Showing posts with label gencler. Show all posts
Showing posts with label gencler. Show all posts

Cəmiyyətimiz fərqlənən insanları sevmir

Nigar Fətəli: Bizə yeni ali təhsil müəssisələri lazımdır, yeni kitablar, incəsənətin inkişafı üçün yeni stimul, düzgün və kamil insanlar lazımdır ki, bizim uşaqlarımıza elm və həyatı öyrətsinlər

Bloqumuzun "5 sual - 5 cavab" rubrikası davam edir. Qeyd etdiyimiz kimi bu rubrikanın məqsədi Azərbaycan gəncliyinin müxtəlif simaları ilə bərabər cəmiyyətin indiki vəziyyəti və bu vəziyyətdən çıxış yollarını müzakirə etməkdir. Növbəti qonağımız CinemAN layihəsinin koordinatoru Nigar Fətəlidir.

- Özünüzü təqdim edin.

Adım Nigar Fətəliyeva (Fətəli). 15 May 1986-cı il tarixində Bakı şəhərində anadan olmuşam. 160 nömrəli məktəbini bitirib, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinə Kinorejissorluq fakültəsinə qəbul olunmuşam. İki filmin çəkilişlərində iştirak etmişəm və iki il Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda PR menecer vəzifəsində çalışmışam. 2008-ci ilin dekabr ayından etibarən işsizəm, hal-hazırda bir neçə layihə ilə məşğulam - CinemAN layihəsinin koordinatoruyam, İnternews layihələrinin birinin iştirakçısıyam, diplom işim üzərində işləyirəm və s.

Teistəm, liberal feministəm, tərsəm, səyahəti, həyatı, insanları sevirəm, incəsənət (əsasən kino) həvəskarıyam, azadlıqsevənəm, tolerant olmağa çalışıram.

- Bir vətəndaş kimi cəmiyyətə necə fayda verirsiniz?

Yaxşı sualdır. Vətəndaş yalnız hər hansı bir ölkənin vətəndaşlığını daşıyan insan deyil, o, həmin ölkənin qanunlarına hörmət edir, tarixini və mədəniyyətini bilir, haqsızlıqlara və qanunsuzluqlara yol vermir, özünə və cəmiyyətə faydalı olmağa çalışır.

İnsanda vətəndaş şüurunun olması çox vacibdir, biz başa düşməliyik ki, gələcək bizim bu gün etdiklərimizdir, nəvə və nəticələrimiz bu gün əkdiklərimizi gələcəkdə biçəcəklər.

Əsl vətəndaş olub-olmamağımı bilmirəm, yalnız onu deyə bilərəm ki, olmağa çalışıram.Bildiyiniz kimi, artıq bir neçə aydır ki, biz hər həftə gənclər üçün pulsuz kino nümayişlərini, və kinematoqraf mövzusunda mühazirələr təşkil edirik, onlara kino anlayışını öyrətməyə çalışırıq. Bu yaxınlarda bizdə yeni bir ideya yaranıb ə mən ümid edirəm ki, bu layihə, yazmağı bacaran və öz reallığını cəmiyyətə göstərmək istəyən gənclər üçün bir stimul olacaq.

Mənim üçün CinemAN yalnız həftəlik kino seansları deyil, o həmçinin insanların düşüncələrinə, zövqlərinə, qəlblərinə təsir etməlidir. Axı kino yalnız əyləncə deyil – mənəvi qidadır.

- Cəmiyyətimiz haqqında nə düşünürsünüz?

Əsas problemlərimiz gözümüzün qabağındadır, onları hər kəs görür, biri deyir, o birisi isə susur. Çünki reallıqdan qaçmağa öyrəşmişik artıq.

Cəmiyyətimizin əksəriyyəti kitab oxumur, yanlış stereotiplər və maddi nemətlərlə yaşayır, inanmır, mübarizə aparmır, maraqlanmır.

Öz şəxsi mövqeyi (dəbdə olan yox) olan fərdlər azdı. Dahilər ondan da nadir.

Camaatdan fərqlənən insanları sevmirik, mübahisə etməyi, qeybət qırmağı xoşlayırıq. Lakin, axırıncı xüsusiyyət, yəqin ki, bütün kiçik icmalara məxsusdur. Bizdə xalqı birləşdirə bilən milli ideya yoxdur, hətta din və dil də bizi ayırırlar.

Şüursuz cəmiyyətin müvafiq problemləri olur: korrupsiya, monopoliya, qanunsuzluq, ədalətsizlik. Bunların qarşısını almağa çalışan kiçik qruplar olsa da, xalqın əksəriyyəti bu həyat tərzinə çoxdan alışıb.

Lakin, bütün bunlara baxmayaraq, camaatın arasında hərdən istedadlı, ağıllı və perspektiv insanlar tapılır. Gənclər artıq daha şüurlu və fəaldılar, universitetlərə, rayonlara gedirlər, insanları maarifləndirməyə çalışırlar, maraqlı layihələr üzərində işləyirlər. Bu, şəxsən məni çox sevindirir. Bu cür insanlar az olsa da, ətrafdakıları da dəyişdirməyə çalışırlar, gələcəyi qururlar.

Xalqımıza inanıram. Bilirəm ki, biz daha yaxşı yaşaya bilərik, daha ağıllı, müdrik, şüurlu və tolerant ola bilərik. Biz sadəcə olaraq boyüməliyik, cəmiyyətimiz balaca uşağa bənzəyir. Gözlərimizi açıb, gəzməyi öyrənməliyik.

- Müsbət dəyişikliklər istiqamətində gənclərin rolu nədən ibarət olduğunu hesab edirsiniz?

Gənclik – cəmiyyətin ən güclü təbəqəsidir. Gənclik hər bir toplumun sabahkı günüdür. Bizim gələcəyimizdə siz bu gün nə görürsüz? Bəli, məni də bu məsələ çox narahat edir.

Yaxınlarda bir qızla danışırdım, mənə şikayətləndi ki, valideynlərin onun ərə getməyini istəyir, (qızın 24 yaşı var) amma özü guya istəmirdi. Mən ona məsləhət gördüm ki, ətrafdakıların dediklərinə qulaq asmasın, təhsilini davam etdirsin, səyahət etsin və maraqlı insanlarla tanış olsun. Ondan belə cavab aldım: “Nə danışırsan, səyahətə yalnız ərimlə gedə bilərəm, qadının reputasiyasını korlamaq çox asandır”. Buna nə deyəsən? Amma bunun kimilər çoxdur.

Bəs, şəhərdə gəzən nə qədər gənc oğlan var ki, düşündüyü sadəcə 1-cisi biznes yaradıb varlanmaq, 2-cisi bakirə qız tapım evlənməkdir.

Mən insanlarla ünsiyyətdə olmağı çox sevirəm və mənim dostlarımın arasında gəncliyimizin bir çox təbəqələrinin nümayəndələri var. Ona görə də mən cəmiyyətdəki mövcud vəziyyətlə bağlı geniş təsəvvürə malikəm.

Bizim gəncliyimizi qərb toplumlarındakı mövcud olan gəncliklə müqayisə etmək çətindir. Ən azından coğrafi və tarixi amillərə görə. Onların heç biri müharibədən sonrakı post-sovet zəmanəsində böyümüyüb və valideynləri özlərinə “axı kimə inanaq?” sualını verməyiblər. Əslində bunların hamısının bizə təsiri olub. Qərbin gənci olduqca nikbin və ətrafı ilə maraqlanandır, səbirsizliklə yetkinlik yaşını gözləyir ki, yuvasından azad olsun, köçsün, həyatını qursun və özünü tapsın. O, bəzən kütbeyindir, bəzən məqsədyönlüdür, bəzən dahidir. Bir neçə xarici dil bilir. Bizim gənclər isə, bir çox hallarda valideynlərin himayəsindədir, müstəqil deyil, aqqresivdir və elmə maraqları yoxdur. Onlar yetkinliyin erkən yaşlarından ailə yaradır və bir qayda olaraq Azərbaycandan xaricdəki həyata görmür.

Şəxsən mən, gələcəyimizin ümidini sizin və sizin ətrafınızda olan gənclərin simasında görürəm. Yəni OL! Dalğa, AN Şəbəkəsi və ölkə üzrə səpələnmiş potensialı aşkar olunmamış gənclərdə.

Həm də mən xaricdə təhsil almış və ya təhsil alan gənclərə inanıram. Çünki onlar, korrupsiya və rüşvətxorluğa uğramamış təhsil sisteminin yetirmələri olduğundan başqa beynəlxalq və həyat təcrübəsi əldə edilər ki, bu da onların şəxsiyyət kimi formalaşmasında bir nömrəli amil olur. Bu tip uşaqların sayının artması sevindirici haldır.

Gənclərimizə təhsil almaq, həyat təcrübəsi toplamaq və özünü tapmaq üçün mümkün olan bütün vasitələrdən istifadə etməsini tövsiyə edərdim. Qalanı özü düzələcək.

- Yaxın 10 il ərzində dövlətimiz üçün hansı prioritetlər müəyyən edərdiniz?

Əfsuslar olsun ki, dövlət quruculuğunda bütün amillər o qədər biri-birinə bağlıdır ki, hər hansının daha vacib olmasını demək olmaq. Əgər vəziyyəti düzəltmək imkanımız olsa hər şeydən eyni vaxtda başlamaq lazım olacaq – təhsil, səhiyyə və iqtisadiyyat.

İlk növbədə təhsilimizin əsas problemi olan korrupsiyanın qarşısının alınması üçün kəskin tədbirlər görmək lazımdır. Bunun üçün müəllimlərimizin əmək haqqını yüksəltmək, bəzilərini həbs etmək, bəzilərini isə pedaqoji fəaliyyətdən uzaqlaşdırmaq lazımdır.

İqtisadiyyatı qaldırmaq lazımdır, dünyada ən tez inkişaf edən və ən stabil iqtisadi artımı olan ölkə haqqındakı nağılları unutmaq lazımdır. İqtisadiyyatımızın 90%-dən çoxu neft və neft məhsullarının ixracı üzərində qurulub. İqtisadiyyatı şəffaflaşdırmaq lazımdır, azad bazar lazımdır, həmkarlar ittifaqlarını gücləndirmək, ölkəmizdə inanılmaz səviyyəyə çatmış inhisarçılıqla (hətta kibrit, şpris və s. belə kimi mallar monopoliyadadır) mübarizə aparmaq lazımdır. Asfalt yollar inanılmaz qiymətə tikilir (Avropa standartlarından 10 dəfə baha), gömrük qurumlarında dərəbəyilikdir, incəsənət haqqında ümumiyyətlə söhbət etmək istəməzdim. Amma, yox, danışmalıyam. Siz bizim universiteti [İncəsənət Uni.] görmüşsünüz? Bir ora baş çəkib vəziyyətə baxın, rejissura fakültəsinin 4-cü kurs tələbələri üçün praktika bilirsiniz nədir? “Azərbaycanfilm” kinostudiyasındakı çəkilişlərə getmək, qıraqda durub qeydlər aparmaq və nəticədə dəftəri kuratora göstərmək, vəssalam. Heç film çəkmək və inkişaf etmək haqqında danışmağa dəyməz, orada yalnız korrupsiya və mənəvi özbaşınalıq. Bu – bizim incəsənətimizin gələcəyidir. Bu bir faciədir.

Bizə yeni ali təhsil müəssisələri lazımdır, yeni kitablar, incəsənətin inkişafı üçün yeni stimul, düzgün və kamil insanlar lazımdır ki, bizim uşaqlarımıza elm və həyatı öyrətsinlər.

Və nəhayət olaraq hökümətlə cəmiyyətin münasibəti – ÜNSİYYƏT üzərində qurulmalıdır. Birbaşa ünsiyyət, media vasitəsi ilə ünsiyyət? Müxbirlərin dəstələrnən həbs olunması zaman, və azadlıqda qalanlarının “saray xəbərləri” və Ermənistan məsələlərinin işıqlandırdığı halda hansı ünsiyyətdən danışa bilərik? Bunların peşəkarlığını biz tam şəkildə 30 aprel və 10 mayda gördük.

Xarici siyasətə gəldikdə isə burda da vəziyyət qənaətbəxş deyil. Bizim hakimiyyət bu sferada görünməmiş uğurlar haqqında bəhs edir, deyirlər ki, bütün dünya bizim haqqımızda danışır. Doğrudan da danışır, 2003 və 2005-də mitinqlərin dağıdılmasından, neftdən və onun kimlərin ciblərinə axdığından, türmələrdə oturmuş jurnalistlərdən.

Biz qorxuruq ki, hər hansı daxili skandalı ölkədən xaricə çıxarsaq bizə güləcəklər. Başa düşmürük ki, orta statistik Avropalı xəbərlərdə referendumun nəticələrini görəndə onsuz da gülür, 88% lehinə? Hansı demokratiyadan danışa bilərik burada?

Və nəhayət ki, bizim əsas problemimiz – 15 ildir dondurulmuş Ermənistanla münaqişə. Bu məsələyə ehtiyatlı yanaşmaq lazımdır. Bu konflikt dünən başlamayıb və sabah sona çatsa belə, birisi gün mütləq yenidən başlayacaq. Çünki xalqlarımızın arasında tarixi anlaşılmazlıqlar, toqquşmalar və saysız-hesabsız soyqırımlar var. Bu məsələnin “bu günlük” həlli lazımsızdır, problemin kökünə baxmaq lazımdır. Bəlkə də bütünlüklə Cənubi Qafqazın tarixini yenidən yazmaq lazımdır. Yenidən yazmasaq da, hər halda ortaq məxrəcə gəlmək lazımdır. Bu çox utopik səslənir, amma məncə bu Qafqazda sülhün bərqərar olunmasının yeganə yoludur. Bunu etməsək bütün konfliktlər yenidən başlayacaq.

Hakimiyyət üçün yaxın 10 ilə prioritet kimi... vicdanı görürəm. Vicdan çox vacibdir.

Bundan öncəki qonaqların müsahibəsinə buradan baxa bilərsiniz.

"ADR Bizi Birləşdirir" aksiyası - Şəkillər


İstanbul


İstanbul


Nyu York


KMannxaym


Reykyavik


Helsinki


Vaşinqton


London


Kutaisi


Eyndhoven


Vilnüs


Vilnüs


Bakı


Bakı


Bakı


Bakı


Gəncə


Gəncə


Novxanı


Sumqayıt


Sumqayıt

Xaçmaz

Daha çox şəkil

“Hakim dairələrdə başa düşürlər ki, hansısa gənclər qrupu gələcəkdə böyük bir hərəkata çevrilə bilər”

"Media forum” saytının oxucularının suallarını AN Gənclər Şəbəkəsinin təsisçilərindən olan Emin Milli cavablandırır.

http://www.mediaforum.az/articles.php?lang=az&page=05&article_id=20090519061919023

Emin Milli 1979-cu il oktyabrın 14-də Bakıda doğulub. Paytaxtın 251 saylı orta məktəbini bitirib. Ailəlidir. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə daxil olub. Almaniyada 6 aylıq proqramda iştirak etdiyindən BDU-nu bir il gec - 2000-ci ildə bitirib. 1999-2000-ci illərdə Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator işləyib. 2001-2002-ci illərdə Almaniyada oxuyub. 2002-ci ildən 2004-cü ilə qədər Fridrix Ebert Fondunun Azərbaycanda rəhbəri olub. 2005-ci ildən ictimai fəaliyyətlə məşğuldur. AN Sosial Şəbəkəsinin yaradıcılarından biridir.

Elnur Eltürk (Hüseynov), 25 yaş, tarixçi, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı Strateji Araşdırmalar Mərkəzi: Bu gün Azərbaycan müxalifətində gənclərin önə çıxması üçün şərait varmı?

Cavab: Məncə, şəraiti gənclər, yeni nəsil özü yaratmalıdır. Hökumətdən, müxalifətdən, yaşlı nəsildən gözləməməliyik ki, bizə şərait yaratsınlar. Biz özümüz bu şəraiti yaratmalıyıq.

Mübariz S.Əzimli, Stokholm, İsveç: Salam, Emin bəy! Həmişə azadlıqda! Sizin kimi gənclərimizi həbs edə bilərlər, amma azadlıqdan məhrum edə bilməzlər. Çünki AZADLIQ sizin düşüncə tərzinizdir. Ümidimiz siz gənclərədir. Siz özünüz necə, fəaliyyətinizdən razısınızmı?

Cavab: Tam razılıq tam xoşbəxtlik kimi dəliliyə bərabər olardı. Normal insan özündən tam razı qala bilməz. İnsan həmişə öz üzərində işləməlidir. Mən də çalışıram öz üzərimdə işləyim.

Səadət, yazar: Hörmətli Emin. Son illərin güclü depressiyasından sonra sizin kimi gəncləri görmək ölkənin gələcəyinə ümid işığı yandırır. Razılaşarsınız ki, bu gün ümumilikdə gənclik passivdir. 1980-ci illərdə biz universitet tələbələri tam fərqli idik. Yaxın zamanda gənclik hərəkatının dirçəlməsi üçün nələr etmək olar?

Cavab: Passiv sözü ilə mən bir az razı deyiləm. Mənə elə gəlir, hazırda ümumi iqtisadi, siyasi vəziyyət elədir ki, gənclər küll halında aktivlik göstərə bilmir. Nəyə görə 1960-70-ci illərdə Sovet İttifaqında gənclər fəal ola bilmədilər, 1980-cı illərdə isə bu proses baş verdi? Çünki şərait məhz 80-ci illərdə yarandı. Hər cəmiyyətin, dövlətin inkişafının məntiqi var.

Hazırda elə bir şərait yaranıb ki, fikrimcə, yalnız kiçik qruplar, fərdlər aktivlik göstərəcək və bunu davam etdirəcək. Amma o mərhələdə ki, pis idarə olunan indiki sistem tənəzzülə uğramağa başlayacaq, onda bu proses kütləviləşəcək.

Rail Səfiyev, Bakı Dövlət Universiteti, beynəlxalq münasibətlər fakültəsi: Salam, Emin. Səni yenə Azərbaycanda eşitməkdən çox şadam. Sənə böyük inam və hörmətimi izhar etmək istəyirəm.

Emin, son zamanlar Azərbaycanda islahatlar aparıldığı iqtidar mətbuatında çox işıqlandırılır. Buna gənclərlə bağlı siyasət, FASE, AN, OL, “Dalğa” kimi gənclərin ictimai həyatda fəallıq göstərmələri də aid edilir. Əlbəttə, iqtidar əsasən FASE və “İrəli”ni önə çəkir, amma əsil plüralist cəmiyyətdə hər bir ictimai aktivlik müsbət haldır, hansı mövqedən olmasından asılı olmayaraq. Mənim düşüncəmcə, müəyyən bir vaxtda yuxarılar gənclərin belə fəallığından ehtiyatlanmırdılar və buna müsbət baxırdılar.

Bəs sonra nə oldu? Niyə bu cür fəaliyyətlərdən hakim dairələrin çəkinməsi və onlara əks davranış başladı? Sənin müşahidələrin necədir? Sənin fikrincə, prezident özü bu məsələdə hansı fikirdədir?

Sənin müşahidələrin mənim üçün maraqlı olar.

Cavab: Prezidentin fikrini bilmirəm, çünki bu barədə onunla söhbət etməmişəm. Hakimiyyətin özünü də bir nəfərə bağlama olmaz. Onun içində də müəyyən qruplar var. Bu qrupların qorxduqlarından biri də gənclərdir. Tarix boyu yalnız yeni nəsil dəyişikliklərə gətirir. Hardasa müəyyən yaş həddindən sonra, ailə qurduqda, karyera haqda düşündükdə insanlar daha az qurbana hazır olurlar. Başlayırlar daha çox mövcud reallıqlara uyğunlaşmağa. Hakim dairələrdə də başa düşürlər ki, gənc, hansısa gənclər qrupu gələcəkdə böyük bir hərəkata çevrilə bilər. Ona görə gənclərdən ehtiyatlanırlar və ehtiyatlanmaqda haqlıdırlar.

Tariyel: Azərbaycanda gənclərin hansı təşkilatları, neçə təşkilat var? Bu barədə məlumat verərdiniz. Gənclər təşkilatları bir-biriləri ilə əməkdaşlıq edirmi? Zəhmət olmasa onu da deyə bilərsinizmi hansı təşkilatları hökumət yaradıb, hansı təşkilatlar isə xarici qrantla işləyir?

Cavab: Bu suala cavab vermək çətindir. Azərbaycanda bir neçə maraqlı təşkilat var. İlk növbədə OL və “İrəli”ni qeyd etmək olar. Bundan başqa, AEGEE təşkilatı var, qeyri-siyasi təşkilatdır. FASE var. O da siyasətdən uzaqdır. Siyasi təşkilata qoşulmaq istəməyənlər bu quruma üz tuta bilərlər. FASE Avropada Azərbaycan gəncləriylə işləyir. “İrəli” isə açıq şəkildə prezidenti dəstəkləyən bir gənclər təşkilatıdır. Müsavat, Xalq Cəbhəsi partiyalarının və başqa müxalif partiyaların gənclər təşkilatları var ki, onlar da müxalifəti təmsil edirlər.

Müəllim, Bakı: Atalar və oğullar problemi, nəsillər arasında düşüncə fərqləri əbədi problemdir. Bu baxımdan maraqlıdır: yaşlı və orta nəslin davranışında nələr xoşunuza gəlir, nələr yox?

Cavab: Nəsillər arasında ziddiyyət fəlsəfi problemdir. Hazırda da bu problem var. Gənc və orta yaşlı insanların düşüncələri dəyişikliklərə daha açıqdır. Əvvəl mən cəmiyyət üzvlərini yaşlı və gənc nəslə bölürdüm. Amma gənc nəslin içində qoca düşüncəli insanlar da var. Yəni gənc nəsil deyəndə orta yaşlı və qoca insanları da nəzərdə tutmaq olar. Bir şərtlə ki, həmin insanların fikirləri azad olsun.

Qəribə adam, Bakı: Salam, Emin bəy. Xahiş edirəm mənim qəribə suallarıma cavab verin.

1. “Media forum”da sizi AN Sosial Şəbəkəsinin yaradıcılarından biri kimi təqdim ediblər. İnternetdə də sizin vəzifəniz müxtəlif cür adlandırılır: ya gənclər şəbəkəsinin, ya tələbə forumunun rəhbəri kimi və s. Bu sosial şəbəkə nədir? O necə işləyir? Sizin rolunuz bu şəbəkədə necədir?

2. Hərdən sizin “Alma”dakı yazılarınızı oxuyuram. Vaşinqtonda kafedə, deyəsən, qapının cəftəsini açmaq üçün tələb olunan qeyri-məntiqi düşüncə ilə bağlı bir yazınız yadımda qalıb. Sonralar neçə dəfə cəhd etdimsə, bircə yazınızı belə oxuya bilmədim, maraqsız göründü. Elə bil Amerikada oturub Azərbaycana heç dəxli olmayan məsələlərə toxunursunuz. Sizə elə gəlmirmi ki, vətəndən kənarda çox vaxt keçirirsiniz? Kənarda ola-ola burada yaşayanlara necə yaşamaq barəsində məsləhət vermək düzgündürmü?

Cavab: 2005-ci ildə biz şəbəkəmizi yaratdıq. Bu, sosial şəbəkədir. Şəbəkənin adından da göründüyü kimi, burda hər hansı siyasi mövqe ortalığa qoyulmur. Şəbəkə üzvlərinin hər biri istədiyi siyasi mövqedən çıxış edə bilər. Qurumu yaratmaqda məqsəd xaricdə oxuyub qayıdan azərbaycanlıları, ölkəmizdə oxuyan tələbələri və xaricdə yaşayan həmvətənlərimizi bir araya gətirmək, onların arasında ünsiyyət vasitələri və ünsiyyət məkanı yaratmaqdır.

Şəbəkəni yaratdığımız vaxt ilk olaraq hər həftə mühazirələr təşkil etdik. Mühazirələrdə gəncləri bir araya gətirib bir sıra məsələləri müzakirə edirdik. Sonra başladıq Avropada forumlar keçirməyə, Azərbaycanın rayonlarına getməyə. Bundan başqa, internet vasitəsilə də gəncləri bir araya gətiririk. İnternetdə onlar özlərinə həmfikir tapır, ideyalar irəli sürürlər. Ən əsası isə gənclər arasında yeni sosial-siyasi mədəniyyət formalaşır.

Bilmirəm sual verən qəribə adamın mənim haqqımda nə dərəcə məlumatı var. Bildirmək istəyirəm ki, iki il Almaniyada oxumuşam, xaricdə konfranslara gedirəm, tez-tez dünyanın bir çox ölkəsində oluram. Əsas yaşayış yerim Bakıdadır.

İstəyirəm qeyd edim ki, ermənilərin intellektual, iqtisadi, sosial kapitalının 95 faizi xaricdədir və bu onları gücləndirir. Azərbaycanda isə bu proses təzə başlayıb. Son 15-20 ildə azərbaycanlılar xarici ölkələrə yayılıblar. Hələ ki, proses gedir, çevrələr yaranır. Azərbaycan hökuməti xaricdə yaşayan azərbaycanlıları bir nəfərə, bir ideyaya tabe etdirməyə çalışır. Bu, cəfəng bir şeydir, mümkün deyil. Biz alternativ təşkilatın olmasını və o təşkilatın həmvətənlərimizin Azərbaycanı xaricdə layiqincə təmsil etməsinə yardım göstərməsini istəyirik.

Səidə: Emin bəy, indiki gənclərin telefonlara bu qədər aludə olması onların ictimai fəallığına mənfi təsir edirmi?

Cavab: İnternet və telefon informasiya ötürülməsini sürətləndirir. Amma baxır ondan nə üçün istifadə edirsən. Çox istərdim gənclər internetdən, telefondan yaxşı məqsədlə yararlansınlar. Məsələn, gənclər bundan hansısa əhəmiyyətli bir materialı dostlar arasında yaymaq, yaxud başqa aksiyalar keçirmək üçün istifadə edə bilərlər.

Xəyal Kazımzadə: Gənclik ömrün bahar çağıdır deyirlər. Sizcə, hazırda Azərbaycan gəncliyi hansı fəsli yaşayır?

Daha bir sualım isə gənc liderlərin olmaması ilə bağlıdır. Necə fikirləşirsiniz, bu gün minləri arxasınca apara bilən belə bir istedad yoxdur, yoxsa onun ortaya çıxmasına imkan verilmir?

Sonuncu sualım: Sizcə, Neft Akademiyasında baş verən qanlı olayın baiskarı – Fərdanın şəxsiyyəti arxasında dayanan, onun faciəvi dramı nədir?

Cavab: Məncə, Azərbaycan gəncliyi hələ ki qış fəslini yaşayır.

Demək çətindir ki, 5 ildən, 10 ildən sonra Azərbaycanda kimlər lider olacaq. Lider heç nədən asılı olmayaraq öz məqsədi uğrunda mübarizə aparan insandır. Hazırda belə liderlər yetişməkdədir, mən buna inanıram.

Neft Akademiyasında baş verən olay böyük bir faciədir. Bu hadisəni terror kimi qiymətləndirirəm. Amma istəməzdim hər hansı versiyalar irəli sürəm.

Vüsal Həsənov: Salam. Mənim iki sualım var.

1. Gül bayramına etiraz aksiyası nəyə görə mayın 10-da keçirildi? Əgər mayın 8 və ya 9-da keçirilsəydi, daha səmərəli olmazdımı?

2. Müxalifətin yaratdığı bir çox internet saytında Heydər Əliyev haqqında ona yaraşmayan, təhqiramiz sözlər yazılır. Sizcə, belə sözlərin yazılması doğrudurmu? Cavablarınıza görə əvvəlcədən təşəkkür edirəm.

Cavab: Bakıya mayın əvvəli gəldim və axıra qədər anlamırdım nə baş verib. Müxtəlif insanlarla görüşdüm, söhbətlər etdim, məlumatları oxudum. Aydın oldu ki, çox pis vəziyyət yaranıb. Hökumət sadə bir addım atmalı və azı bir gün matəm etməli idi. Tələbələr də bunu tələb edridi. Yenə də hökumət məsələyə məsuliyyətsiz yanaşdı. Mayın 10-da Gül bayramı təşkil olundu ki, gənclər öz hirslərini, etiraz və qəzəblərini bildirsinlər.

Bizə məlumatlar çatmışdı ki, mayın 10-da gənclər, müxtəlif qruplar zorakılıq haqda düşünürlər. Məsuliyyəti üzərimizdə hiss edərək cəmiyyətə təsir göstərə biləcək adamlarla, qrup rəhbərləriylə məsləhətləşdik. Qərara gəldik ki, mayın 8-də Qeyri-Zorakılıq Forum keçirək. Forumda Müsavat, Xalq Cəbhəsi partiyalarının, “Dalğa” Hərəkatının və digər gənclər qurumlarının nümayəndələri iştirak etdilər. Məhz forumdan qeyri-zorakılıq mesajları yayıldı. Mayın 10-da Gül bayramına, ölkədə matəm elan olunmamasına etiraz edən gənclər dinc, qeyr-zorakı aksiya keçirdilər.

İstər müxalifət lideri olsun, istərsə də iqtidar, heç kimin təhqir olunmasının tərəfdarı deyiləm. Siyasətçinin gördüyü işləri, ideyaları təhlil etmək lazımdır. Belə bir deyim var: “Böyük insanlar ideyaları, kiçik insanlar isə şəxsiyyəti tənqid edirlər”.

Bizim yaşam keyfiyyət səviyyəmiz ÜDM ilə deyil, bizim azadlığımızla ölçülməlidir

Tural Vəliyev: İqtisadi inkişafın stabil və davamlı olmağı üçün demokratiyanin bərqarar olması, müxtəlif dayaq institutlaın yaranması cox vacibdir

Bloqumuzun "5 sual - 5 cavab" rubrikası davam edir. Qeyd etdiyimiz kimi bu rubrikanın məqsədi Azərbaycan gəncliyinin müxtəlif simaları ilə bərabər cəmiyyətin indiki vəziyyəti və bu vəziyyətdən çıxış yollarını müzakirə etməkdir. Üçüncü qonağımız “Azad Düşüncələr” Assosiasiyasının qurucu rəhbəri Tural Vəliyevdir.

- Özünüzü təqdim edin

Mən 7 sentyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşam. 1998-ci ildə orta təhsilimi Bakıda bitirdikdən sonra Şimali Kipr Doğu Akdəniz Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində bakalavr dərəcəsinə yiyələnmişəm. Hal-hazırda İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetində İnkişafın Menecmenti (Development Management) üzrə magistr dərəcəsində oxuyuram.

Bu günə qədər isə, 2002-2003 illərində ABŞ, Vaşinqtonda yerləşən Keyto Institutunda (Cato İnstitute) 1 il təcrübə qazanmış, 2004-cü ildən BP şirkətinin Azərbaycandakı bütün ictimai sərmayələr proqramlarının qrup rəhbəri kimi işləmişəm. BP-dəki işimdən əlavə, Free Minds Association (FMA) “Azad Düşüncələr” Assosiasiyası’nın (ADA) qurucu rəhbəri olmuşam. FMA-nin ən fəal üzvlərilə bərabər Azərbaycanda liberal (libertarian) dəyərləri müdafiə edən, fərdi azadlıq, özəl mülkiyyət hüquqları və qanunun aliliyi çərçivəsində məhdud hökumət (limited government) və azad cəmiyyəti təbliğ edən lahiyələr həyata keçirmişəm. 2007-ci ildə Londonda yerləşən “Stokholm NETWORK” təşkilatı FMA-ni yeni bazar iqtisadiyyatı ölkələrində fəaliyyət göstərən ən yaxşı qurum adına layiq görmüşdür. Bundan əlavə, Azadlıq Çirağı saytını http://www.azadliqciragi.org/ uğurla Azərbaycan dilli oxuyucularımıza çatdırmğı davam etdirirəm.

Hər zaman fərqli olmağı və fərqli düşünməkdən qorxmamağı xoşlamışam. Fərqliliyin hər insana səciyyəvi xüsusiyyət olduğunu sadə Azərbaycan vətəndaşına izah etməyi və bunun ictimai, siyasi ve social bazda təmin edilməsi üçün mücadilə aparmağı sevmişəm.

- Bir vətəndaş kimi cəmiyyətə necə fayda verirsiniz?

Bir dəfə, möhkəm ateist olan Bertran Russelldən soruşublar ki, dünyasını dəyişdikdən sonra Allahı görsən, Russel, nə edərsən? Russelin cavabı belə olmuşdur, “Mənim ona bircə sualım olar. Ey Allahü-təala, sən niyə öz mövcudluğunla bağlı mənə belə az sübut vermisən?” Azərbaycandakı vəziyyət nə bəndəyə, nə də Allaha xoş gedən vəziyyətdir. Bir cox insan, Russelin sualını dəyişdirib soruşa bilərki, görəsən niyə Allahü-təala ölkəmizdəki vəziyyətə göz yumur. Bu düşüncənin dini tərəfini danışmaq mənim həddim deyil, çünki dini savadım o qədər də çox deyil. Amma bir fakt ortadadır: ətrafımızda gördüyümüz problemlər bizim problemlərimizdir. Başqalarının nə düşünməsindən və necə hərəkət etməsindən asılı olmayaraq bir vətəndaş olaraq, onları aradan qaldırmaq bizim hamımızın məsuliyyətimizdir. Buna görə də, mənim üçün vətəndaş anlayışı əsas olaraq məsuliyyət (responsibility) deməkdir.

Məncə kiminsə nə etməsi yox, nə üçün etməsi cox vacibdir. İndiyə qədər etdiklərimi də bu müstəvidən baxsam, bəlkə də elə hamısı cox əhəmiyyətlidir, çünkü bir insan, öz vətəndaş məsuliyyətini dərk edib, cəhd göstərirsə, bu artıq onun produktivliyini, cəmiyyət üçün olan indiki və ya gələcək potensialına işarət edir. Bunlara misal olaraq, FMA çərçivəsində məni ən çox sevindirən, gənclərimizin xaricə gedib təcrübə qazanmağlarında kömək etməyim, liberal ideaları davamlə şəkildə Azadlıq Çırağında yaya bilməyim olmuşdur. Bundan əlavə, bir neçə klassik liberal siyasi-iqtisadi ədəbiyyatın tərcümə edib, çapı və yayılmasında uğurlu olmağım məni çox sevindirir. Təbii, bunların hamısını BP-dəki işimdən ayrı tuturam, çünkü orda da BTC boyunca olan Azərbaycan kəndləri üçün cox əhəmiyyətlli layihələr həyata keçirmişəm.

Amma indiyə qədər etmək istədiyim, amma, edə bilmədiyim çox şey var. Bəziləri qəribə səslənə bilər, amma azadlığı təmin və təqdim edən bir çox fiklərim olub. Məsələn, Azərbaycanda anti-construction movement (anti-tikinti hərəkatı) yaratmaq, seks muzeyi açmaq, Bakıda Azadlıq turu keçirmək kimi müxtəlif idealar. Əminəm ki, gələcəkdə bunların bir çoxunu həyata keçirə biləcəm.

- Cəmiyyətimiz haqqında nə düşünürsünüz?

Azərbaycan cəmiyyətində hal-hazırda problemli xüsusiyyətlər çoxdur. Bu xüsusiyyətlərin bəziləri artıq köhnələrək adət-ənənəyə çevrilib, bəziləri isə xalqımızın beyninizə yedizdirilməklə, günü-gündən sistematik şəkildə “implantasiya” olunurlar. Amma bu gün ən böyük problem insanlarımızın vətəndaşlıq erroziyasına uğramalarıdır. Məncə bu ən fundamental məsələdir. İnsanlarımızın, inkişaf üçün məsuliyyət tələb olunduğunu və məsuliyyətin də azadlıq üzərində qurulduğunu başa düşməyinin vaxtı gəlib. Təbii hökümət bunda maraqlı deyil. Əgər bir gənc, bu gün, azad və şəffaf təhsildən məhrum edilirsə, bir vətəndaş öz istədiyi kimi siyasi seçim etməkdən çəkinirsə və ya bir iş adamı öz əmlak hüquqlarından məhrum edilirsə, bu insanlar təkcə sağlam və azad həyat tərzindən yox, həmçinin vətəndaş olaraq öz məsuliyyətlərini dərk etməklərindən məhrum olunurlar. Amma problem ondadır ki, Azərbaycan xalqı bunları düşünməkdən imtina etməyə başlayıb. İnsanlarımız, ya hedonistik həyat seçimlərində davam edib, öz mikro-dünyalarında yaşayır, ya da pessimizmə qapılaraq, pis günün ömrü az olar prinsipiylə öz həyatlarını ela “pis gündə” də davam elətdirirlər.

Əgər cəmiyyət olaraq inkişaf eləmək istəyiriksə, yaxşı geyinən, yaxşı yeyib-içib və əylənən vassallar yığını deyil, səsinin sayıldığı və səsini tələb etdiyi, bunun üçün hər gün özünün məsuliyyətini dərk etdiyi xalq olmalıyıq. Bu yolda ən əsas məqam ictimai institulara verilməlidir. Bildiyimiz kimi, institutlar cəmiyyətin qarşılıqlı əlaqələrini formalaşdıran formal və qeyri-formal məcburiyyətlərdir, bir növü, oyun qaydalarıdır. Təəssüflər olsun ki, bu gün Azərbaycanda ki, oyun qaydaları rüşvət, yalan, korrupsiya, regionçuluq kimi reqressiv prinsiplər üzərində qurulub. Bunları dəyişdirmək bizim borcumuzdur, çünkü bu prinsiplər cəmiyyət tərəfindən artıq norm olaraq qəbul edilərsə, sonra onları de-legitimləşdirmək çox çətin olacaq. Əslində hər gün bizim inkişafımızın əleyhinə işləyir, çünki bu institutları yaradıb inkişaf etmək bir günün işi deyil və artıq cəmiyyət olaraq gecikirik.

- Müsbət dəyişikliklər istiqamətində gənclərin rolu nədən ibarət olduğunu hesab edirsiniz?

Məncə danışdığımız dəyişiklikləri əldə etmək üçün gənclərin rolu cox böyükdür. Hər bir cəmiyyətdə, gənclər sosial dəyişiliyin əsas damarı olublar, çünki adətən ən az gündəlik öhdəliyi olan və bəlkə də gələcəyə ən çox optimist elə gənclər olur elə. Bunun üçün, düşünürəm ki, gənclərimiz aktiv olmalıdırlar, fərqli olmaqdan, kiməsə “mən səninlə razı deyiləm” deməkdən çəkinməməlidirlər. Proqressiv cəmiyyətlər, həmişə fərqliliyin gətirdiyi üstunluklərlə inkişaf ediblər. Buna görə də, mən gənclərimizdə böyük potensial görurəm.

Çox istərdim ki gənclərimiz maariflənsinlər. Qoy savadlanmaqla, elm və intellektlə mücadilə etməyi seçsin gənclərimiz. Bir çox stereotiplərin, şişirdilmiş problemlərin aradan qaldırılması üçün həqiqətən də savadlı insanlara ehtiyac var.

Bundan əlavə, gənclərlə söhbət etdiyimdə, onlarda bir qorxu hissi olduğunu, özünə inam olmadığını görmuşəm. Məncə bunun əsas səbəbi azad cəmiyyətdə yaşamamağlarıdır. Gənclərimizi sərbəst görmək istərdim. Əgər biz bu gun nəisə dəyişdirə bilməsək, sabah gələcək nəsillərdə bu gün bizim yaşadığımız problemləri dəyişdirə bilməyəcəklər. Ona görə sərbəst olaq və heç vaxt azad düşünməkdən çəkinməyək.

- Yaxın 10 il ərzində dövlətimiz üçün hansı prioritetlər müəyyən edərdiniz?

Təəsüf ki, hökümətimiz inkişaf dedikdə ancaq ümumi daxili məhsulun artımından, neçə dənə körpu tikilibsə onun sayından və ya naməlum iş yerlərinin açılmasından danışırlar. Neftdən gələn sərvətin nə qədər xərcləməsi qədər necə xərclənməsi də çox vacibdir. Aristotelin dediyi kimi, var-dövlət əldə etmək istənilən əsas uğur deyil, o, başqa uğurları əldə edilməsi üçün olan vacib kiçik bir vasitədir. Buna görə də, müxtəlif sahələrə dövlətimiz xüsusi fikir verilməlidir, nəinki neftdən gələn pulun miqdarına.

Vacib sahələrdən biri təhsildir, çünkü təhsillə biz təkcə elm deyil, həmçinin vacib dəyərləri də aşılayırıq. Fikrimcə, təhsil sistemi ozəllişdirilməli, insanlara daha çox seçim imkanları yaradılmalıdır. Tələbələr müəllimin dediyini yazmaqda deyil, sinifdə sərbəst şəkildə müzakirə aparmağı, bir-birilə elmi dialoq aparmağı öyrənməlidirlər.

Bu gün, heç bir tələbə banklardan oxumaq üçün kredit götürə bilmir və bu qədər imkanlara baxmayaraq, müasir təhsil metodları (internet, e-kitabxana, video-konfrans) hələ də təhsil ocaqlarımıza gəlməyib. Tələbələrin bir çoxunun normal kitabxanaya və dünya ədəbiyyatına çıxışı yoxdur. Tələbə və şagirdlər üçün təhsil elm öyrənmək üçün deyil, diplom almaq üçün bir ritual və ya prosedur halına gəlib. Müəllimlərin iqtisadi problemlər, gündəlik çörək pulu qazanmaq üçün dəridən-qabıqdan çıxmaqları, onları elmi araşdırmalardan və innovasiyadan uzaqlaşdırıb. Bu problemlər aradan qaldırılmazsa, təhsilimizdə daha da kəskin problemlərlə qarşılaşa bilərik.

İqtisadiyyatımıza gəldikdə isə yəqinki diversifikasiya və qeyri-neft sektorunun inkişafının vacibliyini bir daha vurğulamaqa burda ehtiyac yoxdur. Əsas məsələ, yenə də institutisonal məsələdir. İndiyə qədər dünyada heç bir ölkə, qanun aliliyi olmadan, əmlak hüquqlarına əməl edilmədən uzun müddətli şəkildə stabil inkişaf etməyib. İqtisadi inkişafın stabil və davamlı olmağı üçün demokratiyanin bərqarar olması, müxtəlif dayaq institutlaın yaranması cox vacibdir. Bu da iqtisadi inkişafın təkcə maaşların çoxalması, həyat standartlarının yaxşılaşması deyil, əsas olaraq insanlar üçüb qeyri-maddi imkanlar yaradılması və onların azad iqtisadi seçim hüququ təmin olmasının vacibliyini göstərir. Bir sozlə, inkişaf azadlıq deməkdir. Bizim yaşam keyfiyyət səviyyəmiz ÜDM ilə deyil, bizim azadlığımızla ölçülməlidir. Həqiqi iqtisadi inkişaf azadlığa zidd ola bilməz. Əksinə, bu tam olaraq onun özündə və inkişafında vacib olan bir instrumental faktordur.

Son olaraq vurğulamaq istədiyim məqam budur - inkişafın əldə edilməsi üçün yeganə formula yoxdur. Hər xalq öz inkişaf və öz azadlıq yolunu seçir və burada hər ölkənin öz lokal institutları müxtəlif cür təsir edirlər. Amma bilinən fakt demokratiyanin həmişə cəmiyyət üçün daha vacib institutlar yaratmasıdır. İnkişaf azadlıqların gətirdiyi imkanlarla baş verir, əgər bizdə elementar azadlıqlar yoxdursa, hər hansı bir inkişafdan danışmaq üçün hələ çoz tezdir.

Bundan öncəki qonaqların müsahibəsinə buradan baxa bilərsiniz.

Gül bayramı günü gənclərin etirazının xronologiyası

Azərbaycan Neft Akademiyasında baş verən qanlı terror hadisəsi zamanı şəhid olan tələbələrin xatirəsinə matəm elan edilməməsi və əvəzində Gül Bayramı keçirilməsi gənclər tərəfindən etirazla qarşılandı.

10 may saat 11:00-dan etibarən ADNA ətrafına yaxın ərazilərdə və Milli Parkda gənclər toplaşmağa başladılar. Bir müddət sonra bulvara qara paltarlı, başlarına qara örtük bağlayan xanımlar daxil oldular. Sinələrində şəhid tələbələrin səkillərini gəzdirən xanımlara qəflətən polis nəfərləri hücum etdi.

Bir qrup gənc tərəfindən Milli Parkda saat 13:00 da keçirilməsi nəzərdə tutulan “Fit aksiyası” polisin Milli Parkı mühasirəyə alması səbəbindən Sahil bağına keçirildi. Təxminən 70 nəfər gəncin iştirakı ilə Gül Bayramını fitə basan gənclər “Terrora yox!”, “Matəm elan olunsun!” və “Azadlıq” şüarları səsləndirməyə başladılar. Qısa müddət ərzində bağa yüzdən artıq polis cəmləşdi. Bu dəfə də aksiyada iştirak edən xanımların saçlarından tutaraq maşınlara mindirdilər. Etiraz aksiyasının oğlan iştirakçıları isə polislər tərəfindən amansızlıqla döyüldü.

Polis maşınlarına mindirilən tələbələr orada da “Matəm elan olunsun!” və “Azadlıq!” şüarları səsləndirirdilər. Bu ərazidə tutulan 36 nəfər gənc Səbayel 39-cu polis bölməsinə aparıldı. 39-cu polis bölməsində olan tələbələr həbs edilən 2 xanımın - Şəhla Mustafayevanın və Aygün Quliyevanın yaralandığını söylədilər. 39-cu bölmənin polisləri bölmə qarşısına yığışan gənclərlə sərt rəftarı ilə seçilirdilər. “Yüksəliş naminə” qəzetinin əməkdaşı Elcin Həsənovun qarın nahiyəsinə təpiklə zərbə endirdi. E.Həsənov aldığı zərbədən huşunu itirdi. Tələbələr və yaxınlıqdakı sakinlər E.Həsənova yardım etdikdən sonra o özünə gəldi. Bölmədə isə həbs edilənlərdən ADP Gənclər Təşkilatının sədri Cəmil Haciyev polislər tərəfindən otaqların birinə aparılıb və onlar tərəfindən döyülüb.

Saat 13:00 radələrində Milli Demokratiya İnstitutunun rəhbəri Arien De Vulf, institutun əməkdaşı Rəşad Şirin və Nigar Fətəli, eləcə də AN şəbəkəsinin liderlərindən Emin Milli və onlarla bərabər olan 10-a yaxın gənc konservatoriya istiqamətindən ADNA qarşısına hərəkət edərək gül qoymaq istəyərkən polis tərəfindən saxlanılmış və Nəsimi rayon 22-ci polis bölməsinə aparıldılar. Həmin bölmədə 16 oğlan 6 qız olmaqla ümumilikdə 22 nəfər gənc saxlanılırdı.

Səbayel 9-cu polis bölməsində isə müxtəlif istqamətlərdə yürüş edən tələbələrdən ibarət 16 nəfərlik qrup həbs edilərək saxlanıldı.

Saat 17:00 radələrində saxlanılan bütün tələbə və gənclər azad edildi.

Lakin etiraz aksiyaları bununla bitmədi. 18:30 radələrində naməlum şəxs tərəfindən Nərgiz ticarət mərkəzinin üzərindən ticarət mərkəzinin qabağıda konsertə yığışan əhalinin başına “Hamı Qul Bayramına” yazılı vərəqələr tökməyə başladılar.

Saat 20:00 radələrində Dalğa Gənclər Hərəkatının 4 üzvü: Ramin Hacılı, Rövşən Nəcəfov, Emin Əliyev və Emin Rəsulzadə küçədə polislər tərəfindən saxlanılaraq 9-cu polis bölməsinə aparılmış və təxminən 2 saat sonra azad edilmişlər.

Saat 21:00 da Gül Bayramına həsr edilmiş konsert proqramını boykot etmək üçün 30-a yaxın gənc arxalarını səhnəyə çevirərək öz etriazlarını bildirdilər və konseri tərk etdilər.

Gənclər təşkilatları arasında futzal turniri başladı

May ayının 3-ü gənclər təşkilatları arasında 28 May - Müstəqillik Gününə həsr olunmuş futzal turnirininə start verilmişdir. Qeyd edək ki, gənclər təşkilatları arasında bu yarışma sayca ikincidir. Bu ilki yarışmada 5 gənclər təşkilatı – Amerika Məzunlar Assosiasiyası (AAA), Avropa Gənclər Forumu (AEGEE), Dalğa Gənclər Hərəkatı, NATO Beynəlxalq Məktəbi (NİSA) və OL! Azərbaycan Gənclər Hərəkatı iştirak edirlər. Bütün komandalar bir qrupda mübarizə aparırlar.

İlk turda ilk görüşü AAA və Dalğa komandaları arasında keçirildi. Görüş gərgin mübarizə şəraitində keçən matçda AAA 5:4 hesabı ilə qalib oldu.

İkinci görüş AEGEE və OL! komandaları arasında keçirildi. Bu oyun vurulan qolların bolluğu ilə seçildi. Oyun AEGEE gənclərinin 8:5 hesablı qələbəsi ilə başa çatdı.

İlk turdan sonra turnir cədvəli aşağıdakı kimidir:


KomandalarOyunQələbəHeç-heçəMəğlub.Top fərqiXal
AEGEE
AAA
NİSA
Dalğa
OL!

1
1
0
1
1

1
1
0
0
0

0
0
0
0
0

0
0
1
1
1

8-5
5-4
0-0
4-5
5-8

3
3
0
0
0



Azərbaycanda Mənəvi Seçim: “Böyük Lider üçün Güllər” yoxsa “Milli Matəm Günü”?

2000-dən artıq tələbə Bakı şəhərinin mərkəzində yürüşlərin keçirilməsinə qoyulmuş qeyri-rəsmi qadağaya etiraz edərək “Terrora Yox!”, “Korrupsiyaya Yox!” və “Milli Matəm Günü Elan Edin!” şüarları ilə mayın 1-də qanlı hücuma məruz qalmış universitetin yaxınlığında toplaşdı. Tələbələr günahsız tələbə və müəllimlərin həyatlarına son qoymuş Azərbaycan Neft Akademiyasında törədilmiş terror aktından dəhşətə gəlmişdi. Tələbələr bildirdilər ki, əgər onların tələbinə cavab verilməzsə və matəm günü elan edilməzsə, onlar mayın 10-da digər bir kütləvi nümayişə toplaşacaqlar. Mayın 10-u Azərbaycanın dünyasını dəyişmiş keşmiş prezidenti Heydər Əliyevin (indiki prezidentin atası) doğum günüdür və hökümət həmin gün terror aktının törədildiyi məkanın yaxınlığında açıq səma altında “Gül Bayramı” keçirməyi planlaşdırır. Hökümət matəm günü elan etməkdən imtina edir və əvəzinə “Gül Bayramı” təşkil etməklə “millətin xilaskarı”nın doğum gününü qeyd edir.

Bu təhqirdir? Bu etinasızlıqdır? Bu xudpəsəndlikdir? Bu bütün millətə hörmətsizlikdir? Sözügedən yürüşün videosu budur (1 may): http://www.youtube.com/watch?v=w3KyTslOP4E&feature=related

Şəkillər buradadır:http://www.facebook.com/inbox/readmessage.php?t=1163062595047&f=1&e=-12#/note.php?note_id=78033758285&id=42755346715&ref=nf

“Bütün zamanların ən böyük “lideri”ni mədh etmək üçün maliyyə böhranın davam etdiyi bir vaxtda güllər üçün bir gündə on beş (15) milyon manat vəsait xərclənəcəkdir. Müqayisə üçün qeyd edim ki, hökümət bu il xaricə təhsil almağa tələbə göndərmək üçün on (10) milyon manat xərcləməyi planlaşdırır.

Azərbaycandakı rejim onu öz qismətinə aparan yoldadır. Bu Martin Meredith-in “Afrika Dövləti” kitabında xatırlatdığı kimi “ən təhlükəsiz siyasi rejimlər”in bütün səhvlərini və yanlış idarəçilik metodlarını yadıma salır: http://www.facebook.com/note.php?note_id=69687976984 ,

o cümlədən, son İran Şahının keçdiyi yolu: http://www.youtube.com/watch?v=CDifaCVanaM&feature=PlayList&p=59D96999B552C4F4&index=0

Mayın 10-u Azərbaycan vətəndaşları və onun indiki rəhbərliyi üçün digər bir mühüm mənəvi seçim olacaqdır. Biz nəyi seçəcəyik?

Emin Milli (Bakı, Azərbaycan)

Savadlı və azad ruha malik olan cəmiyyəti manipulyasiya etmək çətindir

Təbib Hüseynov: Müasir dövrdə ən çox uğur qazanan cəmiyyətlər məhz o cəmiyyətlərdir ki, onlar çətinliklə üzləşəndə “xilaskar” lider axtarışına düşmürlər, bir araya gəlib demokratik müzakirə və konsensus quruculuğu ilə problemlərin həllinə çalışırlar

Bloqumuzun "5 sual - 5 cavab" rubrikası davam edir. Qeyd etdiyimiz kimi bu rubrikanın məqsədi Azərbaycan gəncliyinin müxtəlif simaları ilə bərabər cəmiyyətin indiki vəziyyəti və bu vəziyyətdən çıxış yollarını müzakirə etməkdir. İkinci qonağı Beynəlxalq Böhran Qrupunun (İnternational Crisis Group) Cənubi Qafqaz üzrə təhlilçisi Təbib Hüseynovdur.

- Özünüzü təqdim edin

Mən 29 may 1980-ci ildə Şuşa şəhərində anadan olmuşam. 1992-ci ildə Şuşanın işğalından sonra orta təhsilimi Bakıda davam etdirmiş və məktəbi bitirdikdən sonra 1997-ci ildə Dövlət İdarəçilik Akademiyasına (o zamanlar, Politologiya İnstitutu) beynəlxalq münasibətlər ixtisasına daxil olmuşam. 2002-ci ildə İdarəçilik Akademiyasını bitirdikdən sonra Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetinə daxil olmuş və 2003-cü ildə bu universiteti Beynəlxalq Münasibətlər və Avropaşünaslıq ixtisası və magist dərəcəsi ilə bitirmişəm.

Hazırda Beynəlxalq Böhran Qrupu (İnternational Crisis Group) adlı araşdırma mərkəzinin (think-tank) Azərbaycan və Cənubi Qafqaz üzrə təhlilçisiyəm. Əsas fəaliyyət istiqamətim Azərbaycanda və regionda baş verən prosesləri, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzuları araşdıraraq siyasi təhlil istiqamətli hesabatların və brifinqlərin hazırlanmasıdır. İndiki şəraitdə özüm siyasətdən uzaq durmağa çalışsam da, siyasi prosesləri, xüsusilə də beynəlxalq siyasəti izləmək və təhlil etməyi həmişə xoşlamışam. Bu baxımdan hesab edirəm ki, mən maraq dairəmlə peşəkar fəaliyyətimi uzlaşdırmaqla həyatımda kiçik uğur əldə etmişəm.

- Bir vətəndaş kimi cəmiyyətə necə fayda verirsiniz?

Deyirlər “öz həyatı boyunca hər bir kişi ağac əkməli, ev qurmalı və oğul böyütməlidir”. Mənim fikrimcə, bütün insanlara aid edilən bu köhnə deyim “yaxşı vətəndaş” necə olmalıdır sualına cavabı özündə tam əks etdirir: biz ətraf mühitimizə, dolayısı ilə bir-birimizə, qayğı ilə yanaşmalıyıq; biz həyatımız boyunca yaradıcı fəaliyyətlə məşğul olmalıyıq; və nəhayət, biz çalışmalıyıq ki, gələcək nəsillərimiz bizdən həm maddi, həm mənəvi cəhətdən daha üstün inkişaf pilləsində olsunlar.

Özüm haqqımda danışmaq o qədər asan olmasa da, mən hesab edirəm ki, mən həm öz peşəkar fəaliyyətimlə, həm də şəxsi həyatımla Vətənimə xidmət edir, onun rifahı və inkişafı üçün çalışıram. Peşəkar fəaliyyətim çərçivəsində mən çalışdığım təşkilatın hesabatlarının obyektiv və Azərbaycanın inkişafına yardım etməsi üçün əlimdən gələni etməyə çalışıram, tez-tez müxtəlif beynəlxalq tədbirlərdə iştirak edirəm, ara-sıra beynəlxalq mətbuatda Azərbaycanla bağlı yazılarım nəşr olunur.

Arada-bir müxtəlif mövzularda mühazirələr keçirirəm. Məsələn, bu yaxınlarda Diplomatik Akademiyada təhsil alan gənc diplomatlar üçün xalq diplomatiyasının əhəmiyyəti ilə bağlı seminar keçirmişdim. Seminar zamanı iştirakçılardan kimsə mənə cavab verdi ki, “siyasət çirkin işdir”. Mən bütün gücümlə həmkarımı inandırmağa çalışdım ki, siyasət çirkin iş olmaya da bilər, hər şey insanın öz əlindədir və yeni nəslin nümayəndəsi olaraq, o öz gələcək işinə “çirkin iş” kimi baxmamalıdır. Bilmirəm nə dərəcədə onu inandıra bildim, ancaq rəhmətlik Həsən bəy Zərdabi demişkən, heç olmaz ki, doğru söz yerdə qalsın.

- Cəmiyyətimiz haqqında nə düşünürsünüz?

Azərbaycanı və azərbaycanlıları qəlbimlə sevsəm də, cəmiyyətimizdə xoşuma gəlməyən çoxlu xüsusiyyətlər vardır: ikiüzlülük, yaltaqlıq, rüşvətxorluq, cahillik...siyahını uzatmaq olar.

Cəmiyyətimizdə geniş yayılmış bir neçə “müdrik sözlər” vardır ki, düşünürəm ki, onlara yenidən baxmağa ehtiyac vardır. Məsələn, hərdən eşidirik, “başını aşağı sal, heç kiminlə işin olmasın” və ya görürsən kimsə özünə bəraət qazandırmaq üçün deyir, “hamı necə, mən də elə”. Bu “müdrik sözlər” bizə mütilik aşılayır və eqoizmə sürükləyir. Onlar bir-birimizə qayğı göstərməkdən, müstəqil düşüncədən və təşəbbüskarlıqdan bizi çəkindirir. Bir misal çəkim: təsəvvür edin ki, kimsə yerə zibil atır. Ona nə üçün yerə zibil atdığını soruşduqda isə, cavab verir ki, “onsuz da ətraf zibillə doludur, bir mənim yerə zibil atmağımla nə dəyişir ki?”. Həmin adam anlamır ki, ətraf məhz ona görə zibilliklə doludur ki, hamı başqasına baxaraq hərəkət edir. Hər kəs ilk öncə öz hərəkətinə cavabdeh olmalıdır və öz şəxsi nümunəsi ilə digərlərini düz yola gətirməlidir.

Bizim ictimai şüurumuzda tam inkişafını tapmayan daha bir amil ictimai institutların zəifliyi ilə bağlıdır. Təsadüfi deyildir ki, biz kollektiv idman növlərində (məsələn futbolda) fərdi idman növlərinə (məsələn güləşə) nisbətən daha az nəticə göstəririk. Bizdə çox vaxt ictimai təşkilatlar, – dövlət qurumları, siyasi partiyalar, QHT-lər – bir nəfərin nəzarəti altında olur. Rəhbər deyil, təşkilat rəhbərdən asılı vəziyyətə düşür. Təşkilat daxilində demokratik mühit və demokratik yolla rəhbərin dəyişilməsi ənənəsi zəif inkişaf edib. Bu vəziyyətə bəraət qazandırmaq üçün birdən ata-babalarımızdan misal gətirirlər: “iki qoçun başı bir qazanda qaynamaz”. Bəli, bu sözlər bir “qoçu” rəhbər və qalanı “qoyunlardan” ibarət bir sürüyə aid edilə bilər, ancaq düşünmürəm ki, bu sözlər müasir şəraitdə effektiv fəaliyyət göstərən ictimai institutlara şamil edilsin. Müasir dövrdə ən çox uğur qazanan cəmiyyətlər məhz o cəmiyyətlərdir ki, onlar çətinliklə üzləşəndə “xilaskar” lider axtarışına düşmürlər, bir araya gəlib demokratik müzakirə və konsensus quruculuğu ilə problemlərin həllinə çalışırlar.

Doğrudur, bizim mənfi cəhətlərimiz çoxdur və öz üzərimizdə çox işləməliyik. Ancaq müsbət cəhətlərimizi də unutmamalıyıq. Mənim üçün bizim insanlar qədər ürəyiaçıq, istiqanlı və təbiətən xeyirxah ikinci xalq yoxdur. Çox vacibdir ki, cəmiyyətimizi yaxşı tərəfə dəyişdirməyə çalışarkən bizlər mənfi tərəflərimizlə yanaşı müsbət tərəflərimizi də qeyd edək.

- Müsbət dəyişikliklər istiqamətində gənclərin rolu nədən ibarət olduğunu hesab edirsiniz?

Məncə, bu gün Azərbaycan gəncinin özünə, ailəsinə və ölkəsinə göstərə biləcəyi ən böyük xidmət maariflənmədir. Gənclərimiz yaxşı təhsil almağa çalışmalıdırlar, tənqidi düşünməyi öyrənməlidirlər. Savadlı və azad ruha malik insanlardan ibarət olan cəmiyyəti manipulyasiya etmək daha çətindir və bəlkə də qeyri-mümkündür. Belə cəmiyyətdə şah qanun ola bilmir, qanun şah olur.

Gənclərin cəmiyyətdə müsbət rolunu artırmaq üçün onların dərsdən kənar vaxtlarında bir araya gəlməsi, aldıqları bilikləri bir-biriləri ilə paylaşması və birgə layihələr həyata keçirməsi çox vacibdir. Mən çox istərdim ki, gənclərimiz, inkişaf etmiş ölkələrdə olduğu kimi, ictimai layihələrdə könüllü olaraq daha çox iştirak etsinlər. Beləliklə onlar həm cəmiyyətə fayda vermiş olarlar, həm də gələcək karyeraları üçün iş təcrübəsi qazanmış olarlar. Əsas olan odur ki, gəncləri fəaliyyətə ruhlandıran amil yalnız maddi qazanc əldə etmək deyil, cəmiyyətə fayda vermək hissi olsun və işdir, bu iki istək arasında ziddiyyət yaransa, ictimai fayda vermək istəyi şəxsi qazanc əldə etmək istəyindən həmişə üstün olsun.

- Yaxın 10 il ərzində dövlətimiz üçün hansı prioritetlər müəyyən edərdiniz?

Qlobal anlamda, əlbətdə ki, əsas prioritetlər ərazi bütövlüyümüzün bərpası və qanunun aliliyinə söykənən demokratik dövlət yaratmaqdır. Ancaq bu ali məqsədlərə nail olmaq üçün daha spesifik sahələrdən başlamaq lazımdır.

Bu sahələrdən ən birincisi məncə təhsil sisteminin təkmilləşdirilməsidir. Təhsil sistemimiz korrupsiyadan və quru əzbərçilikdən yaxa qurtarmalıdır. Bütün fənlər üzrə bir dəftər ayırıb, bu dəftəri cibində qatlayıb ali təhsil müəssisəsinə gələn və müəllimin az qala hərif-hərif diktə etdiyi bir-iki səhifəlik “mühazirələri” alababat öyrənib ertəsi gün bu müəllimə danışan tələbədən gələcəkdə nə savadlı insan, nə də ölkəsi üçün faydalı vətəndaş olmaz. Təhsilin ali məqsədi nəyisə əzbərlətməkdənsə, tələbəni düşündürməyə sövq etmək olmalıdır. Düzgün qurulmuş təhsil sistemində sualın düzgün qoyuluşu düzgün cavab qədər vacibdir, çünki bir müdrik insanın dediyi kimi, insanın savadı onun cavablarından bilinirsə, müdrikliyi verdiyi suallardan bilinir.

Bundan əlavə, Azərbaycan dilində elmi və kütləvi ədəbiyyat qıtlığı vardır. Ədəbiyyatsız isə təhsil mümkün deyil. Keyfiyyətli kitabları biz hələ də rus və ya ingilis dilində əldə edə bilirik, bu dilləri bilməyən çoxluq isə, əsasən aşağı keyfiyyətli və köhnəlmiş ədəbiyyatla kifayətlənməli olur, nəticədə ya tamam oxumur, ya da şüuru köhnəlmiş ideyalar əsasında formalaşır. Azərbaycan dilində keyfiyyətli ədəbiyyat qıtlığı aradan qaldırılmalıdır və Azərbaycanın təhsil sistemi qabaqcıl dünya təcrübəsinə əsaslanaraq qurulmalıdır.

Yaxın on ildə həll edilməli digər vacib prioritet korrupsiyanın yığışdırılmasıdır. Korrupsiya mənəviyyatımızı çürüdən, bir-birimizə qarşı inamsızlıq yaradan və daxili birliyimizi pozan başlıca problemdir. Bu problemi yalnız yuxarıdan və yalnız hüquqi vasitələrlə həll etmək mümkün deyil. Korrupsiya bir çox hallarda öz hüquqlarını bilməməkdən əmələ gəlir. Odur ki, bu problemin həllində yenə də ictimai maariflənmənin rolunu vurğulamaq istəyirəm.

İqtisadiyyata gəldikdə, indi ölkə iqtisadiyyatının diversifikasiyasından və neftdən asılılığın azaldılmasından çox danışılır. Bunun üçün dövlət subsidiyalarının artırılması çıxış yolu kimi qeyd edilir. Məncə, bazar münasibətlərinə kobud müdaxilə edən rüşvətxorluğun və monopoliyaların aradan qaldırılması iqtisadiyyatımızın sağlam və dayanıqlı əsaslarla inkişaf etməsi üçün ən təsirli vasitə olardı. Azərbaycanın iqtisadi inkişafı üçün əslində çox şey lazım deyil, şükürlər olsun torpağımız bərəkətli, təbii resurslarımız bol, insanlarımız zəhmətsevərdir. Sadəcə olaraq insanlara mane olmamaq, onlara iş görməyə, öz potensiallarını tam üzə çıxarmağa imkan vermək lazımdır.

Ən ağrılı milli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli də məhz daxili birlik və daxili inkişafımızdan keçir. Bu münaqişəni bizim əvəzimizə heç kəs həll etməyəcəkdir və onun həll olunmamasının məsuliyyətini də üçüncü ölkələrin boynuna atmamalıyıq. Gələcəkdə Qarabağa təhlükəsiz və layiqli qayıdışımızı təmin etmək üçün biz ilk növbədə özümüz üçün təhlükəsiz və ləyaqətli, yüksək mədəni, iqtisadi və siyasi inkişafa nail olmuş bir cəmiyyət yaratmalıyıq.

Bundan öncəki qonaqların müsahibəsinə buradan baxa bilərsiniz.

Azərirok: Onanizm, çay və rok-n-rol

Keçən əsrin ortalarından bugünə qədər narazı və fərqli düşüncəli gənclərin öz etirazlarını ifadə etmək və cəmiyyəti düşündürməyə çalışan musiqi janrıdır. “Sex, drugs and Rock&Roll” (Seks, narkotik və rok-n-rol) – bu keçən əsrdə bütün dünyanı zəbt edən rok musiqisinin əsas sloqanı idi. Dünyada rok musiqisi beyinlərdə çevriliş edir, insanların həyat tərzinə çevrilirdi. Xippi hərəkatı, Parisdə tələbələr inqilabının ilhamlandıran, mübarizəyə çağıran, tabuları qıran Rolling Stones qrupu, “Pink Floydun” ironiyası, Con Lenon felsefesi idi. Bizdə isə... Nə isə bu haqqda şou – biznes dilində desək az sonra.

Azərirokun qısa tarixçəsi

Azərbaycanda rok rokerlərin dediyinə görə artıq 70-i illərdə bizdə rok var idi. SSRİ rok musiqisinin ensiklopediyasını yazan Artemiy Troitskiy öz kitabında Bakı roku haqqında yazmışdı ki: “Bütün SSRİ respublikalarında roka qarşı sərt təqiblər olub və demək olar ki, rokun ən az təqib olunduğu respublika Azərbaycan SSR olub”.

Demək Azərbaycan xalqı roku o vaxtlardan sevib, hansı ki həqiqiətdən çox uzaqdır. İkinci versiya bizim rokerlər roku o qədər bərbad gündə ifa edirdilər ki, hətta Sovet Hakimiyyəti və ayıq sayıq KQB - da buna rok deyə bilmirdi Hər halda, o vaxtlar bizdə “rok tipli” VİA - ların (vokal-instrumental ansambl) olmasını dana bilmərik. Nə olsun ki, onlar sadəcə qitarada nəsə dınqıldadan profanlar idilər.

Yenidənqurma dövründə yaranan etiraz dalğası bizdən də yan ötmədi. Amma “Maşına vremeni” ya da “DDT” kimi ideoloji və mövcud haqsızlığa qarşı olan mətnləri olan qruplarda yaranmadı. Bu dövrdə əfsanəvi “Yuxu” qrupu yarandı. Təəssüf olsun ki, bu qrup böyük geniş kütlə üçün yalnız “Xəzərin sahilində” mahnısı ilə tanışdır. Qrupun “Şər”, “Canlı meyit”, “İblis”, “Dünya dəyişmir” kimi altmətni olan və kütləyə yeni mesajlar verən mahnıları yalnız roksevərlərə məlumdur. “Yuxu” qrupu yarananda çoxları yeni bir rok dalğanın yaranacağına inanırdı. Amma “Yuxu” üç albom yazıb yuxuya pardon Türkiyəyə getdi. Və bu da son... “Yuxu” artıq yoxdur.

Müstəqillik dönəmində rok Azərbaycanda bir neçə illik durğunluq dövrünü yaşadı. Bu fonda 1992-ci ildə yaranan “Coldünya” qrupu 3-4 il Azərbaycan rok səhnəsində tək qaldı. 1996-cı ildə qrupun ilk albomu çıxdı. Coldünya qrupunun “Sehrbaz” mahnısı 1997-ci ildə BBC çartlarında 7-ci yeri tutmuşdu.

Bu illər ərzində bir günlük qruplar çox yarandı. Onların fəaliyyəti isə heç nə ilə yadda qalmadı. Klub konsertlərindən o tərəfə getmədi. Təbii ki, hər biri haqqında uzun uzadı yazmaq olar. Amma rok tarixçəmizə bir albom belə töhvə verməmiş qruplar haqqında yazıb yazını ağırlaşdırmaq istəməzdim. Şükür ki, iyirmi birinci əsrdə yaşayırıq və hər birimizin internetə çıxış imkanlarımız var.

Azəri rokunda ən məşhur qruplardan biri sozsuz ki, Evrovisiona getməyin bir addımlığında olan “Unformal” qrupudur. Bu qrup azərbaycanda rok haqqında məlumatı olmayan, amma televizor yeşiyi olan hər adama tanışdır. Uşaqlar “Sinq you sonq” yarışmasında, “Eurovision - 2008” seçim turunda iştirak etmişdilər. “Yuxu” və “Coldunyadan” fərqli olaraq onlar bir neçə mahnını çıxmaq şərti ilə, azərbaycan dilində oxumurdular. Üstünlük ingilis dilinə verilirdi. Qrup çox rəngarəng musiqiçilərdən ibarət idi. Basda qızın Fəridənin olması maraqlı idi. Qrupun solisti Rüstəm Məmmədov isə möcüzə idi. Onun xarizması və PR – menecer istedadı sayəsində qrup qısa zamanda çox pupulyar oldu. Ukraynalı prodüser Vitaliy Klimov (“Okean Elzı” qrupunun keçmiş qrodüsseri) ilə əməkdaşlıq və Ukraynada albom yazmaq üçün müqavilə imzalandı, qrup “Sırat körpüsü” filmi üçün sauntrek yazması qrupun ciddi hədəfləri olmasından xəbər verirdi. Və bir az inadcıllıq və zəhmətkeşlik olsa idi, onlar roku bir musiqi janr kimi azərbaycanda təsdiq edə bilərdilər. Amma yenədə azərbaycanda “hər bir işi türk kimi coşqu ilə başlayıb, ingilis kimi sona gətirə bilməmək” xəstəliyi onlarada yoluxdu. “Unformaldan” qrupun matoru Rüstəm Məmmədovun getməsi qrupu koma vəziyyətinə gətirdi, tabuta sonuncu mıxı isə qrupdan Looperin (gitaristin) getməsi vırdı. Heyif...

Gül əvəzinə kaktus ya da pubda yaşayan rok musiqi haqqında

Gürcüstanda yaşadığım dönəmdə ən çox həsəd apardığım bir şey var idisə bu da onların undegraund mədəniyyəti yarada bilməsi idi. Elə həftə yox idi ki, məni hansısa rok konsertə dəvət eləməsinlər. Məkanlarda əsil rokinrol sayağı idi. Bəzi məkanlarda stol stul əvəzinə yerlərə döşəkçələr atırdılar. Elektrik işığı söndürülmüşdü, şamlar yandırılmışdı, pulsuz punşu ofisiantla paylayırdı – daha doğrusu kiməsə verirdi o da bütün zal boyu ötürürdü, ifaçıda bizimlə bərabər gitarası ilə bardaş qurmuşdu. biz bardaş qurub slow – roka sanki meditasiya edirik kimi dinləyirdik. Həyatımda ən unudulmaz konsert məhz bu idi. Çünki musiqinin terapektiv, stressi atmaqda necə yardımçı olduğunu özüm üçün kəşf etdim.

Bakıya qayıdandan sonra yenidən bu hissi yaşamaq istəyirdim. Məlum oldu ki, artıq rokerlərin yığışdığı mədəniyyət sarayları, klublar ya sökülüb ya da ki, təmirə bağlanıb. Rok qruplar kaver-qruplar (məşhur qrupların mahnılarını oxuyan qruplar)cildində yaşayırlar. “Koldunya” qrupu pub (ing. bar) musiqisi anlayışı yarandı. 90 – cı illərin əvvəlində əcnəbi kompaniyalar Bakıya öz işçilərini dəvət edəndə pub mədəniyyəti inkişaf etməyə başladı. Meridian qrupunun solisti Orxanın sözlərinə görə, 90 cı illərin ortalarında xaricilər daha səxavətli idilər. Və rokerlər yaxşı pul qazanmağa başladılar. Publar xaricilərin hesabına fəaliyyət göstərir. Onlar çox içirlər. Pub medəniyyəti onların hesabına inkişaf edirdi. Ölkəmizə axışan əcnəbilər Bakıda bar mədəniyyəti yaratdılar və indi canlı musiqisiz bu tip barlar təsəvvür edilə bilməzdi. İndi rok musiqini ancaq və ancaq publarda dinləmək olar amma təəsüf ki, burda da qruplar öz mahnılarını deyil, məşhur qərb mahnılarına kaverlər oxuyurlar. Bu məlumatı rok sevərlərdən aldım. Yenədə hər zaman gözlərimə daha çox inandığım üçün birdə bizim insanların hər bir işə qulp qoymaq istedadını bilərəkdən cümə günü axşam hər şeyi özüm yoxlamaq qərarını verdim.
Seçdiyim Dörd pubda eyni mənzərə ilə rastlaşdım, siqaret tüstüsü ilə dolu bir kiçik zal əllərində böyük pivə bardaqları olan xaricilər dəstə ilə yığışıb həftə sonu iş həftəsinin stresini atır. Kimisi bilyard oynayır, kimisi puba qazanc dalıyca gələn dünyanın ən qədim peşə sahibələri ilə nə haqqdasa qızğın sohbət edirlər (birdəfə roker dostlarımdan biri demişdi ki, bu xanımlar ingilis dilini istənilən ingilis dili müəlliməsindən yaxşı bilirlər), bəziləri isə dərin mənalı sifət düzüb qoşub musiqiçilər ətrafında toplaşıb onlara dinləyir ya da rəqs edən xanımları izləyirlər, çox nadir hallarda özləridə rəqs edənlərə qoşulurlar. Təəsüf ki, dostlarımın dedikləri təsdiqləndi, burda rokçularımızın özləri yazdıqları musiqini ifa etmirlər, məşhur mahnıların kaverlərdir ancaq. Orxan da bunu təəsüflə elədiyini deyir. “Öz mahnılarımı ifa etmirəm. Müsbət tərəfi də var amma, sevdiyim mahnılarımı oxuyuram. Publarda olan kütlə ilə söhbət etməkdən zövq alıram. Yaradıcı insan üçün insanları onu dinləməsindən, ifa etdiyi musiqidən zövq almasından gözəl heçnə yoxdur”.

Bu publarda bəyənmədiyim bir şey isə xanımlara və xaricilərə giriş pulsuz idi. Azərbaycanlı oğlanlar isə giriş üçün 20 manat pul ödəməli idilər. Öz ölkəndə belə diskriminasiya ilə üzləşmək çox ircəng idi.
Səhnəsiz qalan rok musiqi...

Ferrum qrupunu solisti İlkinin sözlərinə görə isə, 2005 – dən sonra rok qruplar konsert verməyə yer tapmırlar. “Hal-hazırda BAKPORTda artıq konsert keçirilməsinə icazə yoxdur, Səttarxan adına mədəniyyət evi artıq bağlanıb və yaxın zamanlarda söküləcəyi gözlənilir, Şəhriyar mədəniyyət evinin isə qapıları remontdan sonra rok sevərlərin üzünə bağlanıb - İlkin”.

Hazırki rok konsertlər əsasən PUBlarda, klublarda və digər yerlərdə keçirilir. Digər yerlərə misal olaraq, Lal-karlaq cəmiyyətinin klubunu göstərmək olar, ilk dəfə rok konsertin afişasında konsertin məkanını oxuyanda bunun bir zarafat olduğunu düşündüm, ancaq təəsüflər olsun ki, bu acı bir həqiqət idi. Azərbaycan cəmiyyəti roku lal-karların arasına atıb. Hər halda lal-karların bizə roka qarşı tolerantlığı başa düşüləndir. Ya da ki rokumuzun seviyyəsi elədir ki, cəmiyyət ona qulaq asmaq və görmək istəmir.

Publardan danışıb 6 ay xidmət göstərən, ancaq həmişəlik yaddaşlarda qalan Hard Rock klubu haqqında yazmamaq günah olardı. Azərbaycan kinoteatrının yanında yerləşən klub 2007-ci ilin noyabrından 2008-ci ilin mayına qədər fəaliyyət göstərdi. Rok sevərlərin yığışdığı bu klub maliyyə problemləri ucbatından bağlanmalı oldu. Klubunu sahibi Emin Babayeva bu təşəbbüsünə görə dərin bir “çox sağol” deməmək günah olardı. Hər halda, o, gücü çatanı etdi. Meridian qrupunu solisti Orxanın fikrincə, Hard rock – pubı ona görə iflasa uğradı ki, ordakı kontinqent azərbaycanlılar idi. Onların maliyyə durumu başqa pablara gələn xaricilər kimi yaxşı olmadığı üçün onlar bütün gcə ərzində iki bardaq pivədən başqa heç nə sifariş etmirdilər. Beləliklə 6 ay ərzində demək olar ki hər həftə yerli rok qruplara istədikləri mahnıları ifa etməyə izn verən yeganə pub həmdə məhz rok pub bağlandı.

Musiqidə monopoliya

Rok musiqisi televidinyaya və radioyaya yol tapa bilmir. “Çardaq”, “Desident” verlişlərində bəzən rok qrupları görmək olur. Ancaq onları adətən roka yaxından və uzaqdan aidiyyatı olmayan mövzulara dəvət edirlər. Yadımdadır desidentin bir verlişi “keserevo” əməliyyatı ilə bağlı idi. Radiolarda isə rok qruplarımızın onlara radio rotasiya üçün təqdim etdikləri mahnıları kateqorik qəbul etmirlər. “Çünki rok dəbdə deyil. İndi hər yerdə muğamdır. Müğama yaşıl işıq yandırıblar. Başqa alternativlərə isə yol kəsilib. Bu təqribən ona oxşayır ki, Amerikada ancaq kantri janrı, Şotlandiyada valınka musiqi alətinə, rusiyada balalayka hər yerdə təlqin olunsun və başqa janrlara yaşamaq hüququ verilməsin ”.

Bugün

Rokçularımızın səhnə arxası həyatı...
Xan arağı və limon suyu, qreçka, onanizm və rokenrol... bu da bizim publarda çalışmayan rokerlərin həyat tərzi. Rok musiqi ilə pul qazanmaq mümkün deyil əgər sən kaverlər oxumursansa. Rokla məşğul olan əksəriyyətin ailələri ilə problemləri olurdu. Valideynlər övladlarını anlamır, onlara “ciddi işlə” məşğul olmaqları məsləhət görür, bəzən isə narkoman – damğası vurub evdən qovurdular. Bir vaxtlar evdəki təziqlərdən bezən rokerlərimiz indi əfsanəyə çevrilən bir əsgərliyə getmiş rəssamın çardağında yaşayırdılar. Demək olar ki, indi rok səhnəmizdə olan çox rokerlər həmin çardaqdan çıxıblar. Orda Xan arağı litrlərlə axırdı, menyuda qreçka və kolbasa olurdu adətən. Çardaqdan sperma və alkoqol iyi gəlirdi. Amma qəribədir ki, bu yerdə Azadlıq ruhu yaşayırdı. Amma Çardaq dövrü çox davam etmədi. Məişət rokerlərə qalib gəldi həm də rəssam əsgərlikdən döndü və bir illik rokenrol həyat tərzi məntiqi sonuna çatdı.
Ümumiyyətlə bizim rokerlər həyatlarının müəyyən dövründə orta statistik azərbaycanlının həyatına üsyan edirlər. Fərqli alternativ olmağa çalışırlar. Bu amma uzun çekmir. Kraliçə Məişət hər zaman bu savaşdan qalib çıxır. Rokçularımız isə bu üsyandan bezib orta statistik azərbaycanlıdan da mühavizəkar və boz, susqun birinə, ya emiqranta ya da alkaqolikə çevrilirlər.

Rokçular “Rokun – andeqraund olmasını” bu xalqın rok üçün hələ yetişmədiyini əllərində bayraq edib öz fəaliyyətsizliklərinə bəraət qazandırırlar. Rok niyə populyar deyil? Sualına hər zaman bir cavab var: televizora və radioya buraxmırlar. İctimaidə “Qaraj” verlişi və Ans – də “Desident” verlişi var idi. Və? Heç nə hər dəfə desident verlişinə baxanda mən sanırdım ki, bu verlişi desidentlik və rok anlayışnı gözdən salmaq üçün hazırlanır. Rok qrupun qonaqları bizim şou – bazarın nüməndələri idi. Unformal qrupunun ex - solisti Rüstəmin bir dəf dediyi söz heç vaxt yadımdan çıxmayacaq: “Mən yaradıcılığımla qışqırmaq istəyirdim ki, hamı oyansın. Oyandılar. Ondan sonra mən düşündüm, kaş ki heç bunu etməzdim”.

Bu da bizim rok. Bütün dövürlərdə nəyi isə çatışmayan rokumuz. Bəlkə rokun Azərbaycanda populyar olmamasında günahkar mentalitendir, yada dinləyici, televiziya, mədəniyyət nazirliyi? Bəlkə məhz musiqiçilərin özləri? Bəlkə də, bizim rok elə bizim cəmiyyəti əks etdirir. Bəlkə hər ikisinə səmimilik və sadəlik çatışmır?

Vəfa Cəfərova

Məqalənin əsli bu linkdə

Emin Millinin Kolumbia Universitetində çıxışı

Azərbaycanda Sülalə və Demokratiya:
Prezidentlik Müddətinə Qoyulan Məhdudiyyətləri Ləğv Edən Referendum

Emin Milli, Kolumbia Universitetində çıxış
15 aprel 2009

(OXU VE YAY)

Hörmətli professor Miçel, mən Sizə, Kolumbia Universiteti və Harriman İnstitutuna Azərbaycanda gedən son hadisələrə göstərdiyiniz maraq üçün təşəkkür etmək istərdim. Yanvarda mən BMT-nin qarşısında bu referenduma qarşı etiraz təşkil edib orada iştirak edəndə ailəmin ən yaxın üzvlərindən biri işdən çıxarıldı. Ona demişdilər ki, o, dövlət düşməninin qohumudur. Bu rejimə loyallıq göstərməkdən imtina edərkən və ya onların siyasətinə qarşı narazılıq ifadə edərkən bu, qarşılaşacağınız cəzanın ən yumşaq formasıdır. Ümid edirəm ki, alternativ fikirləri dinlədikləri üçün tədbirimizdə iştirak edənlərdən heç biri hər hansı bir cəza ilə qarşılaşmayacaq və onların qohumları işlərini itirməyəcəkdir.

1. Müsəlman dünyasının ilk demokratik Respublikasından adi monarxiyalı diktaturaya qədər

Azərbaycan keçən il ADR-nın, Müsəlman dünyasının ilk demokratik respublikasının yaranmasının 90-cı ildönümünü qeyd etdi. Bu tarixi günü qeyd etdiyimiz tarix 28 maydır. 90 il sonra Azərbaycan indiki prezident İlham Əliyevin atası keçmiş prezident Heydər Əliyevin sonsuz sayda heykəllərinin qoyulduğu bir ölkədir. Keçmiş DTK (KGB) generalı Ata Əliyev Sovet dönəminin sonuna doğru uzun illər bu ölkəni idarə etmiş və 1993-cü ildə yenidən hakimiyyətə gələrək 2003-cü ildə öləndən sonrada bir daha hakimiyyəti tərk etmədi. Onun ölkənin hər yerindəki minlərlə portretləri, bilbordları və heykəlləri rəsmi təbliğatın sevərək adlandırdığı kimi qüdrətli “ümummilli lider”i hər kəsin yadına salır.

Oğul Əliyev 2003-cü ildə polis və təhlükəsizlik qüvvələri tərəfindən gen-bol tətbiq edilən zorakılıqla müşayiət edilmiş saxtalaşdırılmış seçkilər nəticəsində atasının postuna varis oldu. Bu, keçmiş Sovet İttifaqı ərazisində qurulan ilk siyasi sülalə idi. Ölkədəki plakatların bəzisində “Müstəqil Azərbaycanın dünəni, bugünü və gələcəyi” şüarı ilə bir-birinin arxasında duran Heydər Əliyev, İlham Əliyev və Kiçik Heydər Əliyev (İlham Əliyevin kiçik oğlu) təsvir edilir.

Ənənəvi müxalifət partiyaları son onillik ərzində müxalif fəallara və tərəfdarlara rejimin hücumları və təzyiqləri nəticəsində çox kəskin şəkildə zəiflədilmişdir. 2008-ci ildə rəsmi nəticələrə görə İlham Əliyevin səslərin 89 faizini qazandığı ziddiyyətli prezident seçkilərini müxalifət boykot etdi. İlk demokratik respublikanın 90-cı ildönümünü qeyd etdiyimiz elə həmin il Azərbaycan hakimiyyəti qısa dalğalardan BBC, Azadlıq Radiosu və Amerikanın Səsi radio yayım xidmətlərini bağlamaq qərarı verdi. Bununla Azərbaycanlıların obyektiv informasiya mənbələrinə və ictimai maraq doğuran məsələlərlə bağlı debatlar üçün ümumi platformalara çıxışı xeyli məhdudlaşdırıldı.

2. Prezidentlik müddətinə qoyulan məhdudiyyətləri ləğv edən referendum

Martın 18-də keçirilmiş son referendum hakim rejimin hakimiyyəti öz əlində cəmləməsinin kulminasiyası oldu. Fikrimcə, bütövlükdə referendum legitim deyildi və o nə ədalətli, nə də qanunidir. Azərbaycan hakimiyyəti ömürlük prezidentlik üçün konstitusional qapılar açmaqla Çad, Uqanda, Zimbabve, Kamerun, Əlcəzair, Belarus, Özbəkistan və Venesuela kimi ölkələrin yolu ilə getməyə qərar verdi.

Bütövlükdə referendum Konstitusiyanın 29 maddəsinə dəyişiklik təklif etdi. Halbuki hər kəsə aydın idi ki, əsas məqsəd İlham Əliyevin ömürlük prezidentliyinə yol açmaq üçün prezidentlik müddətinin sayı ilə bağlı məhdudiyyəti aradan qaldırmaq idi. Öncə maddə 101.5 eyni şəxsə ardıcıl olaraq 2 dəfədən artıq prezident olmağı qadağan edirdi. Təklif edilən düzəliş isə bunu ləğv etməyi nəzərdə tuturdu. Konstitusiya Məhkəməsi Prezidentin doğum günü (24 dekabr 2008) yalnız 35 dəqiqəlik müzakirədən və Konstitusiyaya 29 dəyişikliyi təsdiqləyəndən sonra öz “qanuni həri”sini verdi. Bütün təklif edilən düzəlişləri müzakirə etmək və referendumun keçiriləcəyi günü təyin etməkdən ötrü Parlamentə cəmi bir-iki saat gərək oldu. Bu hal indiki rejimin məhkəmə və qanunverici hakimiyyətləri nə dərəcədə nəzarət altında saxladığını göstərir. Nəzarət eyni dərəcədə radio və televiziya stansiyalarının konstitusional dəyişikliklər də daxil olmaqla ictimai maraq doğuran məsələlərlə bağlı ciddi və dərin ictimai debatlar keçirməsini məhdudlaşdırır.

2008-ci il seçki kampaniyası zamanı nə İlham Əliyev, nə də onun vəkilləri mümkün referendum haqqında söz açmışdı. Odur ki, İlham Əliyev üçün səs verdikləri ehtimal edilən kəslər onun Konstitusiyaya düzəliş etmək planından xəbərsiz idi. Son prezident seçkilərindən bir ay sonra dedilər ki, hakim partiya (YAP) referendum təşəbbüsü irəli sürmək qərarı verib. Baxmayaraq ki hakim partiya heç bir partiya iclası keçirməmişdi. Heç mətbuat konfransı da olmamışdı. Kimin və necə qərar verməsi qaranlıq qaldı.

3. Avropa təcrübəsi və ya parlamentar və prezident rejimləri arasında çaşqınlıq?

Davosda Dünya İqtisadi Forumunda Reuters-ə verdiyi bir müsahibədə Prezident İlham Əliyev özünün prezidentlik müddətinə qoyulan məhdudiyyətləri ləğv etmək təşəbbüsünə Avropanın demokratik təcrübəsinə əsaslanmaqla haqq qazandırdı. O dedi “Siz elə bir Avropa Birliyi üzvü tapa bilməzsiniz ki, onun lideri xalqının onu öz postunda istədiyi qədər seçilməyə bilməsin. Bu demokratikdir? Bəli. Odur ki, eyni hal Azərbaycana tətbiq edilməlidir”. Hakim partiyanın əsas arqumenti - xalqın eyni adamı istədiyi qədər seçmək üçün demokratik hüququnun məhdudlaşdırılmaması - Avropa Şurasının Venesiya Komissiyasının hüquqi rəyində rədd edildi (13-14 mart 2009). Prezident İlham Əliyevin və onun hüquqşünaslarının müasir Avropa hüquqi düşüncəsi və idarəçilik təcrübəsi haqqında bəzi məlumat alması üçün budur həmin hüquqi rəydən bir hissə:
“….Bu səbəbdən, eyni şəxsin prezidentliyi həddən artıq müddət üçün tutmaq imkanı olması faktından çıxış edərək demokratiya üçün mənfi nəticələr riskini məhdudlaşdırmaq məqsədilə ardıcıl prezidentlik müddətlərinə konstitusional məhdudiyyətlər qoyulması nəzərdə tutulur.
Həmçinin, arqument gətirilir ki, Baş Nazirin təyin edilməsinə heç bir müddət məhdudiyyəti mövcud deyildir. Bu, hər halda, prezident (və ya yarımprezident) rejimi ilə çətin ki müqayisə edilə biləcək fərqli bir hüquqi vəziyyətdir. Parlamentar rejimdə Baş Nazir daima parlamentar əksəriyyətdən dəstək almalıdır, lakin prezident rejimində bu, prezident üçün eyni hal deyildir. Odur ki, sonuncu sistemdə şəxsi faktor daha güclüdür. Bundan başqa, Baş Nazir Dövlət Başçısı deyildir. Dövlət Başçısı mövcud olduğundan müxtəlif dərəcədə olsa belə Baş Nazirin səlahiyyətləri məhduddur. Bu səbəbdən, parlamentar sistemdə fəaliyyət göstərən Baş Nazirin əlində səlahiyyətlərin şəxsən cəmlənməsinə şirniklənmə daha azdır. Nəticə etibarilə, demək olar ki, parlamentar mexanizmlər adətən Baş Nazir vəzifəsində demokratik rotasiyanı təmin edir, ancaq belə mexanizmlər aydındır ki, onların prezidentə təsir etməsinə şamil edilmir.
Demokratik strukturların və onların mədəni təfsirlərinin hələ möhkəmlənmədiyi ölkələrdə prezidentin ardıcıl seçilmə müddətlərinə qoyulan dəqiq konstitusional məhdudiyyətlər xüsusilə vacibdir. Venesiya Komissiyasının rəyinə görə, Konstitusiyanın 101(V) Maddəsindəki hazırkı məhdudiyyətin aradan qaldırılması Azərbaycanda möhkəmlənmiş demokratiyaya gedən yolda ciddi bir əngəl ola bilər..."



4. Prezidentin Andı

İstehzalı olsa da, referendumun rəsmən elan edilmiş nəticələrinə baxmayaraq İlham Əliyev təkrar prezident seçilə bilməz. Yenicə dəyişiklik edilmiş maddə növbəti prezident seçkilərindən başlayaraq tətbiq edilməlidir. İlham Əliyev artıq 2 dəfə seçilib. O, ikinci müddətə seçiləndə Konstitusiyada yuxarıda göstərilən məhdudiyyət mövcud idi. İlham Əliyev and içərək xalqın qarşısında həmin məhdudiyyətə tabe olacağına söz verib. Ona yenidən təkrar seçilməyə icazə vermək yeni edilmiş düzəlişin geriyə tətbiqi demək olardı. Bu isə həm artıq təşəkkül tapmış qanunun geriyə qüvvəsinin olmaması prinsipinə, həm də konstitusiyanın hazırlanması tarixinə ziddir.

Konstitusiyaya 1995-ci ildə düzəliş ediləndə ona şərti maddələr daxil idi. Maddə 3 nəzərdə tuturdu ki, prezidentlik müddətinə qoyulan məhdudiyyətlər Konstitusiyanın qüvvəyə minməsindən sonra seçilən prezidentə şamil edilir. Bu səbəbdən Heydər Əliyevin faktiki birinci müddəti (1993-1998) konstitusional olaraq birinci hesab edilmədi. Bu o deməkdir ki, layihə hazırlayanlar geriyə tətbiq edilə bilməmək prinsipini açıq-aydın nəzərdə tutmuşdular. Bir daha qeyd etmək istərdim ki, İlham Əliyev hal-hazırda öz prezidentliyinin ikinci müddətini xidmət etməkdədir və yeni maddə qanun nöqteyi-nəzərindən ona tətbiq edilə bilməz.

5. Azərbaycanda demokratik dəyişiklik perspektivləri

Mütəxəssislərin əksəriyyəti neft və qaz erasının sonu çatmadan ən yaxın gələcəkdə Azərbaycanda hər hansı bir siyasi dəyişiklik perspektivi haqqında çox pessimistdir. Ermənistanın təcavüzü və Azərbaycan torpaqlarının işğal altında olması ölkədə demokratik inkişafla bağlı daha da mürəkkəblik və pessimizm yaradır.

İqtisadiyyatın inhisarlaşması və dünyada korrupsiyanın səviyyəsinə görə ölkənin birinci yerlərdən birini tutması müxtəlif sektorlu və davamlı iqtisadı sistemin qurulması üçün hər hansı imkanın qarşısını alır. Rejimi dəstəkləyən klanların loyallığını satın almaq və korrupsiyanın sistemin əsası və oyun qaydası olduğu bir mühitdə yaşayıb sağ qalmaq üçün korrupsiya ilə korlanmağa məcbur edilmiış əksər vətəndaşları özünə bağlamaq məqsədilə rejim korrupsiya sistemindən istifadə edir (korrupsiyaya icazə verilir, korrupsiya cəzalandırılmır). Müxalif qüvvələri qorxutmaq və müstəqil sosial qrupların formalaşmasının qarşısını almaq üçün rejim öz repressiya aparatını genişləndirir və gücləndirir. Nəticədə, mövcud status-kvoya meydan oxumağa qadir alternativ siyasi baxışları təqdim etmək üçün olduqca məhdud məkana malik tərk-silah edilmiş bir cəmiyyətlə qarşılaşırıq.

Indiki siyasi rejimin sabitliyi xüsusilə yüksək neft və qaz qiymətlərindən asılıdır. Azərbaycan artmaqda olan neft gəlirləri hesabına (2006-cı ildə ÜDM artımına görə rekord həddinə çatdı - 34.5%) dünyanın ən sürətlə artan iqtisadiyyatlarından birinə çevrilmişdir, halbuki o həm də dünyanın ən çox korrupsiyaya uğramış ölkələrindən biridir: Şəffaflıq Beynəlxalq 2008-ci il Korrupsiya Qavrama İndeksinə görə Azərbaycan 180 ölkə arasında 158-ci yerdədir. Mütəxəssislər Azərbaycanı “resurs lənət”inə düçar olmuş və hazırda onun bütün mənfi təsirlərinə məruz qalan bir ölkə kimi xarakterizə edir.

Azərbaycanın büdcəsinin ixrac gəlirlərinin təxminən 90%-i təbii mineral ehtiyatların ixracatından və ya neft və qazla bağlı infrastrukturdan formalaşır. Hazırkı siyasi rejimin arxasında heç bir davamlı və müxtəlif sektorlu iqtisadi sistem dayanmır. Bu isə sözügedən rejimi zəif və hər cür gözlənilməz dəyişikliklərə həssas edir. Oxşar hallar Afrika və Latın Amerikasındakı (eləcə də İndoneziya, İran və s.) “ən salamat siyasi rejimlər”in tarixində müşahidə edilmişdir. “Böyük Şəxsiyyət” siyasətinin tarixi Azərbaycanın indiki rejiminin təbiəti və onun gələcəyinin potensial taleyi haqqında bizə çox şeylər deyə bilər.

Ölkədə artan neft və qaz ixracı gəlirləri və azalan demokratik təsissatlar və qüvvələr arasında müəyyən bir əlaqə var. Əgər belədirsə, onda həmçinin güman edə bilərik ki, neft və qaz gəlirləri azaldıqca qızğın neft istehsalından sonrakı illərdə demokratik inkişaf şansları daha da artır. Bu meyli anlamaq və azalan neft və qaz istehsalı erasında demokratik dəyişikliyin yeni diskursunu formalaşdırmaq çox vacibdir.

Dalğaçı gənc universitetdən qovuldu

Keçən həftə Dalğa Gənclər Hərəkatı cənub regional ofisinin rəhbəri Pərviz Əzimovun təhsil aldığı Lənkəran Dövlət Universitetindən xaric edildiyi haqda bəyanat verdi.

Bəyanatda qeyd edilib ki, P.Əzimov bu günə qədər göstərdiyi fəaliyyətə və yazdığı məqalələrə görə dəfələrlə universitet rəhbərliyi tərəfindən təqib və təzyiqlərə məruz qalıb. Nəhayət, 13 mart tarixində qondarma ittihamla Pərviz Əzimov Lənkəran Dövlət Universitetindən xaric edilib.

Pərviz Əzimov adı gedən universitetin dördüncü kursunda təhsil alır və bu günə qədər universitetdə heç bir problem yaşamayıb. Bəyanatda bildirilir ki, təhsili ilə bağlı heç bir bəhanə tapa bilməyən universitet rəhbərliyi ona qarşı qondarma təxribat təşkil edərək, guya universitet daxilində dava saldığını əsas gətirərək universitetdən xaric edib.

Pərviz Əzimov bir ay öncə qovulsa da, olayla bağlı məhz indi bəyanat yaymalarıyla bağlı qaynar.info-nun sualını cavablandıran Dalğa GH-nın sədri Vəfa Cəfərova bildirdi ki, bu müddət ərzində, müxtəlif instansiyalara, qurumlara, millət vəkillərinə problemlə bağlı müraciət edərək, məsələnin həllinə çalışıblar: "Lakin bu addımlar heç bir nəticə vermədi".

P.Əzimovun qovulmasına səbəbi “Cənub xəbərləri” qəzetində onun hazırladığı "Lənkəran Dövlət Universitetində Korrupsiya qalmaqalı" adlı məqalə olduğu güman edilir.

"Ay müəllim!" - tələbənin imtahanöncəsi düşüncələri

Ay müəllim, sən tələbələri sev!
Ay müəllim, tələbə bitki deyil, heyvan deyil!
Ay müəllim, sən tələbələrə ictimai, emosional varlıq kimi yanaş!
Ay müəllim, tələbə rəmzi mənada bir fabrik məhsuludur!
Ay müəllim, elə tələbə istehsal elə ki, sabah həm əmək bazarında, həm də vicdan bazarında rəqabətədavamlı olsun!
Ay müəllim, Al Paçinonun baş rolda oynadığı “Qadın Ətri” filminə baxın!

Siz təhsilimizdə olan problemləri çox yaxşı bilirsiniz. Çox yaxşı bilirsiniz ki, bu gün təhsildə tələbənin ruhu öldürülür, filmdə Al Paçinonun dili ilə desək “Tələbənin ruhu edam edilir, məhv edilir”. Tələbə bu günün və gələcəyin lideridir, tələbə bu günün və gələcəyin məmuru, fikir daşıyıcısı, nüfuz daşıyıcısıdır. Tələbənin ruhunu öldürməyin, tələbədəki liderlik entuziazmını boğmayın, tələbədəki müsbət emosiyanı, müsbət ehtirası, fərqliliyi öldürməyin.

Sevin tələbəni, tələbəni istehsal edib bu cəmiyyətə buraxın. Tələbəni o qədər keyfiyyətli istehsal edin ki, həm əmək bazarında, həm də mənəvi cəhətdən vicdan bazarında rəqabətədavamlı olsun. Tələbədə müəllimliyə, yazıya, müstəqil araşdırmaya və nəhayət ictimai nüfuz dayışıcısı olmağa həvəs oyadın, motivasiya oyadın.

Bu gün gənclərimizdə gələcəyə ümid, özlərinə inam, istək və iradə yoxdur. Hər bir cəmiyyətin inkişafı üçün saydığım mənəvi amillərin olması çox vacibdir. Yoxdur çünki təhsil bunu tələbələrdə boğur. Siz deyəndə xarici universitetlərin birində universitetlərin birində dərs demisiniz mən çox sevindim, siz deyəndə liberal nəzəriyyənin tərəfdarısız mən çox sevindim. Ona gorə sevindim ki, ABŞ da təhsil alan əksər insanlar yaradıcı olurlar, fərqli olurlar, fincanın həm o tərəfinə, həm bu tərəfinə müxtəlif rəngli prizmalardan baxa bilirlər. Təəssüflər dərs prosesində bunu sizdə görmədim. Ona görə sevindim ki, liberal nəzəriyyənin tərəfdarısız. Tədricən gördüm ki, siz əslində liberalizmi bir nəzəriyyə kimi qəbul edirsiniz və liberalizmi həyat tərzinə çevirməmisiniz. Siz biz gənclər kimi əslində çox həssassınız, özünüz-özünüzlə qeyri səmimisiz çünki liberalizmi yaşamırsız, çünki liberalizmin qəbul etdiyi dəyərləri tələbələrə aşılamırsınız.

Ay müəllim, fikirləşə bilərsiniz ki, mən bunları bilirəm, amma təəssüflər dəyişmək mümkün deyil. Bu bir bəhanədir. Siz gərək özünüzü dəyişəsiniz, siz gərək özünüz liberalizmi səmimi olaraq həyat tərzinə çevirəsiniz, siz gərək ABŞ da qazandığınız bilikləri toz basmış zirzəminizdən çıxardıb tələbələrlə olan tədris prosesinə tətbiq edəsiniz. Sizin özünüzü dəyişməniz üçün gərək daxilinizdə hər bir insanda olmalı olduğu kimi vicdan böhranı yaşayasınız. Özünüz dəyişməsəniz, sosial yenilik, sosial dəyişiklik heç bir zaman gətirə bilməyəcəksiniz. Özünüzü dəyişməsəniz tələbələrlə səmimi ola bilmərsiniz.

Mən sizə inanıram, mən özümə inanıram, mən gələcəyə inanıram və çox ümidliyəm. Mən inanıram ki, siz daxilinizdə mən dediklərimi bölüşürsünüz və bu ağrını yaşayırsınız. Mən inanıram ki, siz bir saat 48 dəqiqə 39 saniyə sonra olacaq imtahanda mənim qiymətimi aşağı salacaqsınız, amma digər tələbələri incitməyəcəksiniz. Bunu yazıram ki, tələbə müəllim arasında virtual ünsiyyət yaransın.
Bizlərə ümid verin, bizlərdə gələcəyə inam, istək və buna çatmaq üçün iradə oyadın!

Bizləri sevin, bizləri qoruyun, bizləri vicdanlı ictimai varlıq kimi bu cəmiyyətə, gələcəyə hazırlayın.

Bizlərdə köhnə standartları dağıdıb, yeni standartlar yaratmaq istəyi oyadın!

Ruslan Əsədov

Qeyd: Ruslan bu məktubu intahanöncəsi yazazaq müəllimin masasının üzərinə qoymuşdur. Müəllimə etiraz etmək istəyirsənsə, bu vasitəni səs də istifadə et.