Showing posts with label movie. Show all posts
Showing posts with label movie. Show all posts

İbrus teatrında "Persepolis" filminin nümayişi olacaq

Əziz dostlar,

21 May - UNESCO-nun “Mədəni müxtəliflik” (Cultural Diversity) günüdür. “Tolerant OL!” şüarına sadiq qalan OL! Azərbaycan Gənclər Hərəkatı bu gün münasibətilə Fransanın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə bu ilin may ayı ərzində “Oskar”a nominantı və Kann festivalının mükafatçısı “Persepolis” animasiya filminin Azərbaycanda ilk dəfə nümayişini təşkil edir.

Film fransız, ingilis və rus dillərində olmaqla üç dəfə nümayiş olunacaqdır.

İlk seans: May 15, 19.00
Məkan: İbrus Teatrı
Dil: Fransız (ingilis subtitrləri ilə)

GİRİŞ PULSUZDUR.

Filmin baş qəhrəmanı olan xanım Mərcan Sətrapi, həm də filmin ssenarisi və eyniadlı kitabın müəllifidir. O, İranda əsrlər boyunca hakimiyyətdə olan məşhur türk Qacarlar nəslindəndir və hal hazırda Strazburqda yaşayır. Filmdə Cənubi Azərbaycan azadlıq hərəkatı haqqında maraqlı məqamlar səslənir.

Filmin nümayişi uğurlu alınacağı təqdirdə OL! Azərbaycan Gənclər Hərəkatı xanım Sətrapinin Azərbaycana dəvət olunması və onun iştirakı ilə görüşün təshkilini planlashdırır.

Film haqqında qısa məlumat:

İki saatlıq animasiya filmi ABŞ və Fransanın birgə istehsalıdır. Film müasir İran tarixindən bəhs edir. Şah rejiminin devrilməsini səbirsizliklə gözləyən orta təbəqəyə məxsus iranlı bir ailə 1979-cu il inqilabını böyük sevinclə qarşılayır. Ailənin şıltaq qızı repressiyalardan qurtulan kommunist dayısının qayıdışına çox sevinir.

Ancaq günlər keçdikcə ətrafda həbsə alınanların sayı durmadan artır. Tehranda yeni qurulan islam hökuməti rejimə qarşı çıxanlara nəfəs dərməyə belə imkan vermirlər. Qızın dayısını güllələyirlər.

Ailə şok içindədir. Öz qızını Avropaya - Vyanaya göndərmək məcburiyyətində qalır. Avropada da ozunu tapa bilmeyen genc xanım İrana qayıtmaq məcburiyyətində qalır. Qızın depressiyadan necə çıxdığını, sonda hansı qərar qəbul etdiyini bilmək istəyirsinizsə, sizi mütləq “Persepolis” animasiya filminə baxmağa devet edirik.

Bu elanı dostlarınız arasında yaymaqdan çəkinməyin.

Film nümayişi ilə bağlı suallar üçün (050) 6362877 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz.

Universiteti bəyənmirsənsə, öz universitetini yarat

Aprelin 10-u “OL!”-un kinozalında Stiv Pinkin "Qəbul olduq!" (2006) filmi nümayiş olundu.

Accepted 2006-cı ildə çəkilmiş gənclər komediyasıdır. Filmin ssenarisi orta məktəbin sonuncu sinfində təhsil alan abituriyentlərin ətrafında cərəyan edir. Bir qrup gənc, müraciət etdiyi bütün kollec və universitetlərdən rədd cavabı alandan sonra, valideynləri və dostları qabağında biyabır olmamaq üçün özlərinin “ali təhsil müəssisəni” yaradır və onun adını South Harmon Institute of Technology (S.H.I.T.) seçirlər. Universitetin reallığını sübut etmək üçün, oranın veb-səhifəsini yaradırlar və valideynlərinə göstərirlər. Amma bu veb-səhifə, yüzlərlə digər universitetlərə qəbul olmamış abituriyent tərəfindən bəyənilir və onlar hamısı S.H.I.T. universitetinə “qəbul olur”.

Accepted filmi ilk baxışdan “yüngül” komediya kimi təqdim olunsa belə, filmin ssenaristləri üstüörtülü şəkildə ABŞ və ümumiyyətlə dünya ali təhsil sisteminin (və universitetlərin reytinq sisteminin) sətrarası və səth-altı tənqidini verir. Filmin qəhrəmanları öz universitetlərini qurandan sonra, girişdəki böyük divarı ağ boyayır və üzərinə “dərslərin cədvəli” olan lövhəciyi asır. Sonra isə “tələbələrin” hamısı bu divarda öyrənmək istədiklərini yazır. Kimisi “fotoqrafiya ilə məşğul olmaq istəyirəm” yazır, kimisi “rok ifaçılıq etmək istəyirəm” yazır kimisi isə kulinariyanı öyrənmək istəyir. Burada biz, cəmiyyət və valideynləri tərəfindən “təcrid” olunmuş gənclərin həyatlarını məhz özləri istədikləri kimi yaşamağa can atmaqlarını görürük.

Universitetin legitim olub-olmamağımı aydınlaşdırmaq üçün universitetin “bünövrəsini” qoyanlar Təhsil komissiyası qarşısında çıxış etməli olur. İclas zamanı komissiyanın üzvləri anlayır ki, S.H.I.T. universitetində nə müəllim, nə tibb məntəqəsi, nə idman zalı nədəki proqram var. Amma, baş qəhrəmanın alovlu nitqindən sonra onlar fikrini dəyişir. O, üzünü komissiyanın üzvlərinə tərəf tutub deyir: Siz də cavan olmuşsunuz! Mən əminəm ki, heç biriniz məktəbi qurtaranda bu darıxdırıcı Təhsil komissiyasında işləmək istəmirdiniz. Bəlkə rəssam olmaq istəyirdiniz? Bəlkə idmançı? Bəlkə musiqiçi? Mən bilmirəm siz hansı səbəblərdən öz ideya və ümidlərinizdən əllərini üzdünüz, amma heç olmazsa bizim ümidlərimizi qırmayın!”. Çıxışın, nəticəsində Təhsil şöbəsi universitetə “alternativ təhsil” kimi 1 il fəaliyyət sürməyə imkan yaradır. İclasdan sonra komissiyanın sədri etiraf edir ki, cavan olanda trombon ifaçısı olmaq istəyirmiş.

Film bizim üçün bir neçə aspektdən maraqlıdır. Birincisi, Amerikalıların sadəlövhlüyünü nəzərə alsaq başa düşəcəyik ki, onlar ağıllarına belə gətirə bilməzlər ki, bir binası və əlində bir-az pulu olan insan hamını aldadıb bir universitet yarada bilər və orada insanları sırf pul cəlb eləmək məqsədi ilə çağırar. Azərbaycanda bir çox universitetlərin məhz bu formula ilə işləməsini görürük.

İkincisi, alternativ təhsil nədir? Və ya, təhsil necə olmalıdır? Nəyə görə biz hər zaman cəmiyyətin və ya valideynlərimizin bizə seçdiyi təhsil müəssisəsi və ya karyera yolu ilə gedirik? Niyə istədiyimiz həyat yolunu seçməkdən qorxuruq? Nədən qorxuruq? İctimai qınaqdan? Yoxsa, ailəmizi dolandırmaqda çətinliklərdən?

Üçüncüsü, təhsil müəssisəsi nədir? Təhsil müəssisəsi öyrənmək və öyrətmək istəyən insanların birliyidir. Pul qazanmaq və ya pul ilə diplom satın almaq istəyən insanların birliyi yox. Sarbon universitetindən, təhsil proqramları ilə razı olmadıqlarına görə, bir qrup qovulmuş ingilis dilli tələbə, evlərinə döndükdə Oxford universitetini yaradır. Soradan, həmin səbəbdən Oxford universitetindən qovulmuş tələbələr isə Kembric universitetini yaradır. İndiki halda bizə məlum olan bir sıra təhsil terminləri (Lisey, Akademiya, School), əslində yunan dilində divar, yol və ya bağ deməkdir ki, ilk dərsləri həmin məkanlarda keçirilmişdir.

Bu film, gəncləri həyatlarında və təhsillərində azad seçimə çağırır. Baxılmağını məsləhət görürük. DVD nüsxəsini bizdən əldə edə bilərsiniz. Movie Night'larda göstəriləcək kinolara aid təklifiniz varsa bu posta şərh kimi yazın. Gələcək Movie Nightlar haqqında OL!-un mail listində, “Facebook event”-lərindən və bloqdan məlumat ala bilərsiniz.

Linklər:

"OL!"-da Movie Night – "Qüdrətli ürək"

Martın 14-ü “OL!”-un kinozalında Maykl Vinterbottomun "Qüdrətli Ürək" (2007) filmi nümayiş olundu.

Film Maryan Pörlun eyni adlı memuarına əsasən çəkilib, senari real və çağdaş hadisələr üzərində qurulub. Tamaşaçı film və kitabdakı hadisələri Maryan Pörlun dilindən eşidir.

Müəllif və kinonun baş qəhrəmanı Maryan Pörl (Anjelina Joile) və onun əri Dənni Pörl (Dən Futerman) ABŞ-ın Əfqanistana hücumunu işıqlandırmaq üçün Pakistanda məskunlaşır. Müharibə zamanı onlar tez-tez İslamabad və Karaçi şəhərlərində və Pakistan-Əfqanistan sərhədi yaxınlığında reportajlarını edir. Maryan Pörl hamiləliyin axırıncı aylarında olduğundan müxbirlərin Pakistandakı evində daha çox vaxt keçirir. Dənni Pörl isə, sonuncu dəfə maraqlı intevyu tapmaq üçün Karaçidə yerli dini liderlərin biri ilə gizli şəkildə görüş təyin edir. Senariya əsasən, görüşdən əvvəl müxbir Al-Qayda ilə bağlantıları olan Omar Şeixin dəstəkləyənləri tərəfindən girov götürülür və filmin axırına qədər müxbirin olduğu məkan gizli saxlanır.

Dənni Pörl Yahudi əsilli olduğundan, Pakistan cəmiyyətində onun Massadın cəsusu olduğu şaiyə yayılır, və nəticə olaraq onu girov götürmüş şəxslər müxbiri vəhşicəsinə edam edir və edamın video kassetini müxbirin ailəsinə göndərir.

Müxbirin girov götürülməsi faktının istintaqını aparan Pakistan rəsmiləri Omar Şeixi həbs edir, edamı həyata keçirənlər həbs olunur və Quantanamo türməsinə göndərilir amma cinayətin əsl təşkilatçıları və sifarişçiləri pərdə arxasında qalır və məsuliyyətə cəlb olunmur.

Filmdə, əri girov götürülmüş hamilə qadının əzab və əziyyətə necə davam gətirməsi, onun mərdliyi, ərinə sədaqəti və son məqamə qədər mübariz ruhlu hissələri Joile tərəfindən yaradılmış obrazda mükəmmək əks olunub.

"Qüdrətli Ürək" filmində müharibənin və ekstremizmin dəhşətləri, günahsız insanların qurban verilməsi təhrikçilərin isə sudan quru çıxması məqamları öz əksini tapıb.

Movie Night'larda göstəriləcək kinolara aid təklifiniz varsa bu posta şərh kimi yazın. Gələcək Movi Nightlar haqqında OL!-un mail listində və “Facebook event”-lərindən məlumat ala bilərsiniz.

Linklər:

Vikipediya: http://en.wikipedia.org/wiki/A_Mighty_Heart_(film)
Rəsmi səhifə: http://www.amightyheartmovie.com/
İMDB
səhifəsi: http://www.imdb.com/title/tt0829459/

"OL!"-da Movie Night – "Əjdahanı öldürmək"

Fevralın 25-i “OL!”-un kinozalında Mark Zaxarovun "Əjdahanı öldürmək" (1988) rəvayət-məsəl filmi nümayiş olundu. Film Zaxarovun çəkdiyi son əsərələrdən biridi. Filmin çəkilişi və nümaiş olunması SSRİ-də stabilliyin pozulmasına və repressiv rejiminin zəifləməsinə təsadüf edir.

Baş rollarda SSRİ-nin tanınmış aktyorları iştirak edir: Aleksandr Abdulov, Oleq Yankovskiy, Evqeniy Leonov, Vyaçeslav Tixonov və "göyçək Elzanın" rolunda Aleksandra Zaxarova. Filmin ssenarisi də Mark Zaxarov tərəfindən Evqeniy Şvartsın "Əjdaha" pyesinə əsasən yazılıb. Səyyah-cəngavər olan Lanselot (Aleksandr Abdulov), məşhur Lanselotun uzaq qohumu, kiçik şəhərə qonaq olur. Həmin şəhərə 400 il ərzində zülmkar əjdaha rəhbərlik edir. Şəhər sakinlərinin böyük hissəsi, əjdahanın tiraniyasından xilas olmaq istəmir və bunu əsirlərlə bərkidilmiş "tarixi ənənə" ilə anladır. Lanselot Əjdahanı duelə çağırır. Bu zaman şəhər sakinlərinin bir-ikisi cəngavərə kömək etmək istəyir, onun üçün silah tapır və nəticədə bərabər olmayan savaşda Lanselot qələbə çalır. Şəhəri isə anarxiya və xaos bürüyür. Tədricən bu tarixi döyüşün izləri insanların yaddaşından silinir, və şəhərin burqomistri özünə "Əjdahanın qalibi" ləqəbini alır. Bunu eşidən Lanselot şəhərə qayıtmağa məcbur olur və sakinlərə başa salır ki, Əjdahanı öldürmək asan iş idi... indi isə şəhərin sakinləri hərəsi öz içindəki "əjdahanı" öldürməlidir.

Lanselot deyir: "Bunu başa düşün o burdadır (başını göstərir), mən indi hamınızı bunu başa düşməyə və daxilinizdəki əjdahanı öldürməyə məcbur edəcəm!"
Movie Nightlarda göstəriləcək kinolara aid təklifiniz varsa bu posta şərh kimi yazın.Gələcək Movi Nightlar haqqında OL!-un mail listində və “Facebook event”-lərindən məlumat ala bilərsiniz.

Linklər:
Filmin Vikipediya Səhifəsi

"OL!"-da Movie Night – "Good Bye Lenin!"

Yanvarın 30-u “OL!”-un kinozalında Volqanq Bekerin “Good Bye Lenin!” (2003) traqikomediya filmi nümayiş olundu. Bu film, son zamanlar Alman mədəniyyətində yaranmış "Ostalji" (Şərqi Almaniya üçün nostalji) hərəkatının bir hissəsi kimi qəbul oluna bilər.

Berlin səddinin çökməsi ərəfəsində baş qəhrəman (Aleksandr Kerner) şəhərdə baş verən Sosialist hakimiyyətinə qarşı yaranan tələbə etirazlarına qoşulur. Hüquq mühafizə orqanları tərəfindən zorakılığın tədbiqi ilə saxlanılan zaman Aleksadrın anası onu görür və yaşanan stress nəticəsində infarkt keçirib komaya düşür.

Ana səkkiz aydan sonra komadan oyanır, və bu zaman Almaniyanın tarixində baş vermiş mühüm dəyişikliklər haqqında xəbərsiz olur. Buna görə, anasının daha geniş stess altına düşməməsi üçün, Aleksandr və ailənin digər üzvləri baş verənləri gizlədir və həyatın Alman Demokratik Respublikasında olduğu kimi davam etdirirlər. Aleksandr, həqiqəti anasında gizlətmək üçün, köhnə qəzetlər, ADR-in kinoları və telekanallarının yazılarını və digər suvenirləri tapmalı olur. Fəqət, dinamik dəyişən və inkişaf edən birləşmiş Almaniyanın gətirdikləri yenilikləri anasından həmişəlik sirdə saxlaya bilmir.

Movie Nightlarda göstəriləcək kinolara aid təklifiniz varsa bu posta şərh kimi yazın.Gələcək Movi Nightlar haqqında OL!-un mail listində və “Facebook event”-lərindən məlumat ala bilərsiniz.

"Good Bye Lenin" filminin linkləri:

Rəsmi səhifə http://www.good-bye-lenin.de/intro.php
Vikipedia səhifəsi http://en.wikipedia.org/wiki/Good_bye_lenin

"OL!"-da Movie Night – Across the Universe

Dekabrın 20-i “OL!”-un kinozalında Culi Teymorun və Revolution Studios şirkətinin “Across the Universe” (2007) myuzkl filmi nümayiş olundu. Filmin sujeti 1960-cı illərdə İngiltərədə və Amerikada yaşayan gənclərin həyatından, siyasi prosseslərdən, hippi hərəkatından və Viyetnam müharibəsinə qarşı “sülh” nümayişlərindən bəhs edir. Liverpul şəhərinin dəniz dokların fəhlə işləyən Cud Fini doğma məkanını tərk edib, heç vaxt görmədiyi atasını tapmaq üçün, Amerikada yerləşən Prinston universitetinə yollanır. Amerikanı bəyənən Cud, ordakı gənclərə qoşulur, Nyu Yorka köçür və 60-cı illərdə baş verən tarixi prosseslərin bilavasitə izləyicisi olur. Bu myuzklın əsas özəlliyi ondadır ki, film roknroll əfsanələri olan Bitlz qrupunun mahnıları üzərində qurulub. “Across the Universe”-də Bitlzın 33 mahnısı səslənir və Bitlz həvəskarları bu filmə mütləq baxmalıdır.
Film dünya kinoteatrlarında təqdimatı zamanı, olduqca qarışıq hisslərlə qarşılandı. Fəqət, nəticədə filmin adı Qızıl Qlobus və Oskar mükafatlarının nominasiyalarında səsləndi. Qrəmmi Mükafatlarının 50 illik yubileyində isə filmdə iştirak edən aktyor və müğənnilər Bitlz yaradıcılığına xatirə olan tamaşada iştirak etdilər.

Movie Nightlarda göstəriləcək kinolara aid təklifiniz varsa bu posta şərh kimi yazın.
Gələcək Movi Nightlar haqqında OL!-un mail listində və “Facebook event”-lərindən məlumat ala bilərsiniz.

"Across the Universe" filminin linkləri:

Rəsmi səhifə http://www.sonypictures.com/homevideo/acrosstheuniverse/
Vikipedia səhifəsi http://en.wikipedia.org/wiki/Across_the_Universe_(film)


"OL!"-da Movie Night – Persepolis

Bu dəfə, "OL!"-un kinozalında göstərilən film Vinsent Paranaud və Mərcan Sətrapinin Persepolis kinosu oldu. Mərcan Sətrapinin həyatı haqqında bəhs edən bu film, avtobioqrafik cizgi filmidi. Sətrapi, Fransada yaşayan İran-Azərbaycan əsilli, karikaturist və komiks rəssamıdır. Adı çəkilən film Sətrapinin Fransada dərc etdiyi komikslərin üzərində qurulub. Persepolis, 1970-ci illərdə Tehranda doğulan və liberal ailədə böyüyən bir qızın tarixçəsidir.
Mərcanın ailəsi Qacarlar nəslindəndir, buna görə İranda cərəyan edən bütün ictimai-siyasi prosseslərin içindədir. Gənc Mərcan, şahın devrilməsini, İslam inqilabını, insan hüquqların sıxılmasını və şəriyət qanunlarını öz uşaq gözləri ilə tamaşaçılara təsvir edir.
Persepolis Kann Film Festivalında Juri prizinin qalibi və Oskar Mükafatlarında Ən Yaxşı Cizgi Filmi nominasiyasında yer almışdır.
Movie Nightlarda göstəriləcək kinolara aid təklifiniz varsa bu posta şərh kimi yazın. Gələcək Movi Nightlar haqqında OL!-un mail listində məlumat ala bilərsiniz.

Persepolis filminin linkləri:

Rəsmi səhifə www.sonypictures.com/classics/persepolis/
Vikipedia Səhifəsi http://en.wikipedia.org/wiki/Persepolis_(film)
İMBD Səhifəsi http://www.imdb.com/title/tt0808417/
Mərcan Sətrapi http://en.wikipedia.org/wiki/Marjane_Satrapi