Showing posts with label AEmovqe. Show all posts
Showing posts with label AEmovqe. Show all posts

"Gənclər ombudsmana barışıq təklifi etməyiblər"

01.09.2009

"Emingil ombudsman Elmira Süleymanovaya barışıq təklifi etməyiblər". Bunu həbsdə olan gənc fəal Emin Millinin vəkili Elton Quliyev deyir. Sentyabrın 1-də hüquqlarını müdafiə etdiyi şəxslə görüşən vəkilin sözlərinə görə, Ombudsman Aparatının saytında gənclərin barış istəməklərilə bağlı yayılan məlumat təhrif olunub:

"Elmira Süleymanova gənclərlə görüşəndə onlardan soruşub ki, barış istəyirlərmi? Emingil isə deyiblər ki, onların həbsi ictimai fəaliyyətləriylə bağlıdır və gənc fəallar cəmiyyətdə barış tərəfdarıdırlar. Emingil deyib ki, əgər qarşı tərəf barış təklif eləyirsə, bu, şərtsiz olmalıdır və onların qarşısında öz əqidələrindən, yollarından dönmək tələbi qoyulmamalıdır".

Bu il iyunun 8-də gənc fəallar Emin Milli və Adnan Hacızadə "Livan" restoranında baş verən münaqişədən sonra həbs olunublar.

Gənclər Cinayət Məcəlləsinin xuliqanlıq və bədənə az ağır bədən xəsarəti yetirmə maddələrilə ittiham olunurlar. İrəli sürülən ittihamlar üzrə məhkəmə prosesi sentyabrın 4-ə təyin olunub.

http://www.azadliq.org/content/article/1812418.html

Gənc fəallar barışıq istəyir?

29.08.2009

Gənc fəallar Adnan Hacızadə ilə Emin Abdullayev (Milli) həbslərinin siyasi motivlərlə bağlılığını təkzib edir və məsələnin barış yoluyla çözülməsinin istəyirlər.

Avqustun 28-də Ombudsman Aparatının internet səhifəsində yayılan məlumatda qeyd olunur ki, gənclər bu fikirləri təcridxanada onlarla görüş zamanı müvəkkil Elmira Süleymanovaya deyiblər.

Məlumatda o da qeyd olunur ki, görüşdə gənclər baş vermiş hadisədə özlərini təqsirli bilmədiklərini, barələrində aparılan istintaqın qərəzli yekunlaşdırıldığını bildiriblər.

Adnan Hacızadənin vəkili İsaxan Aşurov isə deyir ki, gənclərin həbsinə nə ad verilməsindən asılı olmayaraq bunun arxasında qanuni motivlər dayanmır.

Qaldı ki, gənclərin məsələnin barışıq yoluyla həlli ilə bağlı fikir səsləndirməsinə, İsaxan Aşurov deyir ki, o, indiyə qədər müdafiə etdiyi şəxsdən belə bir fikir eşitməyib. Vəkil burda ziddiyyətli məqamların olduğunu düşünür.

«Bir tərəfdən, işin qərəzli aparılması fikri səslənir, digər tərəfdən də, barışıq təşəbbüsünə razılıq bildirilir. Bu ziddiyyətlərin aradan qaldırılması üçün mən gələn həftə onlarla görüşəcəyəm. Amma bu adamları döyüblər, sonra da həbs ediblər, barışıq nə cür olmalıdır, onu izah etmək lazımdır».

İsaxan Aşurovun fikrincə, əgər hesab olunsa ki, Adnan Hacızadə döyülən tərəfdir, onda Adnanın kimisə bağışlaması müzakirə mövzusu ola bilər.

İyunun 8-də gənc fəallar Emin Milli və Adnan Hacızadə «Livan» restoranında baş verən münaqişədən sonra həbs olunublar.

Gənclər Cinayət Məcəlləsinin xuliqanlıq və şəxsə az ağır bədən xəsarəti yetirmə maddələrilə ittiham olunurlar. İrəli sürülən ittihamlar üzrə məhkəmə prosesi sentyabrın 4-ə təyin olunub.

http://www.azadliq.org/content/article/1810316.html

Erkin Qədirlinin "Turan"a müsahibəsi

“Respublikaçı Alternativ” (REAL) vətəndaş birliyinin həmtəsisçisi, həbs edilmiş bloggerlər Emin Milli və Adnan Hacızadənin hüquqlarını müdafiə Komitəsinin koordinatoru Erkin Qədirli Turana verdiyi müsahibəni təqdim edirik.

- Bloggerlər Emin Milli və Adnan Hacızadənin həbsindən 3 həftə keçib. Bu, dünyada böyük rezonans doğurub və Azərbaycan hakimiyyətinin ünvanına kəskin beynəlxalq tənqidə səbəb olub. Hadisələrin inkişafının müsbət nəticəsinə və gənclərin cinayət təqibinə son qoyulacağına ümid etmək olarmı?

- Hansısa nəticədən danışmaq çox çətindir, biz yalnız müsbət nəticələrə ümid edirik. Tam informasiyaya malik olmaq və hakimiyyətdə nə baş verdiyini, bunu kimin hazırladığını və bunun kimə lazım olduğunu, niyə belə kobud və tələsik qərarlar qəbul edildiyini anlamaq lazımdır. Biz bütün bunları bilmirik, buna görə bizim etdiklərimizin və dediklərimizin əksəriyyəti ehtimallara əsaslanır, amma bu, bizim obyektivliyimizə və ədalətliliyimizə təsir etmir.

Adnan və Emin özləri qanunun onları müdafiə edəcəyi ümidilə polisə müraciət ediblər. Bir neçə saat ərzində onları zərərçəkmişdən şübhəli şəxsə çeviriblər, tibbi yardım göstərmədən 48 saat saxlayıblar, iki gün sonra qapalı məhkəmə iclası keçirilib, məhkəmə az qala axşam saat 10-da iki aylıq həbs qərarı çıxarıb. Tamamilə aydındır ki, uşaqları onsuz da həbs edəcəkdilər, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin işində olduğu kimi.

- Bloggerlərin həbsinin arxasında nə durur? Bu fərqli düşüncəyə görə “qisasdır”, ya digərlərinə İnternetdə “inqilabçılığa” aludə olmamaları üçün “dərsdir”?

- Bu, adi qisas deyil. Çox maraqlı proses baş verir ki, bu, cəmiyyətdə hələ bir o qədər də hiss edilmir, çünki əsasən İnternet şəbəkəsində gedir. Müasir dünya belədir ki, öz siyasi əqidəni formalaşdırmaq üçün heç də meydanlarda mitinqlər, manifestasiyalar, qurultaylar keçirmək mütləq deyil. Aydındır ki, ideyalar hər yerə nüfuz edə bilir, onları dayandırmaq, qadağan etmək mümkün deyil və alternativ informasiya axtaran insanlar şəbəkədə birləşirlər. Bizim televiziyamızın və çap KİV-lərinin faydalı informasiya və balanslı təhlil yaymadığını nəzərə alaraq, istənilən informasiya İnternetdən götürülür. Xüsusən, xarici dilləri bilənlər üçün tək You Toube kifayətdir ki, bütün dünya verilişlərini izləmək mümkün olsun. Və son 5-6 il ərzində bu proseslər keyfiyyətcə yeni səviyyəyə çıxıb. Belə ki, gənclər virtual dünyadan real aləmə keçirlər, yəni regionları gəzirlər, həmyaşıdları ilə görüşürlər. Leksiyalar, seminarlar və digər tədbirlər zamanı onlar bir-biriləri ilə tanış olur, əlaqələr qurur və birləşirlər.

Uzun müddət buna qeyri-ciddi yanaşıblar, məlum olub ki, bu «şıltaqlıq» vasitəsilə insanlar bir-birində etimad qazanır, siyasi fikirlərini bölüşürlər. Adnan Hacızadə də, Emin Milli də həm şəbəkədə, həm də cəmiyyətdə öz fikirlərini kifayət qədər açıq bildirirdilər. Elə bu yaxınlarda keçirilən referenduma münasibəti götürək. Bu, Azərbaycan vətəndaşlarının BMT-nin mənzil- qərargahı qarşısında qeyri-legitim referenduma qarşı ilk etiraz aksiyası idi. Bu aksiyada, yeri gəlmişkən, Emil Milli fəal iştirak edib. Sonra sosial, tənqidi videoroliklər, məqalələr getdi və s. İndi onlar həbs edildikdən sonra Parisdə, Strasburqda dəstək aksiyaları keçirilib. Başqa ölkələrdəki gənclər artıq başa düşürlər ki, azərbaycanlı olmaq təkcə onun təbiətini, musiqisini sevmək deyil, həm də siyasi vəziyyətin sağlamlaşması üçün nə isə etməyə çalışmaqdır.

Bizim hakimiyyətimizdə isə elementar vaxt duyğusu yoxdur, o, zamanın içində itib-batıb və müasir templərdən xeyli geriyə qalıb. O güman edir ki, ölkə daxilində sakitlikdirsə, insanlar öz baxışlarını açıq-aşkar ifadə edə bilmirlərsə, deməli vəziyyət nəzarət altındadır. Gənclərin məsələsində olduğu kimi: onları cəzalandırdılar və ölkə daxilində xüsusi reaksiya olmadı, əvəzində bu, necə beynəlxalq rezonans doğurdu. Bu gün informasiya texnologiyaları harada və kim olursan ol və hakimiyyətin dəyər verdiklərinə – pula, fiziki qüvvəyə, əhalinin dəstəyinə malik olmadan proseslərə təsir etməyə imkan verir.

Şəbəkə münasibətəri ona görə cəzbedicidir ki, orada lider, rəhbər yoxdur, hamının bərabər şansları var. Əgər başqalarının fikir bildirməsinə imkan versən, sən də fikrini bildirə bilirsən və əlaqə yaranır. Emin və Adnan saxlanılan gecə Səbail rayon polis idarəsinin qarşısında toplaşan gəncləri dağıtmaq istəyirdilər. Biz polislərə sadəcə gənclərin dostları olduğunu izah etməyə başlayanda, onlardan biri maraqlı ifadə işlətdir: “Ola bilməz, mən 30 ildir Bakıda yaşayıram, mənim bu qədər dostum yoxdur”.

Mətbuatda gənclərlə bağlı bütün çirkin fikirlər bir daha sübut edir ki, bir çox insanlar sadəcə başa düşə bilmirlər ki, gənclər hər-hansı təşkilati formatsız necə birləşirlər.

- Hakimiyyətin bundan sonra hücuma keçərək, İnternetdə məhdudlaşdırıcı tədbirlər üçün hüquqi əsaslar tətbiq etməsi mümkündür?

- Şəbəkə münasibətlərini eyniləşdirmək, onların qadağan etmək mümkün deyil. İnternetdə məhdudlaşdırma hakimiyyətin özünə qarşı zərbə olar, onlar özləri şəbəkədən istifadə etmək məcburiyyətindədirlər. Texniki cəhətdən, əlbəttə ki, bu, mümkündür, amma ikinci Şimali Koreya və ya hansısa digər təcrid olunmuş ölkə yaranacaq. Hələlik gənclər şəbəkələrinin siyasi çəkisindən danışmaq çətindir, amma proses artıq gedir və o, qarşısıalınmazdır. Hakimiyyətdə, sözsüz, ağıllı insanlar var, amma belə qərarları qəbul edənlər, aydındır ki, uzaqgörən insanlar deyil, onlar başqa vaxt ölçüləri ilə yaşayırlar. Onlar özləri üçün dünya fikirləşiblər, onu “sabitlik” adlandırıblar və hesab edirlər ki, vəziyyətə nəzarət edirlər.

- Azərbaycanda demokratiya uğrunda mübarizənin gələcəyini necə görürsünüz? Hakimiyyət repressiya yolu ilə ölkənin siyasi meydanını fərqli düşüncədən tamamilə “təmizləyə” biləcək?

- İstənilən fərqli düşüncə totalitar sistemi qorxudur, amma repressiya yalnız fərqli düşüncəni gücləndirir. Bu halda, əgər hakimiyyət fərqli düşüncə prosesini sürətləndirməkdə maraqlıdırsa, qoy təzyiqi davam etdirsin. Son vaxtlar cəmiyyətdə nəsillər arasında fərq yaranıb və bioloji yaşın burada heç bir rolu yoxdur. Fərq düşüncə sürətinin səviyyəsində, onun formatında və istiqamətindədir. Gənclər ölkələrində oturub, baş verənlər haqda xarici mənbələrdən xəbər alırlar, onlar operativlik, obyektivlik, anlaşılan dil nöqteyi-nəzərdən xarici KİV-lərə etibar edirlər. Hakimiyyət isə hesab edir ki, məsələn, dini ədəbiyyatın ölkəyə gətirilməsini qadağan etməklə, 2-3 fəal insanı həbs etməklə, QHT-lərin fəaliyyətini qadağan etməklə və s. hakimiyyətin problemləri həll ediləcək.

Hazırki düşünən gənclər sadəcə hakimiyyəti saymamağı üstün tutur, elə yaşlı nəsil özü də. Demokratiya uğrunda real mübarizə, əgər “mübarizə” sözü yerinə düşürsə, gənclərin arasında baş verir. Burada bir neçə qrup var: dini qruplar, solçular, liberallar və s. Və onlar bir-biriləri ilə mübahisə etməyi və rəqibi ilə razı olmadıqda onun fikrinə hörmət etməyi öyrənirlər. Onlar, hakimiyyətin təsəvvür etdiyi kimi, hazırki hakimiyyətə qarşı mübarizə aparmağı qarşılarına məqsəd qoymurlar.

Bu hakimiyyət istənilən halda gedəcək: həm nəsil, həm də sistem olaraq. Sistem artıq göstərib ki, əvvəllər olduğu kimi idarə edə bilmir, hələlik o, əhalinin fikrindən asılı deyil, belə ki, neft resursları var, amma bunun da nə vaxtsa sonu gələcək.

- Yəni, Azərbaycan cəmiyyətində ölkənin avtoritarizmə doğru yuvarlanmasının qarşısını almaq üçün potensial var?

- Düşünürəm ki, yuvarlanma hələ bir müddət davam edəcək. Amma sistemin özünün daxili məntiqi var. Onda prosesləri kimin idarə etdiyi mühüm deyil, sistem özü repressiyalara, qurbanlara proqramlaşdırılıb, çünki başqa cür özünü təsdiq edə bilməz. Yeganə məqsəd hakimiyyəti saxlamaqdır. Vaxt var idi, hakimiyyətin bu gənclərlə heç bir işi yox idi, başqa vəzifələr var idi: əvvəlcə onlar rəsmi müxalifətlə hesablaşdılar, sonra KİV, həmkarlar ittifaqları, QHT-lərlə və s. Gənclərin həbsi son addım deyil, hələ yenə həbslər və qorxutmalar olacaq. Bu sistem islah olunan deyil, radikal dəyişikliklər lazımdır və yaxşıdır ki, hakimiyyətdə bunu kimsə başa düşür və hansısa tədbirlər görür. İstənilən halda, repressiyaların davam edəcəyini dərk etmək azad düşünmək istəyənləri həvəsdən salmamalıdır. Uzaq gələcəyi görmək lazımdır. Ciddi, düşünən gənclər kimi potensial isə var. Və onlar özləri hakimiyyətə doğru can atmırlar, onlar sadəcə özlərini axtarırlar. Bu axtarış onları bərabər imkanlardan imtina etmiş cəmiyyətdə özünü tapmağın mümkün olmadığını dərk etməyə gətirib çıxarıb.

- İctimai Komitə gənc bloggerləri müdafiə üçün hansı addımları atmaq niyyətindədir?

- Şişirtmədən deyim ki, beynəlxalq reaksiya Emin və Adnanın həm buradakı, həm də xaricdəki dostlarının səyidir. Mən bütün hadisələrin real iştirakçısı kimi həqiqətən bu gənclərlə fəxr edirəm. Biz Emin Milli və Adnan Hacızadənin azad edilməsi üçün əlimizdən gələni etmişik və edəcəyik.

http://news.qaynar.info/29322.html

Qarşıdurma məntiqi

Qorxmaz Əsgərov (Vaşinqton)

Azərbaycan hökuməti yenə də beynəlxalq birliklə qarşı-qarşıya durub. Gənc fəallar Adnan Hacızadə və Emin Millinin həbsi qeyri-hökumət təşkilatları haqqında qanuna təklif olunan dəyişikliklər zamanı müşahidə olunan beynəlxalq etirazları daha böyük miqyasda təkrarlayıb.

İndiyə qədər artıq Avropa Şurası, Avropa Birliyi və ATƏT bu həbsə öz qəti etirazlarını bildiriblər. BMT-nin İnsan Haqları Komitəsi eyni addımı atmağa hazırlaşır. ABŞ və Böyük Britaniya rəsmiləri Azərbaycan hökumətinə öz narahatlıqlarını çatdırıblar. Avropa Birliyi dövlətlərinin bir neçəsinin nümayəndələri məsələyə kəskin reaksiya veriblər. Almaniya rəsmilərindən olan Günter Nuke «Azərbaycanda tiraniya var» bəyanatı belə verib. Amnesty İnternational, Freedom House, Human Rights Watch və onlarla digər təşkilat bu məsələdə Azərbaycan hökumətini pisləyən bəyanatlarla çıxış edib. Adnan Hacızadənin təhsil aldığı Riçmond Universitetinin 17 professor-müəllim heyəti bəyanatla çıxış edib.

Azərbaycan hökuməti də təbii ki, reaksiya verib. Daxili İşlər Nazirliyi və Prokurorluq birgə bəyanatla çıxış edərək Azərbaycandakı diplomatik korpusu ölkənin daxili işlərinə qarışmaqda ittiham edib və bildirib ki, həbs olunan gənclərin işi adi xuliqanlıq məsələsidir, amma... Bu «xırda» işə görə məhkəmələr qapalı keçirilir və məhkəmə də iki aylıq həbs qətimkan tədbirini ciddi cəhdlə qüvvədə saxlayır, sanki iri bir kriminal şəbəkə aşkar olunub və gənclər məhkəməyə qədər azadlıqda olsalar, qaçıb gizlənə, yaxud digər cinayət işləri görə bilərlər. «Adi xuliqanlıq işinə» görə Azərbaycan hökumətinin bu cür təhlükəsizlik tədbirləri görməsinin özü məntiqə zidd gedir və düşüncə qabiliyyəti olanları belə fikrə sövq edir ki, söhbət «adi xuliqanlıqdan» getmir. Zatən, beynəlxalq birliyin də kəskin reaksiyasının səbəbi budur.

DİLEMMA

Nə baş verir? Belə görünür ki, Azərbaycanda gənclərin yeni bir hərəkat dalğası ilə dirçəlişindən qorxan Azərbaycan hökuməti 2010-cu ilin parlament seçkilərindən öncə preventiv həbslərlə ictimai müqavimət cücərtilərini ibrətamiz bir tərzdə əzməyə cəhd edib və tanış metodlardan istifadə edib – şərləyib tutdurmaq (zatən, beynəlxalq təşkilatların etirazlarında və beynəlxalq mətbuatda gənclərin yalançı ittihamlarla həbsi kifayət qədər aydın şəkildə qeyd olunub). O da görünür ki, Azərbaycan hökuməti beynəlxalq reaksiyanın belə kəskin olacağını gözləmirdi. Bu çaşqınlıq Azərbaycan hökumətinin verdiyi reaksiyada da özünü göstərir. «Ölkənin daxili işlərinə qarışmaq» ittihamı ilə diplomatik korpusa etiraz notasını Xarici İşlər Nazirliyi əvəzinə hüquq mühafizə orqanları verir. Sanki hökumət koridorlarında, hansısa məmur o birinə deyir ki, «bu iş mənlik olmayıb, özünüz eləmisiniz, özünüz də bəyanat verin».

İndi Azərbaycan hökuməti dilemma qarşısındadır. Ya beynəlxalq birliklə qarşıdurmanı bir az da gücləndirərək gənclərin həbsini əsaslandırmalıdır, ya da güzəştə gedərək öz səhvini etiraf etməlidir. Belə görünür ki, Azərbaycan hökuməti güzəştə getməkdən xeyli qorxur. Səbəbləri görmək elə də çətin deyil. İndi həbsdə olan gəncləri buraxsa, Azərbaycan hökuməti beynəlxalq birlik qarşısında avtoritar olduğunu etiraf edib sifətini itirməkdən ehtiyat edir və güman edir ki, bu addımı ilə Azərbaycan gəncliyi daxilində cücərməkdə olan etiraz hərəkatını da müəyyən qədər gücləndirmiş olar. Bu səbəbdən apellyasiya instansiyaları gənclərin həbs qətimkan tədbirini qüvvədə saxlayır və onların şikayətlərini rədd edir və qızıl-qırmızı beynəlxalq birliyin üzünə durmaqda davam edir.

Lakin beynəlxalq birliyin və Azərbaycan hökumətinə bu məsələdə etirazlarını bildirmiş Qərb dövlətləri nümayəndələrinin də eyni durumda olduğunu nəzərə almaq lazımdır. Bu qədər etirazlardan sonra beynəlxalq birlik nümayəndələrinin Azərbaycan polisinin və məhkəməsinin gəncləri dama basmasını udmaları həmin təşkilatların və həmin dövlətlərin beynəlxalq imicini ciddi zərbə altına qoyur. Onsuz da, zaman-zaman neft-qaz məsələlərinə görə Qərb ölkələrinin Azərbaycan siyasəti elə Qərb mətbuatının özündə ciddi tənqid atəşinə tutulur. Belə olan şəraitdə Qərb təşkilatlarının və Qərb dövlətlərinin Adnan və Eminin həbsini «adi xuliqanlıq işi» sayaraq Azərbaycan hökuməti ilə razılaşmaları qeyri-mümkündür.

SOYUQ MÜHARİBƏNİN HAVASI

Azərbaycanın indiki hakim elitası keçmiş sovet məmurlarının düşüncə tərzini əks etdirir. İndiki qarşıdurma da Soyuq müharibə erasının Sovet-Amerika qarşıdurmalarını xatırladır. Amma ortada ciddi bir fərq var – dövlətimizin ölçüləri. Həm SSRİ, həm indiki Rusiya, həm Çin, lap elə İran iri dövlətlərdir və Qərblə insan haqları məsələsində ciddi qarşıdurmaya davam gətirə bilirlər. Azərbaycan isə ağ və qaranın aşkar göründüyü məsələlərdə Qərblə qarşıdurmaya girdikdə Qərbi dəvət etmiş olur ki, ona qarşı açıq sanksiyalar tətbiq olunsun. Bir növ Türkmənistan, yaxud Belarusun vəziyyətinə düşmüş oluruq.

ƏSAS TƏHLÜKƏ

Bu cür rejimlərdə hakimiyyətin legitimliyi asanlıqla sual altına qoyulur və ölkədəki siyasi sabitlik çox şərti xarakter daşımağa başlayır. Yaranan şəraitdə istənilən hakimiyyət dəyişikliyi imkanı zamanı (qanuni, yaxud qeyri-qanuni) hökumətin legitimlik arqumenti ilə beynəlxalq birlikdən dəstək qazanmaq imkanı çox məhdud olur. Nə qədər qəribə də görünsə, qeyd olunan ssenaridə indiki hakimiyyətə əsas təhlükə tutub damladığı gənc fəallardan, yaxud demokratik siyasi qüvvələrdən gəlmir. Əsas təhlükə mənbəyi bu rejimin öz qoynunda bəslədiyi və indi şişərək heç kimi saya almayan məmur-oliqarxlardır. Keçmiş prezident Heydər Əliyev bu məsələni o qədər ciddi hesab edirdi ki, insan haqları məsələsində Qərblə heç vaxt pərdəni aradan qaldırmırdı. Həm 1994-cü, həm də 1995-ci illərdə yaranan çevriliş təhlükəsi vaxtı beynəlxalq aləmdə Azərbaycan hökumətinin legitimliyi birmənalı olaraq qəbul edilirdi və bu məsələ Əliyevə öz hakimiyyətini qorumağa ciddi yardım edirdi. İndi isə Azərbaycan hökuməti maskasız zorakılıqla beynəlxalq səhnədəki legitimliyinə zərbə dalınca zərbə vurur.

Hələ gec deyil. Ali Məhkəmə hələ ki, işə qarışmayıb. Kifayət qədər ciddi hüquqi resurs kimi çıxış edə biləcək bu qurum ən azı məhkəməyə qədər gənclərin tutqulanmasını aradan qaldıran qərarla özündən aşağı instansiyaların hökmlərini ləğv edə bilər. Əsas məhkəmə vaxtı isə «nə şiş yansın, nə kabab» prinsipi ilə gəncləri öz evlərinə buraxmaqla Azərbaycan bütöv bir dünya ilə qarşıdurmaya getmək yolundan geri qayıda bilər.

http://www.azadliq.org/content/article/1784338.html

Emin, Adnan və xaricdə təhsil almış gənclər barədə

Dünən Bakı Apellyasiya məhkəməsi Emin Milli və Adnan Hacızadənin birinci instansiyanın qərarından verdikləri şikayəti təmin etməyib. Məhkəmə prosesi qapalı keçib. Onları müdafiə edən vəkillər məhkəmə tərkibinə etiraz etsələr də, bu vəsatət təmin edilməyib. Adnan Hacızadə və Emin Milli xuliqanlıqda təqsirləndiriliblər və barələrində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Prosesin qapalı keçirilməsi iki şeyə işarə edir: birincisi, gənclərin aldığı xəsarətlər hələ tam sağalmadığından onları ictimaiyətə göstərmək məqsədəuyğun deyil. Digər tərəfdən isə bu qədər gülünc görünən ittihamı əsaslandırmaqla məhkəmə özünü daha artıq rüsvay etmək istəməyib.

Əslində bu yazı ilə bir neçə şeyə münasibət bildirmək istəyirdim. Heç kimi ittiham etmək fikrim yoxdu, sadəcə bir iki faktı diqqətinizə çatdırmaq istəyirəm və bundan hərə özünə nəticə çıxartsın.

"Lebanese" restoranında video müşahidə var. Bunu şəxsən görməsəydim bura yazmazdım. Yəqin belə bir ittiham açılandan sonra həmin videogörüntülər istintaq tərəfindən götürülüb. Çox güman ki, həmin videoyazı bir çox şübhələrə aydınlıq gətirər.

Bu yaxınlarda qəzetlərdən birində hadisə şahidlərindən birinin fikirlərini oxudum. Həmin adam iddia edirdi ki, "Lebanese" restoranında adam şox olduğundan onlar əvvəlcə stol sifariş etmişdilər. Həmin hadisə baş verməzdən iki gün öncə, mən bir nəfər dostua həmin restorana getdik. Lakin içəridə adam olmadığından, biz oradan çıxıb yaxınlıqda olan başqa bir yerdə yemək yedik. Həmin şahid fikirlərində onu da bildirir ki, onlar restoranda olarkən orada başqa adam (hadisə iştirakçılarından savayı) olmayıb. Şahid ona sürülən gəncləri ora məqsədli çağırmaq barədə olan şifahi ittihamları da rədd edir.

Emin və Adnan bu gün sayı on mindən çox olan qərbdə təhsil almış parlaq Azərbaycan gəncliyinin təmsilçiləridir. Onların ictimai fəallığını isə nəinki biz gənclər, elə hökumət özü də çox gözəl bilir. Mətbuatda dövlət rəsmilərinin onların haqqında heç vaxt oxumadığını oxuyanda növbəti bir yalan ortaya çıxır. İki il öncə Avropada təhsil alan Azərbaycanlı tələbələr, köhnə qitənin müxtəlif paytaxtlarında forumlar keçirəndə, həmin tədbirlərdə nazrilərdən tutmuş digər aşağı ranqlı məmurlara kimi çox adam iştirak edirdi. Emin Milli isə həmin forumların əsas təşkilatşılarından biri idi. Bunun üçün AZTV-nin arxivlərinə baxmaq kifayət edər.

İndiki müxalifətin özündə, Emin və Adnan kimi gənclərə qarşı qısqanclıq var. Belə olmasaydı, gənclərin ABŞ-ın dəstəyi ilə Azərbaycanda dövlət çevrilişinə hazırlaşdıqlarını iddia edən yazılar olmazdı. Bunun səbəbi, həmin gənclərin ənənəvi müxalifətlə eyni baxışlara malik olmamasıdır. Bu isə siyasi arenada köhnələr üçün yeni rəqiblərin yaranması deməkdir. Əslində həbs edilən gənclər siyasi deyil ictimai fəaliyyətlə məşğul olurdular. Xüsusilə də, ictimaiyyəti maarifləndirmək kimi bir rol oynayırdılar.

Gənclərə qarşı edilən provokasiyaya gəlincə, onun hakimiyyətin lap yuxarı eşelonundan gəldiyini tam qətiyyətlə demək olmaz. Hədəfin qərbtəhsilli gənlər olduğu tam aydındır. Məqsəd daha fəal olanları qorxutmaqdır. Əgər yalançı ittiham əsasında Emin və Adnan həbs olunacaqsa, o zaman digərlərini susdurmaq və çəkindirmək müəyyən qədər mümkün olacaq. Lakin hökumət bu addımı atarsa, əslində özü itirmiş tərəf olacaq. Hakimiyyət belə gənclərdən qorxmaqdansa, onlarla işləsə daha yaxşı olar.

Sirr deyil ki, bu gün xaricdə təhsil alıb, yeni düşüncə ilə ölkəyə qayıdan və mühüm vəzifələrdə çalışan gənclər var. Digər tərəfdən Azərbaycanın yeni burjuaziyasının (hazırkı məmur və varlıların övladları) əksəriyyəti qərbdə təhsil alır və onların ölkədəki proseslərə və vəziyyətə münasibəti valideynlərinin yanaşmasından fərqlidir. Bundan əlavə, dövlət 2015-ci ilə kimi 5000 tələbəni xaricdə təhsil almaq üçün göndərmək barədə proqram qəbul edib və hal-hazırda bu proses gedir. Bu gün Avropa və Amerikada təhsil almış və Azərbaycanda özünə perspektiv görmədiyindən ölkəyə qayıtmayan 5000 nəfərə yaxın gənc var. Yaxşı olardı ki, hökumət həm də bu kadr potensialından istifadə etsin və onu tmamamilə itirməsin.

Ehtiyatlı olun!

Kamil Piriyev

Qeyd: Məqalə Facebook-da yayılıb.

İstintaqa kim müdaxilə edir?

Azərbaycanda gənc fəallar Adnan HacızadəninEmin Millinin (Abdullayevin) xuliqanlıq ittihamı ilə əlaqədar barələrində həbs qətimkan tədbirinin seçilməsi cəmiyyətdə müəyyən rezonansa səbəb oldu. Bununla bağlı bir sıra təşkilatlar, beynəlxalq qurumlar və səfirliklər bəyanatlar qəbul etmiş və etməkdədir. Obyektiv istintaq aparılması çağırışları ilə yanaşı gənclərin həbsinə açıq etiraz edənlər də var. Bu açıqlamalarla bağlı Azərbaycan Respublikasının Daxili işlər nazirliyi və Baş prokurorluğu (BP) birgə bəyanat vermişdir. Kütləvi informasiya vasitələrində yayımlanan bu bəyanatda baş vermiş olaya və faktlara konkret qiymət verilmiş, həbs olunan gənclərin birmənalı təqsirli olması elan edilmişdir. Bununla yanaşı DİN və BP istintaqın işinə müdaxilə etməmək və təsir göstərməmək çağırışlarında bulunmuşdur.

Sözügedən bəyanatla bağlı sual meydana çıxır: istantaqın işinə kim müdaxilə edir?

Bəyanatın məzmunu göstərir ki, istantaqın işinə müdaxilə edən faktiki Daxili işlər nazirliyi və Baş prokurorluqdur. Çünki, inzibati cəhətdən DİN strukturuna daxil olan istintaq orqanlarının prosessual müstəqilliyi aşkar pozulmuşdur. Bəyanatda istintaqın hansı istiqamətdə aparılması haqqında istintaq orqanına və müstəntiqlərə konkret göstərişlər verilməsi açıq-aydın görülməkdədir. İstintaq orqanının inzibati baxımdan DİN-in strukturuna daxil olması və bundan irəli gələn faktiki tabeçilik vəziyyəti istintaq orqanının (müstəntiqlərin) bəyanatdan asılı olmayan və “fərqli həqiqət” üzə çıxartmasına imkan vermir. Belə olan halda isə obyektiv istintaqdan söhbət gedə bilməz.

Deyilənlərlə bağlı cinayət-prosessual qanunvericiliyinin bəzi normalarını xatırlatmaq yerinə düşərdi. Birincisi, Cinayət prosessual məcəlləsinin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasına görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Bu mühüm prinsipə zidd olaraq DİN və BP-un bəyanatında göstərilən mövqe bir sıra KİV-də sübut olunmuş kimi qələmə verilir. İkincisi, Cinayət-prosessual məcəlləsinin 139-cu maddəsində sübut edilməli hallar göstərilmişdir. Bu hallar sırasında cinayət qanunu ilə nəzərdə tutlmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutlmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar göstərilir. Lakin istintaqın lap başlanğıcında DİN və BP-un bəyanatında bütün bunlara dair rəy bildirilmişdir – hadisədə cinayət əlamətinin olması, gənclərin təqsirli olması və bu əməli sərxoş vəziyyətdə törətmələri. Üçüncüsü, cinayət prosessual məcəlləsinə görə müstəntiq istintaqı ibtidai araşdırmaya rəhbərlik edən prokurorun göstərişlərinə və daxılı inamına əsaslanaraq aparır. Zəruri hallarda müstəntiq ibtidai araşdırmaya rəhbərlik edən prokurorun göstərişlərindən yuxarı prokurora şikayət edə bilər. Lakin gördüyümüz kimi bu bəyanatı imzalamaqla yuxarı prokuror öz rəyini artıq vermişdir. Dördüncüsü, İstintaq orqanının DİN strukturuna daxil edilməsi DİN rəhbərliyinin məcburi göstərişlər vermək hüququ olması kimi başa düşülməməlidir. İstintaq orqanının prosessual müstəqilliyi təmin edilməlidir.

Deyilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, istintaqın işinə müdaxilə və təzyiq edən elə Daxili işlər nazirliyi və Baş prokurorluğun özüdür.

Başqa bir sual da qətimkan tədbirinin seçilməsi ilə bağlıdır. Dəfələrlə deyilib – nədən istintaq orqanları mütləq həbs qətimkan tədbirini seçirlər? Cinayət-prosessual məcəlləsində həbsdən başqa digər qətimkan təbirləri də nəzərdə tutulmuşdur – ev dustaqlığı, girov, başqa yerə getməmək barədə iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi və s. Qətimkan tədbirinin seçilməsi zamanı təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin birinci dəfə törədilməsi, daimi yaşayış yerinin olub-olmaması və s. kimi amillər nəzərə alınır. Bəs nədən daha çox həbs qətimkan tədbiri seçilir? Belə qanaətə gəlmək olar ki, bunun səbəbi ondadır ki, 1) istintaq daha çox ittihamedici yöndə aparılır, 2) sözügedən bəyanatların verilməsi ilə istintaq və məhkəmə orqanlarına güclü təsirlər edilir. Belə olan halda müstəqil və obyektiv istintaqın aparılması əsaslı olaraq şübhə altına alına bilər.

Qeyd etmək lazımdır ki, bu problemlər yalnız konkret bu işlə bağlı deyil, ümumiyyətlə Azərbaycanda cinayət prosesinə aiddir. Sadəcə ictimai rezonans yaradan işlərdə üzə çıxır. Bunların aradan qaldırılması üçün bir sıra hüquqi və təşkilati tədbirlərin həyata keçirilməsi labüddür.

Söylənənlər bu olayla bağlı ilk təəsuratlardır. Bilərəkdən işin faktiki hallarına toxunmuruq və yalnız bir neçə hüquqi məsələlərə toxunduq. Ümid edirik ki, bunlara baxmayaraq istintaq müstəqil və obyektiv aparılacaq və sonda ədalət bərqərar olacaq. Amin!

http://www.legal.az/content/view/10239/1

Mübarizə və məzhəkə arasında seçim

Sadiqə Mehdizadə

Öncəliklə bildirmək istəyirəm ki, bu yazımın motivi kiməsə şəxsi dəstək vermək deyil. Sadəcə vətəndaş, gənc olaraq son hadisələrə münasibət bildirməyin çox vacib olduğunu düşünürəm. Bir neçə gündür, gəncliyimizin qeyri-biganə hissəsi narahatlıq içindədir. Emin Milli və Adnan Hacızadə qrup şəklində və təkrar xuliqanlıq törətmə cinayətində ittiham olunaraq, həbs edilmişdir.

Rəsmilər yumuşaq desəm qeyri-peşəkar beyanatlar verir, hüquq müdafiəçiləri müdafiə edir, gənclərin ən fəalları həqiqətən də fəal olduğunu sübut edir. Sanki hər şey normal gedir, lakin bir şeydən başqa. Bütün bu cəhdlərin, müzakirələrin içində, bizim uğrunda vuruşduğumuz qanunçuluq və real mübarizə tədbirləri zəif nəzərə çarpır. Yazıçı olsaydım bütün şəxsi mülahizələrimi yazardım, lakin hüquqşünas oluğumdan sizə sadəcə faktları, qanunların tələbini və məntiqi nəticəni ifadə etməklə kifayətlənəcəm. Beləliklə nə baş verib? Emin Milli və Adnan Hacızadə qeyri-qanuni olaraq həbs edilib.

Emin Milli və Adnan Hacızadənin həbsi niyə qeyri-qanunidir?

Bu xüsusda fikir bildirmək üçün hüquqşünas ya şəxsən hadisələrin iştirakçısı olmalı, ya hadisələrin iştirakçılarından bilavasitə məlumat almalı ya da sadəcə ictimaiyyətə məlum olan, mübahisələndirilməyən faktlar üzrə danışmalıdır. Hadisələrin şəxsən iştirakçısı olmamış və hüquq pozuntularını şəxsən müşahidə etməmiş insan olaraq sonuncu variantın üzərində dayanacağam.

Məlum insidentdən sonra Emin Milli, Adnan Hacızadən, Babək Hüseynov və Vüsal Məmmədov hadisənin şahidi olmuş digər gənclərlə bərabər Səbayel rayonu polis bölməsinə gətirilmişlər. Maraqlıdır ki, sonradan təqsirləndirilən şəxs qismində ictimaiyyətə təqdim olunan Emin və Adnandan, hadisə zamanı orada olmuş Orxan Qafarlıdan, həmçinin sonradan zərərçəkmiş qismində irəli sürülən Babək Hüseynov və Vüsal Məmmədovdan ifadə alınsa da, digər gənclərdən, hadisənin şahidlərindən və hadisəni bilavasitə görmüş şəxslərdən ifadə alınmayıb. Onlardan nəinki ifadə alınmayıb, hətta onların bölmədə olması fiksə olunmadan, bölmədən xaric ediliblər. Halbuki məhz bu gənclərin verəcəyi ifadələr təhqiqatçının Emin və Adnanı cinayət törətməkdə, şübhəli şəxs hesab edib-etməyəcəyi üçün vacib hüquqi əsas təşkil edir. Bu haqda AR Cinayət Prosessual Məcəlləsinin 148-ci maddəsi şərh verərək bildirir ki, şəxsin cinayət törərməkdə şübhəli şəxs olaraq bilinməsi və tutulması üçün əsas, cinayət başında yaxalanma, zərərçəkmişin ifadəsi və cinayətin törədilməsini şəxsən gözləri ilə görmüş şəxslərin ifadələridir. Birinci halın istisna, (polislər cinayət əməlinin artıq başlamış olduğu və davam etdiyi bir zamanda müdaxilə etmişlər) ikinci halın isə hələ qeyri-müəyyən olduğu bir halda (məhz kimin zərərçəkmiş olması araşdırma zamanı müəyyən olunmalı idi), ibtidai istintaq üçün hüquqi tövsif və araşdırma baxımından ən vacib olanı - hadisəni şəxsən gözləri ilə görmüş insanların, yəni polis məntəqəsindən xaric edilən gənclərin ifadələri olmalı idi. Bu ifadələrin alınmamasından dolayı, Emin Milli və Adnan Hacızadənin, məhz cinayət törətməkdə şübhəli bilinən şəxs qismində saxlanılmalı olduğu haqqında gəlinmiş nəticə öz hüquqi əsasını itirir.

Həmçinin cinayət prosessual qanunvericiliyinin ən sadə tələbinin belə kobud şəkildə pozulması, AR Cinayət Məcəlləsinin 221.2.1. maddəsi ilə cinayət işi açılması haqqında qərarın da qüvvəsini sual altına alır. Və ən azı bu sadə nüans məhkəmə qərarından verilmiş şikayətin təmini və qərarın ləğvi üçün əsas yaradır.

Digər tərəfdən, naməlum əsaslarla, barəsində qrup şəklində və təkrar xuliqanlıq maddəsi ilə cinayət işi açılmış Emin Milli və Adnan Hacızadəyə dair, niyə məhz qəti imkan tədbirinin ən ağır formasının seçilməsi aydın deyil. Məlumat üçün bildirim ki, həbs qəti imkan tədbiri, adətən şübhəli və təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq üçün tətbiq edilir. Sadə dillə desəm, həbs qəti imkan tədbiri şəxs barəsində, onun yenidən cinayət edəcəyinə ya istintaqdan gizlənəcəyinə və ya cəmiyyət üçün təhlükə törədəcəyinə dair tutarlı ehtimallar olduqda tətbiq edilir. Maraqlıdır ki, məhkəmə xuliqanlıq cinayəti ilə ittihamlandırılan Emin və Adnan haqqında həbs qəti imkan tədbiri seçərkən hansı mülahizəni və ehtimalı əsas götürüb? Görəsən məhkəmə Emin Milli və Adnan Hacızadənin buraxıldığı təqdirdə, növbə ilə bütün şəhər restoranlarına daxil olaraq xuliqanlıq etməsindən, yoxsa istintaqdan qaçıb gizlənməsindən ehtiyat etmişdir? Bu qərarın əsasında hansı mülahizə və ehtimal durur? Hüquqşünas olaraq bunu bilmək mənim üçün də maraqı olardı.

Bu məqamda diqqəti, yenə də hadisəni şəxsən gözləri ilə görmüş şahidlərə yönəltmək istərdim. Daxili İşlər Nazirliyinin saytında rəsmi olaraq dörd şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər görüldüyü yazılıb. Halbuki qanunvercilik bu tip hallarda şahidlərin şəxsiyyətnin müəyyən edilməsi formalarını şərh edib. Bu məlumatlar ən pis halda şahid qismində dindirilən Orxan Qafarlıdan, həmçinin Emin Milli və Adnan Hacızadədən də əldə edilə bilərdi. Çox qeyri-müəyyən statusda və vəziyyətdə qalan şahid gənclər, sonda istintaqdan və ifadə verməkdən çəkinmədiklərini hüquq mühafizə orqanlarına, mətbuat vasitəsilə deməyə məcbur qalmışlar. (!) Halbuki şahidlərin və digər əlaqədar şəxslərin araşdırmaya şəxsən çağırılaraq, ifadəsinin alınması istintaq orqanın vazifəsidir. Şahidlərin və əlaqəli digər şəxslərin hüquq-mühafizə orqanlarına mətbuatla məsaj göndərmək kimi bir vəzifəsi yoxdur. Qanunvericilik belə deyir.

Göründüyü kimi ən sadə və minimum faktları analiz etdikdə belə, bu həbsin qeyri-qanuni olması və ibtidai araşdırmanın prosessual qanunverciliyin tələblərini pozaraq aparıldığı ortaya çıxır.


Rəsmi “ittiham” və qeyri-rəsmi “müdafiə”

Bu hadisə ilə bağlı məni ən çox narahat edən məsələlərdən biri də DİN-in mətbuat xidmətinin hadisəyə rəsmi münasibəti, həmçinin Emin və Adnanı dəstəkləməyə çalışan ictimai fəalların müdafiə formatıdir. Mən təsadüfən bu zidd olan iki tərəfi eyni cümədə birləşdirmədim. Təəssüf ki, kənardan baxdıqda bu iki ziddiyyət arasında çox zaman ortaq nöqtə görürəm. Bu ortaq nöqtə-qanunlara qarşı göstərilən hörmətsizlikdir.

Bir neçə gün öncə DİN-nin mətbuat xidmətinin nümayəndəsi Azadlıq radiosuna açıqlama vərərkən bu cümlələri deyib: “ Başqa birisi, mən də olsaydım, bir sözlə vicdanı olan hər kəs belə edərdi... Məişət zəminində xuliqanlıq hadisəsidir...” İlk baxışdan sadə cümlələrdir, lakin bir hüquqşünas üçün, xüsüsən də hüquq mühafizə orqanında vəzifə tutan bir şəxs üçün bu tip açıqlama zənnimcə bağışlanılmazdır. Hər şeydən öncə, hüquqşünas fakt və qanun üzrə danışmalıdır, onun şəxsi mülahizələrinin, rəyinin hüquqi şərh və cavab kimi irəli sürülməsi yolverilməzdir. Digər tərəfdən elementar olaraq, Konstitusiyamızda belə insanın təqsiri məhkəmə qətnaməsi ilə sübut olunmayana qədər onun təqsirsiz hesab olunduğu göstərilib (təqsirsizlik prezumpsiyası) Məhkəmənin hələ araşdırma aparıb, Emin Milli və Adnan Hacızadənin həqiqətən də təqsirli olduğunu təsdiqləmədiyi halda, hansı əsasla bu insanları artıq təqsirli bilir və hətta buna vicdan kateqoriyasından münasibət bildirilir? Qanunvericilik ki, bu səlahiyyəti yalnız məhkəmələrə verib...

Emini və Adnanı hər vəchlə qeyri-qanuni mühakimədən xilas etməyə çalışan insanlar, diqqəti kobud hüquq pozuntularından “siyasi məhbus” anlayışının spekulyasiyasına yönəldəndə də qanuni mübarizə aparmırlar. Hüquq müdafiəçisi qapıları bağlanmış məhkəmənin qapılarını döyərək bir dəstə əcnəbi ilə mütləq məhkəməyə daxil olmaq istəyərkən, qanunların tələbini irəli sürmək əvəzinə “qapını açın, Avropanın, Amerikaının adamları gəlib” deyəndə də qanunlara hörmətsizlik nümayiş etdirir. Əvvəla ona görə ki, məhkəmələr və hakimlərə təzyiq qanunla qadağandır, kimin tərəfindən olursa olsun. Bu həm də hörmətsizlikdir ona görə ki, milli qanunvercilikdə Avropa və Amerika adamları üçün xüsusi imtiyazlar müəyyən edən heç bir müddəa yoxdur... Məhkəmə zalın deyil, ümumiyyətlə inzibati binanın qapılarını bağlayaraq, özünü gülünc vəziyyətdə qoymuşdur, qanunu pozmuşdur, bəs biz? Biz niyə bu gülünc vəziyyətə, gülünc tələbərlə, arqumentlərlə cavab veririk?

Yuxarıda hadisə ilə bağlı polisin törətdiyi hüquq pozuntularının ən sadələrini qeyd etmişdim. Bu xüsusda polisin həbs edilmə və araşdırma zamanı, törətdiyi hüquq və qanun pozuntularının siyahısını yəqin ki, uzatmaq da olar. Lakin bu nöqtədə vacib olan başqa bir məsələ də var. Bu hərəkətlərə qarşı bütün qanuni effektiv vasitələrdən (vəkillərin göstərdiyi yardım xaric) istifadə olunubmu? Məsələn, müvafiq bölmənin əməkdaşlarının vətəndaşlara qarşı qeyri-qanuni hərəkətlərindən dərhal 102 nömrəli qaynar xəttə şikayət edilibmi? Bu qaynar xətt vətəndaşların şikayəti ilə yanaşı, həm də polis işçilərinin vətəndaşalara qarşı qanunsuz hərəkətlərini fiksə etmək və tədbir görmək üçün fəaliyyət göstərir.(Hüquqşüans olaraq öz təcrübəmdə bu formatda şikayətlərə yuxarı instansiyalardan adekvat reaksiya gəldiyinin şahidi olmuşam)

Əgər dərhal qaynar xəttə polis əməkdaşlarının vətəndaşlara qarşı qanunsuz hərəkətlərindən şikayət edilməyibsə, növbəti günlərdə bu haqda Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş Üzrə Baş Xüsusi İdarəsinə polisin bütün qeyri-qanuni hərəkətlərini təsvir edən şikayət yazılıbmı? Bu polis əməkdaşları barəsində ən azı daxili araşdırma başlanılmasına nail olunubmu? Vacib deyil ki, bu şikayəti məhz Emin və Adnanın vəkilləri yazsın. Bu şikayəti hadisə baş verən gün polis bölməsinin önündə olmuş və polisin qeyri-qanuni hərəkətərini şəxsən görmüş hər bir vətəndaş yaza bilər.

Bəli, bu doğrudur ki, çox zaman polis hüquqlarımızı qorumalı olduğu halda, onları pozur. Lakin biz bu qanunsuzluqla necə mübarizə aparırıq? Mətbuatda polisləri qarğıyaraqmı? Bizim demokratiya və haqlarımız uğrundan mübarizəmizin məzmunu elə bundanmı ibarətdir?

Hamımız arzulayırıq ki, tezliklə Emin və Adnan azad olunsun, lakin biz bunun üçün nə edirik? Ən əsası etdiklərimiz və dediklərimiz onlara yardımçı ola bilirmi? Gündəlik pozulan insan hüquqlari sırasından, iki gəncin hüquqları bu gün gündəmdədir, lakin biz nə ilə mübarizə aparırıq və necə mübarizə aparırıq? Hüquqları pozanlarlamı yoxsa siyasi ambisiyalarımıza meydan verməyənlərləmi?

Mən insan və hüquqşünas olaraq İnsandan, onun haqlarına dair mübarizədən yanayam. Və bu mübarizədə qarşı tərəf qanunu nə qədər pozsa da, qanuna aşkar hörmətsizlik nümayiş etdirsə də, eyni davranışları tərəfimdən nümayiş etdirməyəcəm. Çünki mənim vətəndaş, hüquqşünas olaraq uğrunda savaşa biləcəyim şey də məhz haqlara hörmət, qanunçuluqdur. Çünki mən bilirəm ki, insan vurulanda və yıxılanda uduzmur. İnsan mübarizə apardığına bənzəməyə başlayanda uduzur.

Son dərəcə bədbin köklənmiş çoxlarından fərqli olaraq, qanuni yollarla ədalətin bərpa etməyin mümkün olduğuna inanıram və bu xüsusda əlimdən gələni etməyə də hazıram. Məncə biz indi bütün səylərimizi mətbuatda mülahizələr irəli sürməyə yox, konkret ilkin araşdırmanın aparılması zamanı yol verilmiş hüquq pozuntularının tam şəkildə üzə çıxarılmasına və ədalətsiz məhkəmə qərarının ləğvinə yönəltməliyik. Hər halda unutmaq lazım deyil ki, bizim sadəcə müzakirə apardığımız, müsahibələr verdiyimiz bu günləri Emin Milli və Adnan Hacızadə azadlıqdan məhrum olunmuş insan olaraq keçirir. Bu səbəbdən və ya sadəcə ədalətə olan sevginiz səbəbindən, hər birinizi konkret mübarizəyə, bütün qanuni vasitələrdən istifadə etməyə çağırıram.
Gəlin mübarizə aparaq, dostlar, məzhəkə yaratmayaq.

http://sadiqe.blogspot.com/2009/07/mubariz-v-mzhk-arasnda-secim.html

Azadlıq verilmir alınır!

Emin Milliyə və Adnan Hacızadəyə azadlıq!

“AN” şəbəkəsinin yaradıcılarından olan Emin Milli və OL! Azərbaycan Gənclər Hərəkatının İdarə Heyətinin üzvü Adnan Hacızadəni həbs etdilər. Əvvəlcə Lebanese pubında idmançılar vasitəsilə onlara hücum təşkil etdirdilər, daha sonra polisə döyüldüyü üçün şikayət edən gəncləri şərləyib həbs etdilər. Rəzil, şərəfsiz bir plan və 2 aylıq həbs qəti imkan tədbiri ilə yekunlaşan müvəqqəti son.

Əlbəttə ilk baxışdan kiçik bir dava kimi görünən olayla həbsə atdırılma sadə görünə bilər. Lakin bütün bu çirkinliklərin kökü dərinə gedib çıxır. Ölkədə baş verən bütün özbaşınalıqların, çirkin planların bir gün müstəqil gənclərin başında da partlayacağı gün kimi aydın idi. 1995-ci ildən etibarən qanunvercilikdə dəyişikliklər və birbaşa təzyiq və siyasi terrorlar vasitəsilə əvvəlcə müxalifət partiyaları sıradan çıxarıldı, daha sonra hakimiyyətin atadan oğula ötürülməsi gerçəkləşdi. 2005ci ildən etibarən isə azad mediaya qarşı səlib yürüşü özünün həlledici mərhələsinə qədəm qoydu. Elmar Hüseynov qətlə yetirildi, baş redaktorlar redaktorlar həbs edildi, jurnalistlərdən döyülənlər oldu. Bu proseslərlə eyni zamanda müxtəlif üsullarla QHT sektoru da nəzarət altına salındı. Neft alveri və Qarabağla bağlı gizli planlar səbəbilə daxildə güclənən bu diktatura meylləri dünyanın demokratiya paytaxtları tərəfindən sükunətlə qarşılanırdı.

Yeganə maneə kimi bir neçə müstəqil gənclər təşlilatları qaldı. Məhv edilmə sırası onlara çatmışdı. Totalitarizm əjdahası iştahla dişlərini qıcayıb gəncləri udacağı günü səbirsizliklə gözləyirdi. 10 May Gül Bayramına etiraz tədbirləri və QHT qanunuyla bağlı dəyişikliklərdə göstərilən prinsipallıq hakimiyyətiin artıq “gənclər sindromu” ilə üz-üzə qaldığını göstərirdi. Planlar quruldu və ən aktiv gənclərdən ikisi barmaqlıqlar arxasına göndərildi.

Ancaq hakimiyyət bu dəfə sərt qayayla qarşılaşacaq. Onlar hələ də başa düşmürlər ki, 21-ci əsrdə, informasiya erasında qapalı rejim yaradıb, ölkəni dünyadan təcrid etmək, gəncləri, cəmiyyəti bu üsullarla susdurmaq mümkün deyil. Cəmiyyət daxili gərginliklər sonunda dağıdıcı bir partlayışla yekunlaşacaq. Bütün bu planları quranları , avtoritarizmin fikri babalarını coşmuş kütlənin tikə parça etmək istəyindən heç kim xilas edə bilməyəcək.

Emin və Adnan eləcədə onların simasındakı digər bənzər müstəqil gənclər təşkilatlarında toplaşanların fəaliyyəti əslində ölkəni bu qara gündən xilas etməyə yönəlib. Vətəndaş cəmiyyətinin qurulması, dinc-demokratik mübarizə üsulları,maarifçilik və insanlar arasında müasirlik və tolerantlıq ideyasının yayılması, liberal dəyərlərin təbliği kimi bütün bu fəaliyyət istiqamətləri avtoritarizmdən demokratiyaya sancısız keçidin əsasını təşkil edir. Lakin hakimiyyət bu yola dirsək göstərdi. Cəmiyyəti radikallaşdırmaq və dağıdıcılıq meyllərinin güclənmsinə, yuxarıda sadaladığım gənclərin yerinə radikal gənclərin meydanı ələ keçirmasinə yaşıl işıq yandırdı, bu cəmiyyətin sonuncu xilas ümidlərini də söndürmək yolunu seçdi.

Ancaq onlar yanılır , biz bu gənclərin adından hər kəsə öz mesajımızı çatdırırıq:
Biz bu yolun uzun, ağrılı və reprssiyalarla dolu olduğunu bu yola çıxandan bilirik və hər şeyə hazırıq. Bizi bu üsullarla sındırıb, mübarizədən çəkindirmək əbəsdir. Çünki mübarizəmizin haqq yolu olduğuna və bir gün bu ölkədə azadlıq və demokratiya küləklərinin əsəcəyinə əminik. Hər birimiz “Azadlıq verilmir alınır” prinsipinə sadiqik. Adnanlar, Eminlər bu uzun yoldakı ideya ötürücü müxtəlif fərdlərdir. Bilin və agah olun ki, fərdləri qandallamaq mükündür ancaq ideyanı məhbəsə salmaq heç vaxt mümkün deyil və son gənc qalana qədər bu mücadilə barışmadan, hədəfə inanılaraq davam edəcək.

Rəşadət Axundov

Emin və Adnandan başlanan yol...

Cavid Ramazanov

Bu dəqiqə Çin hökuməti uyğurları türmələrə doldurur. Qadın, kişi, uşaq, gənc, qoca demədən hamısını ya öldürür, ya da işgəncə verirlər. Dünyanın daha bir bölgəsində insanlara əzab verilir, həyatları məhv edilir...

Bir müddət öncə isə İsrail hökuməti Qəzzada fələstinliləri qırırdı. Fələstində bu ölüm-dirim mübarizəsi gedəndə yazmışdım ki, Azərbaycan hökuməti belə anları xüsusi həyacanla gözləyir, bir növ himə bənd olur. Gözləyir ki, aləm bir-birinə dəysin, dünyanın diqqəti o regiona yönəlsin, bunlar da dərhal Azərbaycanda antidemokratik bir addım atsınlar. Qəzza hadisələri vaxtı tələm-tələsik referendum keçirib, şahlıq rejiminə keçdilər. İndi də iki müxalif gənci türməyə basıblar.

Əlbəttə, o qədər də güclü arqument deyil, amma niyə də yox, belə qansız rejimlər üçün nə fərqi var?

***

Aman allah, elə bil Üsəma Ben Ladeni tutmuşdular!
Bunlar Eminlə, Adnana olan münasibətlərini heç ən dəhşətli cinayətkara belə göstərməzlər. Bunlar harasıyla düşünür, harasıyla nəfəs alırlar? Ümumiyyətlə, yoxlamaq lazımdır ki, bunların vücudunda ürək, qəlb deyə bir şey varmı?
Yoxsa ki, insan bu dərəcədə əzazil olmaz.
Polisləri deyirəm...

Sifarişçilər bəllidir, pul, hakimiyyət üçün eləyirlər, bəs polislər niyə belə aqressiv, kobuddular? Onların vəhşiliyinə baxanda adam dəhşətə gəlir.

Desəm ki, maaş üçün eləyirlər, o da yalandır. Sıravi polisin bütöv maaşı heç vaxt özünə çatmır. Onun maaşının əhəmiyyətli hissəsi “yuxarı”larındır. Tanıdığınız polis varsa, soruşun, toya getməyə pulunun olmadığından gileylenəcək.
Bəs belədirsə, sizə nə düşüb, ay yazıqlar?

....eh kimə müraciət eləyirəm, hərf tanıyırlarmı ki, oxusunlar?

Mənə elə gəlir ki, hökumət özlərini qoruyan bu polisləri xüsusi testlə seçir. Yalnız sadaladığım “keyfiyyətlərə” malik polislər onların kriteriyalarına uyğun gəlir.

***

İndi isə keçək əsas məsələyə.
Eminlə, Adnanın həbs olunmağı xəbəri kimiləri üçün əhəmiyyətsiz, kimiləri üçün sevindirici, kimiləri üçün isə kədərlidir.
Amma...amma, real olan bir həqiqət var. Bu həqiqət ondan ibarətdir ki, Azərbaycanda yeni bir dövr başlayır.

Mütiliyi ilə seçilən və sovet düşüncə tərzindən qopa bilməyən “itirilmiş nəsil” artıq yavaş-yavaş səhnəni tərk edir, onun yerini isə yeni və təmamilə fərqli gənc nəsil alır. Onların bəziləri, xarici təhsilli, bəziləri isə yerli universitetlərdə oxuyub(r). Fərq etməz. Əsas odur ki, bu gənclər həm savad, həm düşüncə, həm həyat tərzləri ilə fərqlənirlər. Ən önəmlisi isə prinsipiallılıqları ilə seçilirlər.

Onların sayı çox deyil, amma getdikcə çoxalırlar və gün-gündən real təhlükə mənbəyi olmağa başlayıblar.

Bu gün onlardan ikisinin həbs olunması, bu diktaturanın qorxudan tumanını islatmasından xəbər verir.

***

Əlbəttə, birilərini tənqid etməyi öz həyat missiyası hesab edən bəzi “dahilər” belə hesab edir ki, bu gənclər ordu yaradıb, hökumət qoşunları ilə mübarizədə həlak olmalıdırlar. Neynəyək, hər kəsin öz düşüncəsi var, hörmət etmək lazımdır.
Amma, çox əmmalar var...

Bəziləri Azərbaycan millətini zorla qocaldıb, azıxantropla həmyaşıd olduğuna inandırmağa çalışsa da, bu millət təmamilə yeni və dünyanın ən gənc millətlərindən biridir. Biz 1918-1920- ci ildə formalaşmağa çalışsaq da, qoymayıblar və sovet “xalqı” kimi əndrabadi bir şeyə çeviriblər.
Biz yalnız indi-indi formalaşmağa başlayırıq.

İndi də yeni formalaşmağa başlayan bu millətin ən perspektivli, ən gənc kəsimini ölüm-dirim mübarizəsinə səsləyirlər.

Axı nəyə görə? Bu gənclərin sayı min-milyonlarlardırmı ki, ölüm-dirim mübarizəsinə çıxsın?

Yaxşı, tutaq ki, hakimiyyət onun üstünə gələn bu dəstəni sıradan çıxartdı. Bəs sonra?

Təzədən sovet nəslimi inqilab edəcək?

Onların heç səslərini çıxartmağa heyləri qalmayıb, siz nədən danışırsız?

Ümumiyyətlə, belə danışan “inqilabçı dahi”lərin hansının təqib, həbs olunduğunu görmüsüz? Mənim xəbərim yoxdur, bəlkə siz görmüsüz?

***

Emin və Adnanın ədalətsiz mühakiməsindən sonra, məhkəmə önündə ürək parçalayan mənzərə yaranmışdı. Bəziləri ağlayır, bəzilərinin isə gözləri dolmuşdu.

Eminin saçları ağarmış yaşlı valideynləri doluxsunmuşdular, onlara bir xanım təsəlli verməyə çalışırdı. Adnanın atası bir yerdə dura bilmir, siqareti-siqaretə calayırdı.

Bir də Adnanın hönkürtü ilə ağlayan sevgilisi vardı, məhkəmə qapılarına baxa qapılmışdı. Polislər sevgilisini qapıdan çıxardarkən görmək istəyirdi...

Gözləri dolmuş qoca valideynlərə, həyacanlanmış ataya, ağlayan sevgiliyə belə göstərmədilər onları...

Yenə gizlətdilər və hansısa gizli bir yol tapıb Eminlə, Adnanı kimsəyə göstərmədən məhkəmədən çıxartdılar...
Hər gün neçə belə dram yaşanır bu ölkədə. Belə hadisələr bu ölkə üçün adi bir şeyə çevrilib.
Bütün bunlar-bu göz yaşları, bu ədalətsizlik, bu simazsızlıq bu günki diktaturanın iç üzüdür.

***

İndiyə kimi neçə-neçə qüdrətli diktaturalar məhv olub, tarixin arxivinə gömülüb. YAP rejimi kimi adi diktatura da məhv olacaq, çünki tarix heç bir şeyi, ədalətsizliyə və haqsız axıdılan göz yaşlarına bağışlamır.

Bu rejim bu həbslərlə öz süqutunun əsasını qoyur. Onlar bunun fərqində deyillər. Çünki əlində pulu, gücü olan hər kəs özünü ölümsüz hesab edir.
Ay yazıqlar!

Tarixin ən böyük yazıçısı Tolstoyun sözləridir: “Əsl xoşbəxtlik, başqaları üçün yaşamaqdır”

Bu gün bu ölkədə başqaları uğrunda mübarizə aparan gənclər var və onların sayı get-gedə artır. İkisini yox, onunu, yüzünü, minini həbsə atsalar da onların sayı artacaq. Və ən sonda diktatura belə gənclərin əhatəsində boğulub öləcək...

P.S “Azərbaycanlılar” üç dörd gündən sonra “ümumilli yeznənin” konsertinə getməyə hazırlaşır.

P.P.S Onlar çoxdular, amma bu ölkə bizimdir, bu vətən bizimdir, qələbə bizimdir! Çünki Eminlə, Adnan saxlanılarkən gülə-gülə yoldaşlarına, barmaqları ilə zəfər işarəsini göstərirdilər....

http://www.news.qaynar.info/28755.html

“Nitqim tutulur hərzəvü-hədyanını görcək...”

Səadət Cahangir

Şəhərin mərkəzindəki kafelərin birində Adnan Hacızadə ilə Emin Millini vəhşicəsinə döyüblər. Daha dəqiq desək, adsız, familyasız qoçular bu gənc “intellektlər”i əzişdirməklə onlara “ağaları”ndan mesaj gətiriblər. Buralarda “intiligentlik” keçməz, diliuzunluq etməyin!

Bizimkilər yenə diliuzunluq ediblər. Polisə şikayətləniblər. Polisimizin iş üslubu da məlum. Zor kimdəsə, onun tərəfində... “Aksiya”nın icraçılarını azad edib, döyülənləri içəri atıb.

Emin Millini “Alumni Network”dakı fəaliyyətindən, mətbuatdakı, ölkə xaricindəki cəsarətli çıxışlarından tanıyıram. “OL” Gənclər Hərəkatının yaradıcılarından olan Adnanla şəxsi tanışlığım var. Yüksək təhsil səviyyəsi, iti mühakimə qabiliyyəti olan biridir, xaricdə oxuyub. Əsgəri xidmətini yerinə yetirib. Cəmiyyətin dünyəvi dəyərlərə doğru dəyişməsi üçün özünü oda-közə vuranlardandır. Bir sözlə, bu iki adı ölkənin çox faydalı gəncləri siyahısına gözüyumulu salmaq olar.

Hərçənd ki, onları “xuliqanlıq” ittihamıyla saxlayıblar. Doğrudur, biz belə şeylərə öyrəncəliyik. Amma istənilən halda qeyri-peşəkarlığı bu dərəcədə qeyri-peşəkar icra etməyin özü də heyrətləndiricidir. Adnan o qədər səbrli, sakit bir adamdır ki, onu xuliqanlıqda ittiham etmək gülüş doğurur. Üstəlik, burnu sındırılmış halda... Bu, nə ölkədir belə, insanlar qanunsuzluqlardan nə vaxtadaək çəkəcək? İndi kimi inandıra bilərsiniz ki, polis bu “muzdlular”la əlbir deyil və ya sifarişlə oturub-durmur?

Azərbaycan hakimiyyətində oturanların çoxu ölkənin sərvəti olaraq yalnız nefti görürlər. Təəssüf! Hər bir xalqın dəyərinin insanlarında olduğunu anlamaq beləmi zordur?. Demək ki, dəyərlərin baş-ayaq salındığı bir yerdə dəyərləndirmə gözləmək də anlamsız bir şeydir.

Məmləkətdə cəmiyyətin təmizlənməsinə səy edən insanların aqibətini hər kəs görür. İki il əvvəl Adnan ətrafındakı fəal gənclərlə Bayıl Parkında iməcilik keçirmişdi. Gənclərin öz büdcələri hesabına orada quraşdırdıqları zibil qabları indi də qalır. Bəlkə kiçik detaldır, amma burada bir simvolika da var...

Həqiqətən, qoçuluq himayə olunan yerdə “intiligentlik” keçməz. Böyük Sabirin Bakı qoçularına yazılmış silsilə şerləri var. İndi Bakıda Bakılıq qalmayıb.

Qoçuluğu da çirkli işləri icra edən tüfeylilərin boynuna yükləyiblər. Ehtiyacın üzü qara olsun. Bu gözəl ölkəni cəhənnəmə çevirənlərin üzü də...