdı. Emin isə sürətli təkamülə inanırdı, inqilab istəmirdi. Onlar hər ikisi çox savadlı, sosial aktiv, gözəl təhlil qabiliyyətinə malik insanlardılar. Onların ruhunu öldürmək olmaz. Onlar Azərbaycana, bəşəriyyətə çox lazımlı, dəyərləri möhkəm, vicdanları sınmaz olan insanlardılar. Hökümət Azərbaycanda inkişaf etməkdə olan xaricdə təhsil almış, azad, sosial aktiv insanları təhlükə kimi deyil tərəfdaş kimi görməlidir. Bizlər ciddiyə alınmalıyıq.
Cəmiyyət hökümətdən gözləməli, hökümət də verməli. Cəmiyyət eyni zamanda məsuliyyətini dərk etməli və hökümətdən tələb etməlidir. Orta və yaşlı nəsil bunu edən deyil. Gənc nəsil tələb etməli, istəməli və nəticəyə nail olmalıdır. İstəmək, tələb etmək zamANıdır!
OL-çular “ZUG der FREİHEİT” layihəsində iştirak etdilər
1989-cu ilin oktyabrında tək Şərqi və Qərbi Almaniya üçün yox, bütün Avropa üçün çox əhəmiyyətli bir hadisə baş verdi. Şərqi Almaniyanın vətəndaşları sovet rejiminə artıq dözə bilmədiklərinə görə ölkədən mümkün və qeyri-mümkün yollarla qaçmaq istəyirdilər – belə, Berlin Divarını Qərb Almaniya tərəfə keçən zaman neçə nəfər həlak olmuşdur. Macarıstan sərhədləri açandan sonra minlərlə almanlar bu ölkəyə yönəlmişdilər. Bu yolu da kəsəndən sonra qaçqınlar Çexoslovakiyaya yollandılar. Çexoslovakiyada olan Alman səfirliyi bütün qaçqınları öz binasına qəbul edirdi, amma məcburi köçkünlərin sayı gündən günə artırdı və artıq binanın həyətində də adamlar aylarla yaşayırdı. Payız gəldikcə vəziyyət daha da çətinləşirdi – soyuq havada çöldə yaşamaq asan deyil. Və bu maksimal nöqtədə dövlətlər tərəfindən qaçqınların Qərb Almaniyaya transfer olunmasına icazə verilmişdir.
Oktyabr ayında Azadlıq Qatarı Praqa şəhərindən Almaniyaya yola düşür. Baxmayaraq ki, Çexiyadan Qərbi Almaniyaya yol daha qısa ola bilər, qatar mütləq Almaniyanın Şərq tərəfindən keçib, Qərb tərəfinə getməli idi( əks halda qatardaki adamların statusu qaçqın ola bilməzdi). Qatarda gedənlər stansiyalarda onları qarşılayan adamlara əl edirdilər, stansiyada duranlar isə həmin qatara minib Qərbə getmək istəyirdi, lakin polis dəstələri buna yol vermirdi.
Bir neçə gündən sonra isə Berlin divarı çökdü.Bu hadisələrdən 20 il sonra biz həmin qatarda Praqa şəhərindən Almaniyanın Hof şəhərinə kimi getdik. Amma bu dəfə qatardaki adamlar azad adamlar idi. Vaqonlarda almaniyan, çex artistləri, musiqiçiləri, gənclər var idi. Biz də, OL Hərəkatı kimi, Azərbaycanı bu qatarda təmsil edirdik. Bizdən başqa bu layihədə Gürcüstan, Belarusiya, Almaniya, Çexiya, Ermənistan və Polşa gəncləri də iştirak edirdilər. Biz hər stansiyada dayanırdıq, və havada azadlığı duyurduq: yüzlərlə gənclər plakatlarla, güllərlə bizə əl edib gülümsəyirdi. Orkestr çalırdı, insanlar bir birini təbrik edirdi. Yaşlı nəsil keçmişini yada salırdı – onların bəziləri həmin qatarda 20 il əvvəl gedirdi, bəziləri stansiyadan qatara baxıb onunla getmək istəyirdi, amma polislər buna yol vermirdi.
Məndən soruşanda ki, Azərbaycan ilə Almaniyanın Azadlıq Qatarından əlaqəsi nədir, dedim ki, 20 il əvvəl Azərbaycan da öz müstəqilliyini ikinci dəfə qazandı. Amma müstəqilliyi qazanib, azadlığımızı qoruyammadıq. Və istəyirəm ki bu Azadlıq Qatarı bir gün bizim ölkəmizə də gəlsin.
Esmira Məmmədova
“Bu, Azərbaycan hökumətinə heç də yaxşı imic qazandırmır”
14.10.2009
“Mən kiminsə öz fikirlərini, xüsusilə də insan azadlıqları və insan haqlarına hörmət olunması ilə bağlı mövqeyini açıq ifadə etməsinə görə təzyiqə məruz qalmasını absurd hesab edirəm”.
Çexiyanın keçmiş prezidenti Vatslav Havel azərbaycanlı bloqçular Emin Milli və Adnan Hacızadə barədə belə deyib.
O bildirib ki, bu məlumatlar çox narahatedicidir: “Və Azərbaycan hökumətinə heç də yaxşı imic qazandırmır”.
Emin Milli və Adnan Hacızadə bu il iyulun 8-də “Lebanese” restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.
Bloqçular ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
http://www.azadliq.org/content/article/1851361.html
Labels: AEbeynelxalq
Bloqqerlərin məhkəməsi təxirə salındı
3.10.2009
Gənc bloqqerlər - Emin Milli və Adnan Hacızadənin oktyabrın 13-nə təyin olunmuş məhkəməsi təxirə salındı. Buna səbəb prosesdə iştirak etmək üçün xəbərdarlıq edilən “Lebanese” restoranının sahibəsi Şahzeynəb Rüstəmova və zərərçəkənlərin məhkəməyə gəlməməsi idi.
Bundan başqa, Səbail rayon 9-cu polis bölməsinin məsul köməkçisi, şahid kimi dindirilməli olan Sənan Məmmədov da məhkəmədə iştirak etmirdi.
Hakim isə bildirdi ki, Şahzeynəb Rüstəmova və zərərçəkənlərə bir daha rəsmi məlumat göndəriləcək ki, növbəti məhkəmə prosesinə gəlsinlər, çünki onların prosesdə iştirakı vacibdir.
VƏKİLLƏR ETİRAZLARINI BİLDİRDİLƏR
Bloqqerlərin vəkilləri prosesin uzanmasına etirazlarını bildirərək, hakimdən zərərçəkənlərin prosesə məcburi gətirilməsi barədə qərar çıxarmasını istədilər. Hakim isə zərərçəkənlər Babək Hüseynov və Vüsal Məmmədovun nümayəndələrinin də məhkəmədə olmadığını əsas gətirərək dedi ki, əgər onlar növbəti prosesə də qatılmasalar, həmin iclasda məcburi gətirilmə məsələsinə baxılacaq.
Prosesdən sonra Emin Milli və Adnan Hacızadəyə valideynlərilə görüşməyə icazə veridi. Təxminən 45 dəqiqəlik görüşdən sonra valideynlər AzadlıqRadiosuna dedilər ki, övladları saxlanma şəraitindən şikayətlənmirlər. Amma bloqqerlər məhkəmə prosesini “tamaşa” adlandırıblar.
“YUXARIDA HANSISA SSENARiST OTURUB YAZIR”
Valideynlər özləri isə hələ də onlara övladları ilə davamlı görüş verilməməsindən və prosesin uzadılmasından narazıdırlar. Adnan Hacızadənin atası Hikmət Hacızadə:
- Bir balaca davaya görə iki aydır məhkəmə gedir. Nəyə görə məhkəmə iki həftə sonraya təxirə salındı? Bu iki həftəyə nə olacaq? Yuxarıda hansısa ssenarist oturub yazır, hansısa səhifə xoşuna gəlmir, cırır təzədən yazır.
Emin Millinin valideynləri isə hətta oktyabrın 14-ü oğullarının ad günündə belə onunla görüşə icazə verilməməsindən şikayətçidirlər.
Emin Milli və Adnan Hacızadə iyulun 8-də “Lebanese” restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.
Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
Prosesdə zərərçəkənlər kimi tanınan Babək Hüseynov və Vüsal Məmmədov isə ifadələrində deyiblər ki, iyulun 8-də “Lebanese” restoranında Emin Milli və Adnan Hacızadə, həmçinin onlarla bir masada oturanlar söyüş söyüblər. Onlar buna etiraz edəndə dava düşüb və həmin masada oturanlar Vüsal Məmmədovla Babək Hüseynova hücum ediblər.
Bloqqerlərin növbəti məhkəməsi oktyabrın 27-nə təyin olunub.
http://www.azadliq.org/content/article/1850437.html
Emin Milli: “İstintaq həmişə bizə qarşı qərəzli olub”
09.10.2009
Adnan Hacızadə ifadəsində onu da deyib ki, hadisədən əvvəl “Vüsal Məmmədovu evimizin qarşısında görmüşəm”.
Daha sonra Emin Milli ifadə verib. O bildirib ki, “istintaq həmişə bizə qarşı qərəzli olub”.
Bundan sonra hakim prosesə gəlməyən polis əməkdaşlarının ifadələrinin elan olunmasını istəyib. Müdafiə tərəfinin vəkilləri isə buna etirazlarının bildiriblər. Belə olan halda hakim həmin polislərin məhkəməyə gəlmələri üçün onlara bir daha teleqram göndəriləcəyini bildirib.
Bununla da növbəti proses başa çatıb.
Oktyabrın 13-ü saat 3-də məhkəmə davam edəcək.
***
Prokuror Adnan Hacızadəyə suallar verir.
***
Adnan Hacızadə məhkəmədə deyib ki, o özünü pasifist hesab edir və heç vaxt zorakılıq tərəfdarı olmayıb.
O, Vüsal Məmmədovla Babək Hüseynovu heç kimin vurmadığını deyib:
“Onlar 9-cu Polis Bölməsində bizdən xahiş elədilər ki, onları bağışlayaq. Mənim təhsilim, tərbiyəm və əxlaqım imkan vermir ki, kiməsə əl qaldıram”.
Adnan Hacızadə deyib ki, tibb eksperti onun burnunu yoxlamayıb.
Ekspertin rəyində Adnan Hacızadənin burnunun sınmadığı və yüngül xəsarət aldığı deyilir.
Adnan Hacızadə: “Mənim qana batmış köynəyim sübut kimi istifadə olunmayıb”.
Bu arada müdafiə tərəfi vəsatət verib ki, Vüsalla Babək haqqında verilmiş ekspert rəyi sübut növü kimi qəbul olunmasın. Çünki ekspertizanın rəyi saxtadır.
Hakim vəsatəti baxılmamış saxlayıb.
***
Emin Milli və Adnan Hacızadə 39-cu Polis Bölməsinin qarşısında çəkilən şəkillərini hakimə göstəriblər.
Bundan əvvəlki proseslərdə şahid qismində ifadə verən polis əməkdaşları demişdilər ki, Emin Milli və Adnan Hacızadəni hadisə baş verən gün “Livan” restoranından onlar aparıblar.
Gənclər isə bunun belə olmadığını, 39-cu Polis Bölməsinə özlərinin getdiklərini bildirmişdilər.
***
Məhkəmə başlayandan sonra vəkil Elton Quliyev çıxış edərək tibbi eksperti Məcid Məmmədovun verdiyi rəyin saxta olduğunu bildirib.
Hazırda isə Adnan Hacızadə ifadə verir.
***
Bu gün saat 15-00-da Səbail rayon Məhkəməsində gənc bloqqerlər – Adnan Hacızadə və Emin Millinin işi üzrə proses davam edir.
Vəkil İsaxan Aşurov AzadlıqRadiosuna bildirib ki, bugünkü məhkəmə iclasında təqsirləndirilən şəxslərin ifadəsi dinləniləcək.
Adnan Hacızadə və Emin Mİlli bu il iyulun 8-də “Livan” restoranında baş verən münaqişədən sonra həbs ediliblər.
Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
http://www.azadliq.org/content/article/1847332.html
Hakim gənclər barədə həbs qərarını dəyişmədi
07.10.2009
Oktyabrın 7-də Səbail rayon Məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəməsi davam edib. Prosesdə gənclərin vəkilləri vəsatət qaldıraraq Emin Milli və Adnan Hacızadə barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini və bunun girovla əvəzlənməsini hakimdən xahiş ediblər.
Dövlət ittihamçısı isə Cinayət Prosessual Məcəllənin 121.3-cü maddəsini əsas gətirərək deyib ki, yeni dəlillər olmadan artıq bir dəfə rədd edilmiş vəsatət yenidən qaldırıla bilməz. Ona görə də, məhkəmədən bu dəfə də vəsatəti təmin etməməyi xahiş edib.
Hakim vəsatətə baxmaq üçün prosesdə fasilə elan edib və geri qayıdanda vəsatətinin rədd olunduğunu bildirib.
Daha sonra prosesdə məhkəmə eksperti Məcid Məmmədov ifadə verib. Ekspertdən rəyindəki latın terminlərinin izahı soruşulub. Daha sonra rəyin mahiyyəti üzrə vəkillərin suallarını cavablandırıb.
Məcid Məmmədov deyib ki, verdiyi rəyi təsdiq edir. Ancaq o, rəyindəki şübhəli məqamlara dolaşıq cavablar verib.
Məsələn, deyib ki, baş-beyin silkələnməsi ilə adi beyin silkələnməsi arasında fərq var. Vəkil Elton Quliyev isə deyib ki, bu, tibbdə yenilikdir.
Vəkillər ekspertə irad tutublar ki, hadisədən dərhal sonra Vüsal Məmmədova həkimin verdiyi rəydə baş-beyin silkələnməsinin əlamətləri ilə bağlı heç nə göstərilməyib. Amma ekspertin bundan təxminən 10 saat sonra verdiyi rəydə həmin əlamətlərin olduğu göstərilib. Onlar bu ziddiyyəti aydınlaşdırmağı ekspertdən xahiş ediblər. Ekspert isə deyib ki, Vüsal Məmmədova verdiyi rəydə onun bu xəsarəti nə vaxt aldığını dəqiq deyə bilməyəcək.
EKSPERT GÖRMƏDİYİNİ RƏYƏ SALIB
Zərərçəkən Vüsal Məmmədovla bağlı ekspert rəyində onun xəsarət alandan sonra ambulator müalicə olunması yazılıb. Buna açıqlama gətirən ekspert Məcid Məmmədov ambulatory müalicə ilə bağlı əlində heç bir sənəd olmadığını, bunu sadəcə, Vüsal Məmmədovun şifahi deməsi əsasında rəyə saldığını bildirib. Vəkillərin “Vüsal Məmmədovun qulağının qanamasını şəxsən görmüsüzmü” sualına cavabında da ekspert deyib ki, bunu rəyə sadəcə, xəstəlik taxində yazıldığına görə salıb, şəxsən özü görməyib.
Daha sonra vəkillər “Livan” restoranının sahibəsi Şahzeynəb Rüstəmovanın şahid kimi dindirilməsini istəyiblər. Hakim isə deyib ki, xəstəxanadan sənəd gəlib ki, Rüstəmova ötən ay əməliyyat olunub və prosesə gələ bilməyəcək.
Vəkillər Adnanla Emin döyüləndən sonra onların yanında olan daha 7 şahidin də dindirilməsini vacib hesab eləyiblər. Ancaq hakim bu 7 nəfərdən yalnız birinin - Rəşadət Axundovun dindirilməsinə razılıq verib.
SINMIŞ STƏKANLAR
Rəşadət Axundov isə ifadəsində deyib ki, Adnanla Emini xəsarət almış vəziyyətdə görüb. O, Vüsal Məmmədovu 9-cu polis bölməsində gördüyünü və onun xəsarət almadığını da bildirib. Rəçadət Axundov onu da deyib ki, hadisə baş verəndən sonra «Livan» restoranına dostlarının orda qalmış əşyalarını geri götürməyə qayıdıblar. O zaman restoranın inzibatçısı onlardan hesabı ödəməyi istəyib. Hesaba mübahisə zamanı sındırılmış stəkanların pulu da salınıb. Gənclər həmin stəkanları qarşı tərəfin sındırdığını bildirib və bu pulu ödəməkdən imtina ediblər. Restoranın inzibatçısı da bu iradla razılaşıb və sınmış stəkanların pulunu gənclərdən almayıb.
Daha sonra vəkillər zərərçəkənlər Vüsal Məmmədovla Babək Hüseynovun növbəti prosesə gəlməsini də istəyiblər. Hakim də zərərçəkənlərin nümayəndəsindən bu xahişi təmin etməyi istəyib.
Bununla da bugünkü proses başa çatıb.
Növbəti proses oktyabrın 9-u saat 3-də olacaq.
Gənc bloqqerlər – Adnan Hacızadə və Emin Mİlli bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər.
Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
http://www.azadliq.org/content/article/1845538.html
Tomas Hammerberq: Bloqqerlərin həbsi bizi ciddi şəkildə narahat edir
Oktyabrın 1-də AN Şəbəkəsinin Fransa təmsilçisi Elnur Məcidli və Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə, Avropa Şurasının insan hüquqları üzrə baş komissarı Tomas Hammerberq ilə görüş keçirib.
Tomas Hammerberqin Avropa Şurasının mərkəzi binasında yerləşən ofisində baş tutan görüşdə Azərbaycandakı insan haqlarıyla bağlı problemlərin mövcudluğu müzakirə olunub.
Qarşılıqlı müzakirə şəklində keçən toplantıda başda bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsi olmaqla, siyasi məhbuslar məsələsi və ölkədə demokratiyanın inkişafına maneçilik törədən amillərə toxunulub.
30 dəqiqəyə yaxın davam edən görüşdə Çingiz Qənizadə ölkədəki demokratik vəziyyətin ürəkaçan olmadığını qeyd edərək baş komissarın dəstəyinin vacibliyini vurğulayıb. Azərbaycandakı insan haqlarıyla bağlı problemlərə toxunan Qənizadə, Avropa Şurasının mövcud vəziyyətə müdaxiləsini istəyib.
Elnur Məcidli, görüşdə AN şəbəkəsini təmsil etdiyini bildirərək AN şəbəkəsinin yaradıcılarından biri olan Emin Milli və OL Gənclər Hərəkatının fəalı Adnan Hacızadənin həbsinin qeyri-qanuni olduğunu və hər iki bloqqerin azadlığa buraxılması üçün Avropa Şurasının dəstəyinin əhəmiyyətini qeyd edib.
Tomas Hammerberq, söhbət əsnasında Azərbaycandakı hazırkı vəziyyətlə bağlı məlumatı olduğunu və bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsinin ciddi narahatlıq doğurduğunu bildirib.
Azərbaycanla bağlı əsas diqqət etdikləri məsələnin gənc bloqqerlərin həbsi olduğunu bildirən baş komissar , məhkəmə prosesini diqqətlə izlədiklərini söyləyib.
Azərbaycanda milli azlıqlarla bağlı problemlərin olduğunu söyləyən Hammerberq, Talış Mədəniyyət Mərkəzinin rəhbəri Novruzəli Məmmədov həbsxanada vəfat etməsinə şübhəli yanaşdığını bildirib.
Çingiz Qənizadə isə Azərbaycanda milli azlıqlar problemi olmadığını, Novruzəli Məmmədovun və digər məhbusların milli azlıq olduğuna görə yox, siyasi fəaliyyətinə görə həbs edildiyini vurğulayıb.
Baş komissarın Azərbaycanda insan haqlarıyla bağlı əsas hansı məsələnin diqqət mərkəzində olması gərəkdiyi sualına Çingiz Qənizadə siyasi məhbusların mövcudluğu olaraq cavab verib.
18 Mart referendumu ilə Azərbaycanın demokratik prinsiplərdən bir az da uzaqlaşdığını ifadə edən Elnur Məcidli, ölkədə söz və ifadə azadlığının qarşısında ciddi əngəllər olduğunu və hər iki bloqqerin də öz fikirlərinə görə həbs olunduqlarını bir daha qeyd edib.
Görüşdə eyni zamanda həbsdə olan jurnalistlərin azadlığa buraxılması məsələsinə də toxunulub.
Tomas Hamerberq, 2010-cu ilin ilk aylarında Azərbaycana səfər etməyi planlaşdırdığnı və səfəri zamanı qeyd olunan problemlərə toxunacağını və rəsmi görüşlərlə yanaşı, insan hüquqları və demokratiya sahəsində çalışan QHT-lərlə də görüş keçirməyi istədiyini söyləyib.
Görüş, qarşılıqlı sual-cavabdan sonra başa çatıb.
Bloqqerlərin növbəti məhkəməsinə ekspertlər gətiriləcək
01.10.2009
Oktyabrın 1-də Səbail rayon Məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəmə prosesinin növbəti iclası keçirilib.
ŞAHİD ŞƏKİLİ GÖRƏNDƏN SONRA BÖLMƏNİ XATIRLADI
Məhkəmədə şahidlər ifadə veriblər. Öncə Səbail rayonu 39-cu polis bölməsində növbətçi köməkçisi vəzifəsində çalışan Fərid Hüseynov dindirildi. O, təqsirləndirilən Adnan Hacızadə və Emin Millini tanımadığını, onların hadisə baş verən gün 39-cu bölməyə gəlmədiklərini bildirdi. Həmçinin əlavə etdi ki, təqsirləndirilən şəxslər bölməyə heç bir şikayət ərizəsi də təqdim etməyiblər. Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri şahidin ifadəsini təkzib edən fotoşəkillər – Adnan və Eminin xəsarət almış şəkildə 39-cu polis bölməsində çəkilmiş fotoşəkillərini hakimə təqdim etdilər. Şahid də həmin fotoşəkillərin çəkildiyi məkanın məhz 39-cu polis bölməsi olduğunu təsdiqlədi.
Prokuror vəkillərin bu hərəkətinə etiraz etdi. Hakim fotoların araşdırılacağını bildirdi.
Daha sonra vəkillər növbəti prosesə rəy verən ekspertlərin gətirilməsini istədilər. Məhkəmə bildirdi ki, növbəti iclasda ekspertlər iştirak edəcəklər.
«ONDA BUNU İSTİNTAQ EDİB»
Vəkillər onu da bidirdilər ki, əvvəlki ifadələrində zərərçəkən kimi təqdim olunan Babək Hüseynovla Vüsal Məmmədov hadisədən sonra heç bir KİV-ə münasibət bildirmədiklərini deyiblər. Amma day.az saytında onların müsahibələri və Vüsal Məmmədovun xəsarət almış formada şəkli yerləşdirilib. Vəkillər iddia edirlər ki, əgər zərərçəkmişlər mətbuata məlumat verməyiblərsə, onda bunu istintaq edib və müstəntiq buna görə cavab verməlidir.
Daha sonra Səbail rayonu 9-cu polis bölməsinin əməkdaşı Rövşən Hüseynov şahid kimi dindirildi. Dedi ki, hadisə baş verən gün Adnan və Emin də daxil olmaqla 5 nəfəri bölməyə polis əməkdaşları gətirib: «Təkcə Adnan xəsarət almışdı. Təcili yardım çağırdıq, sonra onlar dındırıldılər». Rövşən Hüseynov onu da dedi ki, şikayət ərizəsi ilə bölməyə yalnız Babək və Vüsal müraciət ediblər.
Şahid kimi dindirilən Səbail rayonu 39-cu polis bölməsinin əməliyyat müfəttişi Murad Səlimov da dedi ki, həmin gün onların bölməsinə heç bir şikayət ərizəsi daxil olmayıb və Adnanla Emini də bölmədə görməyib. Vəkil İsaxan Aşurov yenidən şahidin bu ifadəsini təkzib edən fotoşəkillər təqdim istədikdə dövlət ittihamçısının şikayəti əsasında hakim bunun qarşısını aldı və bildirdi ki, həmin fotoşəkillərin sübut kimi qəbul olunub-olunmaması məsələsinə baxılacaq.
ŞAHİDLƏR VÜSALLA BABƏKİ BÖLMƏYƏ GÜLƏ-GÜLƏ, XƏSARƏTSİZ GƏLDİKLƏRİNİ GÖRÜBLƏR
Daha sonra bloqqerlərlə birlikdə restoranda olan gənclər – Nurəddin Babayev, Bəhram Əhmədli və Ülvi Həsənli dindirildilər. Hər üç şahid münaqişəni qarşı tərəfin törətdiyini bildirdilər. Şahidlərin dediyinə görə, onlar öz aralarında söhbət edən zaman arxa masadan söyüş eşidiblər. Amma buna reaksiya verməyiblər. Daha sonra Vüsalın başı ilə Eminə zərbə vurduğunu, Adnanın Emini müdafiə etməyə cəhd göstərdiyi zaman onun da Vüsal tərəfindən zədə aldığını bildirdilər. Şahidlər xəsarət alan Adnan və Eminin əvvəlcə 39-cu polis bölməsinə, daha sonra 9-cu polis bölməsinə getdiklərini, bölmədə fotoşəkillərinin çəkildiyini təsdiqlədilər. Bəhram Əhmədli onu da dedi ki, həmin gün Vüsalla Babəki 9-cu bölməyə gülə-gülə, xəsarətsiz gəldiklərini də görüb.
PROSES OKTYABRIN 7-DƏ DAVAM EDƏCƏK
Ülvi Həsənli də həmin gün 9-cu polis bölməsində hazırda özünü zərərçəkmiş kimi təqdim edənləri tam sağlam şəkildə gördüyünü bildirdi. Ülvi Həsənli isə onu da əlavə etdi ki, Babək Hüseynovla üzləşdirilən zaman ondan restoranda birinci kimin kimə yaxınlaşdığını soruşub. Babək də ilk olaraq özlərinin bloqqerlər olan masaya yaxınlaşdığını bildirib. Ülvi isə Babəkin şifahi ifadəsi ilə yazılı ifadəsinin üst-üstə düşmədiyini istintaqa bildirəndə Babək dediklərini təkzib edib.
Ülvi Həsənlinin ifadsindən sonra hakim oktyabrın 1-nə olan prosesi başa çatmış élan edib. Növbəti iclas oktyabrın 7-ə təyin edildi.
Prosesi beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri də izləyirdi. Amerika səfirliyindən Terri Devidson, millət vəkillərindən Pənah Hüseyn də prosesi izləyənlər arasında idi.
Gənclər iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər.
Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.
Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
Məqalənin əsli burada
Yalançı şahidləri 6 aydan 6 ilə qədər həbs gözləyir
30.09.2009
Gənc bloqqerlər Adnan Hacızadə və Emin Millinin məhkəməsində ittiham tərəfinin əksər sübutları təsdiqini tapmır. Adnan Hacızadənin atası Hikmət Hacızadə deyir ki, artıq ittiham aktı işdə zərərçəkən kimi tanınan Vüsal Məmmədovla Babək Hüseynovun ifadələrindən asılı vəziyyətdə qalıb. Onun fikrincə, bu ifadələr də başqa şahid ifadələri ilə təsdiq edilmədiyindən işin qurama olduğu üzə çıxmaqdadır.
SABUN KÖPÜYÜ YOXSA TUTARLI SÜBUTLAR?
Vüsal Məmmədovla Babək Hüseynov ifadələrində bildirmişdilər ki, hadisənin baş verdiyi zaman «Livan» restoranında iki əcnəbi qadın olub və Adnan Hacızadə orada söyüş söydüyündən ondan sakit olmalarını istəyiblər.
Ancaq Hikmət Hacızadə yada salır ki, həmin vaxt restoranda iki əcnəbi qadının olmasını başqa heç bir şahid ifadəsi təsdiq etmir. Hətta məhkəməyə ifadə verən polislər belə bu barədə heç nə deməyiblər. Üstəlik, polislərin ifadəsində nə Adnan Hacızadə və Emin Millinin zorakı əməlləri, nə də Vüsal Məmmədovla Babək Hüseynovun xəsarət almaları ilə bağlı nəsə var:
- Onda müstəntiq nədən müəyyən edib ki, bu iki gənc günahkardır? O birilərin ifadəsi bir-birinə ziddir və müdafiə tərəfi bu ifadələri alt-üst edən sübutları məhkəməyə təqdim edəcək.
Polis ifadələri işdə zərərçəkən kimi təqdim edilən insanların ifadələrini təsdiq etməsə də, müdafiə tərəfi onların da çıxışından narazı qalıb. Hikmət Hacızadə bildirib ki, müstəntiq və yalançı şahid ifadələri ilə bağlı məhkəməyə şikayət etmək niyyətindədirlər.
6 AYDAN 6 İLƏ QƏDƏR HƏBS
Azərbaycanın Cinayət Məcəlləsinə görə, zərərçəkən və ya şahid bilərəkdən məhkəməyə yalandan ifadə verirsə, onu 6 aydan 6 ilə qədər həbs gözləyir. Hüquqşünas Fuad Ağayev deyir ki, bloqqerlərin işində Hikmət Hacızadə də yalançı şahid ifadələri ilə bağlı məhkəmə iddiası qaldıra bilər:
- Məhkəməyə gələn hər bir şahid ifadə verməkdən imtinaya və bilərəkdən yalan ifadə verməyə görə məsuliyyətlə bağlı xəbərdar edilir. Bununla bağlı dilindən iltizam da verir. Əgər məhkəmədə sübut olunsa ki, yalan ifadə bilərəkdən olub və qərəzli xarakter daşıyır, onun haqqında məsuliyyət qaldırıla bilər.
Ancaq Fuad Ağayevin sözlərinə görə, hələ Azərbaycanda elə belə bir halla rastlaşmayıb ki, hüquq-mühafizə əməkdaşları yalandan qərəzli ifadə verdiklərinə görə məsuliyyətə cəlb edilsinlər. Bununla belə, müdafiə tərəfi əmindir ki, əgər ədalətli məhkəmə araşdırması aparılacaqsa, işin qurama olduğu üzə çıxacaq və gənclər azadlığa buraxılacaqlar.
GƏNCLƏRİN AZADLIĞI ƏDALƏTLİ MƏHKƏMƏDƏN ASILIDIR?
«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, yalnız müstəqil məhkəmələrdə ədalətli araşdırma nəticəyə təsir göstərə bilər. Onun fikrincə, müstəqil olmayan məhkəmələrdə siyasi işlərin nəticəsi icra hakimiyyətinin sifarişindən asılı olur:
- Sadəcə, gənc bloqqerlərin həbsi bütün dünyada ciddi təpki ilə qarşılandı və Azərbaycan hökumətinə təzyiqlər artdı. Bu mənada gənclərin hansısa formada azadlığa buraxılacağına ümid bəsləmək olar.
Azər Rəşidoğlu düşünür ki, indi ittiham tərəfinin arqumentlərinin alt-üst olunmasının hər şeydən çox ictimai əhəmiyyəti var.
Məqalənin əsli burada
Bir məhkəmə iclası da arxada qaldı...
29.09.2009
Adnan Hacızadənin atası Hikmət Hacızadə AzadlıqRadiosuna deyib ki, yalançı şahidləri və müstəntiqi məhkəmə icraatına cəlb etmək istəyir. O, yalançı şahidlər dedikdə, bu gün məhkəmədə ifadə verən polisləri nəzərdə tutub.
Onun sözlərinə görə, Emin Milli və Adnan Hacızadə döyüldükdən sonra bölməyə özləri getdikləri halda, polislər məhkəmədə bunun əksini iddia eləyiblər.
Hikmət Hacızadə məsələ ilə bağlı yerli və beynəlxalq hüquqşünaslarla məsləhətləşəcəyini deyir.
***
Bütün arzu edənlər, o cümlədən bəzi jurnalistlər prosesə buraxılmadılar. Məhkəmədə nəinki diktafon və fotoaparatdan istifadəyə imkan verilmədi, hətta mobil telefondan sosial şəbəkələrə mesaj göndərənlər belə prosesdən çıxarılırdılar.
Proses gedə-gedə bir neçə nəzarətçi insanlara nəzarət edirdilər ki, kimsə kənara informasiya ötürməsin. Həmin adamların ya telefonları söndürülür, ya da prosesdən çıxarılırdılar.
Bəzi şahidlərin, o cümlədən polislərin ifadələri zalda gülüşə səbəb oldu. Ona görə də həm hakim, həm də nəzarətçilər zaldakı insanlardan nizam-intizama riayət eləməyi tələb etdilər.
Müdafiə tərəfi ilə ittiham tərəfi arasında şahidlərin dindirilməsi ilə bağlı tez-tez mübahisə yaranırdı. Tərəflər bir-birindən şahidlərə yönəldici suallar verməməyi tələb eləyirdilər.
Vəkil İsaxan Aşurovun şahidlərə Emini Milli ilə Adnan Hacızadənin xəsarət aldığını əks etdirən fotoşəkillərini göstərməsi dövlət ittihamçısının qəzəbinə səbəb oldu.
Həmin fotolar gənc bloqqerlərin istintaqın iddiasının əksinə olaraq polisə özlərinin getdiyini göstərirdi.
Dövlət ittihamçısı vəkilə irad tutdu ki, bu şəkillər sübutların siyahısına aid edilməyib, ona görə də şahidlərə göstərilməməlidir.
Vəkil Elton Quliyev isə dedi ki, heç bir qanunda göstərilməyib ki, sübutlar prosesin əvvəlində təqdim edilməlidir, bu, prosesin gedişində də edilə bilər:
«Bizim məqsədimiz ədalətli araşdırmaya nail olmaqdır».
***
Proses qurtardıqdan sonra məhkəmə binasının qarşısında Emin Milli ilə Adnan Hacızadəyə azadlıq tələbi ilə şüarlar səsləndirilib.
***
Proses bu günlük yekunlaşdı. Növbəti məhkəmə baxışı oktyabrın 1-i saat 3-ə təyin edildi.
***
Daha sonra bloqqerlərlə birlikdə restoranda olan Orxan Qafarlı ifadə verdi. O, ifadəsində deyib ki, «biz restoranda oturmuşduq, axırda Adnan Hacızadə gəldi. Adnanın gəlməyindən beş-on dəqiqə sonra Babək və Vüsal gəldi. Oturub söhbət edirdik. Vüsal yaxınlaşdı. Eminə dedi ki, nə deyirsən? Emin dedi ki, heç nə demirəm, biz söhbət eləyirik. Sonra Vüsal Emini kəllə ilə vurdu. Adnanı da vurdu. Babək isə söyüş söyməyə başladı. Sonra biz getdik 39-cu Polis Bölməsinə. Bölmədən bizə dedilər ki, ora bizim ərazimiz deyil. Gedin Səbailə, dedik ki, uşaqlar yaralıdırlar, gedə bilmirik, zəng elədilər, polis maşını gəldi. Polis maşını ilə 9-cu Polis Bölməsinə getdik. Bizi ekspertizaya apardılar. Vüsalla Babək orda bizdən xahiş elədilər ki, bir səhvdir eləmişik, bizi bağışlayın. Sonra müstəntiq elan elədi ki, siz saxlanılırsız, onları da buraxdılar».
Daha sonra digər şahid Pərviz Atayev də ifadə verib.
***
Prosesdə dindirilən «Livan» restoranının aşpazı Araz Allahverdiyev belə ifadə verib: «Mən içəri girdim. Mənə dedilər ki, içəridə dava düşüb. Gördüm bir nəfər yıxılıb. Bir nəfər də ayaqüstədir. Mən ayaqüstə olanı arxadan qucaqladım. Amma bilmədim ki, ayaqüstə olan kimdir, yıxılan kim».
AzadlıqRadiosunun məhkəmədəki müxbiri xəbər verir ki, aşpaz Adnanla Eminlə baxıb «bunları tanımıram, bəlkə də onlar idi, bəlkə də yox. İçəri yarıqaranlıq idi. Sonra müdiriyyət gəldi və mən işimin arxasınca getdim» - deyib.
Polislərdən Zahid Daşdəmirov isə ifadəsində deyib ki, «həmin gün Suriya prezidenti Bakıya gəlirdi, biz əraziyə nəzarət eləyirdik. «Livan» restoranının qarşısından keçəndə bir nəfər bizə dedi ki, içəridə davadır. Girdik içəri, gördük ki, Eminin ayağı cızılıb, Adnanın da burnu qanayıb, dəsmalla tutmuşdu. Biz bu iki nəfəri və Orxanı (Qafarlı -B.B.) götürüb polisə gəldik».
Bu zaman gənc bloqqerlərin vəkilləri sual veriblər: Siz içəri girəndə kimlərsə dalaşırdılarmı?
Polis deyib ki, «mən dalaşanları görmədim. Restoranın sahibi mənə dedi ki, iki stoldan bir-birilərinə bakal atıblar. Mən də yerdə şüşə qırıntıları gördüm».
Vəkillər soruşublar ki, «niyə məhz bu üç nəfəri polisə apardınız?».
Zahid Daşdəmirov buna izah verə bilməyib.
İfadə verən başqa bir polis - Bəşir Bəşərov isə deyib ki, «gördük bunlar xəsarət alıblar, dedik, xəsarət alıblarsa, bunlar dalaşıblar, ona görə apardıq».
Hər iki polis etiraf eləyib ki, içəridə bu iki nəfərdən başqa xəsarət alan görməyiblər.
Bu vaxt prokuror Zahid Daşdəmirovun yadına salıb ki, «sən ifadəndə yazmısan ki, Babək adlı bir nəfər qarnını tutub divara qısılmışdı».
Zahid Daşdəmirov isə deyib ki, «mən xatırlamıram, əgər ifadəmdə yazmışamsa, deməli, elə olub».
***
«Twitter»də yerləşdirilmiş daha bir məlumata görə, ATƏT-in Bakıdakı nümayəndəsi məhkəmə prosesinə qoşulmaq niyyətindədir.
***
«Twitter» sosial şəbəkəsində yerləşdirilmiş məlumata görə isə, hazırda polis əməkdaşları şahid qismində dindirilir.
***
«Facebook» sosial şəbəkəsində yerləşdirilmiş daha bir məlumatda isə deyilir ki, «Lebanese» restoranının sahibi prosesdə deyib ki, Adnanla Emini həmin gün restoranda görməyib.
***
«Facebook» sosial şəbəkəsində yerləşdirilmiş məlumatlara əsasən, hazırda prosesdə şahidlər dindirilir.
***
Bu gün Səbail rayon Məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəməsi başlayıb.
Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər.
Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.
Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
Məhkəmə binasının önündə isə toplaşanların sayı artır.
Məqalənin əsli burada
H.Klinton Azərbaycanda insan haqları ilə bağlı suallar qaldırıb
29.09.2009
Dövlət katibi Hillari Klinton Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə “Azərbaycanda insan haqlarının və demokratiyanın vəziyyəti ilə bağlı vacib suallar qaldırıb”.
Bunu Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon keçirdiyi mətbuat konfransında deyib.
Hillari Klinton görüşdə bloqqerlərin döyülməsinə və tutulmasına toxunub. O, Məmmədyarovun diqqətinə çatdırıb ki, “bloqqerlərin işi ilə bağlı açıq və ədalətli prosesi görmək istərdi.”
Filip Qordona sual verilib ki, Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasının Azərbaycan təsiri nə olacaq?
Qordon deyib ki, Dağlıq Qarabağ prosesi irəli gedir.
Ancaq Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasına heç bir ilkin şərt qoyulmur.
Məqalənin əsli burada
Labels: AEbeynelxalq
Adnan haqda Hikmətli sözlər
Hikmət Hacızadə oğlu, həbsdə saxlanılan bloqqer Adnan haqda danışır. Ülviyyə Əsədzadənin videosüjeti
http://www.azadliq.org/video/3273.html
Elmar Məmmədyarov Kolumbiya universitetində əsəbiləşib
23.09.2009
Sentyabrın 22-də Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov ABŞ-ın Kolumbiya Universitetinin tələbələri qarşısında çıxış edib.
Universitetdəki mənbədən Turana verilən məlumata görə, sual-cavab zamanı nazir əsəbiləşməli olub, belə ki, 12 sualdan 6-sı bloggerlər Adnan Hacızadə və Emin Millinin məhkəmə işinə Aid olub və Məmmədyarov Azərbaycanda “adi xuliqanlıq” hadisəsinin hansı səbəbdən böyük siyasi qalmaqala çevrildiyini, döyülənlərin niyə həbsə düşdüyünü, basqınçıların isə azadlıqda gəzdiyini heç cür izah edə bilməyib. Belə “niyə”lərın sayı çox olub və nazir Azərbaycan haqqında mənfi məlumatları “düşmənlərimizin” yayması kimi ənənəvi cavablarla vəziyyətdən çıxmalı olub.
Başqa mövzulara gəlincə, nazir Qarabağ nizamlanması, Rusiyanın rolu və Qəbələ RLS barədə danışıb.
Video:
Bloqqerlərin növbəti məhkəmə iclası necə keçdi...
18.09.2009
Proses başa çatandan sonra hakim gənclərlə valideynlərinin və yaxınlarının görüşməsinə icazə verib.
Proses sentyabrın 25-də davam edəcək.
***
«MƏN NƏ SÖYÜŞ EŞİTMİŞƏM, NƏ DƏ HÜNDÜRDƏN DANIŞIQ»
Restoranda çalışan ofisiant qız ifadəsində deyib xidmət etdiyi zaman restoranda nə söyüş, nə də hündürdən danışıq eşidib:
«Mən xidmət elədiyim zaman nə söyüş eşitmişəm, nə də hündürdən danışıq. Sadəcə musiqi səsi gəlirdi…»
***
MƏHKƏMƏDƏ RESTORANDA ÇALIŞAN OFİSİANT QIZ İFADƏ VERİB
O, hadisə baş verəndə içəridə 9 nəfərdən (Emin Milli, Adnan Hacızadə və dostları, həmçinin Babək Hüseynov, Vüsal Məmmədov) başqa şəxslər olmadığını deyib.
Məlumat Twitter sosial şəbəkəsinə yerləşdirilib.
Əvvəlki ifadəsində V.Məmmədov bildirmişdi ki, o Adnanın qızların yanında söyüş söyməsinə irad tutmasından sonra mübahisə yaranıb.
***
«ƏRİZƏ ONA DEYİLİR Kİ, POLİS DEYİR SƏN DƏ YAZIRSAN»
Sentyabrın 18-də Səbail rayon məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəməsində zərərçəkən Babək Hüseynov ifadə verib.
O, idmanın güləş növü ilə məşğul olduğunu bildirib. O, iyulun 8-də «Lebanese» restoranında Adnanın söyüş söydüyünü eşidib və onu nəzakətli olmağa, susmağa çağırıb. «Bu vaxt Emin gəlib Vüsalı vurdu».
Emin Milli ona sual verib:
- Vüsal mənə nə dedi ki, onu vurdum?
- Dedi ki, lazım deyil.
- Elə buna görə…
B.Hüseynov hadisə ilə bağlı polisdə ərizə yazdığını bildirib.
Vəkil Elton Quliyev:
- Ərizə nəyə deyilir?
- Ərizə ona deyilir ki, polis deyir sən də yazırsan.
B.Hüseynov onu bildirib ki, Adnan onu vuranda yıxılıb və burnu zədələnib: «Burnu harasa dəydi, mən vurmadım».
O, səhəri günü Vüsalla birlikdə ekspertizaya, daha sonra çayxanaya getdiklərini bildirdi. «Çayxanada Vüsal özündən getdi, mən də onu xəstəxanaya apardım».
Digər vəkil İsaxan Aşurov B.Hüseynovun hansısa KİV-ə müsahibə verməsi ilə maraqlanıb. O, heç bir yerə müsahibə vermədiyini deyib.
«Lebanese» restoranın müdiri İlkin Əlizadə ifadə verib. O, hadisə zamanı restorana 40-50 manat ziyan dəydiyini söyləyib və həmin zərərdən şikayətçi olmadığı deyib. İ.Əlizadə yalnız stolların aşdığını və bir neçə boşqabın sındığını əlavə edib.
Müdir hadisə zamanı təqsirləndirilən və zərərçəkmişlərdən əlavə içəridə bir neçə ingilis qonağın olduğunu xatırlayıb. Ancaq onların qadın və ya kimi olduğunu yadına sala bilməyib.
Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.
Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu bildirirlər.
http://www.azadliq.org/content/article/1825995.html
Adnan Hacızadə hakimə «təşəkkür» etdi
18.09.2009
Adnan Hacızadə məhkəmə zalında barmaqlar arxasındakı stulların dəyişdirilməsinə görə hakimə təşəkkür edib. Bu barədə məhkəmə zalından kimsə Twitter sosial şəbəkəsində məlumat yerləşdirib.
Həmin məlumatda o da bildirilir ki, zərərçəkən Babək Hüseynov deyib ki, restoranda Adnan Hacızadə onu itələyərkən yıxılıb və burnu zədələnib.
B.Hüseynov hadisə barədə polisə şikayət ərizəsi yazdığını deyib. Ərizədə nə yazıldığını soruşduqda isə o bildirib ki, «polis nə deyibsə, onu da yazıb».
Biz bu məlumatların nə qədər dəqiq olduğunu bilmirik.
Məhkəmədən hazırda hansısa informasiya almaq mümkün deyil.
GƏNC BLOQQERLƏRIN MƏHKƏMƏSİ BAŞLADI
Sentyabrın 18-də Səbail rayon məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəmə prosesi başlayıb.
AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, məhkəmə salonuna əlavə stullar qoyulub. Buna görə də əvvəlki prosesdə olduğu kimi məhkəmənin qarşısı qələbəlik deyil.
Bu dəfə ki məhkəmə iclasında beynəlxalq təşkilatların təmsilçiləri ilə yanaşı daha çox xarici jurnalist iştirak edir.
Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.
Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu bildirirlər.
http://www.azadliq.org/content/article/1825869.html
Gənclərin valideynlərinin iddiaları təmin edilmədi
18.09.2009
Emin Milli və Adnan Hacızadənin valideynlərinin iddiaları təmin edilmədi.
Sentyabrın 18-də Səbail Rayon Məhkəməsində işə baxan hakim Elnur Həsənov belə qərar verib.
Gənclərin valideynləri qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.
Valideynlər istintaq müddətində övladları ilə görüşə icazə vermədiyi üçün Səbail rayon Polis İdarəsinin müstəntiqi Ziya Əliyevi məhkəməyə vermişdilər.
Adnanın atası Hikmət Hacızadə müstəntiqdən görüşə icazə verilməyən hər gün üçün 20 manat təzminat tələb edirdi.
Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
http://www.azadliq.org/content/article/1825762.html
Beynəlxalq ictimaiyyət gənc bloqçuların azad olunmasını istəyir
17.09.2009
ABŞ Dövlət Departamenti Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı konqresmen Ceyms Moranın sorğusunu cavablandırıb. “Turan”ın Vaşinqtondakı müxbirinə istinadən yaydığı məlumatda bildirilir ki, cavabda ABŞ-ın əvvəlki kimi gənc bloqçuların həbsdə saxlanılmasından narahat olduğu vurğulanır. Dövlət katibinin hüquq məsələləri üzrə köməkçisi Maykl Polt tərəfindən imzalanmış məktubda bildirilir ki, bu narahatçılıq bloqçuları azad etmək çağırışı ilə birgə Azərbaycanın ali rəhbərlərinin nəzərinə çatdırılıb. Daha sonra məktubda Dövlət Departamentinin bu məsələni Azərbaycan hakimiyyəti qarşısında qoyacağı qeyd olunur.
Qeyd edək ki, konqresmen Ceyms Moran avqustun 24-də dövlət katibi Hillari Klintona müraciət edərək Adnan Hacızadə və Emin Millinin işində pozulmuş ifadə azadlığını müdafiə etməyə çağırıb”.
“Sərhədsiz reportyorlar” təşkilatı isə Adnan Hacızadə və Emin Millinin cinayət işinə baxan hakim Araz Hüseynova müraciət edərək, gəncləri azad etməyə çağırıb. “Sizi Adnan Hacızadə və Emin Millini azad etməyə çağıran hüquq müdafiəçiləri və hökumətlərin səsini eşitməyə çağırırıq. Onlar siyasi səbəbdən həbs edilib və onlar qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır - deyə müraciətdə bildirilir. Müraciəti http://www.rsf.org/Court-confirms-pre-trial-detention.html linkində tam oxuya bilərsiniz.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. İyulun 20-də Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaqın yekununda gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.
http://www.irfs.az/content/view/2851/28/lang,az/
Labels: AEbeynelxalq
“Sərhədsiz reportyorlar” hakim Araz Hüseynovu blogerləri azad etməyə çağırıb
17.09.2009“Sərhədsiz reportyorlar” azad mətbuatın beynəlxalq müdafiə təşkilatı hakim Araz Hüseynova müraciət edərək onu blogerlər Adnan Hacızadə və Emin Millinin azad etməyə çağırıb. “Sizi Adnan Hacızadə və Emin Millinin azad etməyə çağıran hüquq müdafiəçiləri və hökumətlərin səsini eşitməyə çağırırıq” - deyə təşkilatın iyulun 8-də Bakıdakı “Lebanez” restoranında baş vermiş hadisədə xuliqanlıq və bədən xəsarəti yetirməkdə təqsirləndirilən blogerlərinin sentyabrın 16-da başlanan məhkəmə prosesi ilə əlaqədar olan müraciətində bildirilir. “Onlar siyasi səbəbdən həbs edilib və onlar qarşı irəli sürələn ittihamlar tamamilə əsassızdır. Sentyabrın 4-də keçirilən hazırlıq iclasında məhkəmənin yalnış qərarı səbəbindən onların müdafiə hüququnun pozulmasından hiddətlənmişik” - deyə müraciətdə bildirilir. Həmçinin, güya “dövlət sirlərinə” görə məhkəmənin qapalı keçirilməsi cəhdləri də nəzərdə tutulur. Təşkilat həmçinin hadisə yerindən videoçəkilişlərin işə əlavə edilməsi ilə bağlı vəsatətin rədd edilməsi və hakimin məhkəməyə qədər hər iki blogeri azad etməkdən imtina etməsini də pisləyir. “Hakimin bu qərarı İnsan Haqlarına dair Avropa Konvensiyası və Vətəndaş və Siyasi Hüquqlara dair Beynəlxalq Konvensiyaya ziddir. Hakimlərin valideynlərinin Adnan və Eminlə görüşməsinə icazə verməməsi İnsan Haqlarına dair Avropa Konvensiyasının pozulmasıdır” - deyə müraciətdə qeyd olunur.
DÖVLƏT DEPARTAMENTİ BLOGERLƏRİN İŞİNDƏN NARAHATDIR
ABŞ əvvəlki kimi blogerlər Adnan Hacızadə və Emin Millinin həbsi və həbsdə saxlanılmasından narahatdır, deyə ABŞ Dövlət Departamentinin blogerlər Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı konqresmen Ceyms Mopanın sorğusuna cavabında bildirilir.
Turanın Vaşinqton müxbirinin verdiyi məlumata görə, Dövlət Departamentinin cavabı dövlət katibinin hüquq məsələləri üzrə köməkçisi Maykl Polt tərəfindən imzalanıb.
“Narahatçılığımız blogerləri azad etmək çağırış ilə birgə Azərbaycanın ali rəhbərlərinin nəzərinə çatdırılıb” - deyə Poltun cavabında bildirilir. Daha sonra məktubda Dövlət Departamentinin bu məsələni Azərbaycan hakimiyyəti qarşısında qoyacağı qeyd olunur.
Konqresmen Ceyms Moran avqustun 24-də dövlət katibi Hillari Klintona Adnan Hacızadə və Emin Millinin işində pozulmuş ifadə azadlığını müdafiə etməyə çağırıb”.
http://www.contact.com.az/index.php?type=news&lang=az&news_id=13293
Labels: AEbeynelxalq
Bloqqerlərin məhkəməsi sentyabrın 18-də davam etdiriləcək
16.09.2009
Sentyabrın 16-da Səbail rayon məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəmə prosesi davam edib.
Gənc fəalları məhkəməyə gətiriblər.
Prokuror Ceyhun Kərimov ittiham aktını oxuyub. Prokuror bildirib ki, iyulun 8-də Emin Abdullayev (Milli) və Adnan Hacızadə Bakının mərkəzində «Livan» restoranın bir neçə şəxslə dava ediblər. Dava nəticəsində Vüsal Məmmədov və Babək Hüseynov adlı şəxslər döyülüb.
Daha sonra zərərçəkənlər kimi təqdim olunan Babək Hüseynov və Vüsal Məmmədov ifadə veriblər.
Onlar deyiblər ki, iyulun 8-də «Livan» restoranında bir qız müştərinin qonşu masaya acıqla baxdığını müşahidə ediblər. Sonra bəlli olub ki, həmin masadakı Emin Milli və Adnan Hacızadə, həmçinin onlarla bir masada oturanlar söyüş söyürlər.
Vüsal Məmmədov və Babək Hüseynov buna etiraz edəndə dava düşüb, həmin masada oturanlar onlara hücum ediblər. Onların dediklərinə görə, onlar Adnan Hacızadə və Emin Milliyə barışıq təklif ediblər, amma Milli və Hacızadə barışığı qəbul etməyiblər, polisə şikayət ediblər.
Qarşı tərəfin vəkilləri soruşanda ki, o halda niyə şikayət edən şəxslər dəmir barmaqlıqlar arasındadır, zərərçəkənlər cavab verə bilməyiblər.
Məhkəmə prosesi sentyabrın 18-də davam etdiriləcək.
Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.
Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyir.
http://www.azadliq.org/content/article/1824268.html






