Showing posts with label AEmehkeme. Show all posts
Showing posts with label AEmehkeme. Show all posts

Bloqqerlərin məhkəməsi təxirə salındı

3.10.2009

Gənc bloqqerlər - Emin Milli və Adnan Hacızadənin oktyabrın 13-nə təyin olunmuş məhkəməsi təxirə salındı. Buna səbəb prosesdə iştirak etmək üçün xəbərdarlıq edilən “Lebanese” restoranının sahibəsi Şahzeynəb Rüstəmova və zərərçəkənlərin məhkəməyə gəlməməsi idi.

Bundan başqa, Səbail rayon 9-cu polis bölməsinin məsul köməkçisi, şahid kimi dindirilməli olan Sənan Məmmədov da məhkəmədə iştirak etmirdi.

Hakim isə bildirdi ki, Şahzeynəb Rüstəmova və zərərçəkənlərə bir daha rəsmi məlumat göndəriləcək ki, növbəti məhkəmə prosesinə gəlsinlər, çünki onların prosesdə iştirakı vacibdir.

VƏKİLLƏR ETİRAZLARINI BİLDİRDİLƏR

Bloqqerlərin vəkilləri prosesin uzanmasına etirazlarını bildirərək, hakimdən zərərçəkənlərin prosesə məcburi gətirilməsi barədə qərar çıxarmasını istədilər. Hakim isə zərərçəkənlər Babək Hüseynov və Vüsal Məmmədovun nümayəndələrinin də məhkəmədə olmadığını əsas gətirərək dedi ki, əgər onlar növbəti prosesə də qatılmasalar, həmin iclasda məcburi gətirilmə məsələsinə baxılacaq.

Prosesdən sonra Emin Milli və Adnan Hacızadəyə valideynlərilə görüşməyə icazə veridi. Təxminən 45 dəqiqəlik görüşdən sonra valideynlər AzadlıqRadiosuna dedilər ki, övladları saxlanma şəraitindən şikayətlənmirlər. Amma bloqqerlər məhkəmə prosesini “tamaşa” adlandırıblar.

“YUXARIDA HANSISA SSENARiST OTURUB YAZIR”

Valideynlər özləri isə hələ də onlara övladları ilə davamlı görüş verilməməsindən və prosesin uzadılmasından narazıdırlar. Adnan Hacızadənin atası Hikmət Hacızadə:

- Bir balaca davaya görə iki aydır məhkəmə gedir. Nəyə görə məhkəmə iki həftə sonraya təxirə salındı? Bu iki həftəyə nə olacaq? Yuxarıda hansısa ssenarist oturub yazır, hansısa səhifə xoşuna gəlmir, cırır təzədən yazır.

Emin Millinin valideynləri isə hətta oktyabrın 14-ü oğullarının ad günündə belə onunla görüşə icazə verilməməsindən şikayətçidirlər.

Emin Milli və Adnan Hacızadə iyulun 8-də “Lebanese” restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Prosesdə zərərçəkənlər kimi tanınan Babək Hüseynov və Vüsal Məmmədov isə ifadələrində deyiblər ki, iyulun 8-də “Lebanese” restoranında Emin Milli və Adnan Hacızadə, həmçinin onlarla bir masada oturanlar söyüş söyüblər. Onlar buna etiraz edəndə dava düşüb və həmin masada oturanlar Vüsal Məmmədovla Babək Hüseynova hücum ediblər.

Bloqqerlərin növbəti məhkəməsi oktyabrın 27-nə təyin olunub.

http://www.azadliq.org/content/article/1850437.html

Emin Milli: “İstintaq həmişə bizə qarşı qərəzli olub”

09.10.2009

Adnan Hacızadə ifadəsində onu da deyib ki, hadisədən əvvəl “Vüsal Məmmədovu evimizin qarşısında görmüşəm”.

Daha sonra Emin Milli ifadə verib. O bildirib ki, “istintaq həmişə bizə qarşı qərəzli olub”.

Bundan sonra hakim prosesə gəlməyən polis əməkdaşlarının ifadələrinin elan olunmasını istəyib. Müdafiə tərəfinin vəkilləri isə buna etirazlarının bildiriblər. Belə olan halda hakim həmin polislərin məhkəməyə gəlmələri üçün onlara bir daha teleqram göndəriləcəyini bildirib.

Bununla da növbəti proses başa çatıb.

Oktyabrın 13-ü saat 3-də məhkəmə davam edəcək.

***

Prokuror Adnan Hacızadəyə suallar verir.

***

Adnan Hacızadə məhkəmədə deyib ki, o özünü pasifist hesab edir və heç vaxt zorakılıq tərəfdarı olmayıb.

O, Vüsal Məmmədovla Babək Hüseynovu heç kimin vurmadığını deyib:

“Onlar 9-cu Polis Bölməsində bizdən xahiş elədilər ki, onları bağışlayaq. Mənim təhsilim, tərbiyəm və əxlaqım imkan vermir ki, kiməsə əl qaldıram”.

Adnan Hacızadə deyib ki, tibb eksperti onun burnunu yoxlamayıb.

Ekspertin rəyində Adnan Hacızadənin burnunun sınmadığı və yüngül xəsarət aldığı deyilir.

Adnan Hacızadə: “Mənim qana batmış köynəyim sübut kimi istifadə olunmayıb”.

Bu arada müdafiə tərəfi vəsatət verib ki, Vüsalla Babək haqqında verilmiş ekspert rəyi sübut növü kimi qəbul olunmasın. Çünki ekspertizanın rəyi saxtadır.

Hakim vəsatəti baxılmamış saxlayıb.

***

Emin Milli və Adnan Hacızadə 39-cu Polis Bölməsinin qarşısında çəkilən şəkillərini hakimə göstəriblər.

Bundan əvvəlki proseslərdə şahid qismində ifadə verən polis əməkdaşları demişdilər ki, Emin Milli və Adnan Hacızadəni hadisə baş verən gün “Livan” restoranından onlar aparıblar.

Gənclər isə bunun belə olmadığını, 39-cu Polis Bölməsinə özlərinin getdiklərini bildirmişdilər.

***

Məhkəmə başlayandan sonra vəkil Elton Quliyev çıxış edərək tibbi eksperti Məcid Məmmədovun verdiyi rəyin saxta olduğunu bildirib.

Hazırda isə Adnan Hacızadə ifadə verir.

***

Bu gün saat 15-00-da Səbail rayon Məhkəməsində gənc bloqqerlər – Adnan Hacızadə və Emin Millinin işi üzrə proses davam edir.

Vəkil İsaxan Aşurov AzadlıqRadiosuna bildirib ki, bugünkü məhkəmə iclasında təqsirləndirilən şəxslərin ifadəsi dinləniləcək.

Adnan Hacızadə və Emin Mİlli bu il iyulun 8-də “Livan” restoranında baş verən münaqişədən sonra həbs ediliblər.

Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

http://www.azadliq.org/content/article/1847332.html

Hakim gənclər barədə həbs qərarını dəyişmədi

07.10.2009

Oktyabrın 7-də Səbail rayon Məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəməsi davam edib. Prosesdə gənclərin vəkilləri vəsatət qaldıraraq Emin Milli və Adnan Hacızadə barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini və bunun girovla əvəzlənməsini hakimdən xahiş ediblər.

Dövlət ittihamçısı isə Cinayət Prosessual Məcəllənin 121.3-cü maddəsini əsas gətirərək deyib ki, yeni dəlillər olmadan artıq bir dəfə rədd edilmiş vəsatət yenidən qaldırıla bilməz. Ona görə də, məhkəmədən bu dəfə də vəsatəti təmin etməməyi xahiş edib.

Hakim vəsatətə baxmaq üçün prosesdə fasilə elan edib və geri qayıdanda vəsatətinin rədd olunduğunu bildirib.

Daha sonra prosesdə məhkəmə eksperti Məcid Məmmədov ifadə verib. Ekspertdən rəyindəki latın terminlərinin izahı soruşulub. Daha sonra rəyin mahiyyəti üzrə vəkillərin suallarını cavablandırıb.

Məcid Məmmədov deyib ki, verdiyi rəyi təsdiq edir. Ancaq o, rəyindəki şübhəli məqamlara dolaşıq cavablar verib.

Məsələn, deyib ki, baş-beyin silkələnməsi ilə adi beyin silkələnməsi arasında fərq var. Vəkil Elton Quliyev isə deyib ki, bu, tibbdə yenilikdir.

Vəkillər ekspertə irad tutublar ki, hadisədən dərhal sonra Vüsal Məmmədova həkimin verdiyi rəydə baş-beyin silkələnməsinin əlamətləri ilə bağlı heç nə göstərilməyib. Amma ekspertin bundan təxminən 10 saat sonra verdiyi rəydə həmin əlamətlərin olduğu göstərilib. Onlar bu ziddiyyəti aydınlaşdırmağı ekspertdən xahiş ediblər. Ekspert isə deyib ki, Vüsal Məmmədova verdiyi rəydə onun bu xəsarəti nə vaxt aldığını dəqiq deyə bilməyəcək.

EKSPERT GÖRMƏDİYİNİ RƏYƏ SALIB

Zərərçəkən Vüsal Məmmədovla bağlı ekspert rəyində onun xəsarət alandan sonra ambulator müalicə olunması yazılıb. Buna açıqlama gətirən ekspert Məcid Məmmədov ambulatory müalicə ilə bağlı əlində heç bir sənəd olmadığını, bunu sadəcə, Vüsal Məmmədovun şifahi deməsi əsasında rəyə saldığını bildirib. Vəkillərin “Vüsal Məmmədovun qulağının qanamasını şəxsən görmüsüzmü” sualına cavabında da ekspert deyib ki, bunu rəyə sadəcə, xəstəlik taxində yazıldığına görə salıb, şəxsən özü görməyib.

Daha sonra vəkillər “Livan” restoranının sahibəsi Şahzeynəb Rüstəmovanın şahid kimi dindirilməsini istəyiblər. Hakim isə deyib ki, xəstəxanadan sənəd gəlib ki, Rüstəmova ötən ay əməliyyat olunub və prosesə gələ bilməyəcək.

Vəkillər Adnanla Emin döyüləndən sonra onların yanında olan daha 7 şahidin də dindirilməsini vacib hesab eləyiblər. Ancaq hakim bu 7 nəfərdən yalnız birinin - Rəşadət Axundovun dindirilməsinə razılıq verib.

SINMIŞ STƏKANLAR

Rəşadət Axundov isə ifadəsində deyib ki, Adnanla Emini xəsarət almış vəziyyətdə görüb. O, Vüsal Məmmədovu 9-cu polis bölməsində gördüyünü və onun xəsarət almadığını da bildirib. Rəçadət Axundov onu da deyib ki, hadisə baş verəndən sonra «Livan» restoranına dostlarının orda qalmış əşyalarını geri götürməyə qayıdıblar. O zaman restoranın inzibatçısı onlardan hesabı ödəməyi istəyib. Hesaba mübahisə zamanı sındırılmış stəkanların pulu da salınıb. Gənclər həmin stəkanları qarşı tərəfin sındırdığını bildirib və bu pulu ödəməkdən imtina ediblər. Restoranın inzibatçısı da bu iradla razılaşıb və sınmış stəkanların pulunu gənclərdən almayıb.

Daha sonra vəkillər zərərçəkənlər Vüsal Məmmədovla Babək Hüseynovun növbəti prosesə gəlməsini də istəyiblər. Hakim də zərərçəkənlərin nümayəndəsindən bu xahişi təmin etməyi istəyib.

Bununla da bugünkü proses başa çatıb.

Növbəti proses oktyabrın 9-u saat 3-də olacaq.

Gənc bloqqerlər – Adnan Hacızadə və Emin Mİlli bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər.

Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

http://www.azadliq.org/content/article/1845538.html

Bloqqerlərin növbəti məhkəməsinə ekspertlər gətiriləcək

01.10.2009

Oktyabrın 1-də Səbail rayon Məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəmə prosesinin növbəti iclası keçirilib.

ŞAHİD ŞƏKİLİ GÖRƏNDƏN SONRA BÖLMƏNİ XATIRLADI

Məhkəmədə şahidlər ifadə veriblər. Öncə Səbail rayonu 39-cu polis bölməsində növbətçi köməkçisi vəzifəsində çalışan Fərid Hüseynov dindirildi. O, təqsirləndirilən Adnan Hacızadə və Emin Millini tanımadığını, onların hadisə baş verən gün 39-cu bölməyə gəlmədiklərini bildirdi. Həmçinin əlavə etdi ki, təqsirləndirilən şəxslər bölməyə heç bir şikayət ərizəsi də təqdim etməyiblər. Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri şahidin ifadəsini təkzib edən fotoşəkillər – Adnan və Eminin xəsarət almış şəkildə 39-cu polis bölməsində çəkilmiş fotoşəkillərini hakimə təqdim etdilər. Şahid də həmin fotoşəkillərin çəkildiyi məkanın məhz 39-cu polis bölməsi olduğunu təsdiqlədi.

Prokuror vəkillərin bu hərəkətinə etiraz etdi. Hakim fotoların araşdırılacağını bildirdi.

Daha sonra vəkillər növbəti prosesə rəy verən ekspertlərin gətirilməsini istədilər. Məhkəmə bildirdi ki, növbəti iclasda ekspertlər iştirak edəcəklər.

«ONDA BUNU İSTİNTAQ EDİB»

Vəkillər onu da bidirdilər ki, əvvəlki ifadələrində zərərçəkən kimi təqdim olunan Babək Hüseynovla Vüsal Məmmədov hadisədən sonra heç bir KİV-ə münasibət bildirmədiklərini deyiblər. Amma day.az saytında onların müsahibələri və Vüsal Məmmədovun xəsarət almış formada şəkli yerləşdirilib. Vəkillər iddia edirlər ki, əgər zərərçəkmişlər mətbuata məlumat verməyiblərsə, onda bunu istintaq edib və müstəntiq buna görə cavab verməlidir.

Daha sonra Səbail rayonu 9-cu polis bölməsinin əməkdaşı Rövşən Hüseynov şahid kimi dindirildi. Dedi ki, hadisə baş verən gün Adnan və Emin də daxil olmaqla 5 nəfəri bölməyə polis əməkdaşları gətirib: «Təkcə Adnan xəsarət almışdı. Təcili yardım çağırdıq, sonra onlar dındırıldılər». Rövşən Hüseynov onu da dedi ki, şikayət ərizəsi ilə bölməyə yalnız Babək və Vüsal müraciət ediblər.

Şahid kimi dindirilən Səbail rayonu 39-cu polis bölməsinin əməliyyat müfəttişi Murad Səlimov da dedi ki, həmin gün onların bölməsinə heç bir şikayət ərizəsi daxil olmayıb və Adnanla Emini də bölmədə görməyib. Vəkil İsaxan Aşurov yenidən şahidin bu ifadəsini təkzib edən fotoşəkillər təqdim istədikdə dövlət ittihamçısının şikayəti əsasında hakim bunun qarşısını aldı və bildirdi ki, həmin fotoşəkillərin sübut kimi qəbul olunub-olunmaması məsələsinə baxılacaq.

ŞAHİDLƏR VÜSALLA BABƏKİ BÖLMƏYƏ GÜLƏ-GÜLƏ, XƏSARƏTSİZ GƏLDİKLƏRİNİ GÖRÜBLƏR

Daha sonra bloqqerlərlə birlikdə restoranda olan gənclər – Nurəddin Babayev, Bəhram Əhmədli və Ülvi Həsənli dindirildilər. Hər üç şahid münaqişəni qarşı tərəfin törətdiyini bildirdilər. Şahidlərin dediyinə görə, onlar öz aralarında söhbət edən zaman arxa masadan söyüş eşidiblər. Amma buna reaksiya verməyiblər. Daha sonra Vüsalın başı ilə Eminə zərbə vurduğunu, Adnanın Emini müdafiə etməyə cəhd göstərdiyi zaman onun da Vüsal tərəfindən zədə aldığını bildirdilər. Şahidlər xəsarət alan Adnan və Eminin əvvəlcə 39-cu polis bölməsinə, daha sonra 9-cu polis bölməsinə getdiklərini, bölmədə fotoşəkillərinin çəkildiyini təsdiqlədilər. Bəhram Əhmədli onu da dedi ki, həmin gün Vüsalla Babəki 9-cu bölməyə gülə-gülə, xəsarətsiz gəldiklərini də görüb.

PROSES OKTYABRIN 7-DƏ DAVAM EDƏCƏK

Ülvi Həsənli də həmin gün 9-cu polis bölməsində hazırda özünü zərərçəkmiş kimi təqdim edənləri tam sağlam şəkildə gördüyünü bildirdi. Ülvi Həsənli isə onu da əlavə etdi ki, Babək Hüseynovla üzləşdirilən zaman ondan restoranda birinci kimin kimə yaxınlaşdığını soruşub. Babək də ilk olaraq özlərinin bloqqerlər olan masaya yaxınlaşdığını bildirib. Ülvi isə Babəkin şifahi ifadəsi ilə yazılı ifadəsinin üst-üstə düşmədiyini istintaqa bildirəndə Babək dediklərini təkzib edib.

Ülvi Həsənlinin ifadsindən sonra hakim oktyabrın 1-nə olan prosesi başa çatmış élan edib. Növbəti iclas oktyabrın 7-ə təyin edildi.

Prosesi beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri də izləyirdi. Amerika səfirliyindən Terri Devidson, millət vəkillərindən Pənah Hüseyn də prosesi izləyənlər arasında idi.

Gənclər iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər.

Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Məqalənin əsli burada

Yalançı şahidləri 6 aydan 6 ilə qədər həbs gözləyir

30.09.2009

Gənc bloqqerlər Adnan Hacızadə və Emin Millinin məhkəməsində ittiham tərəfinin əksər sübutları təsdiqini tapmır. Adnan Hacızadənin atası Hikmət Hacızadə deyir ki, artıq ittiham aktı işdə zərərçəkən kimi tanınan Vüsal Məmmədovla Babək Hüseynovun ifadələrindən asılı vəziyyətdə qalıb. Onun fikrincə, bu ifadələr də başqa şahid ifadələri ilə təsdiq edilmədiyindən işin qurama olduğu üzə çıxmaqdadır.

SABUN KÖPÜYÜ YOXSA TUTARLI SÜBUTLAR?

Vüsal Məmmədovla Babək Hüseynov ifadələrində bildirmişdilər ki, hadisənin baş verdiyi zaman «Livan» restoranında iki əcnəbi qadın olub və Adnan Hacızadə orada söyüş söydüyündən ondan sakit olmalarını istəyiblər.

Ancaq Hikmət Hacızadə yada salır ki, həmin vaxt restoranda iki əcnəbi qadının olmasını başqa heç bir şahid ifadəsi təsdiq etmir. Hətta məhkəməyə ifadə verən polislər belə bu barədə heç nə deməyiblər. Üstəlik, polislərin ifadəsində nə Adnan Hacızadə və Emin Millinin zorakı əməlləri, nə də Vüsal Məmmədovla Babək Hüseynovun xəsarət almaları ilə bağlı nəsə var:

- Onda müstəntiq nədən müəyyən edib ki, bu iki gənc günahkardır? O birilərin ifadəsi bir-birinə ziddir və müdafiə tərəfi bu ifadələri alt-üst edən sübutları məhkəməyə təqdim edəcək.

Polis ifadələri işdə zərərçəkən kimi təqdim edilən insanların ifadələrini təsdiq etməsə də, müdafiə tərəfi onların da çıxışından narazı qalıb. Hikmət Hacızadə bildirib ki, müstəntiq və yalançı şahid ifadələri ilə bağlı məhkəməyə şikayət etmək niyyətindədirlər.

6 AYDAN 6 İLƏ QƏDƏR HƏBS

Azərbaycanın Cinayət Məcəlləsinə görə, zərərçəkən və ya şahid bilərəkdən məhkəməyə yalandan ifadə verirsə, onu 6 aydan 6 ilə qədər həbs gözləyir. Hüquqşünas Fuad Ağayev deyir ki, bloqqerlərin işində Hikmət Hacızadə də yalançı şahid ifadələri ilə bağlı məhkəmə iddiası qaldıra bilər:

- Məhkəməyə gələn hər bir şahid ifadə verməkdən imtinaya və bilərəkdən yalan ifadə verməyə görə məsuliyyətlə bağlı xəbərdar edilir. Bununla bağlı dilindən iltizam da verir. Əgər məhkəmədə sübut olunsa ki, yalan ifadə bilərəkdən olub və qərəzli xarakter daşıyır, onun haqqında məsuliyyət qaldırıla bilər.

Ancaq Fuad Ağayevin sözlərinə görə, hələ Azərbaycanda elə belə bir halla rastlaşmayıb ki, hüquq-mühafizə əməkdaşları yalandan qərəzli ifadə verdiklərinə görə məsuliyyətə cəlb edilsinlər. Bununla belə, müdafiə tərəfi əmindir ki, əgər ədalətli məhkəmə araşdırması aparılacaqsa, işin qurama olduğu üzə çıxacaq və gənclər azadlığa buraxılacaqlar.

GƏNCLƏRİN AZADLIĞI ƏDALƏTLİ MƏHKƏMƏDƏN ASILIDIR?

«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, yalnız müstəqil məhkəmələrdə ədalətli araşdırma nəticəyə təsir göstərə bilər. Onun fikrincə, müstəqil olmayan məhkəmələrdə siyasi işlərin nəticəsi icra hakimiyyətinin sifarişindən asılı olur:

- Sadəcə, gənc bloqqerlərin həbsi bütün dünyada ciddi təpki ilə qarşılandı və Azərbaycan hökumətinə təzyiqlər artdı. Bu mənada gənclərin hansısa formada azadlığa buraxılacağına ümid bəsləmək olar.

Azər Rəşidoğlu düşünür ki, indi ittiham tərəfinin arqumentlərinin alt-üst olunmasının hər şeydən çox ictimai əhəmiyyəti var.

Məqalənin əsli burada

Bir məhkəmə iclası da arxada qaldı...

29.09.2009

Adnan Hacızadənin atası Hikmət Hacızadə AzadlıqRadiosuna deyib ki, yalançı şahidləri və müstəntiqi məhkəmə icraatına cəlb etmək istəyir. O, yalançı şahidlər dedikdə, bu gün məhkəmədə ifadə verən polisləri nəzərdə tutub.

Onun sözlərinə görə, Emin Milli və Adnan Hacızadə döyüldükdən sonra bölməyə özləri getdikləri halda, polislər məhkəmədə bunun əksini iddia eləyiblər.

Hikmət Hacızadə məsələ ilə bağlı yerli və beynəlxalq hüquqşünaslarla məsləhətləşəcəyini deyir.

***

Bütün arzu edənlər, o cümlədən bəzi jurnalistlər prosesə buraxılmadılar. Məhkəmədə nəinki diktafon və fotoaparatdan istifadəyə imkan verilmədi, hətta mobil telefondan sosial şəbəkələrə mesaj göndərənlər belə prosesdən çıxarılırdılar.

Proses gedə-gedə bir neçə nəzarətçi insanlara nəzarət edirdilər ki, kimsə kənara informasiya ötürməsin. Həmin adamların ya telefonları söndürülür, ya da prosesdən çıxarılırdılar.

Bəzi şahidlərin, o cümlədən polislərin ifadələri zalda gülüşə səbəb oldu. Ona görə də həm hakim, həm də nəzarətçilər zaldakı insanlardan nizam-intizama riayət eləməyi tələb etdilər.

Müdafiə tərəfi ilə ittiham tərəfi arasında şahidlərin dindirilməsi ilə bağlı tez-tez mübahisə yaranırdı. Tərəflər bir-birindən şahidlərə yönəldici suallar verməməyi tələb eləyirdilər.

Vəkil İsaxan Aşurovun şahidlərə Emini Milli ilə Adnan Hacızadənin xəsarət aldığını əks etdirən fotoşəkillərini göstərməsi dövlət ittihamçısının qəzəbinə səbəb oldu.

Həmin fotolar gənc bloqqerlərin istintaqın iddiasının əksinə olaraq polisə özlərinin getdiyini göstərirdi.

Dövlət ittihamçısı vəkilə irad tutdu ki, bu şəkillər sübutların siyahısına aid edilməyib, ona görə də şahidlərə göstərilməməlidir.

Vəkil Elton Quliyev isə dedi ki, heç bir qanunda göstərilməyib ki, sübutlar prosesin əvvəlində təqdim edilməlidir, bu, prosesin gedişində də edilə bilər:

«Bizim məqsədimiz ədalətli araşdırmaya nail olmaqdır».

***

Proses qurtardıqdan sonra məhkəmə binasının qarşısında Emin Milli ilə Adnan Hacızadəyə azadlıq tələbi ilə şüarlar səsləndirilib.

***

Proses bu günlük yekunlaşdı. Növbəti məhkəmə baxışı oktyabrın 1-i saat 3-ə təyin edildi.

***

Daha sonra bloqqerlərlə birlikdə restoranda olan Orxan Qafarlı ifadə verdi. O, ifadəsində deyib ki, «biz restoranda oturmuşduq, axırda Adnan Hacızadə gəldi. Adnanın gəlməyindən beş-on dəqiqə sonra Babək və Vüsal gəldi. Oturub söhbət edirdik. Vüsal yaxınlaşdı. Eminə dedi ki, nə deyirsən? Emin dedi ki, heç nə demirəm, biz söhbət eləyirik. Sonra Vüsal Emini kəllə ilə vurdu. Adnanı da vurdu. Babək isə söyüş söyməyə başladı. Sonra biz getdik 39-cu Polis Bölməsinə. Bölmədən bizə dedilər ki, ora bizim ərazimiz deyil. Gedin Səbailə, dedik ki, uşaqlar yaralıdırlar, gedə bilmirik, zəng elədilər, polis maşını gəldi. Polis maşını ilə 9-cu Polis Bölməsinə getdik. Bizi ekspertizaya apardılar. Vüsalla Babək orda bizdən xahiş elədilər ki, bir səhvdir eləmişik, bizi bağışlayın. Sonra müstəntiq elan elədi ki, siz saxlanılırsız, onları da buraxdılar».

Daha sonra digər şahid Pərviz Atayev də ifadə verib.

***

Prosesdə dindirilən «Livan» restoranının aşpazı Araz Allahverdiyev belə ifadə verib: «Mən içəri girdim. Mənə dedilər ki, içəridə dava düşüb. Gördüm bir nəfər yıxılıb. Bir nəfər də ayaqüstədir. Mən ayaqüstə olanı arxadan qucaqladım. Amma bilmədim ki, ayaqüstə olan kimdir, yıxılan kim».

AzadlıqRadiosunun məhkəmədəki müxbiri xəbər verir ki, aşpaz Adnanla Eminlə baxıb «bunları tanımıram, bəlkə də onlar idi, bəlkə də yox. İçəri yarıqaranlıq idi. Sonra müdiriyyət gəldi və mən işimin arxasınca getdim» - deyib.

Polislərdən Zahid Daşdəmirov isə ifadəsində deyib ki, «həmin gün Suriya prezidenti Bakıya gəlirdi, biz əraziyə nəzarət eləyirdik. «Livan» restoranının qarşısından keçəndə bir nəfər bizə dedi ki, içəridə davadır. Girdik içəri, gördük ki, Eminin ayağı cızılıb, Adnanın da burnu qanayıb, dəsmalla tutmuşdu. Biz bu iki nəfəri və Orxanı (Qafarlı -B.B.) götürüb polisə gəldik».

Bu zaman gənc bloqqerlərin vəkilləri sual veriblər: Siz içəri girəndə kimlərsə dalaşırdılarmı?

Polis deyib ki, «mən dalaşanları görmədim. Restoranın sahibi mənə dedi ki, iki stoldan bir-birilərinə bakal atıblar. Mən də yerdə şüşə qırıntıları gördüm».

Vəkillər soruşublar ki, «niyə məhz bu üç nəfəri polisə apardınız?».

Zahid Daşdəmirov buna izah verə bilməyib.

İfadə verən başqa bir polis - Bəşir Bəşərov isə deyib ki, «gördük bunlar xəsarət alıblar, dedik, xəsarət alıblarsa, bunlar dalaşıblar, ona görə apardıq».

Hər iki polis etiraf eləyib ki, içəridə bu iki nəfərdən başqa xəsarət alan görməyiblər.

Bu vaxt prokuror Zahid Daşdəmirovun yadına salıb ki, «sən ifadəndə yazmısan ki, Babək adlı bir nəfər qarnını tutub divara qısılmışdı».

Zahid Daşdəmirov isə deyib ki, «mən xatırlamıram, əgər ifadəmdə yazmışamsa, deməli, elə olub».

***

«Twitter»də yerləşdirilmiş daha bir məlumata görə, ATƏT-in Bakıdakı nümayəndəsi məhkəmə prosesinə qoşulmaq niyyətindədir.

***

«Twitter» sosial şəbəkəsində yerləşdirilmiş məlumata görə isə, hazırda polis əməkdaşları şahid qismində dindirilir.

***

«Facebook» sosial şəbəkəsində yerləşdirilmiş daha bir məlumatda isə deyilir ki, «Lebanese» restoranının sahibi prosesdə deyib ki, Adnanla Emini həmin gün restoranda görməyib.

***

«Facebook» sosial şəbəkəsində yerləşdirilmiş məlumatlara əsasən, hazırda prosesdə şahidlər dindirilir.

***

Bu gün Səbail rayon Məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəməsi başlayıb.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər.

Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Məhkəmə binasının önündə isə toplaşanların sayı artır.

Məqalənin əsli burada

Bloqqerlərin növbəti məhkəmə iclası necə keçdi...

18.09.2009

Proses başa çatandan sonra hakim gənclərlə valideynlərinin və yaxınlarının görüşməsinə icazə verib.

Proses sentyabrın 25-də davam edəcək.

***

«MƏN NƏ SÖYÜŞ EŞİTMİŞƏM, NƏ DƏ HÜNDÜRDƏN DANIŞIQ»

Restoranda çalışan ofisiant qız ifadəsində deyib xidmət etdiyi zaman restoranda nə söyüş, nə də hündürdən danışıq eşidib:

«Mən xidmət elədiyim zaman nə söyüş eşitmişəm, nə də hündürdən danışıq. Sadəcə musiqi səsi gəlirdi…»

***
MƏHKƏMƏDƏ RESTORANDA ÇALIŞAN OFİSİANT QIZ İFADƏ VERİB

O, hadisə baş verəndə içəridə 9 nəfərdən (Emin Milli, Adnan Hacızadə və dostları, həmçinin Babək Hüseynov, Vüsal Məmmədov) başqa şəxslər olmadığını deyib.

Məlumat Twitter sosial şəbəkəsinə yerləşdirilib.

Əvvəlki ifadəsində V.Məmmədov bildirmişdi ki, o Adnanın qızların yanında söyüş söyməsinə irad tutmasından sonra mübahisə yaranıb.

***

«ƏRİZƏ ONA DEYİLİR Kİ, POLİS DEYİR SƏN DƏ YAZIRSAN»

Sentyabrın 18-də Səbail rayon məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəməsində zərərçəkən Babək Hüseynov ifadə verib.

O, idmanın güləş növü ilə məşğul olduğunu bildirib. O, iyulun 8-də «Lebanese» restoranında Adnanın söyüş söydüyünü eşidib və onu nəzakətli olmağa, susmağa çağırıb. «Bu vaxt Emin gəlib Vüsalı vurdu».

Emin Milli ona sual verib:
- Vüsal mənə nə dedi ki, onu vurdum?
- Dedi ki, lazım deyil.
- Elə buna görə…

B.Hüseynov hadisə ilə bağlı polisdə ərizə yazdığını bildirib.

Vəkil Elton Quliyev:
- Ərizə nəyə deyilir?
- Ərizə ona deyilir ki, polis deyir sən də yazırsan.

B.Hüseynov onu bildirib ki, Adnan onu vuranda yıxılıb və burnu zədələnib: «Burnu harasa dəydi, mən vurmadım».

O, səhəri günü Vüsalla birlikdə ekspertizaya, daha sonra çayxanaya getdiklərini bildirdi. «Çayxanada Vüsal özündən getdi, mən də onu xəstəxanaya apardım».

Digər vəkil İsaxan Aşurov B.Hüseynovun hansısa KİV-ə müsahibə verməsi ilə maraqlanıb. O, heç bir yerə müsahibə vermədiyini deyib.

«Lebanese» restoranın müdiri İlkin Əlizadə ifadə verib. O, hadisə zamanı restorana 40-50 manat ziyan dəydiyini söyləyib və həmin zərərdən şikayətçi olmadığı deyib. İ.Əlizadə yalnız stolların aşdığını və bir neçə boşqabın sındığını əlavə edib.

Müdir hadisə zamanı təqsirləndirilən və zərərçəkmişlərdən əlavə içəridə bir neçə ingilis qonağın olduğunu xatırlayıb. Ancaq onların qadın və ya kimi olduğunu yadına sala bilməyib.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu bildirirlər.

http://www.azadliq.org/content/article/1825995.html

Adnan Hacızadə hakimə «təşəkkür» etdi

18.09.2009

Adnan Hacızadə məhkəmə zalında barmaqlar arxasındakı stulların dəyişdirilməsinə görə hakimə təşəkkür edib. Bu barədə məhkəmə zalından kimsə Twitter sosial şəbəkəsində məlumat yerləşdirib.

Həmin məlumatda o da bildirilir ki, zərərçəkən Babək Hüseynov deyib ki, restoranda Adnan Hacızadə onu itələyərkən yıxılıb və burnu zədələnib.

B.Hüseynov hadisə barədə polisə şikayət ərizəsi yazdığını deyib. Ərizədə nə yazıldığını soruşduqda isə o bildirib ki, «polis nə deyibsə, onu da yazıb».

Biz bu məlumatların nə qədər dəqiq olduğunu bilmirik.

Məhkəmədən hazırda hansısa informasiya almaq mümkün deyil.

GƏNC BLOQQERLƏRIN MƏHKƏMƏSİ BAŞLADI

Sentyabrın 18-də Səbail rayon məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəmə prosesi başlayıb.

AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, məhkəmə salonuna əlavə stullar qoyulub. Buna görə də əvvəlki prosesdə olduğu kimi məhkəmənin qarşısı qələbəlik deyil.

Bu dəfə ki məhkəmə iclasında beynəlxalq təşkilatların təmsilçiləri ilə yanaşı daha çox xarici jurnalist iştirak edir.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu bildirirlər.

http://www.azadliq.org/content/article/1825869.html

Gənclərin valideynlərinin iddiaları təmin edilmədi

18.09.2009

Emin Milli və Adnan Hacızadənin valideynlərinin iddiaları təmin edilmədi.

Sentyabrın 18-də Səbail Rayon Məhkəməsində işə baxan hakim Elnur Həsənov belə qərar verib.

Gənclərin valideynləri qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Valideynlər istintaq müddətində övladları ilə görüşə icazə vermədiyi üçün Səbail rayon Polis İdarəsinin müstəntiqi Ziya Əliyevi məhkəməyə vermişdilər.

Adnanın atası Hikmət Hacızadə müstəntiqdən görüşə icazə verilməyən hər gün üçün 20 manat təzminat tələb edirdi.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

http://www.azadliq.org/content/article/1825762.html

Bloqqerlərin məhkəməsi sentyabrın 18-də davam etdiriləcək

16.09.2009

Sentyabrın 16-da Səbail rayon məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəmə prosesi davam edib.

Gənc fəalları məhkəməyə gətiriblər.

Prokuror Ceyhun Kərimov ittiham aktını oxuyub. Prokuror bildirib ki, iyulun 8-də Emin Abdullayev (Milli) və Adnan Hacızadə Bakının mərkəzində «Livan» restoranın bir neçə şəxslə dava ediblər. Dava nəticəsində Vüsal Məmmədov və Babək Hüseynov adlı şəxslər döyülüb.

Daha sonra zərərçəkənlər kimi təqdim olunan Babək Hüseynov və Vüsal Məmmədov ifadə veriblər.

Onlar deyiblər ki, iyulun 8-də «Livan» restoranında bir qız müştərinin qonşu masaya acıqla baxdığını müşahidə ediblər. Sonra bəlli olub ki, həmin masadakı Emin Milli və Adnan Hacızadə, həmçinin onlarla bir masada oturanlar söyüş söyürlər.

Vüsal Məmmədov və Babək Hüseynov buna etiraz edəndə dava düşüb, həmin masada oturanlar onlara hücum ediblər. Onların dediklərinə görə, onlar Adnan Hacızadə və Emin Milliyə barışıq təklif ediblər, amma Milli və Hacızadə barışığı qəbul etməyiblər, polisə şikayət ediblər.

Qarşı tərəfin vəkilləri soruşanda ki, o halda niyə şikayət edən şəxslər dəmir barmaqlıqlar arasındadır, zərərçəkənlər cavab verə bilməyiblər.

Məhkəmə prosesi sentyabrın 18-də davam etdiriləcək.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyir.

http://www.azadliq.org/content/article/1824268.html

Zərərçəkənin ziddiyyətli ifadələri hakimi də güldürdü

16.09.2009

Sentyabrın 16-da Səbail Rayon Məhkəməsində bloqqerlər Emin Milli və Adnan Hacızadənin işi üzlə məhkəmə prosesi davam etdi. Proses başlayana qədər isə məhkəmə zalının qarşısında toplaşanlarla polis arasında daha bir qarşıdurma yaşandı. Polis prosesi izləməyə gələn və üzərində «Mən də xuliqanam» yazılan köynəklər geyən 6 nəfəri saxlayıb polis bölməsinə apardı. Binanın qarşısına məhkəmə prosesini izləmək istəyən xeyli vətəndaş toplaşsa da, onların çoxunu məhkəmə zalına buraxmadılar. Məhkəmə nəzarətçiləri yalnız təqsirləndirilən şəxslərin yaxınlarının, beynəlxalq qurumların yerli nümayəndəliklərinin təmsilçilərinin və bir neçə jurnalistin zala keçməsinə imkan verdi.

İTİRİLƏN AÇAR

Daha sonra Emin Milli və Adnan Hacızadə məhkəmə zalına gətirildi. Onların əlləri arxa tərəfdən qandallanmışdı. Onlar dəmir barmaqlıqlar arasına salınandan sonra da bəlli oldu ki, qandalların açarı yoxa çıxıb. Bir neçə dəqiqədən sonra isə açar tapıldı. Elə proses başlayanda vəkillərin ilk etirazı da bununla bağlı oldu.

Bloqqerlərin vəkilləri İsaxan Aşurov və Elton Quliyev etiraz edərək bildirdilər ki, onların ictimaiyyət arasına əlləri arxadan qandallanmış şəkildə çıxarılması qanunvericilikdə pis rəftar sayılır və yolverilməz hesab olunur. Onlar bərabər məhkəmə hüququnun təmin edilməsi üçün bloqqerlərin əllərinin qandallanmaması və dəmir barmaqlıqlar arasına salınmaması ilə bağlı vəsatət qaldırdılar. Hakim prosesin gedişində qanunvericiliyin tələblərinə uyğun qərar qəbul ediləcəyini bildirdi.

Daha sonra isə İsaxan Aşurov sübutların siyahısı ilə bağlı vəsatət qaldırdı. O bildirdi ki, olay baş verən ərazilərdəki videonəzarət qurğularından görüntülərin alınması, işdə zərərçəkmiş kimi tanınan şəxslərin mobil telefonlarının yoxlanması, bloqqerlərin polisə gətirilərkən çəkilən şəkilləri sübutlara əlavə edilməlidir.

Hakim vəsatətin qismən təmin etdi. Daha sonra isə prokuror ittiham aktını elan etdi. İttiham aktına görə, bloqqerlər iyulun 8-də «Livan» restoranında Babək Hüseynov və Vüsal Məmmədovu döyüb və onlara az ağır bədən xəsarəti yetiriblər.

Bloqqerlər isə ittihamı qəbul etmədiklərini və özlərini bu məsələdə təqsirli bilmədiklərini dedilər. Bundan sonra məhkəmə prosesi zərərçəkmiş kimi tanınan Vüsal Məmmədovun ifadələrilə davam etdi. O bildirdi ki, restoranda qarşı masada əyləşən qızların bloqqerlər əyləşən masaya acıqlı nəzərlərlə baxmasından başa düşüb ki, qız onların söydüyü söyüşdən xoşlanmayıb. Buna görə də Emingilin masasında əyləşənlərə irad tutub. Nəticədə oradakı 7-8 nəfər hücum edərək onu və Babəki döyüb. Bir neçə dəqiqədən sonra olay yerinə 2 polis maşını gəlib və onları 9-cu polis bölməsinə aparıb.

SANKT-PETERBURQ UNİVERSİTETİNİN BAKI KORPUSU

İfadəsi boyu Vüsal bir neçə ziddiyyətli fikir səsləndirdi. Vəkillərin suallarına cavab verəndə isə bir neçə dəqiqə öncə söylədiyi fikirləri xatırlamadığını dedi. Şəxsiyyətinin təsdiq edilməsilə bağlı İsaxan Aqşurovun suallarına cavab verən Vüsal Məmmədov bildirdi ki, ali təhsillidir. Vəkilin «siz hansı ali məktəbi bitirmisiniz» sualına isə çox düşündükdən sonra «Sankt-Peterburq Universitetinin Bakı korpusunu» cavabını verdi. Daha sonra isə dedi ki, İdman Akademiyasının yüngül atletika fakultəsini bildirib.

Çox cüssəli görünüşü olan Vüsalın bu sözündən sonra hakim də daxil olmaqla zaldakılar xeyli güldü. Vəkilin «siz bədəninizin hansı nahiyəsindən zədə almısınız» sualına isə Vüsal «başımdan» cavabını verdi. Ancaq başına konkret nəyin dəydiyini heç cür yadına sala bilmədi. Yalnız onu xatırladı ki, davadan bir neçə gün sonra özünü pis hiss edib və öz sözləri ilə desək, «xəstəxananın başdan xəsarət alanlar üçün olan bölməsində» müalicə alıb.

İstintaq materiallarına görə, onun xəstəxanadakı müalicə həkiminin adı Fərid Məmmədbəyovdur. Ancaq o, Elton Quliyevin bununla bağlı sualına cavabında bu adda həkim tanımadığını dedi.

Daha sonra Babək Hüseynov ifadə verdi. Vüsalın dediklərini təkrarlayan Babək bildirdi ki, o, 9-cu bölmədə və Səbail rayon polisinin binasında Adnanın üzündə, Eminin isə əlində xəsarət olduğunu görüb. İş günü başa çatdığı üçün hakim Azad Hüseynov prosesi sentyabrın 18-i saat 15-dək təxirə saldı.

http://www.azadliq.org/content/article/1824331.html

Məhkəmə Səbail polisinə sorğu göndərdi

14.09.2009

Məhkəmədə Səbail rayon Polis İdarəsinin müstəntiqi Ziya Əliyev ifadə verib. O, bildirib ki, gənclərlə valideynlərinin görüşünün məqsədəmüvafiq hesab etməyib və bununla bağlı onların evinə məktub göndərilib.

Gənc bloqqerlərin valideynləri isə hər hansı rəsmi məktub almadıqlarını bildiriblər.

Məhkəmə gənclərin valideynlərinə rəsmi məktub göndərilməsini dəqiqləşdirmək üçün Səbail rayon polis idarəsinin dəftərxanasına sorğu göndərib.

Proses davam etdiriləcək.

***

Gənc bloqqerlər Adnan Hacızadə və Emin Millinin valideynlərinin qaldırdığı mülki iddialar bir icraatda birləşdirilib.

Bu, sentyabrın 14-də keçirilən prosesdə məlum olub.

Hazırda proses Səbail rayon Məhkəməsində Elnur Həsənovun sədrliyi ilə davam edir.

Amerika, Norveç və Fransa səfirliklərinin əməkdaşları prosesi müşahidə edirlər.

Valideynlər istintaq müddətində övladları ilə görüşə icazə vermədiyi üçün Səbail rayon Polis İdarəsinin müstəntiqi Ziya Əliyevi məhkəməyə veriblər.

Adnanın atası Hikmət Hacızadə müstəntiq Ziya Əliyevdən görüşə icazə verilməyən hər gün üçün 20 manat təzminat tələb edir.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

http://www.azadliq.org/content/article/1822199.html

Leyla Yunus hakimi blogerlərin işi ilə bağli ədalətli qərar qəbul etməyə çağırıb

11.09.2009

Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus Səbail Rayon Məhkəməsinin hakimi Araz Hüseynova müraciət edərək onu blogerlər Emin Milli və Adnan Hacızadənin işinə ədalətli baxmağa və “ilk ədalətli azərbaycanlı hakim” kimi tanınmağa çağırıb. Öz müraciətində Leyla Yunus Azərbaycan, Özbəkistan, Tacikistan və Türkmənistan da daxil olmaqla keçmiş sovet ölkələrinin heç birində qanun və ədaləti rəhbər tutan təmiz və satılmamış hakimin olmadığını yazır. Bununla belə, müsəlman ölkələrində obyektiv hakimlərin olduğunu deyərək Misir və Pakistanı nümunə çəkir. Bu ölkələrdə hakimlər elitadı. “Hakimliyə nəcib ailələrdən özünə hörmət edən yüksək savadlı insanlar gəlir. Təcrübəsindən asılı olmayaraq onlar idarə oluna bilən “piyada” ola bilməz” - deyə Yunus yazır. Daha sonra Yunus SSRİ dağılandan sonra Azərbaycanda hakim korpusu ilə bağlı vəziyyətin sovet hakimiyyəti dövründə olduğundan daha çox pisləşdiyini qeyd edir. Eyni zamanda hakim Hüseynova “tarixə düşmək şansı” düşüb, çünki məhz ona bütün beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən blogerlərinə baxmaq tapşırılıb. “Siz ancaq şərəflə və professionallıqla hakim borcunu yerinə yetirməlisiniz: işə açıq, qanun və ədalət əsasında baxmalısınız. Siz şərəfli və professional vətəndaş olmalısınız” - deyə daha sonra Yunus qeyd edir.

http://www.contact.com.az/index.php?type=news&lang=az&news_id=13246

Bloqqerlərin qısa sürən məhkəməsi...

04.09.2009

Məhkəmə başa çatdıqdan sonra Emin Milli və Adnan Hacızadə maşına mindirilərkən onları gözləyənlər aksiya keçiriblər. Etirazçılar Səbail rayon məhkəməsi qarşısında «azadlıq» şüarları səsləndiriblər.

Məhkəmənin qarşısından keçən yolda bu müddət ərzində avtomobillərin hərəkəti müvəqqəti dayanıb.

Amma zorakılıq halı müşahidə olunmayıb.

Polislər isə çəkiliş aparmaq istəyən jurnalistləri itələyib, mane olublar. Bundan sonra aksiya sona çatıb.

Məhkəmənin içərisində jurnalistlərə telefon və fotoaparatdan istifadəyə etməyə qoymayıblar. Fasilə müddətində də fotoaparatdan yararlanmağa imkan olmayıb.

Ancaq zərərçəkən kimi tanınan “Livan” restoranının müdiri İlkin Əlizadə məhkəmənin gedişində mobil telefondan istifadə edirdi.

Məhkəmə qurtarandan sonra valideynlər dəmir barmaqlıqlar arasında olan gənclərlə görüşüblər.

Proses zamanı hakimin mikrofondan istifadə etməməsi və üstəlik yavaş danışması problem yaradırdı. Arxada oturanlar isə deyirdilər ki, nə hakimi, nə də vəkilləri eşidirlər.

Hakim prosesin keçirildiyi zalın Səbail rayon Məhkəməsində ən böyük zal olduğunu bildirib. Zalın sahəsi təxminən 50-60 kvadratmetr idi.

***

Fasilədən sonra hakim həm müdafiə, həm də zərərçəkmişlərin vəsatətlərinin heç birini qəbul etməyib. Sentyabrın 16-da proses məhkəmə baxışı ilə davam edəcək.

***

Prosesdə gənclərin vəkilləri bir neçə vəsatət verib. Vəsatətlərdən biri işin ibtidai istintaqa qaytarılması ilə bağlı olub. Ancaq hakim bu vəsatəti təmin etməyib. İkinci vəsatət isə Emin Milli və Adnan Hacızadə haqqında seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı olub. Hakim bu vəsatətin də qəbul edilmədiyini bildirib və müşavirə otağına gedib.

Zərərçəkən qismində tanınan şəxslərin vəkili Zaur İbadov da vəsatət verib. Onun vəsatəti prosesin qapalı keçirilməsi ilə bağlı olub. Zaur İbadov mövqeyini belə əsaslandırıb ki, təqsirləndirilən şəxslər siyasətlə məşğuldur və bu məsələdə hansısa dövlət sirri açıla bilər. Ona görə də prosesin qapalı aparılmasına ehtiyac var. Bu vəsatətə hakim fasilədən sonra münasibət bildirəcək.

***
“Siyasi fəaliyyətlə məşğul olmaq o deməkdir ki, sən siyasi partiya üzvü olursan və siyasi vəzifə tutmaq üçün seçkilərdə namizədliyini irəli sürürsən. Biz siyasi partiya üzvü olmamışıq və siyasi fəaliyyətlə məşğul olmamışıq. Amma biz azad vətəndaş kimi sadəcə ictimai-siyasi məsələlərə dair fikir bildirmişik. Məsələn, Nyu-Yorkda referendum əleyhinə BMT qarşısında mitinq təşkil etmişəm. Yalnız avtoritar rejimlərdə siyasətdən sadəcə danışan adamlara siyasətçi deyirlər”.

Bunu məhkəmədə Emin Milli deyib.

İndi prosesdə fasilədir.

***
Sentyabrın 4-də Səbail rayon məhkəməsində gənc bloqqer Adnan Hacızadə və Emin Millinin məhkəməsi başlayıb.

Proses açıq keçirilir, bloqqerləri məhkəməyə gətiriblər.

Məhkəməni bir çox beynəlxalq təşkilatların nümayəndələri və diplomatlar izləyirlər. Amma onların əksəriyyətini zala buraxmayıblar. Məhkəmə zala əlavə stullar qoyulmasına imkan verməyib. Buna görə diplomatlar, əksər jurnalistlər və ictimaiyyət fəalları kənarda qalıblar. Sonra diplomatları zala buraxıblar.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də “Lebanese” restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

http://www.azadliq.org/content/article/1814965.html

Gənclərin məhkəməsindən gözləntilər nədir?

03.09.2009

Sentyabrın 4-də gənc bloqqerlər Adnan Hacızadə ilə Emin Millinin məhkəməsi başlayır. Bununla da təxminən 2 ay əvvəl paytaxtın “Livan” restoranında baş verən müəmmalı olaylara aydınlıq gətirilməlidir. Gənclərin vəkilləri hesab edirlər ki, ittiham aktı birtərəfli və ədalətsiz hazırlanıb. Adnan Hacızadə və Emin Milli həmin olayda döyülsələr də, işdə təqsirkar kimi tanınıblar.

Bəs görəsən, məhkəmə istintaqı ibtidai istintaqdan fərqlənəcəkmi?

HİKMƏT HACIZADƏ MƏHKƏMƏDƏN BƏRAƏT İSTƏYİR

Hər halda Adnan Hacızadənin atası Hikmət Hacızadə məhkəmədən bəraət istəyir. Onun fikrincə, əgər məhkəmə ədalətli mövqe tutsa, gənclərin günahsızlığı üzə çıxacaq:

- Ümid edirəm ki, rəhbərlik müdriklik nümayiş etdirəcək. Nəticədə ölkə onu beynəlxalq aləmdə hörmətdən salan, gənclərin ailələrinə əziyyət verən bu absurddan xilas olacaq.

Ombudsman Elmira Süleymanova da məhkəməyə müraciət edib. Müraciətdə ombudsman gənclərin ilk dəfə məsuliyyətə cəlb olunmalarını nəzərə alaraq, alternativ cəza növlərinin seçilməsinin mümkünlüyünü nəzərdən keçirməyi xahiş edir.

HƏMİN DALĞA, HƏMİN KOORDİNAT?

Ancaq bu məhkəmə tək yerli yox, bir sıra beynəlxalq təşkilatların da diqqətindədir. “Freedom House” təşkilatının bəyanatında deyilir ki, gənclərin sentyabrın 4-nə təyin edilən məhkəməsi yeni media da daxil olmaqla ifadə azadlığının boğulmasının davamıdır. Təşkilat qeyd edir ki, bu, iki il qabaq xuliqanlıqda və bədənə az ağır xəsarət yetirməkdə ittiham edilən müxalifətçi jurnalist Qənimət Zahidin işini xatırladır.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə deyir ki, o, Azərbaycan məhkəmələrində ədalətli mühakiməyə inanır:

- Mən inanıram ki, həqiqət ortaya çıxacaq. Əgər gənclərin günahı sübut olunacaqsa, onlar ədalət qarşısında cavab verəcəklər. Yox əgər onların günahsızlığı üzə çıxsa, azadlığa buraxılacaqlar. Ona görə də bəri başdan məhkəməyə təsir göstərməyə ehtiyac yoxdur.

“Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov isə deyir ki, son vaxtlar Azərbaycanda nə siyasi məntiq, nə hüquqi məntiq, nə də beynəlxalq öhdəliklər nəzərə alınır. Ona görə də məhkəmənin ədalətinə ümid eləmək mümkün deyil:

- Təəssüf ki, Azərbaycan hökuməti bir sıra hallarda özünü beynəlxalq aləmə mümkün olduğundan daha artıq təqdim etməyə çalışır. Bu mənada mən gənclərə məhkəmədə hansısa müddətə həbs cəzası veriləcəyini istisna etmirəm.

Ancaq Rauf Mirqədirov düşünür ki, gənclərin həbsi ətrafında beynəlxalq reaksiyalar artdıqca, ölkənin imicinə daha böyük zərbələr dəyir. Əgər hökumət ölkənin imicini şəxsi maraqlarına qurban verməsə, gənclər azad oluna bilər.

http://www.azadliq.org/content/article/1813944.html

Bloqqerlərin işi üzrə məhkəmənin günü bəlli oldu

26.08.2009

Gənc fəallar Emin Milli və Adnan Hacızadəyə qarşı irəli sürülmüş ittihamlar üzrə məhkəmə prosesi sentyabrın 4-ə təyin olunub.

Avqustun 26-da Respublika Prokurorluğu işi məhkəməyə göndərdikdən sonra Səbail rayon Məhkəməsi prosesin vaxtını müəyyənləşdirib.

Eyni gündə Səbail rayon Məhkəməsində Hikmət Hacızadənin oğlu ilə görüşlərə icazə verilməməsi ilə bağlı şikayətinə də baxılacaq.

Avqustun 28-də isə Bakı Apellyasiya Məhkəməsi A.Hacızadə və E.Milli ilə həbs olunduqları gün qeyri-insani rəftar, onların müdafiə hüquqlarının pozulması barədə şikayətlərə baxacaq.

A.Hacızadə və E.Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Beynəlxalq qurumlar onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.

http://www.azadliq.org/content/article/1808330.html

Gənc fəalların işi prokurorluğa göndərildi

25.08.2009

Gənc fəallar Emin Milli və Adnan Hacızadənin işi üzrə istintaq materialları prokurorluğa göndərilib. Bu haqda AzadlıqRadiosuna gənclərdən birin vəkili İsaxan Aşurov məlumat verib:

"Cinayət işi ittiham aktı ilə birlikdə prokurora təqdim edilib. Çox güman ki, prokuror ittiham aktını təsdiq edib məhkəməyə göndərəcək".

Gənc fəallar bu il iyulun 8-də Bakıdakı "Livan" restoranında baş vermiş insidentlə bağlı həbs ediliblər. Məhkəmə gənclər barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Onlar barəsində əvvəlcə xuliqanlıq, sonra qəsdən sağlamlığa az ağır zərər vurma maddələriylə ittiham irəli sürülüb.

Bir sıra beynəlxalq təşkilatlar bu həbsi gənclərin aktiv ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirib və Azərbaycan hakimiyyətindən onların azadlığa buraxılmasını tələb edib.

http://www.azadliq.org/content/article/1807071.html

"Bu qadağaya görə, ailəmizə böyük mənəvi və fiziki ziyan dəyib"

24.08.2009

Maarif Çingizoğlu

Gənc fəallar Emin Milli və Adnan Hacızadəyə yeni ittiham irəli sürülüb. Xuliqanlıqda suçlandırılan gənclərə avqustun 21-də Cinayət Məcəlləsinin daha bir maddəsilə - qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı irəli sürülüb. Hər iki ittiham üzrə 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Vəkil İsaxan Aşurov deyir ki, gənclər eynilə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı irəli sürülən maddələrlə ittiham olunurlar.

Qənimət Zahid eyni ittihamlarla 2007-ci ildə 4 il azadlıqdan məhrum edilib.

HƏR GÜN ÜÇÜN 20 MANAT TƏZMİNAT

Bu arada həbsdə olan gənclərin valideynləri də boş dayanmayıblar. Onlar istintaq müddətində övladları ilə görüşə bilmədikləri üçün məhkəməyə müraciət ediblər. Adnanın atası Hikmət Hacızadə Səbail rayon Polis İdarəsinin müstəntiqi Ziya Əliyevi məhkəməyə verib, ondan oğlu ilə görüşə bilmədikləri hər gün üçün 20 manat təzminat tələb edir.

Avqustun 24-də bununla bağlı Səbail rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Hikmət Hacızadə deyir ki, onlar dəfələrlə istintaq orqanına, müstəntiqə müraciət edib, övladlarıyla görüşə imkan yaradılmasını istəyiblər. Amma bu imkan onlara verilməyib:

"Bu qadağaya görə, ailəmizə böyük mənəvi və fiziki ziyan dəyib. Əsəblərimiz korlanıb, qan təzyiqimiz tez-tez qalxıb-düşür. Bizdə yuxusuzluq və s. problemlər yaranıb. Bütün bunlar müstəntiqin qanunsuz hərəkətinə və pis rəftarına görədir".

Hikmət Hacızadə istənilən məbləği simvolik, ideyanı isə cəmiyyət üçün nümunə sayır.

GÖRÜŞMƏMƏYƏ ƏSAS YOXDUR

Vəkil İsaxan Aşurov bunu Azərbaycanda məhbusla görüşə imkan verilmədiyinə görə irəli sürülən ilk iddia sayır. O hesab edir ki, görüş iddiası Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedent qərarlarına tam uyğun tərtib edilib. Vəkilin sözlərinə görə, görüşdən imtina ancaq qanunda və beynəlxalq müqavilədə nəzərdə tutulan əsaslar mövcud olduqda haqlı sayıla bilər.
İsaxan Aşurov deyir ki, cinayət təqibi orqanı istintaq altında olan şəxslərə təkcə onların valideynləri ilə deyil, dostları və hətta əlaqələri həmin şəxslər üçün əhəmiyyət kəsb edən hər kəslə görüş verməyə borcludur. Bir şərtlə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan məhdudiyyətlər mövcud olmasın:

"O məhdudiyyətlər isə çox dəqiq göstərilib. Birincisi, məhdudiyyət Avropa Məhkəməsinin qərarlarına uyğun olaraq qanunda nəzərdə tutulan olmalıdır. İkincisi, bu məhdudiyyətlər demokratik cəmiyyətdə yol verilən olmalıdır. Həmçinin məhdudiyyətlər milli təhlükəsizlik mülahizələri, istintaq altında olan şəxsin qaçırılmasının təşkili və hər hansı mühüm məlumatın yayılmasının qarşısını almaqla bağlı ola bilər. Amma Adnan Hacızadə və Emin Abdullayevin işində belə bir hal yoxdur".

İ.Aşurov deyir ki, yaxşı olar ki, iddia barədə Azərbaycan məhkəməsi qərar çıxarsın, əks halda bu, Avropa Məhkəməsinin baxış predmetinə çevrilə bilər.

Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Emin Milli və Adnan Hacızadəyə qarşı yeni ittihamın irəli sürüldüyünü təsdiqləyib. Valideynlərin öz övladlarıyla görüş bilməmələri üçün məhkəməyə müraciət etmələrinə gəlincə, E.Sultanov deyib ki, bunun üçün məhkəmənin qəbul edəcəyi qərarı gözləmək lazımdır.
Məhkəmə işə sentyabrın 4-də baxacaq.

http://www.azadliq.org/content/article/1806585.html

Gənc fəallara yeni ittiham irəli sürülüb

24.08.2009

Gənc fəallar Emin Milli və Adnan Hacızadəyə yeni ittiham irəli sürülüb.

Bu barədə vəkil İsaxan Aşurov məlumat verib. Onun sözlərinə görə, Emin Milli və Adnan Hacızadəyə Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma maddəsilə (127-ci maddə) ittiham irəli sürülüb.

Vəkil deyir ki, bu ittiham gənc fəallara avqustun 21-də irəli sürülüb.

Bundan əvvəl isə gənclər Cinayət Məcəlləsinin xulliqanlığa görə məsuliyyət nəzərdə tutan maddəsi (221-ci maddə) ilə ittiham olunurdular.

İsaxan Aşurov: "Nəzərinizə çatdırmaq istəyirəm ki, bu maddələr "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin ittiham olunduğu maddələrdir".

İ.Aşurov deyir ki, gənc fəalların avqustun 22-də başa çatan istintaqının sürprizləri bununla bitməyib. Vəkilin sözlərinə görə, o və həmkarı Elton Quliyev belə qərara gəliblərmiş ki, eyni vaxtda hər iki gənci müdafiə etsinlər. Hətta bu barədə vəkil qurumunun orderini istintaq orqanına təqdim də ediblərmiş. Amma sonradan cinayət işinin materialları ilə tanışlıq zamanı məlum olub ki, istintaq orqanı buna imkan verməyib.

İsaxan Aşurov Adnan Hacızadənin, Elton Quliyev isə Emin Millinin vəkilidir.

Gənc fəallar bu il iyulun 8-də Bakıdakı "Livan" restoranında baş vermiş insidentlə bağlı həbs ediliblər. Məhkəmə gənclər barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

Bir sıra beynəlxalq təşkilatlar bu həbsi gənclərin aktiv ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirib və Azərbaycan hakimiyyətindən onların azadlığa buraxılmasını tələb edib.

http://www.azadliq.org/content/article/1806226.html

Məhkəmə Hikmət Hacızadənin şikayətinə gələn həftə baxacaq

24.08.2009

Avqustun 24-də Səbail rayon məhkəməsində gənc fəal Adnan Hacızadənin atası Hikmət Hacızadənin şikayəti əsasında hazırlıq iclası keçirilib. İlk məhkəmə iclası gələn həftə, sentyabrın 4-də olmalıdır.

Hikmət Hacızadə Səbail rayon polis idarəsinin müstəntiqi Ziya Əliyevi məhkəməyə verib. Buna səbəb oğlu həbsdə olduğu müddətdə onunla görüşə imkan yaradılmamasıdır. Hikmət Hacızadə oğlu ilə görüşmədiyi hər günə 20 manat təzminat tələb edir. Ümumilikdə, bu məbləğ ərizənin qəbul olunduğu günə kimi (44 gün) 880 manat edir.

OL Gənclər Hərəkatının həmtəsisçisi Adnan Hacızadəylə AN Gənclər şəbəkəsinin təsisçilərindən Emin Milli bu il iyulun 8-də Livan restoranındakı münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda ittiham olunurlar. Gənclər özlərisə bu ittihamı qəbul etmirlər.

Beynəlxalq qurumlar onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.
Məhkəmə hər iki gənclə bağlı iki aylıq həbs-qətimkan tədbiri seçib.

http://www.azadliq.org/content/article/1806108.html