2009-07-30
Gənclər hərəkatı fəalları Adnan Hacızadə ilə Emin Millinin vəkilləri İsaxan Aşurov və Elton Quliyev iyulun 30-da Səbail Rayon Məhkəməsinə Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu, habelə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa qarşı iddia ərizəsi veriblər.
İsaxan Aşurovun “Turan”a verdiyi məlumata görə, iddia bu qurumların 2009-cu ilin 11 iyul və 14 iyul bəyanatları ilə əlaqədardır: “Bu bəyanatlarda müştərilərimizin təqsirsizlik prezumpsiyası pozulub. Bəyanatlarda Adnan Hacızadə və Emin Millinin təqsirli olduğu bildirilir, halbuki onları yalnız məhkəmə təqsirli çıxara bilər. Məhkəmə isə hələ olmayıb. Bu, Avropa İnsan Hüquqları Konvensiyasının 6.2-ci maddəsinin pozulmasıdır”.
Vəkil bildirib ki, iyulun 30-da Bakı İstintaq Təcridxanasında Adnanla Eminə baş çəkib: “Onlar saxlanma şəraitindən şikayətlənmədilər. Lakin onlara indiyədək valideynləri və yaxınları ilə görüşmək imkanı verilmədiyi üçün məyus olublar. Bu məhdudiyyətlər qanunsuzdur”.
Gənclər iyulun 8-də saxlanıblar. Buna həmin gün axşam Bakıdakı “Livan” restoranında baş verən dava səbəb olub. A.Hacızadə və E.Milli ilə qonşu masada olan Vüsal Məmmədov və Babək Hüseynov arasında düşən davaya görə Cinayət Məcəlləsinin 221.2.1 maddəsi (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) üzrə cinayət işi başlanıb. İyulun 10-da Səbail Rayon Məhkəməsi A.Hacızadə və E.Milli barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
http://www.mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20090730071707296
Vəkillər hüquq mühafizə orqanlarını məhkəməyə veriblər
Labels: AEvekiller
"Gənclərin işiylə bağlı istintaq hərəkəti aparılmır"
29.07.2009
Şahnaz Bəylərqızı
Gənc fəal Adnan Hacızadənin atası Hikmət Hacızadə deyir ki, oğlu ilə bağlı istintaq aparılmır. "Adnanı heç yerə aparmırlar, elə müstəntiq də gəlmir. Oturub özü üçün kitablar oxuyur". Hikmət Hacızadə istintaqın aparılmamasını belə izah edir: "Yəqin onlara hər şey aydındır".
"SON 15 GÜNDƏ NƏ ÜZLƏŞMƏ, NƏ DİNDİRMƏ OLUB"
Yada salaq ki, OL Gənclər Hərəkatının həmtəsisçisi Adnan Hacızadə və AN Gənclər şəbəkəsinin təsisçilərindən Emin Milli xuliqanlıqda ittiham olunurlar. Gənclər iyulun 8-də Livan restoranında şam edərkən qonşu masada oturan Vüsal Məmmədov və Babək Hüseynov onlara yaxınlaşıb və bundan sonra dava düşüb. Emin Milli və Adnan Hacızadə döyüldüklərini, zərərçəkən olduqlarını desələr də, hüquq-mühafizə orqanları əksini iddia edir. İyulun 10-da Səbail Rayon Məhkəməsi onların barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.
Adnan Hacızadənin vəkili İsaxan Aşurov isə deyir ki, vəkillərə istintaq hərəkətləri haqda məlumat verilmir. Onun sözlərinə görə, istintaqla bağlı onlar da məlumatlandırılmalıdırlar.
"Əlbəttə ki, tərəf etdiyi hərəkətlə bağlı digər tərəfə məlumat verməlidir. Bu bir yanaşma qaydasıdır".
Emin Millinin vəkili Elton Quliyevin sözlərinə görəsə, gənclərin haqqında həbs qətimkan tədbiri seçiləndən bəri onların iştirakı ilə heç bir istintaq hərəkəti aparılmır. Vəkilin sözlərinə görə, son on beş gündə müdafiə etdiyi şəxs nə dindirilib, nə də üzləşdirilib: "Onun iştirakı ilə istintaq hərəkəti məhkəmə qərarına qədər aparılıb. Yəni iki gündə, şübhəli şəxs qismində saxlanılandan məhkəmə qarşısına çıxarılana qədər".
Amma Elton Quliyev bunu da deyir ki, istintaq onların iştirakı olmadan da aparıla bilər. Ola bilsin sübutlar, dəlillər toplanır və buna görə müstəntiqdən şikayət verə bilməzlər. Özü də indilik istintaqla bağlı müddət pozulmur.
O zaman sual yaranır, istintaq hərəkəti iki gündə aparılmışdısa, iki aylıq həbs qətimkan tədbirinə nə ehtiyac vardı? Elton Quliyev deyir ki, onlar ilk gündən həbs qətimkan tədbiri haqda qərarın düzgün olmadığını bildiriblər. Bu tədbirin seçilməsini pisləyir və əsassız sayırlar.
"PROKURORA ŞİKAYƏT EDƏ BİLƏRLƏR"
İstintaqı aparan Səbayel rayon Polis İdarəsinin baş müstəntiqi Ziya Əliyevdən deyilənlərə münasibət öyrənə bilmədik. Amma sualımızı Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cavablandırdı:
"Cinayət prosesinin iştirakçıları kimi təqsirləndirilən şəxslər Adnan Hacızadə və Emin Abdullayevin müdafiəçilərinin müstəntiqin hərəkətlərindən və qəbul etdiyi qərarlardan hər hansı narazılıqları varsa, onların Cinayət Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora şikayət etmək hüququ var".
Hüquqşünas Erkin Qədirli isə bu fikirdədir ki, istintaq özü anlaşılmazlıq içindədir, bu işi hara qədər aparacaqlarını bilmirlər…
"DÜNYA BU İŞİ DİQQƏTDƏ SAXLAYIR"
Son günlər beynəlxalq qurumlardan gənc fəalların dərhal azadlığa buraxılması ilə bağlı çağırışlar gəlir. Sonuncu belə bəyanatı AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçi Kristof Ştrasser verib. O Adnan Hacızadə və Emin Millinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalarını tələb edir.
İyulun 29-da isə Avropa Parlamentinin insan hüquqları üzrə alt komitəsi Azərbaycanın Belçika, Lüksemburq və Avropa Birliyindəki səfirinə gənclərlə bağlı müraciət göndərib. Komitə rəhbəri Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi çərçivəsindəki öhdəliklərini xatırladaraq gənclərin həm saxlanarkən, həm də istintaq zamanı hüquq və azadlıqlarını pozulduğunu vurğulayıb.
Bu cür bəyanatların istintaqın gedişinə və ya gənclərin azadlığa buraxılmasına faydası ola bilərmi? Hikmət Hacızadəyə görə:
"Olmamış olmaz. Hər bəyanatdan sonra uşaqları azadlığa buraxmayacaqlar. Amma bütün bunlar dünya ictimaiyyətinin hadisəni diqqətdə saxladığını göstərir. Bu yaxşı haldır".
http://www.azadliq.org/content/article/1788137.html
Labels: AEvekiller
Qolları qandallı gənclik…
İyulun 23-də Səbail Rayon Məhkəməsi gənc fəallar Adnan Hacızadə və Emin Millinin vəkillərinin şikayətini təmin etmədi. Vəkillər gənclərə qarşı qeyri-insani münasibətdən şikayətlənirdilər. Şikayətdə qeyd edilirdi ki, Adnan Hacızadə və Emin Milli həbs edilərkən nə həkimlə, nə də müdafiəçi ilə təmin ediliblər. Bundan başqa, hər iki gəncin əllərinin qandallanması və bu qandalla onların bir-birlərinə bağlanması da qeyri insani münasibətlər sırasına aid edilir.
Vəkil İsaxan Aşurov deyir ki, hakim həm maddi, həm də prosessual hüquq qaydalarını pozub:
«Həm iclası qapalı keçirdi, həm də hökmü qapalı şəkildə oxudu. Bu isə qanunsuzdur. Çünki istər ölkə konstitusiyası, istər məhkəmə və hakim haqqında qanun, istərsə də Cinayət-prosessual məcəllə belə bir vəziyyətdə aşkarlığı tələb edir».
TƏQSİRLƏNDİRİLƏN ŞƏXSƏ QANDAL VURULA BİLƏRMİ?
Vəkil İsaxan Aşurov yada salır ki, hələ 3 il əvvəl Avropa məkanında qandal qadağan edilib. Avropa Şurası Nazirlər Kabineti bundan ötrü üzv ölkələrə tövsiyə verib. Bu tövsiyə də Avropa penitensiar qaydalarında öz əksini tapır. İsaxan Aşurov deyir ki, yalnız zəruri hallarda təqsirləndirilən şəxslərin qolları plastik qandalla bağlana bilər. Bundan ötrü də ya təqsirləndirilən şəxsin qaçmaq istəməsi və ya onun qaçırılmasına cəhd olacağı haqqında sübutlar olmalıdır.
Məsələ ilə bağlı Sabail Rayon Polis İdarəsi ilə əlaqə saxlasaq da, oradan gənclərin şikayətinə münasibət bildirmək istəmədilər.
Başqa bir hüquqşünas Fuad Ağayev isə deyir ki, Azərbaycanda hələ də dəmir qandaldan istifadə edilməsi müasir Avropa dəyərləri ilə ziddiyyət yaradır:
«Avropa Şurası Parlament Asambleyasının, Nazirlər Kabinetinin bir sıra normaları, qərarları, tövsiyələri var. Mütləq Azərbaycan qanunları həmin normalara uyğunlaşdırılmalıdır».
QANDAL YOXSA BAYRAQ?
Azərbaycanda isə təqsirləndirilən şəxslərin qollarına dəmir qandalın vurulması geniş yayılıb. Elə jurnalistlər də bu münasibətdən kənarda qalmayıblar. İstər həbsdə olan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid, istərsə də bu yaxınlarda azadlığa çıxın həmin qəzetin satirik yazarı Mirzə Sakit məhkəməyə dəmir qandalla gətirilirdilər. Mirzə Sakit təqsirləndirilən şəxslərə belə münasibəti pisləsə də, qollarına vurulan dəmir qandalın ondan ötrü başqa anlam daşıdığını deyir:
«Günahsız tutulmuşdum. Qollarıma vurulan dəmir qandal elə bil şərəfi tərənnüm edirdi. Mən elə bilirdim ki, qollarıma narıncı bayraq bağlamışam».
Vəkil İsaxan Aşurov isə deyir ki, onlar Səbail Rayon məhkəməsinin qərarından şikayət etmək fikrindədir. Əvvəlcə ardıcıllıq üzrə yerli instansiyalara, sonra isə Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutacağıq. İsaxan Aşurovun sözlərinə görə, Emin Milli və Adnan Hacızadə qollarına qandal taxıldığına görə məhkəməyə üz tutan ilk azərbaycanlılardır. O ümid edir ki, belə şikayətlər çox olsa bəlkə Azərbaycan orta əsrlər dövrünün mirası olan dəmir qandallardan vaz keçə.
Materialla bağlı video burada
http://www.azadliq.org/content/article/1783853.html
Labels: AEvekiller
Gənclərin polisdən şikayətinə iyulun 23-də baxılacaq
Ülkər Akifqızı
Səbail Rayon Məhkəməsində gənc fəallar Adnan Hacızadə və Emin Millinin vəkillərinin həmin rayonun polis idarəsindən şikayətinə iyulun 23-də baxılacaq.
Bunu “Azadlıq” radiosuna gənclərin vəkilləri - İsaxan Aşurov və Elton Quliyev deyib. Vəkillərin dediyinə görə, hakim Famil Nəsibovun sədrlik edəcəyi proses saat 10:30-da başlayacaq.
Vəkillər şikayət ərizəsində gənc fəalların saxlanarkən Səbail Rayon Polis İdarəsində pis rəftara məruz qaldıqlarını və onların müdafiə hüququnun pozulduğunu yazıblar.
Emin Milli və Adnan Hacızadə iyulun 8-də “Livan” restoranında baş verən münaqişəyə görə həbs olunub və xuliqanlıqda ittiham olunurlar. Məhkəmənin qərarı ilə hər iki gənc barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Bir sıra beynəlxalq insan haqları təşkilatları gənclərə qarşı irəli sürülən xuliqanlıq ittihamı əsassız hesab edirlər.
http://www.azadliq.org/content/article/1781926.html
Labels: AEvekiller
Gənclərin vəkilləri Səbail polisini məhkəməyə verir
Adnan Hacızadə və Emin Millinin hüquqlarını müdafiə edən vəkillər İsaxan Aşurov və Elton Quliyev gənc fəalların saxlanılarkən polis idarəsində qanunsuzluqlarla məruz qaldıqlarını iddia edərək şikayət ərizəsi hazırlayıblar.
“Media forum” saytına danışan İsaxan Aşurov bildirib ki, pis rəftar və müdafiə hüququnun pozulmasına dair şikayət ərizəsi artıq hazırdır və sabah Səbail Rayon Məhkəməsinə təqdim olunacaq. İ.Aşurov gənclərin qoluna polis idarəsində qandal vurulmasının qanunsuzluq olduğunu deyib: “Avropa penitensiar qaydalarına görə, qandal ümumiyyətlə qadağandır. Əl-qolu bağlamaq olar, amma bu da əsaslandırılmalı, cinayətin proporsiyasına uyğun olmalıdır. Səbail polisində isə bu gənclərin döyülmüş vəziyyətdə olmalarına baxmayaraq qollarına qandal bağlanıb”.
Vəkil polisdə ifadə verərkən gənclərin öz istədikləri müdafiəçilərlə yox, başqa bir vəkillə təmin olunmasının da qanunsuzluq olduğunu deyib.
A.Hacızadə və E.Millinin barəsində seçilən həbs-qətimkan tədbirindən verilmiş apellyasiya şikayətinə nə zaman baxılacağı isə hələ məlum deyil. İsaxan Aşurov şikayətin iki gün əvvəlcə təqdim olunduğunu söyləyib: “Güman edirəm ki, ya sabah, ya da gələn həftənin birinci günü baxılar”.
Gənc fəallar Cinayət Məcəlləsinin 221.2.1 maddəsi (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) ilə təqsirləndirilərək iyulun 8-də saxlanıblar. İyulun 10-da Səbail Rayon Məhkəməsi onlar barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.
Labels: AEvekiller
Həbsdəki gənclər «Yeni Müsavat»ı məhkəməyə verməyi planlaşdırırlar
Sevinc Hüseynzadə
Emin Milli və Adnan Hazıcadə «Yeni Müsavat» qəzetini məhkəməyə verməyi planlaşdırırlar. Bu barədə «Azadlıq» radiosuna iyulun 15-də Emin Milli ilə görüşən vəkil Elton Quliyev məlumat verib.
O bildirib ki, bu cür fikirlər var və güman ki, qəzet məhkəməyə veriləcək:
«Biz həqiqəti, obyektivliyi tələb edirik. Emin Milli heç vaxt fəal siyasətlə məşğul olmayıb, Azərbaycanda inqilab etmək mədəniyyətinə də münasibəti mənfidir. O, çıxışlarında inqilab tərəfdarı olmadığını, Azərbaycana sürətli təkamül lazım olduğunu deyib».
E.Quliyev E.Millinin səhhəti və saxlanma şəraitinin normal olduğunu da deyib.
E.Milli və A.Hacızadə iyulun 8-də «Livan» restoranında baş verən münaqişəyə görə həbs olunub və xuliqanlıqda ittiham olunurlar. Məhkəmənin qərarı ilə hər iki gənc barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
İyulun 14-də məhkəmənin bu qərarından apellyasiya şikayəti verilib.
«Yeni Müsavat» qəzeti isə hər iki gəncin ABŞ-ın dəstəyi ilə Azərbaycanda «narıncı inqilab» hazırlıqlarına görə həbs edildiyini yazıb.
http://www.azadliq.org/content/article/1777668.html
Labels: AEvekiller
Adnan Hacızadə "Yeni Müsavat"dan təkzib tələb edir
“Adnan Hacızadənin səhhəti və saxlanma şəraiti normaldır, o, təcridxana rəhbərliyinin ona qarşı münasibətindən razıdır”, deyə vəkil İsaxan Aşurov Turan agentliyinə bildirib.
Çərşənbə günü gənc fəala baş çəkən Aşurov qeyd edib ki, “Yeni Müsavat”da dərc edilmiş Adnan Hacızadə və Emin Millinin iştirakı ilə narıncı inqilab həyata keçirmək planlarından bəhs edən məqalə Adnanı təəccübləndirib və qəzəbləndirib.
“Mən inqilabçı deyiləm və heç bir rəngli inqilab layihəsində iştirak etmirəm. “Yeni Müsavat”da gedən məqalə tamamilə cəfəngiyyatdır. Düşünürəm ki, bu təxribatın məqsədi cəmiyyətdə mənim haqqımda mənfi fikir yaratmaqdır. Bunu düşünənlər üçün hansı səbəb olduğu aydındır. Amma başa düşə bilmirəm ki, niyə bu çirkin oyunda “Yeni Müsavat” iştirak edir? Mən tam əsassız olan məqalə ilə bağlı təkzib verilməsini tələb edirəm”, deyə vəkil Adnan Hacızadədən sitat gətirib.
Aşurov həmçinin bildirib ki, təcridxanada müdafiə etdiyi şəxsin sınmış burnu rentgendən keçirilib. “Lakin ona tibbi rəy təqdim edilməyib. Hacızadəyə burnundan aldığı zədə ilə əlaqədar tibbi yardım da göstərilmir”, deyə vəkil qeyd edib.
Turan
Labels: AEvekiller
«Avropa Məhkəməsinə qədər gedib çıxacağıq»
Adnan Hacızadənin və Emin Millinin vəkilləri İsaxan Aşurov və Elton Quliyev Səbayel rayon məhkəməsinin hakimi Rauf Əhmədovun qərarının qərəzli və qanuna zidd olduğunu deyiblər. Vəkillər qərardan apellyasiya şikayəti verəcəklərini, sonra isə qərar onları qane etməzsə, Avropa Məhkəməsinə müraciət edəcəklərini deyiblər.
İsaxan Aşurovun sözlərinə görə, gənclərə qarşı qeyri-insani münasibət göstərilib, onlar həkimə ehtiyacları olduğu halda tibbi xidmətlə təmin olunmayıblar.
Məhkəmənin qarşısına toplaşmış müxtəlif gənclər təşkilatlarının nümayəndələri Emin Milli və Ədnan Hacızadənin həbsinə bütün qanuni üsullarla etiraz edəcəklərini bildirib.
***
İşə baxan hakim Rauf Əhmədov qərarını elan etdi. Həm Adnan Hacızadə, həm də Emin Milli barədə iki aylıq həbs qəti imkan tədbiri seçilib. Bu müddət ərzində məhkəmə istintaqı davam edəcək və sonra yenidən məhkəmə keçiriləcək.
Emin Milli və Adnan Hacızadəyə hücum etdiyi bildirilən Babək Hüseynov və Vüsal Məmmədov zərərçəkən kimi qəbul olunub. Onlar prosesdə iştirak etmirdilər.
Məhkəmənin qarşısına toplaşan gənc fəallar və hüquq müdafiəçiləri etirazlarını himni oxumaqla və şüarlar səsləndirməklə bildiriblər.
***
Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş üzrə sektor müdiri Fuad Babayev də məhkəmənin qarşısındadır. O deyir ki, bu, məişət məsələsidir:
«Emin Milli həm döyə, həm də döyülə bilərdi. Adamlar müxtəlif situasiyalarda müxtəlif cür ola bilir. Ona görə də məhkəmənin qərarını gözləmək lazımdır».
***
Səbail Rayon Məhkəməsinin sədri Gülzar Əliyeva ilə görüşdən çıxan almaniyalı ombudsman deyib ki, bu hadisəyə öz etirazını bildirib:
«Bu cür hadisələr Azərbaycanla Almaniyanın münasibətlərinə xələl gətirə, ölkələrarası müzakirə mövzusuna çevrilə bilər və Azərbaycanın imicinə ziyandır».
Günter Nokke baş verənləri «siyasi təxribat» adlandırıb.
Ombudsman həmçinin işin qapalı keçirilməsinə etiraz etdiyini bildirib.
Bu arada məlum olub ki, işə baxan hakimin dəyişdirilməsi ilə bağlı da vəkillərin vəsatəti təmin olunmayıb.
Üzündə xəsarətlərin izləri hələ də qalan Adnan Hacızadənin ombudsmanla görüşünə icazə verilməyib.
***
Gənc fəallar Emin Milli və Adnan Hacızadənin məhkəməsi artıq başlayıb.
Adnan Hacızadənin vəkili İsaxan Aşurov «Azadlıq» radiosuna deyib ki, prosesin açıq keçirilməsi ilə bağlı onların vəsatəti qəbul edilməyib.
Hazırda isə Səbail rayon Məhkəməsinin sədri Gülzar Rzayeva Almaniyanın ombudsmanı Günter Nokke ilə görüşür. Hüquq müdafiəçisi Leyla Yunus almaniyalı ombudsmanın tərcüməçisi qismində görüşdə iştirak edir.
http://www.azadliq.org/content/article/1774150.html
Labels: AEvekiller

