FAQ

OL Azərbaycan Gənclər Hərəkatı haqqında ən çox verilən suallar:

1. OL nə deməkdir?
Bizim manifestimizi oxu.

2. OL nə vaxt və necə yarandı?
OL Azərbaycan Gənclər Hərəkatının əsası 11 fevral 2006-cı ildə 20-yə yaxın tələbə və məzunlardan ibarət olan gənclər qrupu tərəfindən qoyulmuşdur.

3. Nə qədər üzvünüz var?
Hal-hazırda OL-un ətrafında 200-ə yaxın gənc var. Bu gənclərin əksəriyyətini tələbələr, müxtəlif yerli və xarici universitet məzunları təşkil edir. Bundan əlavə hərəkat üzvləri arasında dövlət və özəl sektorda çalışan gənclər də vardır. OL Hərəkatı yaradıldığı gündən üzvlərinin kütləviliyini məqsədini qarşısına qoymamışdır. Bizim üçün daha vacib olan meyar üzvlərin keyfiyyətdir.

4. OL kimə və nəyə qulluq edir?
OL Azərbaycan Gənclər Hərəkatın tam müstəqil təşkilatdır. Hərəkat yalnız öz üzvlərinin, üzvlər isə Azərbaycan gəncliyinin maraqlarına qulluq edir.

5. OL-un məqsədi nədir?
Hərəkatın əsas məqsədləri demokratik dəyərlərin və düşüncə tərzinin təbliği, cəmiyyətin maarifləndirilməsi, gələcəyin liderlərinin formalaşdırılması, eyni zamanda gənclər arasında müasir və proqressiv dəyərlərin yayılmasıdır.

6. OL-un vizyonu nədir?
Hər bir ölkə vətəndaşı kimi biz Azərbaycanı inkişaf etmiş, güclü görmək istəyirik. Bizim anlayışımızda Azərbaycanın gələcəyi dünya birliklərinə interqrasiyadan, demokratik dəyərlərin yayılmasından, hər bir vətəndaşın şəxsi azadlığından, eyni zamanda təhsil sisteminin inkişaf etdirilməsindən asılıdıdır. Biz hesab edirik ki, Azərbaycan gəncliyi bu proseslərin önündə durmalı, özünün inkişafı üzərində çalışmalı, digərlərin inkişafında yardım göstərməlidir.

7. OL-un rəhbəri kimdir?
OL Azərbaycan Gənclər Hərəkatı ildə bir dəfə seçilən İdarə Heyəti tərəfindən idarə olunur. İdarə Heyəti öz növbəsində üzvlər arasında vəzifə bölgüsü həyata keçirir. Müəyyən edilən vəzifələr aşağıdakı kimidir:

- İcraçı Direktor;
- Xarici İşlər üzrə Koordinator;
- Əlaqələr üzrə Koordinator;
- Maliyyə İşləri üzrə Koordinator;
- Tədbir Təşkilatçılığı üzrə Koordinator;
- İctimaiyyətlə Əlaqələr üzrə Koordinator;
- İnformasiya Texnologiyaları üzrə Koordinator.

OL Azərbaycan Gənclər Hərəkatında rəhbər adlandırıla biləcək şəxs yoxdur. OL Hərəkatının hər bir üzvü təşəbbüslə çıxış edə bilər və digər üzvlər tərəfindən bu ideya müsbət qarşılanarsa həmin üzv təşəbbüsü həyata keçirə bilər.

8. OL haradan maliyyələşir?
OL Azərbaycan Gənclər Hərəkatı üzvlərinin ianələri hesabına fəaliyyət göstərir. Bununla bərabər OL Hərəkatı müxtəlif yerli və beynəlxalq donorların dəstəyi ilə layihələr keçirə bilər. İndiyədək təşkilat yalnız bir dəfə donorların dəstəyi ilə iş görmüşdür. Bu layihə 2006-2007-ci illərdə NED fondu ilə həyata keçirilmişdir. OL Hərəkatının bütün maliyyə prosesləri şəffaf həyata keçirilir və vaxtaşırı maliyyə hesabatları üzvlərə təqdim edilir.

9. OL-un siyasi mövqeyi nədir?
OL Azərbaycan Gənclər Hərəkatı qeyri-siyasi gənclər hərəkatdır. Təşkilat heç bir siyasi partiyanı, siyasi bloku və siyasətçiləri dəstəkləyə bilməz. Lakin hərəkat, hər bir bir üzvünün vətəndaş mövqeyini tanıyır və heç bir üzvünə hər hansı siyasi qüvvəni dəstəkləməyə mane ola bilməz.

10. OL nə ilə məşğul olur?
OL Azərbaycan Gənclər Hərəkatı yarandığı ilk gündən aşağıdakı tədbir növləri həyata keçirmişdir:

- İnteraktiv mühazirələr;
- Seminarlar;
- Treninqlər;
- Dəyirmi Masalar;
- Liderlik düşərgələri;
- Beynəlxalq tədbirlərdə iştirak;
- Ekoloji aksiyalar;
- Xeyriyyə tədbirləri;
- Dil və kompüter kursları;
- Partilər;
- İdman yarışmaları.

11. OL-un digər təşkilatlardan fərqi nədir?
OL Azərbaycan Gənclər Hərəkatının digər gənclər hərəkatından əsas fərqi üzv seçimində kütləviliyi yox, keyfiyyəti prioritet müəyyən etməsidir. Bundan əlavə OL Hərəkatı qeyri-ənənəvi təbliğat vasitələrindən istifadə edir. Eyni zamanda hərəkat fəallarının əksər hissəsi ictimai işlərlə məşğul olmaqla yanaşı müxtəlif dövlət, özəl, qeyri-hökumət və beynəlxalq qurumlarda çalışırlar.

12. OLçu olmaq üçün nə etmək lazımdır?
OLçu olmaq istəyən şəxsə Hərəkatın prinsiplərini və məqsədlərini qəbul etmək və digər OLçuların onun barəsində tövsiyyəsi lazımdır.

13. Mən nə üçün OLçu olmalıyam və OL mənə nə verə bilər?
Əksər Olçular hərəkatda həmfikirlərini tapıb. OLun tədbirlərində iştirak etməklə Siz ölkə ərazisində və xaricdə baş verən müxtəlif hadisələr və gedən proseslərlə bağlı müxtəlif baxışlar və mövqelər görə bilərsiniz. OL sizin fərdi inkişafınıza öz tövhəsini verə bilər.

14. Ümidiniz nəyədir? Nəyə nail olmaq istəyirsiniz?
OL Azərbaycan Gənclər Hərəkatı Azərbaycan gəncliyinin fərdi və intellektual inkişafına çalışır. Yalnız bacarıqlı və intellektual gənclər ölkənin işıqlı gələcəyini təmin edə bilər.

15. OL dövlət qeydiyyatından keçibmi?
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Hərəkatın qeydiyyatdan keçməsi tələb olunmur. Bu səbəbdən OL Azərbaycan Gənclər Hərəkatı dövlət qeydiyyatından keçməmişdir.

16. OL!" Azərbaycan Gənclər Hərəkatının rəsmi rəngi qırmızıdır. Niyə məhz qırmızı?
Qırmızı - Azərbaycan Respublikasının bayraqının əsas rəngidir. Bizim üçün o, demokratiyanın, azadlığın və müasirliyin, ən çox bəslədiyimiz dəyərlərin rəmzidir. Qırmızı - alov və qanın rəngidir. Qırmızı - enerji, qüvvə, güc və qətiyyətlə yanaşı ehtiras, istək və məhəbbətin rəmzi ola bilər. Tarixdə, qırmızı Babəkin başçılıq etdiyi Xürrəmilər hərəkatının rəmzi idi. Qırmızı Qızılbaşlıların əsas rəngi idi ki, onların sayəsində ilk Azərbaycan-Səfəvi dövləti yarandı və Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Qırmızı istədiyiniz rəmzi məna daşıya bilər

17. OL! Azərbaycan Gənclər Hərəkatının cəmiyyətdə mübahisə doğuran dil və millət anlayışları ilə bağlı mövqeyi nədən ibarətdir?
Azərbaycanlı – Azərbaycan Respublikasının vətəndaşı.
Azərbaycan Dili – Azərbaycan Respublikasının konstitusiyasına görə müəyyən olunmuş, Azərbaycan Respublikasının rəsmi dili.
Azərbaycan Milləti – Azərbaycan Respublikasının vətəndaşlarının toplumu. Azərbaycan Milləti bir siyasi varlıqdır, etnik qrup deyil.

No comments: