“Michael Jackson” adlı bir epoxa bitdi. Kimin üçünsə o, istedadlı bir müğənni, kimin üçünsə fanatizm obyekti, digərləri üçünsə sadəcə bəxt ilə PR-ın birgə fəaliyyətinin uğurlu məhsulu idi. Bir şey dəqiqdir: o, musiqi tarixində az-az insanların qoya bildiyi bir iz qoydu.Bir çox analoji hallarda olduğu kimi, həyatda olduğu zaman ona biganə olan və hətta onu tənqid edən bir sıra insanlar ölümündən sonra onun itkisinə üzüldüklərini hiss etdilər. Etiraf edim ki, mən də onlardan biriyəm. Onu heç zaman dahi hesab etmir, bəzi hərəkətlərinin bağışlanılmaz olduğunu düşünürdüm. Məsələn, qaradərili olsaydım, onun dərisinin rəngini (və təkcə bunu yox) dəyişməsini özümə və öz irqimə qarşı bir təhqir hesab edərdim. Bunlara baxmayaraq, cümə günü səhər internet səhifəsində onun ölüm xəbərini oxuduqda bir neçə saniyəlik donub qaldım. İnanmırdım. İndi də tam inanmıram. Çünki inanmaq çətindir. Axı mən və nümayəndəsi olduğum gənc nəsil göz açıb onu görmüşük. Onun musiqisi ilə böyümüşük. Onun rəqs tərzini təqlid etmişik. Bundan əvvəl belə miqyaslı, müəyyən bir dövrü simvolizə edən, milyonlarla insanın ürəyində (bəlkə hətta həyatında) iz qoyan – sözun əsl mənasında dünyamiqyaslı bir şəxsin gözlənilmədən bizi tərk etməsinin şahidi olmamışıq. Biz nə Elvis Presli, nə Kennedi, nə də Hitleri yola salmışıq. Bizim üçün bu, presedentsiz bir hadisədir.
Yaxşı, bəs niyə o? Niyə məhz Michael Jackson bizim üçün belə bir qəhrəmana çevrildi? Həmin gün Euronews kanalında ekranın bir küncündə onun permanent olaraq göstərilən şəklinə və altındakı “Michael Jackson, 1958-2009” yazısına baxanda bu sual ağlıma gəldi: axı kifayət qədər istedadlı və məşhur insanlar bizi tərk edib, niyə məhz Michael Jackson şəkli burada davamlı olaraq duracaq səviyyəyə qədər yüksəlmiş hesab edildi? Dahiyanə ifa tərzinə görəmi? Düşünürəm, çoxları mənimlə razılaşar ki, ondan qat-qat ecazkar səs tembrinə və geniş diapazona malik müğənnilər var. Qeyri-adi rəqs bacarığına görəmi? Yaxşı rəqs edənlər çoxdur, onun rəqsində qeyri-adi görünən bəzi elementlərə isə xüsusi geyim və səhnə avadanlığının hesabına nail olunurdu. Seçilən gözəl insan olduğuna görəmi? Skandallar və mükəmməllikdən uzaq olan davranış ona heç də yad deyildi. Bəlkə xeyriyyəçilik fəaliyyətinə görə? Bu da nadir bir şey deyil, xüsusilə şou-biznes aləmində. Buradan belə bir cavab yarandı: o sadəcə çoxlarınnın zövqünü oxşaya bilmişdi. Təbii olaraq belə bir müqayisə meydana gəldi: hamburger də dünyada ən məşhur və populyar yemək növlərindən biridir, lakin nə tərkibinə daxil olan inqridientlər xüsusi, nə də hazırlanma qaydası qeyri-adidir. Sadəcə, çoxluğun zövqünə uyğundur. Mərhum (bu sozu ona münasibətdə işlətmək hələ də qəribədir) müğənninin pərəstişkarları inciməsin. Bunları deməklə heç də bu insanın musiqi dünyasında olan nailiyyətlərini və əhəmiyyətini inkar etmək istəmirəm. Yalnız və yalnız obyektiv olmağa çalışıram. Və dediklərim mənə son vaxtlar populyar olmuş toy rolikinde olan insanlarla yenidən bir araya gəlib “Thriller” rəqsini Michael Jackson’un xatirəsinə ifa etmekle onu səmimi olaraq yad etmekde mane olmadı.
Kəmalə İsrafilova
















