23.09.2009
Sentyabrın 22-də Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov ABŞ-ın Kolumbiya Universitetinin tələbələri qarşısında çıxış edib.
Universitetdəki mənbədən Turana verilən məlumata görə, sual-cavab zamanı nazir əsəbiləşməli olub, belə ki, 12 sualdan 6-sı bloggerlər Adnan Hacızadə və Emin Millinin məhkəmə işinə Aid olub və Məmmədyarov Azərbaycanda “adi xuliqanlıq” hadisəsinin hansı səbəbdən böyük siyasi qalmaqala çevrildiyini, döyülənlərin niyə həbsə düşdüyünü, basqınçıların isə azadlıqda gəzdiyini heç cür izah edə bilməyib. Belə “niyə”lərın sayı çox olub və nazir Azərbaycan haqqında mənfi məlumatları “düşmənlərimizin” yayması kimi ənənəvi cavablarla vəziyyətdən çıxmalı olub.
Başqa mövzulara gəlincə, nazir Qarabağ nizamlanması, Rusiyanın rolu və Qəbələ RLS barədə danışıb.
Video:
Elmar Məmmədyarov Kolumbiya universitetində əsəbiləşib
Novruz Məmmədov: Bloggerlər xuliqandırlar, amma onları buraxacaqlar
15.08.2009
“Çox təəssüf ki, bu gün Qərb imkanlarından istifadə edərək, kiçik bir milçəyin uçmasını böyük hadisə edərək, dünyaya yaya bilir”, deyə Turana müsahibəsində Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov beynəlxalq ictimaiyyətin bloggerlər Emin Milli və Adnan Hacızadənin azad edilməsi çağırışı ilə çoxsaylı müraciətlərini şərh edərkən bildirib. “Blogerlərin həbsi sadəcə bir xuliqanlıq hadisəsidir. Bir xuliaqanlıq baş verib və bir-iki aydan sonra onlar buraxılacaq. Amma belə işlər dünyada yüzlərlə olur, sadəcə olaraq onların bir neçəsi kimlərəsə lazım olanda siyasiləşdirilir. Sonra isə kimlərinsə marağına uyğun olaraq, dünyada süni olaraq mühüm hadisə kimi qələmə verirlər”, deyə Məmmədov bildirib.
“7-8 nəfər bu gənclər bir iki nəfərə qarşı olub. Bunu beynəlxalq mətbuat, Azərbaycanda olan səfirlər, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, xarici nümayəndələr məsələni şişirdirlər. Amma Azərbaycanın həyati vacib məsələlərindən aylarla danışmırlar”, deyə o qeyd edib.
Azərbaycanın bloggerləri həbsədn azad etmək niyyətində olub-olmaması barədə suala cavabda Novruz Məmmədov bildirib ki, bu məsələ qanunvericilik daxilində həllini tapacaq. “Azərbaycan müstəqil dövlətdir. Biz görəndə ki, kimlərsə Azərbaycana süni təzyiqlər edir, bundan öz məqsədləri üçün istifadə etmək istəyir, biz bunları qəbul etmirik. Azərbaycan bütün dövlətlərlə səmimi əməkdaşlıq edir, dostluğu və tərəfdaşlığı qiymətləndirir. Lakin digər tərəf Azərbaycandan piyada kimi istifadə etməyə çalışırsa, bu qəbul edilməyəcək”.
Azərbaycanın xarici və daxili siyasətinə ədalətsiz kənar təsirlərin qəbul edilmədiyini deyən Məmmədov ölkədəki proseslərin qanunlarla idarə olunduğunu vurğulayıb. “Mən demirəm ki, Azərbaycanda nöqsan yoxdur və hər şey idealdır. Amma Azərbaycan son 17 ildə göstərdi ki, öz seçimində demokratik hüquqi və dünyəvi dövlət qurumunda, bütün çətinliklərə baxmayaraq, irəliləyir. Azərbaycan tezliklə qərbdə olan dövlətlər kimi sivil vətəndaş cəmiyyəti dövlətinə çevriləcək”, deyə Məmmədov bildirib.
http://contact.com.az/index.php?type=news&lang=az&news_id=12894
Müstəntiq suallara cavab vermir, DİN-in mətbuat xidmətində isə yeni məlumat yoxdur
2009-07-30
Gənclər hərəkatı fəalları Adnan Hacızadə və Emin Millinin işini araşdıran müstəntiq, Səbail Rayon Polis İdarəsinin zabiti Ziya Əliyev “Media forum” saytının suallarını cavablamayıb. O, gənclərin istintaqına yönəlik bütün sualları Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə ünvanlamağı məsləhət bilərək telefonu qapadıb.
Saytın əməkdaşı istintaqın gedişi ilə bağlı məlumat almaq niyyətində olub. A.Hacızadə və E.Millinin vəkilləri Elton Quliyevlə İsaxan Aşurov mediaya açıqlamalarında hazırda heç bir istintaq hərəkəti aparılmadığını bildirirlər. Onların dediyinə görə, son 20 gündə - gənclər həbs olunandan bəri gəncləri dindirən olmayıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov “Media forum”a deyib ki, istintaqı aparılan işlə bağlı hər hansı münasibət bildirməsi mümkün deyil: “Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi bu işlə bağlı iki birgə məlumatı yayılıb. Hazırda istintaq gedir. Mənim istintaqın işinə qarışmağa, istintaqla bağlı hər hansı bir açıqlama verməyə ixtiyarım yoxdur. İstintaq necə gedir, bilmirəm”.
E.Milli və A.Hacızadə iyulun 8-də saxlanıblar. Buna həmin gün axşam Bakıdakı “Livan” restoranında baş verən dava səbəb olub. E.Milli və A.Hacızadə ilə qonşu masada olan Vüsal Məmmədov və Babək Hüseynov arasında düşən davaya görə Cinayət Məcəlləsinin 221.2.1 maddəsi (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) üzrə cinayət işi başlanıb. İyulun 10-da Səbail Rayon Məhkəməsi A.Hacızadə və E.Milli barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
http://www.mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20090730022000704
Ombudsman Aparatının əməkdaşları Bakı istintaq təcridxanasinda Emin Milli və Adnan Hacızadə ilə görüşmüşlər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan “Alumni Network” Gənclər Şəbəkəsinin nümayəndəsi Emin Milli və “Ol” Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadə ilə görüşmüşlər.
Söhbət zamanı gənclər saxlanılma şəraitindən şikayətlərinin olmadığını, onlara qarşı müəssisə əməkdaşları tərəfindən qeyri-insani rəftara və ya zorakılığa yol verilmədiyini, lazımi qida təminatı və tibbi yardımın göstərildiyini bildirmiş, eyni zamanda barələrində məhkəmənin çıxardığı həbs qətimkan tədbirindən narazı olduqlarını söyləmişlər. Onlar həmçinin valideynləri ilə görüş üçün səlahiyyətləri çərçivəsində şəraitin yaradılmasını Ombudsmandan xahiş etmişlər.
Gənclərə Müvəkkil Elmira Süleymanovanın onların barəsində başlanmış cinayət işinin istintaqının obyektiv aparılmasının nəzarətə götürülməsi ilə bağlı Daxili İşlər nazirinə və Baş Prokurora müraciət etdiyi bildirilmişdir.
http://www.ombudsman.gov.az/az/news/1425/
Zərərçəkən kimi tanınan şəxslər dilə gəldi
Müraciət müəllifləri iddia edir ki, Adnan, Emin və onlarla bərabər olan şəxslər «Livan» restoranında hündürdən söyüş söydüklərinə görə onların istirahətini pozub. İradlarını bildirəndə isə onları döyüblər. Dediklərinə görə, aldıqları xəsarətlərə görə hələ də xəstəxanada müalicə alırlar.
Babək Hüseynov və Vüsal Məmmədov media təmsilçilərini faktları təhrif etməməyə və doğrunu yazmağa çağırıb.
Gənc fəallar Adnan Hacızadə və Emin Milli xuliqanlıqda təqsirləndiriliblər və barələrində iki aylıq həbs-qətimkan tədbiri seçilib. Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları gənclərin saxlanmasını pisləyib və onlara qarşı irəli sürülən ittihama inanmadıqlarını bəyan ediblər.
http://www.azadliq.org/content/article/1780884.html
Penitensiar xidmətin sözçüsü gənclərin saxlanma şəraiti haqda məlumat vermir
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov “Media forum” saytına açıqlamasında bildirib ki, Bakı İstintaq Təcridxanasında yatan gənclər Adnan Hacızadə və Emin Millinin neçə adamlıq kamerada saxlanması barədə məlumat verə bilməz: “Onların ayrı-ayrı, yaxud bir yerdə saxlanmaları barədə də məlumat verə bilmərik”.
M.Sadıqov bildirib ki, əgər saxlanılan şəxslərin hər hansı tibbi yardıma ehtiyacı varsa, yardım göstəriləcək: “Onlara ərzağın ötürülməsi də qanunvericiliyə uyğun həyata keçirilir”.
Gənclər hərəkatı fəalları A.Hacızadə və E.Milli barəsində iyulun 10-da iki aylıq həbs-qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) təqsirli bilinirlər.
İyulun 8-də polis hər iki gənci saxlayıb. Buna həmin gün axşam Bakıdakı “Livan” restoranında baş verən dava səbəb olub. Yeddi gənclə birlikdə yemək yeyən E.Milli və A.Hacızadə ilə qonşu masada olan Vüsal Məmmədov və Babək Hüseynov arasında dava düşüb.
Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsinin iyulun 11-də yaydığı rəsmi məlumatda deyilir ki, A.Hacızadə, E.Mill və daha beş nəfər restoranda ucadan etik normadan kənar nalayiq ifadələr işlətdiklərinə görə onlara irad tutan vətəndaşlar Vüsal Məmmədov və Babək Hüseynova zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol veriblər.
http://mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20090713011811103
İqtidardan olan deputatlar gənclərin həbsi barədə nə düşünür?
Adnan Hacızadə və Emin Millinin həbsi barədə iqtidar partiyasının deputatlarının mövqeyi ilə tanış olun.
Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Əli Əhmədov:
“Bəziləri gənclərin siyasi mövqeyinə görə tutulduğu iddiasını irəli sürür. Söhbət hansı siyasi mövqedən gedir? Filankəsin oğlu olmaq siyasi mövqedir? Restoranda siyasi mövqe ifadə olunur? Bu, çox qəribə məntiqdir ki, filankəs filankəsin oğludursa, yaxud jurnalistdirsə, onu həbs etmək olmaz”.
Milli Məclis sədrinin müavini
Bahar Muradova:
“O gənclərin təmsil olunduqları siyasi partiyaların rəhbərləri vaxtilə Azərbaycanda çoxsaylı nöqsanlara yol vermiş insanlardır. Amma onlar ölkədə açıq, azad, sərbəst şəkildə gəzib-dolaşırlar. İndi belə bir vəziyyətdə cavanlara qarşı hansısa təqibin həyata keçirildiyini düşünmək ağlasığmazdır”.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov:
“Xuliqanlığı siyasiləşdirirlər”.
Adnan və Eminin işini araşdıran müstəntiq: “Burada siyasi motivli heç nə yoxdur”
İyulun 10-da barələrində iki aylığa həbs olunmuş gənclər hərəkatı fəalları Adnan Hacızadə və Emin Millinin işini araşdıran Səbail Rayon Polis İdarəsinin baş müstəntiqi Ziya Əliyev “Media forum” saytının suallarını cavablandırıb.
- Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsinin gənclərin həbsilə bağlı yaydığı rəsmi məlumatda bildirilir ki, hadisə siyasiləşdirilir. İşi araşdıran şəxs kimi siz bu haqda nə deyərdiniz?
- İşi araşdıran müstəntiq kimi deyirəm ki, burada siyasi motivli heç nə yoxdur, sırf məişət zəminində baş vermiş xuliqanlıq hadisəsidir. Hadisənin bu cür siyasiləşdirilməsinə nə lüzum, nə əsas, nə də gərək var.
- Vəkillər Elton Quliyev və İsaxan Aşurov deyirlər ki, gənclərin müdafiə hüququnda qanun pozuntusuna yol verilib, onlar müdafiəçilərlə vaxtından gec təmin olunublar...
- Saxlanılan andan onların müdafiə hüququ tanınıb. Müdafiəçilərlə təmin olunublar. Onların hər hansı müdafiə hüququ pozulmayıb.
- İşdə zərərçəkənlər kimi keçən Babək Hüseynovun və Vüsal Məmmədovun mövqeyini ictimaiyyəttə çatdırmaq istərdik. Onlarla necə əlaqə saxlaya bilərik?
- Biz cinayət təqibi orqanı olaraq şəxslərin dindirilməsi ilə bağlı prosedurları həyata keçirmişik. Bundan sonra da bu işi davam etdirəcəyik. Bu səbəbdən Babək Hüseynov və Vüsal Məmmədovu digər qurumun dindirməsinin nə dərəcədə düzgün olduğunu deyə bilmərik.
- Şahid qismində dünən, bu gün kimsə dindirilibmi?
- İstintaq hərəkətləri aparılır. Lazım olan araşdırmaları edirik.
- Adnan və Emini ilk görənlərdən bir də siz olmusunuz. Onların tibbi yardıma ehtiyacı hiss olunurdumu? Müdafiə tərəfi bildirir ki, gənclərə lazımi tibbi yardım göstərilməyib.
- Onlara tibbi yardım göstərilib. Sonradan da tibbi yardımla bağlı müraciətləri baxılmadan saxlanılmayıb. Dərhal həkim müayinəsi və tibbi müdaxilə təmin olunub.
- Vüsal Məmmədovun və Babək Hüseynovun nümayəndəsi kimdir?
- Hələ ki, onlar istintaqa öz nümayəndələrini təqdim eləməyiblər.
- Zərərçəkənlərdən birinin stasionar yardım aldığı deyilirdi. O hələ xəstəxanadadır?
- İcazə versəydiniz, mən öz işimlə məşğul olardım...
http://mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20090713053007354
Emin Milli və Adnan Hacızadənin həbsi ilə bağlı rəsmi məlumat verilib
Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi gənc fəallar - Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı məlumat yayıb.
Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən məlumatda deyilir ki, 2009-cu il iyunun 9-da, saat 18.00 radələrində içkili vəziyyətdə olan Adnan Hacızadə, habelə Emin Abdullayev və daha beş nəfər «Lebonese» restoran-barında ucadan etik normadan kənar nalayiq ifadələr işlətdiklərinə görə onlara irad tutan vətəndaşlar Vüsal Məmmədov və Babək Hüseynova qarşı heç bir əsaslı səbəb olmadan fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol veriblər.
Hadisə yerinə polis əməkdaşları gələnədək Adnan Hacızadə ilə bir yerdə olmuş şəxslərdən dördü qaçmış, üç nəfər saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə gətirilib.
Müvafiq tibbi müayinələrlə Adnan Hacızadənin orta, Orxan Qafarovun yüngül dərəcəli sərxoşluq vəziyyətində olmaları, Emin Abdullayev, Vüsal Məmmədov və Babək Hüseynovun spirtli içki qəbul etmədikləri müəyyən olunmuşdur. Hadisə zamanı xəsarət almış Babək Hüseynova ilkin tibbi yardım göstərilmiş, Vüsal Məmmədov isə kəllə-beyin xəsarəti aldığından stasionar müalicədədir.
Fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1 maddəsi ilə cinayət işi başlanıb və ilkin andan vəkil Vaqif Məmmədov onların hüquqlarının müdafiəçisi qismində iştirak edib. Sonradan rəsmi orderlə müraciət edilmiş vəkillər İsaxan Aşurov və Elton Quliyev də adları çəkilən şəxslərin hüquqlarının müdafiəsinə qoşulub.
İstintaq zamanı Vüsal Məmmədov və Babək Hüseynov zərərçəkmiş şəxs qismində tanınıb dindirilmişlər. Hadisə yerində Adnan Hacızadə Emin Abdullayev ilə eyni masada əyləşmiş Orxan Qafarovun şahid qismində ifadəsi alınmış, Pərviz, Ülvi, Nurəddin və Bəhram adlı şəxslərin müəyyən olunması üçün tədbirlər görülür.
Səbail Rayon Məhkəməsi tərəfindən 10 iyul 2009-cu il tarixdə Adnan Hacızadə və Emin Abdullayev barəsində iki ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdir.
İş üzrə istintaqın tam, hərtərəfli və obyektiv aparılması, habelə bir sıra qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Baş prokurorluğuna müraciət etmələri baxımından cinayət işinin istintaqı nəzarətdə saxlanılır.

