Oktyabrın 1-də AN Şəbəkəsinin Fransa təmsilçisi Elnur Məcidli və Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə, Avropa Şurasının insan hüquqları üzrə baş komissarı Tomas Hammerberq ilə görüş keçirib.
Tomas Hammerberqin Avropa Şurasının mərkəzi binasında yerləşən ofisində baş tutan görüşdə Azərbaycandakı insan haqlarıyla bağlı problemlərin mövcudluğu müzakirə olunub.
Qarşılıqlı müzakirə şəklində keçən toplantıda başda bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsi olmaqla, siyasi məhbuslar məsələsi və ölkədə demokratiyanın inkişafına maneçilik törədən amillərə toxunulub.
30 dəqiqəyə yaxın davam edən görüşdə Çingiz Qənizadə ölkədəki demokratik vəziyyətin ürəkaçan olmadığını qeyd edərək baş komissarın dəstəyinin vacibliyini vurğulayıb. Azərbaycandakı insan haqlarıyla bağlı problemlərə toxunan Qənizadə, Avropa Şurasının mövcud vəziyyətə müdaxiləsini istəyib.
Elnur Məcidli, görüşdə AN şəbəkəsini təmsil etdiyini bildirərək AN şəbəkəsinin yaradıcılarından biri olan Emin Milli və OL Gənclər Hərəkatının fəalı Adnan Hacızadənin həbsinin qeyri-qanuni olduğunu və hər iki bloqqerin azadlığa buraxılması üçün Avropa Şurasının dəstəyinin əhəmiyyətini qeyd edib.
Tomas Hammerberq, söhbət əsnasında Azərbaycandakı hazırkı vəziyyətlə bağlı məlumatı olduğunu və bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsinin ciddi narahatlıq doğurduğunu bildirib.
Azərbaycanla bağlı əsas diqqət etdikləri məsələnin gənc bloqqerlərin həbsi olduğunu bildirən baş komissar , məhkəmə prosesini diqqətlə izlədiklərini söyləyib.
Azərbaycanda milli azlıqlarla bağlı problemlərin olduğunu söyləyən Hammerberq, Talış Mədəniyyət Mərkəzinin rəhbəri Novruzəli Məmmədov həbsxanada vəfat etməsinə şübhəli yanaşdığını bildirib.
Çingiz Qənizadə isə Azərbaycanda milli azlıqlar problemi olmadığını, Novruzəli Məmmədovun və digər məhbusların milli azlıq olduğuna görə yox, siyasi fəaliyyətinə görə həbs edildiyini vurğulayıb.
Baş komissarın Azərbaycanda insan haqlarıyla bağlı əsas hansı məsələnin diqqət mərkəzində olması gərəkdiyi sualına Çingiz Qənizadə siyasi məhbusların mövcudluğu olaraq cavab verib.
18 Mart referendumu ilə Azərbaycanın demokratik prinsiplərdən bir az da uzaqlaşdığını ifadə edən Elnur Məcidli, ölkədə söz və ifadə azadlığının qarşısında ciddi əngəllər olduğunu və hər iki bloqqerin də öz fikirlərinə görə həbs olunduqlarını bir daha qeyd edib.
Görüşdə eyni zamanda həbsdə olan jurnalistlərin azadlığa buraxılması məsələsinə də toxunulub.
Tomas Hamerberq, 2010-cu ilin ilk aylarında Azərbaycana səfər etməyi planlaşdırdığnı və səfəri zamanı qeyd olunan problemlərə toxunacağını və rəsmi görüşlərlə yanaşı, insan hüquqları və demokratiya sahəsində çalışan QHT-lərlə də görüş keçirməyi istədiyini söyləyib.
Görüş, qarşılıqlı sual-cavabdan sonra başa çatıb.
Tomas Hammerberq: Bloqqerlərin həbsi bizi ciddi şəkildə narahat edir
Məhkəmə qarşısında həbs edilən gəncləri buraxıblar
16.09.2009
Millət vəkilləri Arzu Səmədbəyli və Pənah Hüseyn 8-ci polis bölməsinə gəliblər. Onların içəri daxil olmalarına icazə verilməyib.
Səbail Məhkəməsi qarşısında həbs edilmiş gəncləri sərbəst buraxıblar.
ELÇİN BEHBUDOV GƏNCLƏRLƏ GÖRÜŞDÜ
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov 8-ci polis bölməsində saxlanılan gənclərlə görüşəndən sonra belə deyib
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov 8-ci polis bölməsində saxlanılan gənclərlə görüşüb. Hüquq müdafiəçisi jurnalistlərə altı gəncin bölmədə olduğu təsdiqləyib və onların saat yarıma sərbəst buraxılacaqlarını bildirib:
«Rəis dedi ki, izahatları alındıqdan sonra bir saat, ya da saat yarıma gəncləri buraxacaqlar».
Hüquq müdafiəçisi gənclərə qarşı hər hansı zorakılıq hallarının olmadığını deyib.
***
«GƏNCLƏRİ BİR AZDAN BURAXACAQLAR»
«Mən də xuliqanam» yazılı köynək geymiş gəncləri bir azdan buraxacaqlar. Onlarla sadəcə profilaktik söhbət aparılır». Bunu AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyib.
Bir neçə saat əvvəl gənc bloqqerlərin saxlanmasına etiraz olaraq Səbail rayon məhkəməsinin qarşısına toplaşan gəncləri polis saxlayıb. Gənclər üzərinə «Mən də xuliqanam» sözləri yazılmış köynəklər geyiniblərmiş. Gənclərdən birinin köynəyinin üzərində isə «mən zırr xuliqanam!» sözləri yazılıb.
Polis beş gənci 8-ci bölməyə aparıb. 8-ci bölmədən AzadlıqRadiosuna deyiblər ki, gənclər indi Bakı Şəhər Polis İdarəsindədir. İdarədən bu məsələ ilə bağlı bir azdan şərh verə biləcəklərini deyiblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, gənclərin hazırda harada olduqlarını bilmir, amma onları tezliklə sərbəst buraxacaqlar.
Saxlanılanlar Turqut Qənbər, Elşən Poladlı, Orxan Cavablı, Rəşadət Axundov və bir başqa gəncdir. Hadisə yerində olan AzadlıqRadiosuun əməkdaşı xəbər verir ki, bu saatlarda daha iki gənc – Zaur Əkbər və Xaliq Friman polis tərəfindən saxlanılıb bölməyə aparılıblar.
Saxlanılanlardan biri Turqut Qəmbər belə deyib: «Polislər bizi məcbur etdilər ki, köynəyimizi çıxaraq, çıxarmayanları bölməyə apardılar. Mülki geyimli şəxslər bizi maşına zorla basdılar».
Turqut Qəmbər deyir ki, bu köynəkləri geyinməklə onlar sübut etmək istəyiblər ki, bloqqerlər xuliqan deyil: «Göstərmək istəyirdik ki, onlar xuliqandırsa, biz də xuliqanıq. Polis guya bizi saxlayıb ki, araşdırsın ki, biz xuliqanıq, yoxsa, yox».
Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.
Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
http://www.azadliq.org/content/article/1824184.html
Dövlət Departamenti bloqqerlərlə bağlı Bakı ilə danışıqlar aparır
Amerika Dövlət Departamenti gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin azadlığa çıxması üçün Azərbaycan hökuməti ilə danışıqları davam etdirəcək.
Departametin Hüquq Məsələləri üzrə katibinin hazırkı yardımçısı Maykl Polt bu haqda konqresmen James P. Morana məktub yayıb. Moran həmin məktubu Azərbaycanlı Amerikalılar Demokratiya Ugrunda (AZAD) təşkilatına təqdim edib.
Dövlət Departamenti rəsmisinin məktubunda deyilir ki, Amerika Emin Milli və Adnan Hacızadənin saxlanmasından və həbsindən narahatdır:
«Biz Azərbaycan hökumətini cənab Hacızadə və Millini azadlığa buraxmağa, bu işlə bağlı müvafiq prosedurlara əməl olunsmağa, onların hüquqi və tibbi yardıma çıxışını təmin etməyə çağırmışıq».
Avqustun 24-də konqresmen Moran AZAD təşkilatının nümayəndələri ilə görüşdən sonra ABŞ Dövlət katibi Hillari Klintona məktub yazıb öz şübhələrini ifadə etmişdi ki, gənclərin həbsi onların siyasi baxışları ilə bağlı ola bilər. Moran Klintona məktubunda bildirmişdi ki, bloqqerlərin Azərbaycanda ədalətlə mühakimə edilməyəcəyindən narahatdır. Cənab Moran məktubunu bu cür yekunlaşdırmışdı:
«Çox vacibdir ki, harada baş verməsindən asılı olmayaraq söz azadlığı boğulanda Birləşmiş Ştatlar öz narahatlığını dilə gətirsin».
AZAD-ın sədri Elmar Şahtaxtinski Azerireport.com internet saytına müsahibəsində bildirib ki, konqresmenlər Moran, Konrad və Amerika Konqresinin digər üzvlərinin bu addımları müstəbid cəmiyyətlərə demokratiya gətirmək istəyən adamlara ümid verir və göstərir ki, ABŞ başqa ölkələrdə də azadlığın və insan haqlarının qayğısına qalır.
http://www.azadliq.org/content/article/1823861.html
Gəncik, gələcəyik!
Bugün məhkəmədir. Emin və Adnanın məhkəməsi... 2 aydan çoxdur davam edən komediya sona yaxınlaşır. Günahsız 2 gəncə aktiv ictimai fəaliyyətlərinə görə böhtan ataraq həbsdə saxlayırlar. Bu 2 ay nə qədər ağrılı keçsə də, əsəb, vaxt və enerji itkisi olsa da həm də böyük DƏRS oldu. Zahir Əzəmətin “biz elə həmişə 5-6 nəfər olmuşuq” yazdığı və Adnanın da son Facebook status ismarıcı olan bu cümlə son zamanlarda mənə çox təsir edən cümlələrdən biri idi. Biz konkret 5-6 nəfər olmasaq da, heç 50-60 nəfərdən də çox deyilik və bu çətin günlərdə mən dostlarımı daha çox yaxından tanıdım və bu fədakar insanların özlərinə seçmiş olduqları bu yolda mütləq sona QƏLƏBƏ ilə çatacaqlarına əmin oldum. Bizi maddi maraq, gələcək karyera birləşdirmir. Bizim ortaq dəyərlərimiz və ideallarımız var. Və bu dəyərlər və ideallar çöldəkiləri bir-birinə nə qədər çox sıx bağlayan vasitədirsə , o qədər də Emin və Adnana güc-qüvvət verən yeganə mənbədir.
Ömürlərinin ən gözəl çağlarında ölkədəki çoxluq kimi düşünməyib düz getməyən nələrisə dəyişməyə can atan, həqiqəti yüksək səslə söyləməyə calışan, imkanları olduğu halda çox pul qazanmaq yolunu yox, həbs, döyülmə təhlükəsi olan bir yolu seçdilər. Həbs edildilər, ancaq doğru bildikləri yoldan sapmırlar. Çünki hər birimiz ədalət və həqiqətin bir gün zəfər çalacağına əminik. Bu yazdıqlarım kiməsə pafoslu görsənə bilər. Ancaq əlinizi vicdanınızın üstünə qoyub bir də ölkədəki reallıqlara baxın. İnsanların biganəliyini, kütləvi savadsızlıq və mövhümatın baş alıb getdiyi, zövqsüzlüyün göz deşdiyi, “Hami necə mən də elə” prinsipinin insanlar tərəfindən devizə çevrildiyi bir məmləkət və ən əsası ölkədə qurulan “anormal sistem”in insanların xislətini cılızlaşdırıb, onları bir-birinin qabağında başı aşağı edən “zəncir”lə həbsdə saxladığını görəcəksiniz.
Azərbaycanda vəziyyət artıq elə məqama çatıb ki, maskalanmaq artıq mümkün deyil. Ya həqiqəti söyləyib hakimiyyətin düşməninə çevriləcəksən, ya da vicdanını satıb anti-insani sistemin bir vintinə çevriləcəksən. Bu ölkədə artıq düşünən insanların qabağına 2 şərt qoyulur: Ya sev ya tərk et! Başqa cür hərəkət etsən, Elmarın, Eynullanın, Qənimətin, Eminin və Adnanın taleyi səni də gözləyir mesajı verilir. Vəziyyət heç vaxt olmadığı qədər çətindir. Maddi sıxıntılar içində boğulan insanlar, bir də işgəncə maşının altından keçməyə cürət etmir. Bundan daha da iştahlanan hakimiyyət bir tərəfdən daha azğın formada azacıq başını tərpədənin başını qoparmağa, o biri tərəfdən manqurtlaşdırdığı digər təbəqəni-çoxluğu çörək və tamaşa ilə daha da mənəviyyatsızlaşdırmağa böyük səylə davam edir. Öz insanına qara qəpik qədər qiymət verməyən, repressiyalarla 7-dən 70-ə hamını əzən, Qarabağla bağlı min-bir hoqqdan çıxıb, həqiqəti gizlədən hakimiyyət, İrəvanda idman oyunundakı qalibiyyəti “Əsrin qələbəsi”, daxili və xarici siyasətin uğuru kimi kütləyə yedirdir. Acınacaqlısı da odur ki, kütlə də bunu yeyir. Polisindən, JEK işçisindən tutmuş ta ən yüksək vəzifəli məmurlarına qədər hamı tərəfindən alçaldılan bu kütlə bu qələbə ilə 2 aylıq masturbasiya edir. Ancaq etiraf etməliyik ki, kütlə hər yerdə eynidir. Hər bir xalqın taleyini dəyişən 1-2 faizlik düşünən beyinlər olur. Ona görə də ümidsizliyə heç bir əsas yoxdur. 50-60 nəfərin minlərə milyonlara çevriləcəyi günlər heç də uzaqda deyil. Sadəcə gücümüzə inanmaq və getdiyimiz bu yolda səmimi olmaq, bu yolun ağrılı acılı olduğunu, həmişəkindən daha artıq fədakarlıq lazım olduğunu birdəfəlik başa düşmək lazımdır. Bizi tərk edənlər, bizə gülənlər, nifrət edənlər də olacaq. Ancaq gerçək olan budur ki, biz ƏDALƏT axtarışındayıq və buna müvəffəq olana qədər yolumuzdan dönməyəcəyik.
Əziz gənclər,
Bugün məhkəmədir. Hamımızın yerinə susmayıb özünü təhlükəyə atan 2 gənc dostumuzu yalnız buraxmayaq. Sabah saat 15:00 da bir nəfər kimi Səbael məhkəməsinin qabağına gəlib dostlarımıza ən azı mənəvi dəstək olaq, göstərək ki, biz haqsızlıqla barışmırıq və şər-böhtanı sakitcə sinirib həzm etmək biz gənclər üçün artıq arxada qalıb.
Sizlərin və bizlərin azadlığı naminə....
Rəşadət Axundov
İsveçli gənclər Adnan və Eminin həbsinə etiraz edirlər
05.09.2009
İsveç parlamentinin müxtəlif fraksiyaları, eləcə də parlamentdə təmsil olunan partiyaların gənclər təşkilatları Adnan Hacızadə və Emin Millinin həbsinə etiraz ediblər.
İlham Əliyevə ünvanladıqları məktubda 7 partiyanın nümayəndələri gənc bloqqerlərin həbsindən narahatlıqlarını bildirirlər. Bu həbsi ölkədə dissidentlərə qarşı dözümsüzlüyün tipik təzahürü adlandırırlar.
İsveçli gənclər A.Hacızadə və E.Millinin həbsinin siyasi motivli olduğunu bildirir, onları dərhal, qeyri-şərtsiz azad etməyə çağırırlar. Eyni zamanda, gənclərə qarşı qaldırılan bütün ittihamların dayandırılmasını və təqsirkarların cəzalandırılmasını istəyirlər.
Prezidentə ünvanlanan məktubun sonunda qeyd olunur ki, onlar bloqqerlərin məsələsini, həmçinin ölkədəki vəziyyəti diqqətlə izləyəcəklər.
Üç partiyanın - Sosial-Demokrat, Sol və Yaşıllar partiyalarının birgə bəyanatında Avropa Birliyinə prezidentlik edən İsveç hökumətindən A.Hacızadə və E.Millinin məhkəmə prosesinə müşahidəçi göndərməsi tələb olunur. Onlar Azərbaycanda insan haqlarının vəziyyətindən dərin narahatlıqlarını bildirirlər. Bəyanatda qeyd olunur ki, İsveç Azərbaycandakı hüquqsuzluğa göz yummamalıdır.
Xristian Demokrat və Liberal partiyalarının ayrı-ayrılıqda verdiyi bəyanatlarda da bu həbs pislənir.
Partiyalar İsveç hökumətindən tələb ediblər ki, Avropa Birliyinin sədri kimi gənc bloqqerlərin məhkəmə prosesini izləmək üçün Azərbaycana müşahidəçi göndərsin.
Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.
Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
http://www.azadliq.org/content/article/1815597.html
Prezidentə məktub var
04.09.2009
Human Rights Watch, Article 19 və International PEN təşkilatı fəal bloqçular Emin Milli və Adnan Hacızadənin məhkəməsinə hazılıq iclasının başladığı gün - sentyabrın 4-də Azərbaycanın prezidenti İlham Əliyevə məktub göndərib.
Bu üç təşkilatın müraciətində bloqçuların həbsindən ciddi narahtlıq ifadə olunur:
“Biz Sizi Emin Milli və Adanan Hacızadənin Azərbaycanın beynəlxalq öhdəlikləri əsasında azad məhkəmə ilə təmin edilmələri üçün lazım olan addımları atmağa çağırırıq” –deyə məktub müəllifləri qeyd edirlər.
Şahidlərə istinad edən müəlliflər qeyd edirlər ki, onlarda olan məlumata görə, əslində gəncləri başqa bir adam döyüb.
Polis isə bundan şikayət edən gənclərin müraciətinə baxmaq, onlara tibbi yardımın göstərilməsini təmin etmək əvəvzinə döyən adamı buraxıb, döyülənləri tutub.
Məktub müəllifləri bloqqerlərin həbsinin təsadüf etdiyi vaxta da diqqət çəkir, onların hakimiyyətə qarşı yönəltdikləri satiradan az sonra tutulmasından narahat olduqlarını bildirirlər.
Beynəlxalq təşkilatlar daha sonra yazırlar: “Biz qeyd etmək istəyirik ki, Azərbaycanda fakir azadlığı çiddi təhlükə altına düşüb. Müxtəlif yollarla insanlar və fərqli fikirlər yayan media orqanları susdurulur”.
“Jurnalistlər, media təmsilçiləri peşəkar fəaliyyətlərinə görə zorakılığa, təzyiqlərə məruz qalırlar.
Müstəqil və müxalifət yönümlü jurnalistlərə Qənimət Zahid, Eynulla Fətullayev, Müşfiq Hüseynov həbsdədir, Novruzəli Məmmədov həbsdə dünyasını dəyişdi.
Onları şərəf və ləyaqətin təhqir olunması və bu kimi geniş yayılan ittihamlar cinayət işləri qaldırıb həbs edirlər. 2005-ci ildə qətlə yetirilən
Elmar Hüseynovun qatilləri hələ də tapılmayıb. BMT-nin İnsan Haqları Komitəsi bu yaxınlarda ölkədə bu sahədə vəziyyətdən narahat olduğunu bildirərərk Azərbaycanı firkin azad ifadə edilməsinə qarşı birbaşa və ya dolayı maneələri aradan qaldırmağa çağırıb” - deyə məktubda qeyd edilir.
Human Rights Watch, Article 19 və International PEN məktubun sonunda bir daha prezident İlham Əliyevi Sizi Azərbaycanın götürdüyü öhdəliklərə, İnsan Haqları üzrə Avropa Konvensiyasına uyğun şəkildə Emin Milli və Adnan Hacızadınin məhkəməsinin azad keçirilməsi üçün təcili və konkret addımlar atmağa çağırır.
Bu işlə bağlı münasibət bildirən rəsmilər adətən deyirlər ki, bu, sadəcə bir xuliqanlıq hadisəsidir. Orada siyasi bir iş yoxdur.
Bu gün Gənclər və İdamn naziri Azad Rəhimov da deyib ki, məsələ siyasiləşdirilməməlidir.
Məhkəmə mübahisəni araşdıracaq.
Bu gün Səbail rayon məhkəməsində prosesə hazırlıq iclası keçirilib və qərar görə proses sentyabrın 16-da başlayacaq.
http://www.azadliq.org/content/article/1815186.html
Ombudsman gənc fəalların azadlığa çıxmasını istəyir
03.09.2009
Ombudsman Elmira Süleymanova Emin Milli və Adnan Hacızadənin cinayət işinin yekunlaşdırılaraq məhkəmənin icraatına verilməsilə əlaqədar Səbail rayon Məhkəməsinə müraciət edib. Bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Ombudsman gənclərin işi ilə bağlı aldığı çoxsaylı müraciətləri, onların ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını nəzərə alaraq, alternativ cəza növlərinin seçilməsinin mümkünlüyünə baxılmasını xahiş edib.
Hər iki gənc iyunun 8-də “Livan” restoranında baş verən münaqişədən sonra həbs olunublar.
Gənclər Cinayət Məcəlləsinin xuliqanlıq və bədənə az ağır bədən xəsarəti yetirmə maddələrilə ittiham olunurlar. İrəli sürülən ittihamlar üzrə məhkəmə prosesi sentyabrın 4-ə təyin olunub.
http://www.azadliq.org/content/article/1813592.html
Azərbaycan səfirliyi qarşısında etiraz
02.09.2009
“Adnanla Eminə azadlıq!”. Bu şüar bu dəfə Bakıda yox, Londonda səslənib. Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin qarşısında aksiya keçirən “Azərbaycanın dostları” təşkilatı gənc fəalların həbsinə etiraz ediblər.
Aksiya iştirakçısı Vüsal Həmzəyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, onlar Adnan Hacızadə və Emin Millinin həbsiylə bağlı məlumatların yazıldığı vərəqləri yerli əhaliyə paylayıblar. Aksiyanın qətnaməsi isə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə təqdim olunacaq.
“Azərbaycanın dostları” təşkilatında bir qrup azərbaycanlı və britaniyalı birləşib.
Bu il iyunun 8-də gənc fəallar Emin Milli və Adnan Hacızadə “Livan” restoranında baş verən münaqişədən sonra həbs olunublar.
Gənclər Cinayət Məcəlləsinin xuliqanlıq və bədənə az ağır bədən xəsarəti yetirmə maddələrilə ittiham olunurlar. İrəli sürülən ittihamlar üzrə məhkəmə prosesi sentyabrın 4-ə təyin olunub.
http://www.azadliq.org/content/article/1813308.html
"İstəməzdim ki, Azərbaycan bu məsələyə görə təcrid olunsun"
01.09.2009
Almaniya Bundestaqının üzvü, Almaniya-Cənubi Qafqaz əməkdaşlıq komissiyasının üzvü Yorq Tauss AzadlıqRadiosunun "İşdən sonra" proqramına müsahibə verib.
- Cənab Tauss, Azərbaycana son 2 ay ərzində 2 dəfə səfər edirsiniz. Bu səfərlər həbsdə olan gənc fəallar Adnan Hacızadə və Emin Milli ilə bağlıdır. Səfərlər arasındakı vaxt ərzində fəallarla bağlı hansısa dəyişiklik haqda bəhs edə bilərsinizmi?
- Bu həbs hadisəsi Almaniyada bir çox insanların narahatlığına səbəb olub. Təəssüf ki, elə bir dəyişiklik olmayıb. Mən Emin və Adnanla görüşmək arzumu Azərbaycanda rəsmi orqanlara bildirmişdim. Düşünürdüm ki, bu məqsədə çatmaq üçün o qədər də uzaq yol keçmək lazım deyildi. Artıq 1 ay keçib. Və görürəm ki, hökumət tərəfindən onlarla görüşmək imkanı üçün irəliyə doğru addım atılmır.
- Siz axı ombundsmən Elmira Süleymanova ilə görüşmüsüz...
- Mənə belə məlum oldu ki, məhkəmə icraatına verilən işə ombundsman tərəfindən də heç bir müdaxilə edilə bilməz. Adnan və Eminlə görüşmək imkanıma da ombundsman kömək edə bilməz. Amma inandırım sizi, Almaniyadan gələn deputata Azərbaycan tərəfindən görüşmək imkanı yaradılsaydı, bu çox yaxşı diplomatik siqnal olardı. Mən Azərbaycanı tərk edənə qədər bu siqnalı gözləyəcəyəm.
- Almaniyada bu cür situasiya mümkündürmü?
- Almaniyada hər-hansı davaya görə adamın 2 ay istintaq təcridxanasına salınmasını təsəvvür edə bilmərəm. Elə şey mümkün deyil. Emin və Adnanı 2 ay tam təcrid etmək heç ağlıma da batmır. Almaniyanın da, Azərbaycanın da Avropa Şurası qarşısında olan öhdəlikləri də buna imkan vermir. Azərbaycan tərəfi də fəalların təcridinə son qoysaydı bu müsbət addım kimi qəbul ediləcək.
- Bu baş verməsə onda nə?
- Mən əlbəttə ki, Azərbaycanla diplomatik müharibəyə başlamayacağam. Avropa İttifaqı Azərbaycanda gedən proseslərə daha diqqətlə yanaşacaq. Çox istəyərdim ki, Azərbaycan tərəfindən müsbət addım atılsın. Məhkəmə ədalətli və açıq olmalıdır. İstəməzdim ki, Azərbaycan bu məsələyə görə beynəlxalq təcridə yol almış olsun. Bu məsələ təcridə səbəb ola bilər. Mən bunu Azərbaycanın dostu olaraq da istəmirəm.
http://www.azadliq.org/content/article/1812141.html
Amerikalı azərbaycanlılar bloqqerlərin azadlığını tələb edib
28.08.2009
Avqustun 28-də Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatı Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması tələbilə Vaşinqtondakı Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası keçirib.
Azərbaycan səfirliyinin önündə baş tutan aksiyada gənc fəallar Emin Milli və Adnan Hacızadənin həbsinə etiraz bildirilib. Aksiyada amerikalı azərbaycanlılarla yanaşı «Sərhədsiz Reportyorlar» Beynəlxalq Jurnalist Təşkilatının Vaşinqtondakı nümayəndəsi, Adnan Hacızadənin təhsil aldığı Riçmond universitetinin məzunları iştirak ediblər.
Azərbaycan səfirliyi məsələ ilə bağlı mövqeyini ifadə etməyib amm səfirliyin əməkdaşları pəncərələrdən aksiyanı gizli olaraq lentə alıblar.
AZAD-ın həmtəsisçilərindən biri Elmar Şahtaxtinski bəyanatı oxuduqdan sonra Azərbaycan səfirliyinin nümayəndələrinə təqdim edib.
«Sərhədsiz Reportyorlar» Beynəlxalq Jurnalist Təşkilatının Vaşinqton nümayəndəsi də Azərbaycan səfirliyi önündə bəyanat oxuyub. Bəyanatda Xarici İşlər Nazirliyinə dəfələrlə göndərilən məktubların cavabsız qalmasından şikayət olunur. Eyni zamanda bəyanatda Emin Milli, Adnan Hacızadə və həbsdə olan digər jurnalistlərin azadlığı tələb olunub. Bəyanatda Azərbaycan hökumətinin söz azadlığı, azad düşüncəyə qarşı apardığı hədə-qorxu siyasətinə də son qoyulması tələbi də səsləndirilib.
İyunun 8-də gənc fəallar Emin Milli və Adnan Hacızadə «Livan» restoranında baş verən münaqişədən sonra həbs olunublar. İrəli sürülmüş xuliqanlıq ittihamı üzrə məhkəmə prosesi sentyabrın 4-ə təyin olunub. Hüquq müdafiəçiləri bloqçuların həbsini siyasi sifariş hesab edir.
Həbs olunmamışdan Adnan Hacızadə və Emin Millinin son olaraq yaydığı video rolikin həbsə səbəb olduğu barədə versiyalar var. Həmin video rolikdə hökumətin ölkəyə biri 41 min dollara iki eşşək idxal etdiyi barədə mediada gedən xəbərlərə istinad edilir və rolikin qəhrəmanı olan eşşək mətbuat konfransında ictimai siyasi proseslərə şərh verir.
AZAD-ın Vaşinqtonda keçirdiyi aksiyada da eşşək korrupsiya simvolu olaraq göstərilib. “41 minə eşşək?” “Emin və Adnanı azad edin, korrupsionerləri həbs edin!” tələbləri əksini tapıb. “Azadlıq üçün siqnal ver” çağırışını da yoldan keçən sürücülər diqqətsiz buraxmayıb, ətrafı siqnal səsləri bürüyüb.
Mətnin əsli burada
Video:
Londonda bloggerlərə dəstək konserti keçiriləcək
Sentyabrın 2-dən Azərbaycanın Londondakı səfirliyinin binası qarşısında bloggerlər Adnan Hacızadə və Emin Milliyə dəstək üçün küçə konserti keçiriləcək.
Bloggerlərin Böyük Britaniyadakı dostlarının Turana verdiyi məlumata görə, konsert onların həbsinə qarşı etiraz aksiyası, habelə onlara dəstək aktı olacaq.
Konsertə məşhur musiqiçilər, habelə konsert zamanı bloggerlərin portretlərini çəkəcək rəssamlar dəvət edilib.
http://news.qaynar.info/30309.html
Gənc fəalların işi ilə bağlı Klintona müraciət olundu
26.08.2009
"İyulun 8-də Adnan Hacızadə və Emin Millinin xuliqanlıq ittihamı ilə həbs edilməsi beynəlxalq diqqət çəkib. Onlar Azərbaycanın hazırkı hökumətinə müxalif olan bloqqer və fəal gənclərdir. Belə bir ehtimal var ki, onların həbsi siyasi fikirlərini bildirmələrinin nəticəsi olub".
Demokrat partiyasından olan konqressmen Ceyms Moran gənc fəallar Emin Milli və Adnan Hacızadənin işi ilə bağlı dövlət katibi Hillari Klintona ünvanladığı məktubunda belə yazıb.
Cənab Moran daha sonra yazır: "Azərbaycanda hüquqi sistemin zəif olması ilə əlaqədar Hacızadə və Millinin məhkəməsinin ədalətli keçməyəcəyindən narahatam. Dövlət Departamenti onların işi üzrə məhkəmənin ədalətli olması üzrə hər-hansı addımlar atırmı? ABŞ-ın, harada olursa olsun, söz azadlığının boğulmasından narahat olduğunu göstərməsi vacibdir".
OL Gənclər Hərəkatının həmtəsisçisi Adnan Hacızadəylə AN Gənclər şəbəkəsinin təsisçilərindən Emin Milli bu il iyulun 8-də Livan restoranındakı münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda ittiham olunurlar. Gənclər özlərisə bu ittihamı qəbul etmirlər.
Beynəlxalq qurumlar onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.
Məhkəmə hər iki gənclə bağlı iki aylıq həbs-qətimkan tədbiri seçib.
http://www.azadliq.org/content/article/1807818.html
"Bloqçuları həbs etmək asan olmamalıdır"
24.08.2009
"Artıq vaxt gəlib çatıb ki, biz bloqçular təşkilatlanaq, bloqçuların da özünün Human Rights Watch kimi bir hüquq müdafiə təşkilatı olsun". Bu sözləri AzadlıqRadiosuna müsahibəsində internet fəalları Adnan Hacızadə və Emin Millinin həbsini şərh edərkən nüfuzlu "New Yorker" jurnalının redaktoru Hendrik Hertzberq deyib.
Jurnalda öz siyasi bloqunu aparan Hertzberqin sözlərinə görə, Azərbaycanda bloqçuların həbsi barədə eşitdikləri onu bu məsələni başqa bloqçularla müzakirə etməyə sövq edib. Onun fikrincə, həbsdə olan bloqçuların məsələsi liberal bloqçuların Netroots Nation adı altında keçirilən forumunun nəzərinə çatdırılmalıdır.
"Azərbaycandakı kimi bloqçuların hüquqlarının müdafiəsi Netroots Nationun missiyasına çevrilməlidir. Onlar elə etməlidirlər ki, hökumətlər üçün bloqçulara təzyiq göstərmək bu qədər rahat olmasın. Çünki bu yaxınlarda İranda da gördüyümüz kimi, əgər həvəsləri olsa, kompyuter, mobil telefon, blackberrisi olan adamlar çox iş görə bilərlər. Və bir bloqçu kimi mənim də üzərimə düşən vəzifə budur ki, hökumətlərin bloqçuları əzməsini çətinləşdirim" Hertzberq deyib.
OL Gənclər Hərəkatının həmtəsisçisi Adnan Hacızadəylə AN Gənclər şəbəkəsinin təsisçilərindən Emin Milli bu il iyulun 8-də Livan restoranındakı münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda ittiham olunurlar. Gənclər özlərisə bu ittihamı qəbul etmirlər.
Beynəlxalq qurumlar onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.
Məhkəmə hər iki gənclə bağlı iki aylıq həbs-qətimkan tədbiri seçib.
http://www.azadliq.org/content/article/1806465.html
Bakı səmasında "Adnan və Eminə azadlıq!" şüarı
Avqustun 20-i axşamçağı Bakının mərkəzi meydanlarından birində gəzişənlər maraqlı bir etiraz aksiyasının şahidi olublar. Gənclərin Hüquqlarını Müdafiə Hərəkatının fəalları yüzə yaxın şara bərkidilmiş "Adnan və Eminə azadlıq!" şüarı ilə İstiqlaliyyət küçəsi ilə yürüş edib və Nizami heykəlinin yanında şarları havaya buraxıblar.
Hərəkat fəalı Pərvanə Persianinin AzadlıqRadiosuna dediyinə görə, polis müdaxiləsinə baxmayaraq, aksiya baş tutub: "Polis bizim arxamızca qaçırdı, şüarları əlimizdən alıb cırmaq istəyəndə, biz şarları havaya buraxdıq, şüarlar da göyə qalxdı".P.Persianinin sözlərinə görə, aksiya iyulun 8-də həbs olunmuş bloqçuların azad olunması tələbi ilə keçirilib.
Gənclərin Hüquqlarını Müdafiə Hərəkatı Emin Milli və Adnan Hacızadənin həbsindən sonra, gənc fəalları müdafiə məqsədilə yaradılıb. Emin Milli və Adnan Hacızadə iyulun 8-də "Livan" restoranında baş verən münaqişədən sonra həbs olunublar.Səbail Rayon Məhkəməsi iyulun 10-da gəncləri 2 ay müddətinə həbs edib. Gənclərin həbsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən pislənilib.
http://www.azadliq.org/content/article/1804239.html
Video:
Hollandiyada Azərbaycan səfirliyi qarşısında etiraz
Avqustun 18-də Hollandiyada Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi qarşısında gənc fəallar Adnan Hacızadə və Emin Millinin həbsinə etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları səfirlik binası önündə şüarlar səsləndirərək Azərbaycanda gənc fəallara qarşı olan basqıları pisləyiblər. Həmçinin azad mətbuata, azad fikrə qarşı təzyiqlərə etirazlarını bildiriblər.
Aksiya iştirakçıları Adnan Hacızadənin, Emin Millinin, həmçinin həbsdə olan digər jurnalistlər Qənimət Zahidin, Eynulla Fətullayevin, Müşfiq Hüseynovun azadlığa buraxılmasını tələb ediblər. Aksiyanın qətnaməsi səfirliyə təqdim edilib.Aksiyadan sonra Azərbaycandakı real ictimai-siyasi durumu əks etdirən bukletlər şəhər ictimaiyyətinə paylanıb.
Emin Milli və Adnan Hacızadə iyulun 8-də "Livan" restoranında baş verən münaqişədən sonra həbs olunublar. Səbail rayon məhkəməsi iyulun 10-da gəncləri 2 ay müddətinə həbs edib. Gənclərin həbsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən pislənilib.http://www.azadliq.org/content/article/1802936.html
Azərbaycan bloggerlərinin məhkəməsinə beynəlxalq müşahidəçilər gələcək
17.08.2009
HRW,OMCT, FIDH, Front Line kimi məşhur beynəlxalq hüquq-müdafiə təşkilatları bloggerlər Adnan Hacızadə və Emin Millinin işi üzrə məhkəmə prosesinə öz nümayəndələrini göndərmək barədə qərar qəbul ediblər. Bu barədə hüquq-müdafiə təşkilatları şəbəkəsi ilə əlaqə saxlayan Sülh və Demokratiya İnstitutunun məlumatında deyilir. İnstitut məhkəmə prosesini izləyəcək beynəlxalq müşahidəçiləri qəbul etməyə və yerləşdirməyə hazırdır, deyə bu QHT-dən Turana bildiriblər.
Hələlik məhkəmənin dəqiq tarixi məlum deyil. Proses sentyabrın 10-dan gec olmayaraq keçirilməlidir, bu tarixdə gənclərin 2 aylıq həbs müddəti bitir. Vəkillər məhkəmənin tez keçirilə biləcəyini istisna etmirlər.
Milli və Hacızadə iyulun 8-də Bakıda “Lebanez” kafesində döyülüblər. Lakin polis onların özlərini xuliqanlıqda ittiham edib, Səbail rayon məhkəməsi isə iyulun 10-da gəncləri iki ay müddətinə həbs edib. Azərbaycanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı olmadan bloggerləri ictimai olaraq “xuliqanlıqda” ittiham etməyə tələsiblər.
“Bu həbsəri qanun pozuntusu və özbaşınalıq kimi dəyərləndirirəm. Onların həbsinin göz önündə olan yeganə motivi bu gənclərin ictimai fəallığıdır. Hər ikisinin həbsi siyasi motivlidir”, deyə vəkil Elton Quliyev bildirib. O, DİN və Baş Prokurorluğun mətbuat xidmətlərinin gənclərin restoranda xuliqanlıq etməsi və kimisə döyməsi barədə versiyasını “tamamilə yalan” adlandırıb.
Bir versiyaya görə, hakimiyyətin narazılığına Adnan Hacızadənin rəhbərliyi ilə çəkilmiş və İnternetdə yerləşdirilmiş videosüjet səbəb olub. Bu süjet Almaniyadan gəlmiş və Azərbaycanlı həmkarları ilə təcrübəsini bölüşən eşşəyə həsr olunub.
Bloggerlərin həbsi dünyada geniş etiraza səbəb olub. Hadisə dünya KİV-lərində reportajların mövzusuna çevrilib. Avropa İttifaqı, ATƏT kimi beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini bloggerləri azad etməyə çağırıb. Demək olar ki, bütün beynəlxalq təşkilatlar etirazlarını bildiriblər.
Hacızadə və Millinin yaxın gələcəkdə azad ediləcəyi istisna deyil. Keçən həftə Prezident Administrasiyasının beynəlxalq şöbəsinin müdiri Novruz Məmmədov qeyd edib ki, işi siyasiləşdirmək lazım deyil, bloggerlər bir neçə aydan sonra azad olunacaqlar
http://contact.com.az/index.php?type=news&lang=az&news_id=12908
Brayza prezidentlə bloqqerlərin həbsindən danışıb
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyətini çox yüksək qiymətləndirirəm. İki ölkə prezidentinin mövqeyi o qədər yaxındır ki, yaxın zamanlarda çərçivə sazişi imzalana bilər”.
ATƏT-in Minsk Qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza avqustun 12-də Bakıda keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, bu məsələdə vasitəçilərin üzərinə tərəfləri konstruktiv olmağa təşviq etmək düşür. Münaqişənin birbaşa həlli isə tərəflərdən asılıdır.
M.Brayza prezident İlham Əliyevlə görüşündə həbsdə olan bloqqerlərin həbsi ilə bağlı məsələ qaldırdığını da bildirib. Onun sözlərinə görə, dövlət başçısına deyib ki, bu məsələ ədalətli proses, insan haqlarına müvafiq və Azərbaycanda söz azadlığının inkişafına xidmət edəcək şəkildə həll olunmalıdır.
Brayza artıq ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri kimi fəaliyyətini başa vurduğunu da bildirib. Gələcək diplomatik fəaliyyəti ilə bağlı hər hansı açıqlama verməyən Brayza, yalnız onu deyib ki, çox istərdi ki, bundan sonrakı fəaliyyəti də Cənubi Qafqazla bağlı olsun.
Metyu Brayza avqustun 11-dən Bakıdadır. Onu Minsk Qrupunda kimin əvəz edəcəyi hələlik bilinmir.
http://www.azadliq.org/content/article/1798311.html
Elçin Behbudov dövlət başçısından bloggerləri azad etməyi xahiş edir
Bazar ertəsi İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov həbs edilmiş bloggerlə əlaqədar dövlət başçısına müraciət edib. Açıq məktubunda hüquq müdafiəçisi prezidentdən hal-hazırda həbsdə olan, Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan gənclər Adnan Hacızadə və Emin (Milli) Abdullayevin gənc olduqlarını nəzərə alaraq, onların azad olunması üçün müvafiq tədbirlər görməyi xahiş edir.
Elçin Behbudov həmçinin bildirib ki, bu həftə bloggerlərlə görüşməyi planlaşdırır, belə ki, onların vlideynləri belə bir xahişlə müraciət ediblər.
Xatırladaq ki, gənclər iyulun 8-də xuliqanlıq ittihamı ilə həbs ediliblər, baxmayaraq ki, özləri kafedə basqına məruz qalıblar. Onlar əmindirlər ki, siyasi sifarişin qurbanı olublar və onları İnternetdə yerləşdirdikləri satirik videorolikə görə təqib edirlər.
http://www.contact.com.az/index.php?type=news&lang=az&news_id=12839
Beynəlxalq Təhsil üzrə Amerika Konsulluğu Azərbaycan üzrə keçmiş direktorundan dəstək məktubu
Hörmətli Nazir Məmmədov,
Bu məktub İyul ayının 8-də xuliqanlıq iddiası ilə həbs edilmiş Adnan Hacızadəyə dəstək olaraq təqdim edilir. Mən Beynəlxalq Təhsil üzrə Amerika Konsulluğu adlı qeyri-hökumət təşkilatının Azərbaycan üzrə keçmiş direktoru və hal-hazırda Amerikada məskunlaşmış bir professoram. Adnanı orta məktəb şagirdi olan vaxtlardan tanımışam. 1999-cu ildə 1,500 şagird arasından cəmi 55 nəfər Azadlığa Dəstək Aktı/Gələcək Liderlərin Mübadiləsi Proqramı çərçivəsində ABŞ orta məktəblərinin yuxarı siniflərində bir illik təhsil almaq şansı qazanmışdı. Bu gənclərin arasında Adnan da var idi. Akademik uğurlar və potensiala əlavə olaraq bu şagirdlər açıq fikirlilik, liderlik, cəmiyyətə töhfə, könüllülüyə rəğbət və məsuliyyət kimi şəxsi keyfiyyətlərə malik idilər. Adnan nəinki proqramın sadaladığım tələblərinə uyğun gəldiyini aydın şəkildə büruzə verirdi, elə həmin dövrdən bəri onun Azərbaycanın inkişafına sədaqəti və cəmiyyətə olan tövhələri daha da dərinləşirdi.
Azərbaycanda bu proqramın rəhbəri olduğum zaman Adnanla yaxından tanış olmaq imkanım oldu. Mən Adnanı yüksək keyfiyyətli şagirdi olmaqla bərabər, uşaqların evlərinə, qaçqın düşərgələrinə səfərlər təşkil edən, vətəndaşlarda məlumatlılığı və məsuliyyəti artıran proqramlar hazırlayan, şəhər parklarında təmizliyin qayğısına qalan layihələr həyata keçirən bir gənc kimi gördüm. Adnanın Amerika Konsulluğundakı müxtəlif istiqamətli işlər görüb və o bunu bir borc kimi yox, Azərbaycanın çiçəklənməsi və güclənməsi üçün kollektiv bir təşəbbüsün bir parçası olmağın vacibliyini anlayaraq edirdi.
Adnanın son 10 ildə həyata keçirdiyi işlər istənilən formada, istər Azərbaycanın sosial inkişafı kimi ümumi, istər cəmiyyətdə məlumatlılıq və məsuliyyətin artırılması kimi xüsusi, istərsə də milli sərhədlərin ayrıcı deyil, birləşdirici olmasını nümayiş etdirilməsi formasında özünü doğrultmuşdur. Adnanın müxtəlif layihələr və fərdi cəhdlər vasitəsilə özünü cəmiyyətə həsr etməsi istənilən yaşda insana yaraşan bir hərəkətdir, amma Adnanın cəmi 26 yaşı var.
Adnan yüksək mənəvi keyfiyyətə malik, fərdlərin xeyirxahlıq potensialına və açıq müzakirənin və qeyri-zorakılığın cəmiyyətlər və fərdlər arasında inam və qarşılıqlı anlayış əmələ gətirəcəyinə dərindən inanan bir gəncdir. Mən bu yay Azərbaycana geri qayıtmışdım. İnsanlar məni küçədə görüb “Azərbaycana xoş gəlmişsiniz” deyirdilər. Mən işlədiyim universitetdə və yaşadığım cəmiyyətdə Azərbaycan haqqında danışır, onu tərənnüm edirəm. Bunu Azərbaycanda tanıdığım Adnan və onun simasında bütün fərdlərə hörmət etdiyim üçün edirəm.
Mən Adnanın məsələsini nəzərə aldığınıza görə təşəkkür edir, ona Azərbaycan ədliyyə sistemi tərəfindən ədalətli və tərəfsiz yanaşılacağına inaniram.
Hörmətlə,
Ceremi Təş,
Touson Universiteti professoru,
Merilənd ştatı, Amerika Birləşmiş Ştatları
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin bəyənatı
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin üzvləri 8 iyul 2009-cu ildə təşkilatın üzvü Adnan Hacızadənin həbs olunmasından narahatlığını bildirir. Hal-hazırda Adnan Hacızadəyə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 maddəsi (bir qrup şəxs tərəfindən xuliqanlıq) üzrə ittiham irəli sürülmüşdür.
ABŞ təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, ABŞ-da müxtəlif təhsil mübadilə proqramları xətti ilə təhsil almış azərbaycanlı məzunları birləşdirən ictimai birlikdir. 2003-cü ildən etibarən fəaliyyət göstərən təşkilatın əsas məqsədi məzunların yaradıcı potensialının gerçəkləşdirilməsinə dəstək göstərmək və onların bilik və bacarıqlarını respublikamızın inkişafına yönəltməkdən ibarətdir.
Adnan Hacızadə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi FLEX (1999-2000) proqramının və ABŞ-ın Riçmond Universitetinin məzunudur. O, təşkilatımızın üzvləri arasında özünün peşəkarlığı və səmimi münasibəti ilə yadda qalmışdır. Adnan təşkilatımızın üzvü kimi treyninqlərdə, xeyriyyə və ətraf mühitin qorunması ilə bağlı layihələr və ölkəmizin inkişafına yönəlmiş bir sıra başqa təşəbbüslərdə iştirak etmişdir. Adnan daim özünü yüksək dərəcədə savadlı və nəzakətli bir Azərbaycan gənci kimi göstərmişdir.
Biz bu hadisənin istintaqının Azərbaycan Respublikasının qanunvericiliyinin bütün tələblərinə uyğun aparılacağına və məhkəmənin ədalətli qərar verəcəyinə inamımızı ifadə edirik.
Bu bəyanat ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai birliyinin üzvlərinin ümumi səsverməsi nəticəsində qəbul edilmiş qərar əsasında hazırlanmışdır.
http://www.aaa.org.az/newsitem.html?id=4002



