Dövlətin yaranma nəzəriyyəsi – İctimai müqavilə nəzəriyyəsinə görə insanlar öz təhlükəsizliklərinin təmini, sosial rifahlarının yaxşılaşması üçün bir yerə yığışmış, razılaşma və seçki yolu ilə hökümət seçmiş və beləliklə hökümət və cəmiyyətdən ibarət dövlət institut kimi formalaşmağa başlamışdır. Dövlətin yaradılmasında insanlar könüllü olaraq iştirak etmiş, hökümətlərini zorla deyil özləri seçmişlər. Dövlət yaradıldıqdan sonra onun daxilində iki kəsim: cəmiyyət və hökümət meydana gəlmişdir. Beləliklə dövlətin uğurlu fəaliyyət göstərməsi üçün məsuliyyət həm hökümətin həm də cəmiyyətin üzərinə düşmüşdür.
Hökümət xalq tərəfindən seçilmiş bir qurumdur. Müvəqqətidir, səlahiyyətlər bölünmüşdür (qanun verici, icra edici, məhkəmə). Hökümət üzərinə məsuliyyət götürmüşdür ki, müəyyən zaman ərzində xalqa qulluq edəcək, onun təhlükəsizliyini, sosial rifahını təmin edəcək və hüquqlarını müdafiə edəcəkdir. Məsuliyyətə görə hökümət öz vəzifəsini icra edə bilmədikdə ya istefaya getməli, ya da xalq onu bir daha növbəti azad, demokratik seçkilərdə seçmir, başqa qüvvələrdən ibarət hökümət qurur.
Xalq dövlətin yaradılmasında, hökümətin seçilməsində bir başa iştirak etdiyindən onun da borcudur ki, hökümətin fəaliyyətinə nəzarət etsin, dövlətin fəaliyyətində iştirak etsin. Hökümət uğursuz fəaliyyət göstərdikdə, vədlərinə əməl etmədikdə, xalqın təhlükəsizliyini təmin etmədikdə, insan hüquqlarını kobudcasına pozduqda, sosial rifahını təmin etmədikdə və nəhayət ərazi bütövlüyünü qorumadıqda xalq onu ya seçki yolu ya da kütləvi etirazlar, sosial dəyişikliklər vasitəsilə dəyişir.
Yuxarıda göstərdiyim formanı avtoritar ölkələrə tətbiq etsək görərik ki, nə xalq öz məsuliyyətini bilir nə də hökümət. Xalqla hökümət arasında böyük uçurum var, komunikasiya zəifdir. Xalq hökümətdən istəmir, hökümət də vermir. Hökümət xalqa göstərmir, xalq da görüb tələb etmir. Məsuliyyət qarşılıqlıdır. Bu arada mərhum prezident Heydər Əliyevin “Xalq Dövlət üçün yox, Dövlət Xalq üçündür” kəlməsi yadıma düşdü. Hökümət xalqı təmsil etdiyindən, vəzifəli şəxslər mandatlarını xalqdan aldıqlarından onların üzərində məsuliyyət daha çoxdur. Xalq məsuliyyətini dərk etmədikdə, höküməti dəyişmək üçün iradə göstərmədikdə cinayət işləmir, əksinə, dözümlülük nümayiş etdirərək hökümətin xalqa qarşı törətdiyi cinayətlərə məruz qalır. Hökümət məsuliyyətini dərk etmədikdə, demokratik seçkilər keçirmədikdə, insan hüquqlarını kobudcasına pozduqda cinayət işləmiş olur və məsuliyyətə cəlb oluna bilir. Gödüyümüz kimi xalqın məsuliyyətsizliyi cinayət deyil, hökümətin məsuliyyətsizliyi nəticə etibarı ilə cinayətdir.
Xalqın avtoritar hökümətlərə təsir vasitələri QHT-lər, parlament, seçkilər, media və digər institutlar vasitəsilə çox zəif olduğundan alternativ vasitələrə ehtiyac yaranır. Demokratik İnstitutların yaranması üçün xalqın demokratik dəyərlərinin olması vacibdir. Demokratik dəyərlərin yaranması üçün isə alternativ informasiya mühüm əhəmiyyət kəsb edir. Avtoritar ölkələrdə xalq informasiya blakadasında olduğundan (alternativ fikir təqdim edən televiziya kanalının olmaması, müxalif mətbuatın ictimai rəy yarada bilməməsi və resurslarının az olması, ictimai müzakirələr üçün platformaların məhdud olması) demokratik dəyərlərin yaradılması prosesi çox zəif gedir. Demokratik dəyərlərin yaradılması üçün alternativ vasitələr internet mediası, yahoogrouplar, tənqidedici video roliklər, facebook və youtube kimi internet şəbəkələri, fərdi bloqlar daha səmərəlidir. Alternativ media vasitələri yeni bir şey olduğundan və hökümət nümayəndələrinin təfəkküründən daha böyük bir şey olduğundan avtoritar hökümətlər bu dili anlamır, lakin alternativ media vasitələrindən istifadə edən gənclərin sayının artdığını görür. Avtoritar hökümətlər böyüyən, kütləviləşən hər bir şeyi özünə təhlükə kimi qəbul etdiyindən, böyüyən lakin nəzarətsiz qalan alternativ media vasitələri şəbəkəsini də məhdudlaşdırmaq istəyir.
Azərbaycanda alternativ media vasitələri son zamanlar sürətli inkişaf edir və bu işdə AN şəbəkəsinin yaradıcılarından olan Emin Milli və OL Azərbaycan Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadə xüsusilə aktiv idilər. Onlar inqilab etmək istəmirdilər, onlar sadəcə alternativ tənqid üsulları ilə hökümətə, xalqa mesajlarını çatdırmaq istəyirdilər. Lakin onlar durduruldu. Adnan və Eminin həbsi əks effekt verdi. Adnan və Eminlə həmrək olanların sayı həm ictimai, həm də beynəlxalq səviyyədə artmış oldu. Şəbəkə daha da genişləndi.
Adnan və Emin təbiətcə pasifist, dəyərcə zorakılığa qarşı insanlardılar. Adnan sosial dəyişikliyin ancaq maariflənmə, dinc yollarla gələcəyinə inanırdı. Emin isə sürətli təkamülə inanırdı, inqilab istəmirdi. Onlar hər ikisi çox savadlı, sosial aktiv, gözəl təhlil qabiliyyətinə malik insanlardılar. Onların ruhunu öldürmək olmaz. Onlar Azərbaycana, bəşəriyyətə çox lazımlı, dəyərləri möhkəm, vicdanları sınmaz olan insanlardılar. Hökümət Azərbaycanda inkişaf etməkdə olan xaricdə təhsil almış, azad, sosial aktiv insanları təhlükə kimi deyil tərəfdaş kimi görməlidir. Bizlər ciddiyə alınmalıyıq.
Cəmiyyət hökümətdən gözləməli, hökümət də verməli. Cəmiyyət eyni zamanda məsuliyyətini dərk etməli və hökümətdən tələb etməlidir. Orta və yaşlı nəsil bunu edən deyil. Gənc nəsil tələb etməli, istəməli və nəticəyə nail olmalıdır. İstəmək, tələb etmək zamANıdır!
Xalq Dövlət üçün yox, Dövlət Xalq üçündür
Mini-AZƏRBAYCAN
Insanların fərqli olduqları haqda müxtəlif fikirlər eşitmişik. Həqiqətən də insanların fərqli olduqlarına çox inanır və hesab edirəm ki, fərqli insanlar fərqli reallıq və vərdişlərlə yaşaya bilərlər. Azərbaycana kənardan baxanda bir rəngli görünür, fərqlilik, fərqliliyin yaratdığı ictimai və məişət reallıqları hiss edilmir. Gənc yaşlarında müxtəlif arzu və istəklərimiz, tez-tez dəyişən mövqelərimiz və baxışlarımız olur. Arzularımızda və baxışlarımızda Azərbaycanı da müxtəlif formalarda təsəvvür edir, müxtəlif insanların arzularında olan Azərbaycan bir çox xüsusiyyətlərinə görə bir-birindən seçilir. Bu hal yaxşı haldır. Rəngli, demokratik, uğurlu Azərbaycan üçün hərə özünün beynində olan Azərbaycanı yaşamalı, digərlərinə təgdim etməli, müzakirələr etməlidir. Bu məgsədlə özümün mini-Azərbaycanım haqqında yazmaq qərarına gəldim.
Mənim Azərbaycanımda cəmiyyətin ən aktiv kəsimi gənclərdir. Gənclər coşqulu, yaradıcı, ədalətli (öz həqiqətlərinə uyğun) olur. Onlar ətrafdakı reallıqları dəyişir, ədalətsizliyə qarşı mübarizə aparır, yalan danışmır, satılmır və satmır. Gənclər prinsip və dəyərlərinə uyğun yaşayır. Həqiqətlərinə inanır və digərlərini də öz həqiqətlərinə inanmağa dəvət edir. Mənim Azərbaycanımda olan gənclər müasir, liberal, demokratik, tolerant olurlar. Onlar insanlara yaşlarına, cinsinə, irqinə, tutduğu vəzifəyə görə deyil vicdanlarına, düzgünlüyünə, ortaq dəyər və hisslərinə görə hörmət edirlər. Burda gənclər üçün ən vacib dəyər azadlıqdır. Mənim ölkəmdəki gənclər anlayırlar ki, təhsilin, iqtisadiyyatın, səhiyyənin, hökümətin güclü olması üçün fərdlər azad olmalıdılar.
Mənim Azərbaycanımda gənclər kütlə arasında populyar olan fakultərə, universitetlərə, işlərə deyil özlərinin zövq alacağı fakultələrə, universitetlərə, işlərə qəbul olurlar. Müəllimlərin, təhsil işcilərinin, məmurların, həkimlərin onların hüquqlarının pozmasına imkan vermir, etiraz edir, məgsədinə nail olur və digərlərinə müsbət nümunə olur. Burdakı gənclər “universitet müzakire yeri deyil” deyən müəllimlərə təpki göstərir, onları lağa qoyur və o cür müəllimləri dərs prosesindən kənarlaşdırmaq haqqında düşünür. Gənclər heç kimdən mərhəmət, kömək gözləmir, özləri problemləri müəyyənlişdirir, müzakirə edir, təşkilatlanır və problemlərini həll edirlər. Burda gənclər romantik olurlar, bu günlə deyil gələcəklə yaşayırlar. Arzularında olan gələcəyi mahnılarında, yazılarında, çəkdikləri videolarda, filmlərində, universitet auditoriyalarında, təşkilatlarında ortaya qoyur və müzakirə edirlər.
Mənim ölkəmdə gənclər ailədə azad böyüyür, şəxsi və ictimai həyatlarına hörmət edilir. Burda gənclər Ruslanın “Özünə müstəqil şəkildə həyat yoldaşı seçə bilməyən gənc, uğurlu hökümət qura bilməz” deyiminə istinad edib valideynlərinin diktəsi altında olan evliliyə etiraz edir. Özləri öz həyatlarını qurur, öz yalnışlıqlarını edir və öz talelərinin sahibi olurlar. Valideyn-uşaq münasibətləri hökm və tabeçilik prinsipləri üzərində deyil, məsləhət və hörmət prinsipi üzərində qurulur. Ailədə, universitetlərdə, təşkilatlarda, həyatımızın digər forma və məkanlarında azad münasibətlər sistemi olur, insanları bir-birlərinə dəyər və hissləri bağlayır.
Bu ölkənin gəncləri üçün vicdanın, dostluğun, qardaşlığın sərhəddi olmur. Gənc vicdansızlıq etdikdən sonra hərəkəti üzərində fikirləşir, peşiman olur, situasiyadan asılı olaraq üzr istəyir və mənəvi gərginlik keçirir. Mənim bu gözəl ölkəmdə gənc rüşvət vermir, məsuliyyətli olur, biganə olmur, aktiv olur. Burdakı gənclər özlərinin tək bioloji varlıq deyil, eyni zamanda ictimai varlıq olduqlarını dərk edirlər. Onlar anlayırlar ki, hər şey onlardan asılıdır, bu ölkəni dağıdan da onlar olacaq quran da.
Mənim ölkəmdə gənclər 28 May – Müsəlman şərqində ilk Demokratik Respublikanın yaradılması gününü daha coşqulu qeyd edir, bu bayramı ənənəyə çevirir, ailələrində və dostları arasında bu bayramı daha əyləncəli qeyd edirlər. Burdakı gənclər bizlərin qədimdən gələn bəzi adətlərimizi inkar edir, bəzilərini saxlayır və ən əsası, mənim gəncim yeni adətlər, ənənələr, reallıqlar yaradır!
Mənim fantastik ölkəmdə gənclər dostum Uğurun yaradacağı “Fərqli OL”, “Yaradanlar”, “Fikir”, “Coşqulu Gənclər”, “Azad insan”, “Azad dəyər” adlı kafe, restoran, barlarda əylənir, dərslərini edir, kitablar oxuyur, müzakirələr edir, musiqiyə qulaq asır, həyatlarından zövq alırlar. Burda jazz və blues həvəskarları üçün barlar olur, müxtəlif festivallar təşkil olunur. Mənim ölkəmdə futbol gənclərin həyat tərzinə çevrilir, öz komandalarını dəstəkləmək üçün oyunlara gedir, fan klublara üzv olur və gözəl futbol coşqusu yaşayırlar.
Azad gənclər,
Bu mənim Mini-Azərbaycanımın bir tərəfidir. Sizin mini-Azərbaycanınız necədir? Hamınızı arzularınızda olan Azərbaycan haqqında yazmağa dəvət edirəm!
Ruslan Əsədov
5-6 uşaq
Bu gün eyni ifadələri “Dalğa”, “Ol” kimi gənclər hərəkatları, “AN” kimi şəbəkələr haqqında işlədirlər: 5-6 uşaq…
Məsələ adamların sayında deyil, əlbəttə. Maraqlıdır ki, eyni adamlar daha sonra ölkədəki bütün problemlərin həllini də bu “5-6 uşaq”dan gözləyir. Yox, gözləmir, tələb edir! Ölkədə normal seçki keçirilmir- “Dalğa” hara baxır? Prezidentlik instututu əbədiləşdirildi- “Dalğa” niyə bunun qarşısını almadı? ADNA-da baş verən qanlı olayda “Ol” harada idi? “AN” nədən küçələrə tökülüb aksiya etmədi?…
Başa düşürəm, müxalifətin bu və ya digər səbəblərdən əl-qolunun bağlı olduğu indiki mərhələdə kütlənin diqqəti az-çox fəal olan, ictimai proseslərə (siyasi yox ha!) təkan verməyə çalışan bu “5-6 uşağa” yönəlir. Belədə toplum bütün qara daşların altına onların çiyin verməsini istəyir. Əvəzində toplum özü nə edir? Seriala baxır, çayxanada qeybət edir, köşə yazır, pivə içir…
Biz azərbaycanlıların köhnə peşəsidir: hamı hər işlə məşğuldur, amma heç kim konkret bir işlə məşğul deyil. Baxırsan ki, adam guya siyasətçidir, amma qəzetlərdə donuz qripindən tutmuş, kolbasa sexinə qədər- bütün mövzularda şərh verir. Təki adı çəkilsin… Əslində toplumun tələbatı da bunadır. Kütlə və onun boz nümayəndələri hamıdan hər şeyi tələb etməyi sevir. Müsavatın, AXCP-nin, VHP-nin, nazirliklərin, hətta JEK-lərin görməli olduğu işi “5-6 uşaq”dan tələb edir.
Həm də təkcə tələb etmir, hələ yol da göstərir: belə et, elə et…
Kütlə həmişə eybəcər olub. Kütlə həmişə güzgüyə baxmaqdan qorxub. Baxsaydı, özünə də sual verər, özündən də tələb edərdi. Etmir. Ona “mız” qoymaq daha rahatdır.
Ölkədə etiraz enerjisini öldürən yalnız hakimiyyət deyil. Həm də kütlədir. Çünki öz içində bu enerji yoxdur. Kimin də azacıq başını qaldırdığını, tərpəndiyini görsə, onu basıb əzmək, çığnamaq istəyəcək. Belə bir manyakdır bizim əziz, sevimli, mənasız və boz kütləmiz.
Nə yaxşı ki, bu “5-6 uşağın” başını hələ yeyə bilməyiblər. Nə yaxşı ki, hamının “hır-hır” və “zır-zır”la məşğul olduğu indiki vaxtda onlar nəsə etməyə çalışırlar. Nə yaxşı ki, yatıb-durub bəziləri kimi indeyski xəyallar quran bataqlıq romantiklərinə çevrilməyiblər.
Bir gün bu “5-6 uşaq” – sonuncu cərgəmiz də basılsa…
Zahir Əzəmət
Mətnin əsli: http://www.sozunduzu.com/?p=2702
Mərcan Sətrapiyə suallar
OL! Azərbaycan gənclər hərəkatı Persepolis filminin 4-cü nümayişini keçirtdi. Film BestNET salonunda, İbrus Teatrında, Müasir İncəsənət qallereyaslnda və Xarici Dillər İnstitunun Amerika Mərkəzində Rus, İngilis və Fransız dillərində göstərildi. Baxışlardan sonra tamaşaçılar Mərcan Sətrapiyə olan suallarını verdilər.
Azad olmaq istəyirlər!
İranda baş verənlərə biganə qala bilmirəm. Gənclərin, qadınların məruz qaldığı zorakılığa bir tərəfdən üzülür, digər tərəfdən İran milləti üçün sevinirəm. Sevinirəm ona görə ki, onlar əslində yaşadıqları bu anlarla, gənclərin əzmkarlığı, cəsarəti, seçki prosesindəki aktiv iştirakı ilə qürur duymalıdılar. İranlılar bu imkandan faydalanmalı və azadlıqlarına qovuşaraq dünyanın bir çox avtoritar xalq və hokümətlərinə müsbət nümunə olmalıdırlar.
Dostumla söhbətimizdə məsələyə emosional yanaşaraq, İranda baş verənləri dünyanın sonu kimi qiymətləndirdi. Əslində bu iranlılar üçün dünyanın sonu demək deyil. İran gənclərinin qurmaq istədikləri dünyanın başlanğıcıdır. Gənclərin hüquqları və səslərini qorumaları uğrunda mübarizə onların xöşbəxt gələcəkləri üçün apardıqları mübarizədir. İranlı gənclər azad olmaq istəyir, iranlı gənclər məsuliyyətli hökümət qurmaq istəyir. Onlar artıq dünyadan təcrid olunmaqdan, xaricdə onlara qarşı olan qəribə münasibətlərdən beziblər. İranlılar anlayırlar ki, azad gələcəkləri üçün bu günki çətinliklərdən keçməlidirlər. Bu onlar üçün seçim anıdır!
Millət olaraq ümumxalq hərəkatı yaratmışlar. Etirazlar Tehrandan İranın müxtəlif əyalətlərinə yayılmaqda davam edir. Azadlıq uğrunda mübarizədə onlar xalqlara, müxtəlif etnik qruplara bölünməyiblər. İranlılar azadlıq adlanan dəyər ətrafında birləşiblər. İnsanların dəyərlərin ətrafında birləşərək mübarizə aparmaları daha uğurlu və ibrətverici bir prosesdir. Orda yaşayan türkü də, farsı da, kürdü də azadlıq bir dəyər olaraq birləşdirir, hədəfləri və çatmaq istədikləri məqsədi (azad dövlət) aydınlaşdırır. Bu mübarizədə universitet tələbələri, müəllimlər, daim zorakılığa məruz qalan qadınlar, etnik kimliyimiz eyni olan soydaşlarımız aktiv iştirak edirlər. Tehran universitetində etiraz olaraq 120 professor dərs deməkdən imtina edib və universitetdəki postlarından istefa veriblər. Professorların bu cəsarətli addımı bir çox ölkələrdəki universitetlərin korrupsiyalaşmış inzibati və akademik heyəti üçün müsbət nümunədir.
İranda müəllimlərin, tələbələrin, qadınların bu cür sərt şərtlər daxilində etiraz etməsi ümidin ölməməsi deməkdir. Ümid olan yerdə hərəkət var. Hərəkət olan yerdə isə nəticə mütləq olacaqdır. ABŞ-da universitet yoldaşım olmuş iranlı tələbə İrandakı hakimiyyətin sərtliyindən danışarkən gecələrin birində anası və bacısının xüsusi xidmət qüvvələri tərəfindən oğurlandığını qeyd etmişdi. Hökümətin xalqa qarşı bu cür repressiv addımlar atması şəraitində iranlıların etirazı, videolardakı yeniyetmə xanımın polisə daş ataraq etiraz etməsi ortaya əsl cəsarət nümunəsi qoyur.
İrandakı etirazlar yatırılsa belə gənclərin azadlıq ruhunu öldürmək olmayacaq. 8 nəfər etirazçının öldürülməsi, insanların kütləvi şəkildə həbs olunması, qorxu hofunun yaranması əks effekt verecek və daxildə yatan azadlıq ruhu, etirazlar, narazılıqlar yenidən üzə çıxacaqdır. İnanıram ki, iranlılar bu şərəfli anlarından istifadə edəcək və azad dəyərlər qələbə çalacaqdır. Vicdanın, azadlığın coğrafi sərhəddi yoxdur. İran gənclərinin həmrəylini qiymətləndirir, onlara mübarizələrində cəsarət, iradə və uğur arzu edirəm!
Ruslan Əsədov
Inkar et, Tabe olma
Uşaq qalmaq istəyirəm şəkildəki kişi kimi çarəsiz, incik, laqeyd vəziyyətə düşməmək üçün!
Uşaq qalmaq istəyirəm ən gözəl oyuncağım: daxili azadlığımı, ideyalist kimliyimi itirməmək üçün!
Uşaq qalmaq istəyirəm ətrafdakı yalançılığı, saxtalığı, rüşvəti, vicdansızlığı dərk etməmək üçün!
Uşag olmağın üstünlükləri çoxdur. Uşaq olanda sənin qayğına qalırlar, yedizdirirlər, məktəbə aparıb-gətirirlər. Heç nəyin dərdini çəkmirsən, dünya sənin üçün oyuncaglarından, gündəlik bir neçə dəfə verilən yeməklərindən və valideynlərindən gələn instruksiyaların yerinə yetirilməsindən ibarətdir. Uşaq olanda bir tərəfdən azad olursan, digər tərəfdən isə özün də bilmədən səni idarə edirlər.
Bu arada, uşaqlıqda bizə göstərilən qayğı və himayə sözlərinin mənalarını açmaq ağlıma gəldi. Bu sözlərin mənim üçün mənaları bir qədər fərqli anlam daşıyır. Himayə sözü qayğı sözünə nisbətən daha avtoritar kəlmədir. Qayğı sözü isə daha demokratik olmaqla yanaşı, mənə biganə olmamağı, məsuliyyəti, vicdanı xatırladır. Himayə sözü isə daimi nəzarəti, hakimiyyəti əldən verməməyi, paylaşmamağı xatırladır. Böyüklər gənclər üzərindəki hakimiyyəti əldən vermək istəmədiklərindən daim bizləri nəzarət altında saxlamaq, himayə etmək, özümüzün müəyyənləşdirəcəyimiz yolumuzu, edəcəyimiz seçimimizi bizim əvəzimizə etmək istəyirlər. Nəticədə, “Sizin xöşbəxtliyiniz üçün edirik; Böyüklük borcumuzu yerinə yetiririk və s” kimi ifadələr işlətməklə avtoritar kimlik və hərəkətlərinə haqq qazandırmış olurlar.
Böyüklər, uşaqlara və özlərindən kiçiklərə hakimiyyətləri altında olan subyektlər kimi yanaşır və onları daim idarə etmək istəyirlər. Onlar qayğı göstərməkdən daha çox himayə edirlər. Himayə diskursuna isə uşağı zorakılıqla böyütmək, rüşvət verməklə, müəllimi satın almaqla oxutmaq, tapşırıqla işə düzəltmək, xalqın dili ilə desək ona arvad seçmək və arvad almaq, ölənə qədər uşağın üzərində mənəvi hakimiyyəti saxlamaq daxildir.
Şəkildə gördüyünüz bu yaşlı, yazıq insan vaxtilə himayə altında böyüyənlərdəndir. Himayə altında böyüdüyündən bu qədər çarəsiz, incik durumdadır. Himayə altında böyüdüyündən oğlu olan bu gənci özünün çürük hakimiyyətini saxlamaq üçün yanında saxlayır. O oğluna inanmır, çünki özünə inanmır. O uşağının azad olub səhv edərək öyrənməsini, hüquqlarını bilməsini, özünə həyat qurmasını, həyat yoldaşı seçməsini, təhsil almasını, səyahət edərək yeni insanlarla tanış olmasını istəmir. Belə valideynlər/böyüklər çoxdur, hər yerdədir. Onlar ailəmizdə, icmamızda, universiterlərimizdə, təhsil nazirliyimizdə, polis şöbələrimizdə-hər yerdədirlər.
Dostlar!
Azad olaq, həyatımızı özümüz quraq. Avtoritar valideynləri, böyükləri inkar edək. Böyüklərimizin bizə qoyduqları rüşvəti, yalançılığı, yaltaqlığı, məsuliyyətsizliyi rədd edək, həyatımızdan çıxardaq. Unutmayın ki, hər birimizin həyatı gələcəkdə bu kişinin durumu kimi ola bilər. Gəlin məsuliyyətli olaq, gələcək nəslə, öz uşaqlarımıza nə qoyacağımız haqqında düşünək! Himayə etməyək, qayğı göstərək, sevək. Vicdan haqqında daha az danışaq, onu daha çox yaşayaq.
Özünüzü sevin, həyatınızı sevin, gəncliyinizi dəyərləndirib gələcəyinizi qurun!
Görəsən oğlum gələcəkdə bunları oxuyub nə deyəcək...
Ruslan Əsədov
Tüpürüm sizin mentalitetinizə!!!
Tanınmış AYO-çu Günel Mövludun son yazısı:
Gülməşəkər girişə-zada ehtiyac yoxdu. Ölkədə allah qoymasa, qəzet-kitab açanların hamısının ordumuzdakı murdarlıqdan xəbəri var. “Yeni Müsavat”ın bir az da şüvən janrında təqdim etdiyi rəzillik hamının dilində-dişindədi.
Bu, təzə söhbət deyil. Təkcə bizim ordumuza xas olan bir şey də deyil. Hər orduda var belə şeylər – demokratiya paylayan Amerika ordusundan tutmuş, Zimbabve milli ordusuna qədər. Qadın nəfəsinə həsrət kişi yığnağından bundan artıq nə gözləmək olar?
Söhbət onda deyil. Mənim eyzən elədiyimiz kimi, “alın, bu da sizin azərbaycanlılar!” deyib, bizə təqdim olunan bu iyrənc faktlardan mentaliteti, milliliyi, azərbaycanlılığı ittiham üçün istifadə etmək fikrim-zadım yoxdur! Məsələ başqadır.
Ey, bizim mentalitet düşkünü, millilik ölüsü, türkçülük keşikçisi, azərilik qarovulçusu, vətənpərvərlik mühafizəçisi, milli-mənəvi dəyərlər “teloxranitel”i olan ziyalılarımız, ictimai xadimlərimiz, “türk oğlu türk”, “milli mentalitet” mövzusunda danışanda ağzına çullu dovşan sığışmayan siyasətçilərimiz!
Ey tabeçiliyindəki əsgəri zorlayan bu “qeyrətli” zabitləri böyüdüb, boya-başa çatdıran, dinəndə şalvar geyən qızları bəyənməyib, oğluna uzun ətəkli qızı gəlin seçmək istəyən ağbirçək-qarabirçək analar, ağsaqqal-qarasaqqal atalar! Ey bu millətin millətpərəst yazıçısından tutmuş, milli fahişəsinə qədər bütün nümayəndələri!
Mənim bir sualıma cavab verin: tabeliyindəki əsgəri zorlamağı, onu süründürüb, telefonuna kontur yüklətməyi, ana-bacısını söyüb, sifətini şillələməyi danışanda ağzının qatığını tökəcək qədər savadsız olan bu zabitlərə kim öyrətdi?
Ömürlərində sizin allı-güllü Azərbaycanınızdan kənara çıxmayan, doğma ana dilinizdən başqa dil bilməyən, bağır-badaş həmvətənlərinizdən başqa millət üzü görməyən bu qeyrətli vətən oğulları belə şeyləri hardan öyrəndi?
Bəlkə bunların hamısını onlara sizin nifrət elədiyiniz Avropa dəyərləri, Avropa cəmiyyəti, ya da rus mədəniyyəti-zadı öyrətdi?
Soruşmaq ayıb olmasın, bu zabitlərdən neçəsi Qərbə meyllidir, Avropaya inteqrasiyanın tərəfkeşidir, “Dalğa”çıdır, postmodernistdir, ya da heç olmasa, rusdillidir?
Sizin ordunuz ki qapalı yerdir, burada özünüzünkülərdən başqa heç kim yoxdur. Bəs niyə bu “türk oğlu türk”lərdən, “qeyrətli Azərbaycan oğullarından” ibarət “kişi cəmiyyəti”ndə rəzil fahişəxanalarda belə rast gəlinməyən murdarlıq var?
Bəs hanı keşiyində əlibaltalı, yabalı, dəhrəli dayandığınız, uğrunda baş kəsməyə hazır olduğunuz qiymətli, şərəfli mentalitetiniz?! Hanı?! Bəs niyə o mentalitet burada, sizin fahişə hesab elədiyiniz savadlı qadınların, mavi hesab elədiyiniz Avropa düşüncəli gənclərin olmadığı bir yerdə, allah heç qoymasa, vətənin müdafiəsini həvalə elədiyimiz bir qurumda özünü göstərmir?
Niyə bu mentalitet əsgər yoldaşlarının təhqirlərə məruz qaldığını görəndə yığışıb, bu rəzaləti törədən zabitlərin başını it qibləsinə kəsmək qərarını vermir? Hə, bəlkə bu üsul sivil deyil? Axı belə şeyləri qanunvericiliklə, konstitusiya ilə, hüquqi müstəvidə həll eləmək lazımdır… Bə nədi?! Axı sizin mentalitetiniz həmişə rütbəcə özündən yuxarıdan qorxub, iki quruşa satılıb, özündən zəifi əzməyin, iş bərkə dirənəndə hüquqa, qanuna əl atmağın qoçağı olub!
Bilirsiniz nə var?
Yüzlərlə Azərbaycan kişisi bir yerə düşür və orada rütbəcə böyük özündən kiçiyi zorlayırsa, döyüb, təhqir edirsə və qalanlar bu mənzərəyə heç nə olmamış kimi baxır, özünə hələ ki dəxli olmayan şeyə burnunu soxmadan il yarımını salamat qurtarıb, evinə dönmək haqqında düşünürsə, tüpürüm sizin mentalitetinizə, milli-mənəvi dəyərlərinizə!
Azərbaycan kişisi! Yox bir, Azərbaycan çaqqalı!
Əsli burada:
http://www.sozunduzu.com/?p=2680
Gənc Yox Ağlamaq Yox
Bu yaxınlarda bir il bundan öncəki əhval ruhiyyəm haqqında düşünürdüm. O zaman indikindən daha coşqulu, daha emosional, daha dağıdıcı birisi idim. Bəzən o günlərim üçün darıxıram, istəyirəm daha az rasional düşünüm, çılğın olum, xəyallarımla yaşayım və onları subyektiv reallığıma çevirim. Coşquluq, emosionallıq indi də var, sadəcə bir il bundan öncəki qədər deyil. Biz gənclər gənclik enerjimizi, emosiamızı, coşqumuzu qiymətləndirməliyik. Bu gün bizdə olan coşqu, müsbət emosiya, idealistlik bir neçə ildən sonra olmaya bilər (fövqəladə insanları çıxmaqla).
Bir çox problemlərimizin həll edilməsində gənclik coşqusuna ehtiyac var. Gənc yaşımızda daha idealist oluruq, dünyanı daha gözəl görürük. Gördüyümüz gözəlliyi reallaşdırmalıyıq. Əslində dünya biz onu necə görürük elədir. Xəyallarımızda olan dünyanı qurmaq üçün gənclik enerjisindən, müsbət emosialardan istifadə etməliyik.
Müxtəlif təşəbbüslərdə bulunmalı, təkliflər verməli və çoxlu səhvlər etməliyik. Gənc insan səhv etməkdən, uğursuzluqdan qorxmamalıdır. Səhv etmək bizlərin hüququdur. Hər bir səhv və ya uğursuzluq yeni nəyinsə başlanğıcı deməkdir. Bunun üçün bizlər qərar qəbul etməkdən, fikrimizi ifadə etməkdən və onları həyata keçirtməkdən çəkinməməliyik.
Gənclik tabe olmaqdan çəkinməlidir, ətrafında bir çox şeyi sual/şübhə altına qoymalıdır. Bizlər obyektiv reallığı, həqiqəti qəbul etməkdən daha çox özümüzün subyektiv reallıqlarımızı, həqiqətlərimizi yaratmalı və qəbul etdirməliyik. Gənc olaraq fərqli olmaqdan, xaotik olmaqdan çəkinməməliyik. Unutmayaq ki, nizamın əsasında nizamsızlıq, təşkilatlanmanın əsasında xaos durur. Bizlər həm xaotik, həm nizamlı olmalıyıq. Xaosdan strukturlar, nizamsızlıqdan nizam yaratmalıyıq.
Gənclik coşqumuzu, idealistliyimizi həyatımızın müxtəlif sahələrində tətbiq etməliyik. Universitetdə müəllimlə mübahisə etməli, sual verməkdən çəkinməməliyik. Bizi qane etməyən bir çox şeyə etiraz etməli, fikirlərimizi azad şəkildə ifadə etməliyik. Təhsil əslində akademik və biznes xarakterli alış-veriş prosesi olduğundan tələbə olaraq bizə lazım olanı, istədiyimizi almağı bacarmalı və müəllimləri, təhsil işcilərini bizə lazım olanı verməyə məcbur etməliyik. Müəllimlə, həkimlə, polislə, məmurla, millət vəkilləri və valideynlərimizlə ünsiyyətdən çəkinməməli, hüquqlarımızı bilməli və onlara hörmət etməyi tələb etməliyik.
Gənclik coşqumuzun müsbət tərəfi olduğu kimi mənfi tərəfləri də ola bilər. Emosiyamızın mənfi tərəflərini nəzarətdə saxlamaq üçün yetkinləşməli, yaxşı təhsil almalı (kitablar, məqalələr oxumalı), yeni ölkələr gəzməli və müxtəlif dairələrdən olan insanlarla tanış olmalıyıq. Tolerant olmalı, bacımıza-anamıza qarşı zorakı olmamalı, bir-birimizin sözünü kəsməməli, mənəvi və fiziki sağlam olmalı, ən əsası azad olmalıyıq. Bunu da gəncə verən deyillər, gənc özü tələb etməlidir və buna doğru getməlidir.
Gənc reallığı qəbul etmir, onu yaradır!
P.S. Azad insan nümunəsi Bob Marley "No Woman No Cry" mahnısında qadını ağlamamağa çağırır. Mən də bu yazımda gənclərimizi ağlamamağa, öz talelərinin hakimi və yazarı olmağa çağırıram: Ağlama ay gənc!
Ruslan əsədov
Eurovision və şortik
Dünən Eurovision-da üçüncü yer qazanmış Aysel və Araş İctimai Televiziyada mətbuat konfransı keçirirdilər. Bundan da xəbər tutan fanatlar ora gelmişdi. Qəflətən otaqdan bir oğlanı qovdular. Nə üçün?
Sən demə oğlan şortik geyinibmiş. Həmin oğlan 14 yaşında olardı. Onu ağlaya-ağlaya çölə çıxartdılar. Bu da bizim güclü və zərərli komplekslərimizdən biri!Oğlanın qovulmasına səbəb İTV sədrinin müavini Qəzənfər müəllimin “Bu biyabırçılıqdır. Bura şortiklə gəlmək olar? Çıxarın, qovun buradan” sözləri oldu. Mənzərəni görmək lazim idi ee.... Orada özümü Səddam Hüseyn rejimində hiss elədim.
Mətbuat konfransı bitəndən sonra qapının ağzında həmin şortik geyinmis qaqaşı gördüm. Əlində plakat qaldırıb durmuşdu. Ondan soruşdum ki, şortik geyinmek ayıbdır? Dedi ki, yox, burada nə var ki?Bəli, burada heç nə yoxdur. Əgər nəsə varsa, o da budur ki, öz vicdanını qoruya bilməyən, rüşvətə və yaltaqlığa satılan, Eurovision-un nə olduğunu bilməyən adamlar yalnız elə şortikə ilişməyi bacarırlar.
AVROPAYA İNTEQRASİYA sözü bu adamların əzbərlədiyi ən yaxşı kəlmədir. Amma, etdiklərindən görünür ki, bizimkilər Qərb dəyərləri haqda olduqca yanlış məlumatlıdırlar.
Yazıqlar olsun!!!
Yusif Kərimli
100 nəfər gənc
Bakıda Gül bayramı: 100-ə yaxın gənc saxlanılıb, 6 nəfər hələ də inzibati həbsdə. 10 və 11 may tarixində yerli mediada xəbər başlıqları əslində belə səslənməli idi. Hər halda, Azərbaycan nə qədər azad ölkə olmasa da, 100 nəfər gəncin saxlanması hər gün baş verən hadisələrdən deyil. Bu 100 nəfər gənc heç də İrəli gənclər hərəkatının sözçüsü Aynur Həsənzadənin dediyi kimi xuliqanlıq üstündə tutulmamışdı. Bu 100 nəfər gənc etiraz etdikləri üçün tutulmuşdu və bu 100 nəfər gənci etiraz etməyə heç bir təşkilat və siyasi qüvvə yox, onların vicdanı və vətəndaşlıq borcu çıxarmışdı. O vicdan və vətəndaşlıq borcu ki, bəziləri onların bu ölkədən həmişəlik sürgün edildiyinə əmin idi.
Axı nədir dünənə qədər siyasətdən kənar olmaqda, mobil telefonlarla “blutuzlaşmaqda”, Odnoklassniki saytında gününü keçirməkdə ittiham etdiyimiz gənclərin bu spontan və səmimi etirazlarının səbəbi? Gənclərmi istəməz yaxşı geyinib-keçinərək, şəhərə bayram gəzintisinə çıxsınlar? Gənclər bəlkə güllərəmi belə nifrət edir?
Aprelin 30-da Dövlət Neft Akademiyasında baş verən terror da bu ölkədə hər gün baş verən hadisələrdən deyildi. Birinci dəfə idi ki, bir Azərbaycan universiteti basqına məruz qalmışdı və bu basqının az qala bütün qurbanları həyatı hələ qarşıda olacaq universitet tələbələri idi. Və haqlı olaraq da, bu gənclərin ruhunu ölkə matəmlə anmalı idi. Keçmişin 40 günlük yasını istəmirdi heç kəs, heç olmasa bir günlük matəm idi tələblər.
Və bu matəm elan olunmadı. Nə də qoydular ki, gənclər özləri matəm eləsin öz həmkarlarına. ADNA-nın qarşısında güllər yoxa çıxdıqca, keçmiş Respublika Sarayının qarşısında güllər artırdı; ADNA-nın divarlarında xatirə sözləri silindikcə, keçmiş Respublika Sarayının qarşısı şüarlarla bəzədilirdi; ADNA-nın qarşısından insanlar zorla dağıdıldıqca, keçmiş Respublika Sarayının qarşısına insanlar yığdırılırdı.
Mayın 10-u və 11-i həmin o 100 nəfər gənc bax bu hörmətsizliyə, terror qurbanlarına qarşı bu laqeydliyə və bu ölkədə gəncliyə verilən dəyərə etiraz edirdi. Lakin gəlin baxaq Mayın 10-da və 11-də nə baş verdi. Yeddi yerli televiziya kanalı xaincəsinə susdu. Eləcə də Azərbaycanın ən böyük internet portalları. Çünki Azərbaycan Gül bayramını qeyd edirdi.
Əgər Azadlıq Radiosu və Facebook olmasa idi, şübhəyə də düşmək olardı – görəsən neçə Azərbaycan var və biz hansı Azərbaycanda yaşayırıq? Yox, əgər Azərbaycan elə birdirsə, bəs niyə o bu 100 nəfər gəncin fikrinə biganədir, səsini eşitmək istəmir? Və 100 nəfər gənc ifadəsini tez-tez təkrarlamağım üçün lütfən əsəbiləşməyin, çünki imkanım olsaydı onların adlarını bircə-bircə yazardım. Lakin belə imkan yoxdur deyə gəlin heç olmasa bu gəncliyin sözünü demək istədiklərinə görə inzibati həbs alanların adlarını çəkək:
Əbülfəz Qurbanlı (10 gün inzibati həbs)
Məmmədli Əhəd (3 gün inzibati həbs)
Abbasov Yalçın (3 gün inzibati həbs)
Kərimov Murad (3 gün inzibati həbs)
Rəfiyev Fərid (3 gün inzibati həbs)
Abbasov Tural (3 gün inzibati həbs)
Əli Novruzov
Bu gedişlə Azərbaycan gəncini heç vaxt həmrəy olmağa qoymayacaqlar
O həmin gün adəti üzrə gec yatacaqdı. Sevgilisinə son dəfə “sevirəm” deyib, gözünü yumaraq həyatı haqda fikirləşməyə başladı. “Sabah tezdən durub imtahana getməliyəm. Cəmi bir aya universiteti bitirirəm. Dörd illik əziyyət bitəcək, əsgərliyə gedəcəm…Sonra isə azad bir insan kimi həyatımı Pərvinimlə qurmağa başlayacam. İstəyirəm etdiyim işdə mükəmməl olum, hamı məni tanısın, məşhur olum. Hə! Mən məşhur olacam!” fikirli ilə yuxuya getdi.
Səhərisi gün saat təxminən 10:00.
Ayazın oxuduğu Dövlət Neft Akademiyası qan içində. Və o… O artıq aramızda deyil. Bütün gecəni sevgilisi ilə öz gələcəyi haqda fikirləşən insan artıq yoxdur…
Sevgi filmlərinə çox baxmışıq. Elə bir insan yoxdur ki, bu filmlərin sonunda sevgililərin ayrılıq, ölüm səhnəsində kövrəlib ağlamasın. Lakin beş dəqiqə də keçmir ki, hamı xatırlayır ki, bu sadəcə bir film idi. Ölüm isə ssenarinin bir hissəsi.
Heyif ki, bu dəfə gördüklərimiz bir film deyildi... Heyif ki, bu dəfə hər şey real həyatda baş verdi... Heyif ki, aprelin 30-u belə bir faciəvi həyat filminin müşahidəçisi olduq.
Onlarla ailənin həyatı bu filmə çəkildi. Həmin gün Pərvin Ayazsız, valideyn övladsız, bacı qardaşsız qaldı. O gün bütün gəncliyin ruhu ağladı. O gün Azərbaycan gəncinin ürəyinə qanlı hərflərlə “matəm” yazıldı…
Ayaz məşhur oldu. Rəhmətə gedənlər içində ən çox çəkilən adlardan biri - Ayaz… Lakin bunumu istəyirdi o? Əminəm ki, bu cür məşhurluqdansa, heç adının tanınmamasını belə istəyərdi.
Ən dəhşətlisi isə odur ki, 10-15 il sonra bu yaddaşlardan silinəcək. Bəlkə də artıq beş ildən sonra bu hadisə unudulacaq. Əgər hadisə baş verəndən bir ay belə keçməmiş “gül bayramı” qeyd ediriksə, deməli mütləq unudulacaq…Və yaxud artıq unudulur…
Doğrudanmı Azərbaycan gənci bu qədər biganə və gücsüzdür? Bəlkə birliyimizi göstərməyin əsl vaxtıdır? Hər birimiz başımızı aşağı salıb ancaq öz problemlərimizə qapılıb, təki bugünü “yola verim” deyərək öz həyatımızı “yaşamağa” çalışmağımızla hara varacaqımızı düşünürük? “Əşi öldülər getdilər” deyən insanlar hər birimizin onların yerində ola biləcəyimizi düşünmürlərmi?
Hadisənin nə qədər ağır və ciddi olduğunu başa düşməmiz üçün mütləqdirmi bizim yaxınlarımızın başına gələydi bu iş? Axi ADNA-da baş verənlərin qurbanları günahsız gənclər olub. BİZİM GƏNCLƏR…Deməli hadisə bilavasitə bizə təsir edir.
Amerikanın Azərbaycandakı səfiri Anne Derse-ün bir müsahibəsində çox gözəl bir fikir səslənmişdi. “ Biz (Amerika) və Avropa ölkələri demokratiyanı qutuya qoyub Azərbaycana təqdim edə bilmərik”. Edə bilməzlər ey Demokratiya istəyən Azərbaycan gənci… O Azərbaycan gənci ki, bütün dünyanın “terrora yox!” dediyi bir halda, mitinglərdə “terrora yox” sözünə görə susduruldu.
Belə bir halda hansı demokratiyaya ümid edirik biz? Nə vaxta kimi başımızı aşağı salıb bugünümüzlə yaşayaraq, “gül bayramında” ölkəyə küllü-miqdarda gətirilən güllərə tamaşa edərək demokratiyanın nə olduğunu yalnız filmlərdə görəcəyik?..
Qorxulusu isə odur ki, bu gədişlə cavan uşaqların tökdüyü qan, anaların tökdüyü göz yaşı, dayanmadan nəşr olunan yazılar, çağırışlar, mitinqlər… bir gün bunlar hamısı unudulacaq, və bu gedişlə Azərbaycan gəncini heç vaxt həmrəy olmağa qoymayacaqlar.
Şəms Həsənova,
11-ci sinif şagirdi, FLEX məzunu
Kim “dəniz” istəyir?
Söz şəhidi Elmar Hüseynovun əziz xatirəsinə ithaf ounur
Səməd Behrənginin uşaqlar üçün yazdığı, əslində isə üstörtülü şəkildə İrandakı Şah rejiminə qarşı yazılan bu nağılı ilk dəfə oxuyanda 11 yaşım var idi. Ancaq o zaman bu nağıl mənə sadəcə çox maraqlı bir nağıl kimi təsir etmişdi. Bu nağıl haqqında daha sonra 2-3 il bundan öncə 1980-ci il çevrilişi vaxtı və ondan sonra türk solçularının apardığı mübarizədən bəhs edən bir filmdə eşitdim. Söhbət “Balaca qara balıq” nağılından gedir.
Bir neçə gün öncə internetdə elektron kitab səhifəsində yenidən adıyla qarşılaşdığım bu nağıl haqqında təəssüratlarımı sizinlə də bölüşmək istədim.
Bu nağıl məhz insanlara inqilabi fikirlər aşıladığı iddia olunaraq İranda hələ də qadağandır, Türkiyədə isə yuxarıda qeyd etdiyim 1980 çevrilişi sonrası qadağan edilmişdi. Nağılın maraqlı tərəfi ondan ibarətdir ki, o həmdə bügünkü Azərbaycan cəmiyyətinin çirkinlikləri və bu çirkinlikləri aradan qaldırmaq istəyən “balaca qara balıqlar”ın mübarizəsi üçün ibrətamizdir.
Gəlin bu nağılı qısa şəkildə nəzər yetirək... Kiçik bir arxda anasıyla bərabər yaşayan balaca qara balıq bir gün cana doyur və qərara gəlir ki, bu arxın sonuna gedib çatsın. Onun harda bitdiyinə şahid olsun. Çünki bütün dünyanın bu kiçik arxdan ibarət olmadığına, daha böyük və fərqli dünyaların olduğuna onda daxili bir əminlik var idi. O hesab edir ki, o da o biri balıqlar kimi bu arxda ömrünü o tərəf bu tərəfə gedərək boş boş keçirib, qocalanda şikayətlənib heyfslənməməli, əksinə həyatın elə bir qarış yerdə o yan-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarət olduğuna, yoxsa başqa dünyanın da mövcud olub olmadığı sualına cavab tapmalıdır. Ancaq ətrafındakı hər kəs ona qarşı gəlir, dünyanın yalnız yaşadıqları yerdən ibarət olduğunu söyləyir, əsassız fikirlərlə başqalarının da beynini zəhərləməməyi tələb edirlər. Bu fikrini öyrənən anasının, qonşularının, dostlarının və daha sonra səfəri boyunca müxtəlif dəniz heyvanlarının qınağına, atmacalarına, zarafatına tuş gəlir, istəyi lağ obyektinə çevrilir balaca qara balığın, hər kəs onu ələ salır.
Tanış mənzərə deyilmi? Hər birimiz oxşar şeylə qarşılaşırıq. Yaşadığımız cəmiyyətin çirkabına, baş verən haqqsızlıqlara, ədalətsizliklərə boyun əyməyən, etiraz səsini ucaldan hər bir insana ətrafı tərəfindən verilən reaksiyayla eynidir. Ailəmizin və dostlarımızın “Bu ölkəni düzəltmək sənəmi qalıb”?, “Hamı necə səndə elə”, “Başını aşağı sal karyeranı qur, öz işlərinlə məşğul ol”, “El üçün ağlayan göz kor olar”, “Bu xalq düzələn deyil, özünü boş-boşuna məhv etmə” və s. kimi repikaları ilə biz də qarşılaşırıq hər birimiz. Gülüş obyektinə çevirilik. Ancaq bütün bunlara dözürük, göz yumuruq və hədəflərimizə doğru addım-addım irəliləyirik. Necə ki, nağılda balaca qara balıq etdi. Qarşısına çıxan heç bir maneə onu məqsədindən - arxın töküldüyü son yer olan dənizi tapmaqdan - döndərə bilmədi. Çömçə quyruqlara, rizə balıqlarına həqiqəti göstərdi, onların təkidlərinə baxmayaraq geri dönmədi, Şaqqa quşunun mədəsindəki mübarizədən sağ çıxdı, yenilmədi. Düzdür sonunda məqsədi uğrunda həlak oldu.
Dənizə gedib çatdıqdan sonra balıqudana yem oldu. Ancaq nümunə bir həyat yaşadı, neçə-neçə balıqların oyanmasına, balaca qara balığın hərəkətlərinə dəstək verməsinə, onların da gələcəkdə onun yolunu təkrarlamaq istəməsinə nail oldu. Digərlərini qəflət yuxusundan oyatdı. Ən əsası iradənin hər bir şeyə güc gəlmək iqtidarında olduğunu hər kəsə sübut edə bildi. Bu nağıl əsl insan, həqiqət carçısı olmaq istəyən hər bir mübariz üçün mayak ola bilər. Nağılın sonlarında balaca qara balığın beynindən keçən bu fikirlər isə hər birimizə bir nümunə olmalı və bizi daim ruhlandırmalıdır: Ölüm hər an məni yaxalaya bilər. Ancaq mən bacardığım qədər yaşamalı, ölümdən qaçmalıyam. Ancaq ölümlə qarşılaşa da bilərəm. Önəmli deyil, önəmli olan budur ki, mənim həyatım və ya ölümüm başqalarının həyatına necə təsir göstərəcəkdir.
Dostlar, biz də bu çətinliklərlə, atmacalarla, qınaqlarla rastlaşanda, məqsədimizdən bir addım da geri atmayaq. İnandığımız işi sona çatdıracağımıza bir an belə tərəddüd etməyək. Biz bu ölkəni MÜTLƏQ dəyişəcəyik. Bacardığınız qədər də “Balaca qara balıq” nağılını uşaq və gənc yaşda olan tanış və qohumlarınız arasında yayın ki, cəmiyyətin gələcək nümunəvi vətəndaşlarının sayının artmasına nail olasınız. Və aşağıdakı şüarımızı da heç zaman unutmayın:
Dəyişiklik görmək istəyirsənsə dəyişikliyin önündə OL!
Rəşadət Axundov
Rusiya Fordu da avtoritarlaşdırdı
Universitetdə yazılarımın birində müasir Rusiya Federasiyasını 1964-cü il istehsalı olan Ford Mustang avtomobili ilə müqayisə etmişdim.
Ətrafımızda çox insanlar dəbdəbəli həyat tərzini daha da maraqlı etmək üçün köhnə maşınları yeniləyib istifadə etməyi sevirlər. Təsvir etdiyim situasiyanı eyni zamanda müasir Rusiya Federasiyası və baş nazir Putinə aid etmək olar. Sovet imperiyasının süqutu bizlərə əyani olaraq avtoritar rejimlərin, komunizmin, korrupsiyanın yayıldığı dövlətlərin, demokratik hərəkat və fərdi azadlıqların pozulduğu dövlətlərin xöşbəxt gələcəyinin olmadığını göstərdi. Rusiya Sovet İmperiyasının kiçik modelidir.
Prezident Yeltsinin hakimiyyəti dövründə Rusiya dərin iqtisadi və siyasi böhran içərisində idi. Siyasi elita arasında Rusiyanın necə və hansı ideoloji istiqamətdə idarə olunması ilə bağlı müxtəlif fikir ayrılıqları vardı. Yeltsinin hakimiyyətindən sonra hakimiyyətə Rusiya KQB-sinin yetirməsi Putin gəldi. Putin hakimiyyətə gəldikdən sonra özünü 1964-cü il istehsalı Ford Mustang avtomobilini almış, onu növbəti 30, 40 il müddəti üçün yeniləyən varlı iş adamı kimi aparmağa başladı. Putin Rusiyanı insan hüquqlarını qoruyan dövlət istiqamətində dəyişmək və korrupsiyanı azaltmag əvəzinə Rusiyanın sadəcə görüntüsünü dəyişdi. Neft və qaz resurslarından gələn pullar hesabına dövlətin administrativ resurslarından istifadə edərək müxalifət və azad mətbuatı sıxdı, azad toplaşma hüququnu pozdu və qeyri-hökümət sektorunun fəaliyyətinə ciddi əngəllər törədən qərarlar qəbul etdi. Putinə qədərki Rusiya köhnə Ford Mustang avtomobili idi. Putin hakimiyyətə gəldikdən sonra avtomobili (Rusiyanı) yenilədi, görüntü olaraq dəyişdi amma mahiyyəti dəyişmədi. Putin avtoritar formatı və beyinləri dəyişdirəcək addımlar atmadı. Rusiyanın avtoritar/imperial xarakterini saxlayaraq, imperiyanın zorakı xarakterini Gürcüstana hərbi intervensiyası ilə bütün dünyaya nümayiş etdirdi.
Rusiya yaxın və ya uzaq gələcəkdə tarixdə mövcud olmuş əksər imperiyalar kimi dağılacaq. İmperiyal agendası olan avtoritar ölkələr təhlükəsizlikləri üçün işğalçılıq siyasətini davam etdirməli, tərkibində və təsir dairələrində olan xalqları (Gürcüstanı çıxmaqla MDB dövlətləri) öz tabeçiliyində saxlamalıdılar.
Milli maraq anlayışı Rusiya kimi imperialist dövlətlər üçün demokratik dövlətlərin milli maraq anlayışından fərqlənir. Demokratik dövlətlərin milli maraq agendasında imperialist dövlətlərdən fərgli olaraq digər maraqlarla yanaşı demokratik dəyərlərin yayılması da yer tutur. Demokratik dəyərlər Rusiya tipli dövlətlərin legitim dəyərlərinə çevrilmədiyindən onların milli maraq konteksinə də daxil deyildir. Dövlət marağında demokratik amillərin olmaması Rusiyanın ətraf dövlətlərlə də münasibətinə təsir edir. Gürcüstan və Ukraynanın demokratik dünya ilə integrasiyasına Rusiyanın maneələri və digər MDB dövlətlərində isə qeyri-leqitim hakimiyyətləri dəstəkləməsi Rusiyanın dövlət maraqlarının avtoritarlığının göstəricisidir. Rusiya bunu özünün imperial təhlükəsizliyi üçün etdiyindən və bu prosesə xalqın dəstəyi olduğundan irəli sürdüyü bütün arqumentlər legitimdir. Köhnə, lakin görüntüsü yenilənmiş 1964 istehsalı Ford Mustang avtomobili davamlı olmadığı kimi Putin Rusiyası da davamlı olmayacaq.
Bəlkə Rusiyanın demokratikləşməsi imperiyanın dağılmasına gətirib çıxardacaq? Bu sualın üstündə birlikdə düşünək...
Ruslan Əsədov
Azərbaycan milli ideologiyası
Çox maraqlı xalqıq. Özümü tanımağa başladığım dövrdən indiyədək ölkəmiz, millətimiz, düşmənlərimiz haqqında yaranan patriotik söhbətlətin demək olar ki, hər birində eyni cümləni eşidirəm: “Bizim milli ideologiyamız olmalıdır”.
Ay həzarat, 20 ildir eyni şey haqqında birinci dəfə deyildiyi tək danışmaqdan yorulmamışıqmı? Nə qədər olar axı bu milli ideologiyanı axtarmaq? Bu milli ideologiya ya olur, ya da olmur da...
Səmimi hisslərlə alışıb-yanan vətənpərvər qardaşlarıma bir şad xəbər vermək istəyirəm. Bizdə nəinki milli ideologiya var, bizdə həmin milli ideologiyadan çoxdur e, çox...
Görünür 11 iqlim qurşağından 8-nə (bəzi mənbələrə görə 9-na) sahib olmağımız bu ərazidə yaşayan insanların mövqe və həyat anlayışlarına ciddi şəkildə təsir edib. Bu da öz növbəsində çoxnövlü milli ideologiyanın formalaşmasına təsir edib.
Uzun sürən həyat fəaliyyəti və yaradıcığı zamanında mən azərbaycanlıların daha çox hansı milli ideologiyaya üstünlük verməsini araşdırmağa cəhd etdim. Böyük əzab-əziyyətli axtarışlardan sonra mən belə qənaətə gəldim ki, azərbaycanlılar sadalayacağım hər bir ideoloji cərəyana eyni dərəcədə hörmət edirlər. Bu səbəbdən digərlərinin xətrinə dəyməmək üçün mən bu ideoloji cərəyanların hər biri haqqında bir-iki cümlə yazmaq istərdim.
Rüşvətxorluq bir milli ideologiya kimi
Bu cərəyan digərlərindən güclü maliyyə bazasına sahib olması ilə fərqlənir. Azərbaycanın demək olar ki, hər bir küncündə, bucağında, tinində, kabinetində, əməliyyat masasında, sinif partasında, və s. məkanları əhatə edən cərəyanın ən möhkəm sütünu insanların şüurunda bir hörmət nişanəsi olması ilə özünü formalaşdırıb. Rüşvət ideologiyası insanı dünyaya gəlməsi ilə, haqq dünyasına səfərə düşənə qədər onu addım-addım izləyir. Bu cərəyanın həm güclü, həm zəif cəhətlətində biri ondan ibarətdir ki, insanlar çox rahat bu ideologiyanı qəbul edə və eyni rahatlıqla bu ideologiyadan uzaqlaşa bilərlər.
"Pofiqizm" bir milli ideologiya kimi
Sözün kökü “по фиг” rus söz birləşməsindən əmələ gəlmişdir və azərbaycan dilinə “fiqimə ki” kimi tərcümə edilir. Bu insanlar ətraflarında baş verən proseslərə biganə mövqeləri ilə seçilirlər. Bu cərəyan milli xippi hərəkatının bir növü olmaqla, getdikcə daha çox insanın öz qanadları altında birləşdirməkdədir. Bu cərəyanın ən tanınmış sloqanı “Millət üçün ağlayan göz kor olar”dır.
Pafos bir milli ideologiya kimi
Bu ideoloji cərəyan nisbətən yeni cərəyandır. Yuxarıda sadaladığım iki cərəyandan fərqli olaraq bu cərəyan xaricdən, daha dəqiq desək Türkiyədən gəlmişdir. Bu ideologiya sahibləri öz nümayəndələrinin uğurları haqda həddən artıq şişirtməklə, digərlərinin üzərində öz üstünlüyünü gözə soxmaq məqsədi daşıyır. Ölkəmizdə 90-cı illərin əvvəllərində inkişaf istiqaməti götürən bu cərəyan son 15 il ərzində 3 əsas ideoloji etapı keçmişdir. Bu etapları aşağıdakı kimi müəyyən etmək olar:
- Biz Avropaya diz çökdürdük – Qalatasarayın UEFA kubokunun qalibi olmasından sonra səslənən şüar
- Dünya türkə futbol oynamağı öyrətməklə yanlışlıq etdiyini anlayır – Türkiyə futbol yığmasının 2002 dünya çempionatının yarımfinalına çıxdığı zaman səslənən fikir
- və ən əsası “Sonunu düşünən kahraman olamaz” – Azərbaycan və Türkiyə ictimaiyyətinin siyasi şüurunu formalaşdıran bir kult filmi olan “Kurtlar Vadisi”ndən cümlə.
Yaltaqlıq bir milli ideologiya kimi
Bu ideologiyanın nümayəndələrini adi vaxtda çöldə, axşam vaxtı evdə, qonaqlıq və qohum-əqraba yığıncağı vaxtı məclisdə müəyyən etmək demək olar ki, mümkün deyil. Bu ideologiya sahibləri adıçəkilən ideoloji maskanı işin qapısını açan zaman geyinirlər. Rəisin otağına daxil olunan zaman həmin cərəyanın təsiri xüsusi olaraq parıldamaqda olur. Bu cərəyan nümayəndələrini “ifşa” edə bilən yeganə vasitə televiziya kamerasıdır. Hər hansı vəzifəli şəxsin hər hansı bir idarəyə daxil olması ilə bu səhnəni əbədiləşdirmək funksiyasını həyata keçirən AZTV-nin səyyar kameraları bu cərəyan sahiblərinin necə olduqlarını dəfələrlə nümayiş etdirmişdir. Bu insanların özünəməxsus duruş, gülümsəmə, dinləmə və alqışlama bacarıqları var. Onlar səmimi və sidq ürəklə inanırlar ki, məhz bu cür duruş, gülümsəmə, dinləmə və alqışlama onları karyera pilləkanları ilə özünə əmin şəkildə irəliləməyə yardımçı olacaqdır.
Bakılılıq (Бакинец) bir milli ideologiya kimi
Bu cərəyan nümayəndələrinin sayı çox sürətli şəkildə azalmaqdadır. Buna səbəb 80-ci illərin sonunda və 90-cı illərin əvvəlində baş verən dəyişikliklər nəticəsində çoxlu sayda ideoloji düşmənlərin – “çuşka”ların Bakı şəhərini zəbt etməsi idi. Bakılı ideologiyasının sadiq nümayəndələri bu ağrıya dözə bilməyib şəhəri tərk etməkdən başqa seçim görməmişlər. Hal-hazırda onları tək-tük hallarda müxtəlif qlamur restoran və kafelərdə, caz konsertlərdə görmək mümkündür.
“Xaricilər nə deyər” milli ideologiya kimi
Bu ideologiya da 90-cı illərin əvvəllərindən müxtəlif xarici təhsil proqramlarının Azərbaycanda fəaliyyəti ilə bərabər başlanmasını qeyd etsələr də, geniş şəkildə 2000-ci illərdə vüsət almışdır. Bu ideologiyanın nümayəndələri hesab edirlər ki, xarici ölkələrə səfər zamanı hər bir azərbaycanlı özü ilə bərabər çaxır, xalça və dolma aparmalı, Azərbaycanın müsbət imicini dünyanın hər bir nöqtəsində təbliğ etməlidirlər. Bu insanlar müxalifəti tanımır. Onlar üçün müxalifətçi obrazını Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirən bir məxluq sayır və müxalifətçilərin ölkədən yerli dibli yox olmasını arzulayır. Bu insanların əsas fəaliyyət istiqaməti dünyanın ən sanballı şəhərlərində Azərbaycan muğamını, dolmasını, plovunu, paxlavasını təbliğ edən tədbirləri həyata keçirmək və səfirliklər qarşısında Ermənistanı pisləyən sloqanlarla etiraz etməkdir.
“Başqasının işinə burnunu soxmaq” milli ideologiya kimi
Azərbaycanda bu cərəyanın meydana gəlməsinin dəqiq tarixi bilinməsədə, onun tarixinin qədim olduğu heç kimdə şübhə oyatmır. Bu cərəyan nümayəndələri arasında ən çox işlədilən sözlər bunlardır: “Ay qız, sənə soyuq deyil?”, “Bunlar evdən çıxanda ataları bir söz demir?”, “Adamın gərək bəxti olar”, “Biz də cavan olmuşuq, amma, belə qələt eləməmişik” . Son zamanlar paytaxtda bankomatların sayı artıqca, pul çıxardığınız zaman bu ideoloji axın nümayəndələrinin nəfəsini arxadan hiss edə bilərsiniz..
Bu siyahını daha da uzatmaq mümkündür. Məsələn biz “Qonşudan ayıbdır”, “Mənlik deyil”, “Söküb dağıdanlar” və s. bu tipli diqqətə layiq ideologiyalar haqqında danışa bilərik.
MƏSƏLƏNİN CİDDİ TƏRƏFİ
Zarafat bir qırağa, fikrimcə milli ideologiya haqqında bu qədər düşünməyə ehtiyac yoxdur. Sağlam, əxlaqlı, məsuliyyətli vətəndaş hər yerdə eynidir və bu insanların birlikdə ortaya qoyduqları milli ideologiya heç də milli-mənəvi dəyərlərlə, mentalitetlə uyğunlaşdırılmalı deyil. Onun əsasında ədalət və haqq uğrunda mübarizə durmalıdır.
Bir neçə il əvvəl tədbirlərimizin birində politoloq Rasim Musabəyov Azərbaycanda vahid milli ideologiyanın nə üçün olmadığını sual verən bir gəncə belə bir cavab verdi: “Siz milli ideologiyanı nə üçün axtarırsınız? Sizin milli ideologiyanız konstitusiya olmalıdır”. Görəsən, həmin zaman bu sözü deyən politoloq konstitusiyamızın dəyişdirilicəyini bilsəydi necə cavab verərdi?
Vüqar Salamlı
Ümid var GƏLƏCƏYƏ!
O şəhərdə ki, doğma evində türmə həyatı yaşayanlar
Sevdiyi qadını özgə arvadı kimi qucaqlayanlar
Halal çörəyini əsir düşmüş əsgər kimi çeynəyənlər var...
Aqşin
Bir hüzn var məmləkətdə. Hər şey zülmətə qərq olub.Ümidsizlik və pessimizm əksər insanları əsir alıb bu ölkədə. İnsanların üzündə bir inamsızlıq, ölmüş arzuların əksi aydın sezilir. Küçədəki hər kəs aqressivdir, sanki bir-birinə nifrətini püskürmək üçün əlverişli məqam gözləyir. Sevgisizlik, nifrət atmosferi hökm sürür. Başını qaldırıb sabahına boylanan, normal gələcək qurmaq istəyən insanın bu ölkəylə bağlı planı ya yoxdur ya da qaranlıqdır. Qaçmaq, qurtulmaq istəyir insanlar. Bütün bu əzablardan və iztirablardan. Başlıqda Aqşinin verdiyim şerindən bir parça Azərbaycan insanının bu ölkədəki həyatını çox gözəl təsvir edir. İnsanlar sanki yaşamırlar, sürünürlər, can çürüdürlər.Ancaq problem də odur ki, çıxış yolu üçün, bu duruma son vermək üçün çox az adam səy göstərir. Xalqımız uşaqlıqda nağıllarda oxuduğu “Ağ atlı oğlan”ı gözləyir. Səbirsizliklə gözləyirlər, bir an öncə gəlməsini istəyirlər, ancaq bu gününə tənbəllliklə, “hər şeyə boş ver” yanaşması ilə yaşayaraq gözləyirlər.
Bütün bu sadaladığım mənfi çalarlara baxmayaraq biz bir şeyi dəqiq başa düşməliyik ki, hələ heç nə bitməyib. Bir az da pafosa baş vursaq belə deyə bilərik: Hələ bütün qalalar fəth edilməyib. Nə qədər problemlər olsa da çıxış yolları da var. Bu gün ölkədə böyük miqyaslı olmasa da müəyyən işlər görən insanlar, gənclər var. Nəticə almaq isə biraz zaman tələb edir. İnanmaq və durmadan şalışmaq lazımdır. Passionar insanlar hələ də var, gənclər arasında isə gündən-günə çoxalmaqdadır. Unutmaq lazım deyil ki, hər bir xalqın taleyini onun 1-2 faizlik məsuliyyəti öz üzərinə götürən, yuxarıda dediyimiz passionar hissəsi həll edir. Kütlə hər yerdə oxşardır. Kütlənin içindən çıxan potensiallı insanların, liderlərin qarşısına qoyduqları məqsədlərə hansı müvəffəqəyitlə çatması ən önəmli faktordur.
Xüsusilə də gənclər sektorunda fəallaşma, təşəbbüskar gənclərin sayının çoxalması, şəbəkələrin, qrupların çoxalması, alternativ düşüncənin geniş vüsət alması sabaha ümidləri artırır. Azad düşüncəli, peşəkar, müsbət enerjiylə dolu insanların sayının artması sadaladığımız problemlərin sürətli həllində ən əsas açardır. 60-70 nəfər gənc insan var ki, bu gün istəklə, etdiyi işə inanaraq nələrsə etməyə çalışırlar. Ancaq bu həm kəmiyyət həm də keyfiyyət etibarı ilə kifayət deyil.Təbii ki, ən önəmli və əhəmiyyətli vəzifə ölkə daxilindəki bu passionar təbəqə ilə enerjisini birləşdirib böyük sinergiyanı yaratmağa qabil olan ikinci qüvvə - Amerika və Avropanın müxtəlif ölkələrində təhsil alan tələbə və gənclərin üzərinə düşür. Bu cəmiyyətdən fərqli dünya görüşünə malik insanların içində yaşamaq və onlarla ünsiyyətdə olmaq, fərqli dünya baxışları, həyat standartları ilə tanışlıq, daha mükəmməl bilik və bacarıqları əldə etmək qurmaq istədiyimiz gələcək cəmiyyət üçün əsaslı şərait hazırlaya bilər. Bu monotonluqdan bizi ancaq bu fərqliliklər, onların ustalıqla bizə tətbiqi qurtara bilər. Boz rəngli cəmiyyəti düzəltməyin yeganə yolu budur. Ona görə də məncə xaricdə təhsil alan tələbələr öz həyatlarını xilas etmək üçün orda qalmaqla kifayətlənməməli, fədakarlıqdan bir payda öz üzərlərinə götürməyi bacarmalıdırlar. Sonda qayıdıb gəldiyimiz yer yenə bura olacaq, istəsək də istəməsək də!
Heç vaxt ruhdan düşməyək! Bir fərd kimi özümüzü hərtərəfli inkişaf etdirərək, dəyişərək və ətrafımızaı dəyişdirərək inamla irəli doğru addımlayaq!
Rəşadət Axundov
Mentualitet
Əslində MENTALİTET mövzusu xeyli çeynənmiş mövzudur. Tərəfdarları və əleyhdarlarının hər ikisi tərəfindən. Ancaq nə qədər çeynəsək də bir addım da irəliləyiş əldə edə bilmirik. Ortaq nöqtələr tapılmır. Anlaşılmazlıqlar, suallar çoxdur. Əsl labirint...Belə getsə heç tapılmayacaq da. Çünki dünyada informasiya texnologiya müharibəsi getdiyi dövrdə qız, namus-qeyrət, məhlə, toyda mahnı sifarişi müharibəsinə girişən bir cəmiyyətin fərdləri çətinki nəyisə məntiqə əsaslanaraq həll etsin.
Dilimizdə mentalitet adlandırıdığımız bu söz ingiliscədə mentality sözü ilə eynilik təşkil edib təfəkkür, düşüncə tərzi mənasına gəlməkdədir. Bizdə isə ağzı köpüklənə köpüklənə sinəsini cıraraq bu mövzuda danışanların beynində bu söz qadınların “şərəfinə” təsir edən proseslər, məhlə anlayışı, toy yengəsi, yas mollası, mini yubka, gəlin cehizi, bacı və qohum əqraba qızlarının telefonunun monitorinqi kimi “fələsəfi” söhbətlərlə assosiasiya olunur. Ən geniş halda... Bu məzmunsuz və dayanıqsız düşüncə nəticəsində mentalitet içi boş, çirklənmiş, sonu görünməyən bir şey ifadə etməyə başlayır. Yəni qısası mentalitet dönür olur menTUALİTET. Necə ki şəkildə gördüyünüz bu məfhum kimi...
Hər şey qıraqdan gözəl görünür. Parlaq, göz oxşayan. Ancaq bu qızıldan da olsa içinə axıdılacaq son şey eynidir. Eynilə mentalitet kimi. Bundan nə qədər bər-bəzəkli, pafoslu cümlələrlə danışırsan danış xeyri yoxdur. Nə qədər xoş niyyətlə, başqa fikirlə gəlirsən gəl yenə eyni nəticə olacaq. Eyni sonluq səni gözləyir- çirkab. Paralellər aparaq. Əgər sənin bu danışdıqlarının əmələ gətirdiyi cəmiyyət belə mənəviyyatsız və yalançıdırsa, fərdləri belə saxtakar və nadandırsa, ictimai münasibətlər hər bir sahədə anormallıqlar üzərində qurulubsa, deməli bu da əsl menTUALİTETdir. Hər bir xoş niyyəti, mövcud durumu dəyişmək istəyənləri buxovlayan menTUALİTET - başdan ayağa məhvedici çirkab.Biz əslində mentalitetimizə doğurdan sahib çıxsaq belə olmaz deyirsiniz. Yalandır. Mövcudiyyətindən bəri bu çirkabın içindəsənsə, deməli səni geri dartan budur. Yəni sənin mentalitet deyə adlandırdığın şey. Ancaq dəyişilməlidir. Bilirsənmi nə? Sənin mentalitet deyəndə beynində assosiasiya olunanlar - yuxarıda sadaladıqlarım dəyişməlidir. Dünya nə düşünür onu düşün. Əks halda onlar kosmosda peyk döyüşdürəndə, sən isə burada meyxana deyə- deyə xoruz döyüşdürməkdən uzağa getməyəcəksən.
Rəşadət Axundov
8 mart - qadın hüquqları uğrunda mübarizə günü
1977-ci ildə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş qətnaməyə əsasən 8 Mart “Qadın Hüquqları uğrunda Mübarizə Günü” olaraq dünyanın əksər ölkələrində rəsmi bayram günü kimi geniş qeyd olunmağa başlandı. Azərbaycan xanımı da hər il martın 8-də “Bu gün bizim gününüzdür” devizi altında bəzi əlavə üstünlüklərdən istifadə edə bilir, hədiyyələr və çoxlu təbrik ismarıcları alırlar. Cəmiyyətimizdə bu günün qeyd olunma tərzində bəyənmədiyim ən başlıca məqam 8 Martın daha çox romantik bir gün olaraq təqdim edilməsi, bu günün sadəcə bir xanım kaprizi kimi dəyərləndirilməsidir. Əslində qadınların dünyanın müxtəlif ölkələrində öz pozulmuş hüquqlarının bərpası uğrunda apardıqları mübarizələrin nəticəsi olaraq qeyd olunan bir günün bəsit bir sabun operasının romantik əhval-ruhiyyəsi ilə qeyd olunmasıyla heç cür razılaşa bilmirəm.
Azərbaycan qadınının dilində bir deyim var: “Kaş kişi doğulaydım, bax ondaaa…” Mənə həmişə qəribə gələn bu “bax onda…” hissəsidir. Bioloji-fiziki fərqləri kənara qoysaq, qadın və kişi arasındakı kəskin fərqin nədən ibarət olduğunu tapmaqda çətinlik çəkirəm. Görəsən insan kişi doğularaq nə kimi üstünlük əldə edir? Məgər kişilər kişi olduqları üçün qadınlardan daha ağıllı, mənəvi cəhətdən daha güclü, gözəl, daha sağlam və enerjili olurlarmı? Məgər hansısa kişinin qazandığı uğur, əldə etdikləri onun şəxsiyyətini təsdiq edən sənədində “cinsi” bölməsinin qarşısında yazılan “kişi” sözüyləmi bağlıdır? Məqsədim eqoistcəsinə feminist mövqeyindən çıxış edərək heç də kişiləri aşağılamaq, onları qara fonda təsvir etməkdən ibarət deyil. Sadəcə xanımlarımızı özlərinin ətrafında yaratdıqları “zəif qadın” adlı kompleks dairəsindən xilas olmağa səsləməyə çalışıram.
Həmişə belə düşüncədə olmuşam ki, həyatda bacarıqsız insan yoxdur. Bütün insanlar istedadlı, bacarıqlı və enerjilidir. Sadəcə, bu fərqli bacarıq və enerjini tətbiq edə biləcəyimiz sahəni düzgün seçib, istəyə doğru inamla və iradəli şəkildə addımlamaq lazımdır. Yəni həyatı NƏ kimi yaşamalı sualının cavabını özümüz üçün şüuraltı şəkildə əslində uşaqlıqdan müəyyənləşdiririk. Bu zaman hansı cinsin nümayəndəsi olmağın heç bir əhəmiyyəti yoxdur. Çünki yazıçılıq, rəssamlıq, musiqiçi, mühəndis, iqtisadçı və s. istedadı inkişaf etdirib professional uğur qazanmaqla yanaşı, eyni zamanda cəmiyyətin maariflənməsinə, daha işıqlı bir nəslin yetişməsinə bu sahələr vasitəsilə öz töhfəni vermək üçün qadın və yaxud kişi olmaq əsla şərt deyildir.
Ən başlıcası ətrafımıza süni şəkildə çəkilmiş mentalitet, dini qadağa, abır-həya kimi dairəvi hasarı yıxmağa olan istəkdir. Yetər ki. Bu istək olsun.Yetər ki, öz gücünə inanasan. Bundan sonra addımlayacağın yol qarşına çıxa biləcək çətinliklər səni sadəcə hər dəfə daha güclü edəcək. Bu zaman nə qədər özünəməxsus, nə qədər gözəl və enerjili, nə qədər lazımlı və güclü olduğunu bir daha dərk edə bilərsən. Çünki daha çox savadlanmaq, daha çoxu görməyə, öyrənməyə can atmaq kimi keyfiyyətlər xanımlığa özəllik qazandırmaqla yanaşı, həm də cəmiyyətimizin inkişafı üçün bu gün ehtiyacında olduqlarımız sırasındadır. Yalnız savadlı, əminlik hissi güclü olan xanım bu sözün bütün mənalarında SAĞLAM ÖVLAD yetişdirə bilər. Düşüncəsini qara çadraya bürüyüb gizlədən, həmişə şərtsiz tabe olmaq və mütləq qorxu instinkti əslində hər bir insanın özü özünün ətrafinda yaratdığı mənfi bir çərçivədir. Mənsə, Azərbaycan xanımını belə çərçivələri qıran, düşüncələrdəki çadraları kənara atan, mütilikdən xilas olmaq üçün mübarizə aparan biri kimi görmək istəyirəm. Onu yeniliklərə doğru inamla addımlayan, özü qərar verməyi bacaran, düşdüyü çətin vəziyyətdən çıxış yolunu ağlamaqda deyil, düşünməkdə görən, öz hüquqlarını bilən, özünü və ətrafını dəyişməyi bacaran biri kimi görmək istəyirəm. İstəyirəm ki, yaşadığım cəmiyyətdə gənc qızlar banal arzulardan qurtulsun, onların istəkləri də, geyimləri də, seçimləri də bir birindən fərqlənsin, özünəməxsusluqlarından utanmasınlar, yetkinlik yaşına çatmamış ailə həyatı qurmağa can ataraq bunun həyatlarında yeni, daha maraqlı bir səhifə olacağı kimi dar çərçivəli fikirdən azad olsunlar. Bunun resepti isə istəyiniz, cəsarətiniz və iradənizdir, əziz xanımlar!
Fiziki və mənəvi sərhədləri aşmadıqca, dünya görüşümüzü, təhsilimizi gücləndirmədikcə, maneələrlə mübarizədən mümkün qədər yan qaçaraq haqsızlığa, zorakılığa tabe olduqca cəhalətin dumanı daha da qalınlaşaraq bir nəsildən o birinə ötürülən mütilik ruhunu gücləndirəcək. Haqsızlığa boyun əymək, qorxunun hökm sürdüyü bir cəmiyyət isə işıqlı qata çıxa bilmir, o həmişə qaranlıq qatda qalır. Belə cəmiyyətdə inkişaf ən yaxşı halda maddiyyatla ölçüyə gələ bilər. Bu üzdən də xanımlarımızın boynuna düşən məsuliyyət - cəmiyyəti istiqamətləndirmək vəzifəsi qaçılmazdır. Təbii ki, xoşbəxtliyə can atmaq, sevmək, ətrafdakılar tərəfindən sevilmək kimi doğal hüquqlarımız da var. Lakin yalnız mətbəxdə deyil, işlədiyimiz, təhsil aldığımız sahələrdə də yeniliklər etmək, təşəbbüskar olmaq, özünü ətrafını müdafiə etmək, dəyişmək və dəyişdirməyə çalışaraq aktivlik göstərmək, müstıqil düçünmək, fikir formalaşdırmaq və bu fikri ifadə etmək də hər birimizin hüququdur.
Bu hüquqlardan yetərincə istifadə edərək, hər bir cəmiyyətin inkişafı üçün azad və güclü qadın rolunu nə qədər böyük olduğunu əməllərinizlə göstərərək 8 Martın – “Beynəlxalq Qadınlar Günü”nün qürurunu yalnız romantikayla deyil, cəmiyyətdə tutduğunuz ləyaqətli mövqeyinizlə möhkəm və müstəqil dayanmaqla duymağınızı arzulayıram sizə, əziz həmcinslərim!
Gününüz mübarək OLsun!
Pərvanə Persiani
Bizim Məhəbbət Respublikamız
Fevralın 28-də OL! Azərbaycan Gənclər Hərəkatı 3 yaşı münasibətilə “Məhəbbət yoxsa Nifrət” adlı parti keçirdi. Partynin əsas şüarı “Siz nəyi seçəcəksiniz? Məhəbbət Respublikası yoxsa Nifrət Monarxiyası” idi.
Bizlər həmin gün Stop Clubda bu partini keçirməklə iki əsas ideyanı cəmiyyətin diqqətinə çatdırmağa çalışdıq: bunlar Respublika və Respublikaçılıq ideyasına sədaqət, məhəbbətin gücü və cəmiyyətin hər bir fərdinin sevgiyə ehtiyacı olduğu, hər bir probleminin həllində sevginin açar rolunu oynaya biləcəyini qabartmaq idi.
Biz həmin gün kiçik bir yerdə belə olsa özümüzün Məhəbbət Respublikamızı elan etdik. Məhəbbət Respublikasının Konstitusiyasını yazdıq və hər kəsi ideyamızın məğzi ilə tanış etdik:
Biz, Məhəbbət xalqı daha mükəmməl ittifaqın yaradılması, ədalətin bərqərar edilməsi, daxili tolerantlığın qorunması, birgə anlaşmanın təşkili, ümumi müdrikliyin səviyyəsinə yardım göstərilməsi, bizim və bizdən sonrakı nəsillərin azadlıq nemətləri ilə təmin edilməsi məqsədilə Məhəbbət Respublikasını təntənə ilə bəyan və təsis edirik.
Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün sevənlər bərabərhüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edibdir, onların sırasına sevmək, sevilmək, azadlıq, səadətə canatma hüququ da daxildir; belə hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına güvənən Sevgi höküməti qurur; odur ki, hər hansı Nifrət həmin hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzindəsə həmin prinsiplərə dayanan, yeni Məhəbbət quruluşu yaratmağa haqqı vardır.
Biz insanlara əsl məhəbbət, insanlar arasındakı hörmət və anlaşma, əsl azadlığa bir Məhəbbət Respublikasında çata biləcəyimiz mesajını verdik və onlara bu ideyaların gerçəkləşdirilməsi üçün stimul olacaq bir qığılcım verməyə çalışdıq.
Bu gün cəmiyyətimizdə də çatışmayan iki ünsür məhz bunlardır. Biz dövlət quruluşu olaraq rəsmən Respublikayıq. Ancaq addımbaşı bütün sferalarda respublika ideyasına, respublikaçılıq ənənələrinə zidd addımlar atıb, onun mahiyyətini dərk etmədən əhəmiyyətini heçə endiririk. Respublika quruluşunun dünyanın əksər inkişaf etmiş ölkələrində gətirdiyi xeyirləri görməzdən gəlirik və onun gətirdiyi azadlıq, bərabərlik, seçib-seçilmək hüququ, ümumi rifah kimi bütün bu müsbət təcrübələrdən bilərəkdən imtina edirik.
Biz isə respublikanın nə demək olduğunu, onun nemətlərini dərk edirik. Ona görə də çalışırıq ki, bütün cəmiyyət də bunu anlasın və ona toxunulmasına imkan verməsin və onu itirmək təhlükəsi ilə üz-üzə qaldığı anda Respublikanın yaşaması üçün var gücüylə çalışsın.
İkinci problem isə sevgi ilə bağlıdır. Bu gün cəmiyyətimizdə sanki bir sevgisizlik və aqressiya problemi var. İnsanların üzü gülmür, hər kəs insanlar arasında bir inamsızlıq və pessimizm müşahidə edir. Biz hesab edirik ki, belə mühitdə sevgi və inam olmadan bütün cəmiyyət məhv olmaq təhlükəsi ilə üz üzədir. Dünyanın ən şirin neməti sevgidir, o insanı nikbin olmağa, hər kəsə xeyirxah yanaşmağa, sabaha inamla baxmağa və daima içində gəzdirdiyi sevinci insanlarla paylaşmağa sövq edir. Əgər sevgi yoxdursa deməli nifrət qalibdir. Ona görə də biz məhz bu parti ilə respublika ideyası ilə yanaşı sevginin də parlaq sabahımız üçün əsas faktorlardan biri olduğunu göstərdik.
Əsl Sevginin olduğu Respublika - bu bizim yorulmadan uğrunda çalışdığımız, çatmaq istədiyimiz hədəfdir. İnaırıq ki, içində insanlığa sevgi hissləri dolu və respublika ideyasına sadiq biz gənclər bu hədəfimizə çox tezliklə nail olacağıq!
Rəşadət Axundov
Labels: movqe, parti, respublika
Ağlaşma kultu
Ağlamaq qadın üçün təsəlli, kişi üçün rüsvayçılıqdı. (Napoleon)
İnanmıram ki, dunyada elə bir insan tapılar ki, ağlamaqdan həzz alsın. Belə insan olsa da, bu yəgin ki, psixiki çatışmazlıqdan irəli gələr. Hər bir insan, həyatda qəmli, kədərli məqamların az olmasını istəyir. İnsanlar çalışırlar ki, sevinc dolu dəqiqələri sayını artırsınlar. Çünki, kədərli anlar insanı düşüncəsini zəbt edərək, normal düşünməyə, qərar verməyə, planlar qurmağa, nailiyyətlər əldə etməyə mane olur. Ağlayan insan elə ağlaya-ağlaya da yaşayacaq, amma, problemlərin sayına ciddiliyinə baxmayaraq gülümsəməyi bacaran insanlar həmişə inamlı gələcəyə uğurla addımlacaqlar.
Uşaqlığımdan hafizəmdə bir hadisə qalıb. Bir əzazil müəllimimiz var idi. Görünür cavanlığında əzildiyindən və təhqir ediləndə susduğundan yaşlı dövründə ürəyində yığılan bütün bu acı hissləri uşaqlara boşaldaraq sakitləşirdi. Sanki bu insanın işi öyrətmək deyildi. Əksinə şagirdlərin səhv etməsini gözləyirdi. Təbii ki, 6-cı sinif şagirdi kamil bir insan olmadığından hər hansı bir yanlışlığa yol verməsi normal hal idi. Lakin, bu normal hadisə müəllimin sayəsində bir tamaşaya çevrilirdi. Bütün sinfin önündə şagirdi ayağa qaldırır, müəllim masasından ayağa qalxmadan sakit tonda yavaş-yavaş “tənqid”ə başlayardı. Uzun və “tərbiyəvi” sözlərininin intonasiyası getdikcə daha ucadan eşidilirdi. Sonda isə ümümiyyətlə qışqırtıya çevrilirdi. Bu vəziyyət “tənqid” olunan şagirdi ağlamaq həddinə çıxardırdı... Çox az şagird belə təzyiqə dözə bilirdi. Amma bir şey dəqiq idi – sinifdə olan digər uşaqların heç biri “tənqid” olunanın yerində olmaq istməzdilər... İçi mən qarışıq.
Bir dəfə dərsdə qələmi itirdiyimdən yoxlama işini karandaşla yazmalı oldum. Bu həmin müəllimə “ləzzət” eləmədi və öz tərbiyə sessiyasını mənə dinlətmətə başladı. Heç bir ciddi səhv etmədiyimə əmin olduğumdan içimdən bir səs mənə müəllimin üzünə baxaraq gülümsəməyi dedi. Belə də etdim. Müəllim danışır, mən isə onun gözlərinə baxıb gülümsəyirdim. “Tərbiyəsiz. Buna bir bax! Mən buna bir Quran söz deyirəm, bu da mənim üzümə baxıb gülür. Çıx bayıra!” deyərək, müəllim əsəblərini gizlədə bilmədi. Çünki gözləmədiyi bir reaksiyanı gördü qarşısında. Bilmirəm mən sinif otağından çıxandan sonra nə baş verdi, amma, həmin gündən sonra bu fən zamanı otaqda hökm sürən gərginlik aradan qalxmışdı. Bircə gülümsəmə ilə...
Bu mənim üçün bir həyat dərsi oldu. Anladım ki, səni qorxutmaq, təhqir etmək, alçaltmaq istəyən şəxsin gözlərinə baxıb gülümsəmək qədər sadə və effektiv cavab yoxdur. “Axmağa verilə biləcək ən yaxşı cavab gülümsəməkdir” deyə bir məsəl var. Amma nədənsə bu məsələ çox az adam riayət edir.
Bu yazını məhz bu gün – Xocalıda baş verən hadisələrin 17-ci il dönümü yazmaq qərarına gəldim. Əksər insanlar “20 yanvar, 26 fevral tarixlərində necə gülümsəmək olar?” sualını verə bilərlər. İlk baxışa çox məntiqli sual kimi səslənir. Amma, bu suala mənim və həmfikirkərimin bir cavabını verəcəm.
Məgər 20 yanvar günü şəhid olan həmvətələrimiz bizim növbəti illər ərzində ağlamağımız üçün ölümə gedirdilər? Təbii ki yox! Onlar azadlıq şəhidləridir və buna görə də onlara xüsusi diqqət yetirilməlidir. Onlar öz övladlarının, bacı və qardaşlarının gələcəkdə gülümsəyərək yaşamaqları üçün ölümə gedirdilər. Bəs biz nə edirik? Hər il ağlayırıq. Balaca uşaqlar kimi ağlayırıq...
Eyni məsələ qismən də olsa 26 fevral tarixinə aiddir. Lakin burada vəziyyət daha mürəkkəbdir. Mən anlayıram ki, bu çox həssas məsələdir. Ona görə bu barədə bir fikir söyləmək istəməzdim. Hər halda yuxarıda yazılanlardan 26 fevral haqqında da bir nəticə çıxartmaq mümkündür.
Bizlər, faciələri çox kultlaşdırmışıq. Bu kultlaşdırma davam etsə, ağlaşma psixologiyası bizdən sonra gələn nəsillərə ötürürüləcək. Onlar isə bu ağlaşma düşüncəsilə öz növbəsində qələbələr haqda düşünmək belə bacarmayacaqlar.
Təxmin edirəm ki, bu mövzunu hələ çox uzatmaq olar. Lakin mən bu məqamda yazını bitirmək, bu mövzu haqqında növbəti yazılar üçün zəmin yaratmaq istəyirəm. Ümid edirəm ki, ökəmizdə olan ideoloji problemlər haqda düşünən gənclər bu mövzunun davamını edəcəklər...
Vüqar Salamlı
"Ulduz" OLmayan ulduzlar…
İllər keçdi, böyüdüm. Universitet illərim o qədər də maraqlı keçmədi. Çünki, tələbə yoldaşlarım maddi məsələlərdə az qala bir biri ilə yarışırdılar. Pul, maşın, telefon, qız… Ənənəvi söhbətlər 4 il davam etdi. Elə buna görədə qrupdakı 45 uşağın arasında cəmi 4 nəfər dostumla həmişə ayrı oturub durduq. Çünki bizi düşündürən məsələlərlə o birilərininki üst üstə düşmürdü. Üstəlik, həmsöhbət ola bildiyim çox az müəllim var idi. Beləcə, zorla 4 ili başa vurdum. Ardıyla iş həyatım başladı. Jurnalist kimi 4 qəzetdə çalışdım. Ardınca televiziya… Gənclər sektoru ilə tanış olmağın elə ciddi səbəblə bağlı deyil. Sadəcə gənc olduğum üçün gənclərlə işləməyin daha asan olacağına inanırdım. Nə də olmasa, özüm kimi düşünən, şablon yaşamaqdan ləzzət almayan, fərqli, amma mənalı yaşamağa çalışan gənclərlə tanış olacağıma ümidim böyük idi.
Düz 4 il gənclər təşkilatları ilə çalışdım. Qısa müddətdə çox dostlar qazandım. Qismətimizdə neçə səfərlər, neçə layihələr, hətta neçə mübahisələr yazılıbmış. Gənclər sektorunda çalışan bir çox təşkilat üçün əlimdən gələn köməyi etmişəm. İndidən sonra da edəcəyəm. Çünki, dəyişikliyin gənclərlə olacağına inanıram. Amma heç bir gənclər təşkilatına üzv olmaq barədə düşünməmişdim. Nədən? Çünki, istədiyim kimi bir quruluşa sahib təşkilat görməmişdim. Qalstuk taxmağı sevən, təqdimat mərasimlərində başda oturmağa çalışan, danışanda sanki uzun illər icra hakimiyyəti vəzifəsində çalışmış qocaman bir insan kimi danışan o qədər gənc görmüşdüm ki. Çoxsu ilə ciddi mənada salam-eleykümümüz var. Elə indi də münasibətimiz pis deyil. Amma mən tamam başqa şey istəyirdim… Boğzadan yuxarı olmayan, mənəm-mənəmlikdən uzaq, etdiyini gözə soxmayan və ən vacibi azad düşünən, ən azı azadlıqdan qorxmayan gənclik vardı xəyallarımda. Kim bilir, nə zamansa qarşıma çıxacaqdılarmı? Amma dərdini kimə deyəsən? Çünki belə düşünən tək sənsən çevrəndə. Heç olmasa bir neçə nəfər də olsa, cəsarətləriniz birləşər. Tək olduğun müddətcə cəsarətin içində yatır. Amma sən demə bu cəsarətin oyanacağı gün də varmış. Özün kimi düşünənlərlə qovuşmaq… Anlatmaq çox gözəldir o duyğuları.
Amerikada yaşayan Rauf adlı bir dostum var. Bolqarıstanda Amerika Universitetindən məzun olduqdan sonra bu ölkəyə gedərək orda işləyirdi. Azərbaycana gələndə ancaq onunla birgə olurduq. Çünki, düşüncələrimin qarşılığı Raufda var idi. Raufun vasitəsi ilə tanış olduğum bir neçə gənc dostum da ürəyimcə idi. Həmin dostlardan biri internetdə, yahoo qrupların birində elan görmüşdü. Gənclər bir araya gəlib demokratiya və insan azadlıqları haqda danışacaqdılar. Söhbət etməyə isə politoloq Rasim Musabəyov gəlməli idi. İndiyə qədər bu elan qədər diqqətimi çəkən olmamışdı. Dostlar təklif edəndə “gedək” dedim. İnidyə qədər qatıldığım tədbirlərin heç birində elə atmosfer görməmişdim. Hamının üzündən AZADLIQ yağırdı. Sanki, hər şey ilahi bir qüvvə tərəfindən proqramlaşdırılmışdı. Çünki, belə təsadüf ola bilməzdi: dostlar təklif edir və bir mühazirəyə qatılırsan, e-mail adresini kağıza yazırsan və hər dəfə sənə dəvət gəlir. İlk dəfə heç təşkilatın adı barədə də maraqlanmağa macalım olmamışdı. Növbəti mühazirəyə dəvət e-maili gələndə iri hərflərlə yazılmış OL! kəliməsi diqqətimi cəlb etdi. Anlaya bilməsəm də çox şirin gəlmişdi mənə. Ən azından fərqlilik var idi. Özü də mənalı fərqlilik. Bir neçə mühazirədən sonra özümdə itirdiyim enerjini tapmağa başladım. O qədər ümidsizliyə düşmüşdüm ki, hələ də özüm kimi düşünən dostlar tapdığıma inana bilmirdim. Burdakı uşaqlarda səmimilik, can yandıranlıq var idi. Heç kim şəxsi karyerası üçün gəlməmişdi. Qalstuk taxan isə ümumiyyətlə yox idi….
İndi aradan düz 2 il keçib. Nə qazanmışam? - deyə öz özümdən soruşuram. OL! Məni 2 aydan sonra üzvü kimi qəbul etdi. Bu 2 ildə daha çox özüm kimi olmuşam və məncə bu mənim ən böyük uğurumdur. Rola girməmişəm, riyakarlıq etməmişəm, yalan danışmamışam və yaşadığım cəmiyyəti dəyişməyin yeganə yolunun özümün dəyişməsində görmüşəm. Daha doğrusu hələ uşaqlıqdan düşündüyüm bu məsələni öz üzərimdə həyata keçirmək üçün böyük cəsarət tapmışam. Kiməm, nəçiyəm suallarına tapdığım cavabı daha da təkmilləşdirmişəm. Anlamışam ki, biz çətin bir imtahandayıq: Özümüzü və çevrəmizi pislikdən uzaqlaşdırıb, yaxşılığa doğru götürmək imtahanında. Həyat belə olanda həqiqətən ləzzət verir. Və ən əsası… DOSTLAR qazanmışam. Sevə biləcəyim, bir arada olmaqdan sıxılmadığım dostlar. Azad düşünən, tolerantlığı qanına işlədən, zorakılıqdan uzaq həyatın tərəfdarı olan, modern olmaqdan qorxmayan dostlar…
İstər əvvəl tanış olduğum, istərsədə OL!-a gəldikdən sonra tanış olduğum insanların hamısı dəyərlidir. Heç birini silib ata bilmərəm. Necə ki, azad səmada ulduzlar tolerantcasına bir birinə göz vurur, sayrışırlar. Həyat da belədir. İnsanların çevrəsindəyik. Amma unutmayaq ki, ulduzun ən böyük və işıqlı olanı diqqət cəlb edir. Bütün ‘ulduzları’’- bütün insanları sevirəm. Amma daha işıqlı olanlar bir başqadır. Heç kimin xətrinə dəyməsin….
Yusif Kərimli


