Showing posts with label AEbeynelxalq. Show all posts
Showing posts with label AEbeynelxalq. Show all posts

“Bu, Azərbaycan hökumətinə heç də yaxşı imic qazandırmır”

14.10.2009

“Mən kiminsə öz fikirlərini, xüsusilə də insan azadlıqları və insan haqlarına hörmət olunması ilə bağlı mövqeyini açıq ifadə etməsinə görə təzyiqə məruz qalmasını absurd hesab edirəm”.

Çexiyanın keçmiş prezidenti Vatslav Havel azərbaycanlı bloqçular Emin Milli və Adnan Hacızadə barədə belə deyib.

O bildirib ki, bu məlumatlar çox narahatedicidir: “Və Azərbaycan hökumətinə heç də yaxşı imic qazandırmır”.

Emin Milli və Adnan Hacızadə bu il iyulun 8-də “Lebanese” restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Bloqçular ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

http://www.azadliq.org/content/article/1851361.html

H.Klinton Azərbaycanda insan haqları ilə bağlı suallar qaldırıb

29.09.2009

Dövlət katibi Hillari Klinton Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə “Azərbaycanda insan haqlarının və demokratiyanın vəziyyəti ilə bağlı vacib suallar qaldırıb”.

Bunu Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon keçirdiyi mətbuat konfransında deyib.

Hillari Klinton görüşdə bloqqerlərin döyülməsinə və tutulmasına toxunub. O, Məmmədyarovun diqqətinə çatdırıb ki, “bloqqerlərin işi ilə bağlı açıq və ədalətli prosesi görmək istərdi.”

Filip Qordona sual verilib ki, Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasının Azərbaycan təsiri nə olacaq?

Qordon deyib ki, Dağlıq Qarabağ prosesi irəli gedir.

Ancaq Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasına heç bir ilkin şərt qoyulmur.

Məqalənin əsli burada

Beynəlxalq ictimaiyyət gənc bloqçuların azad olunmasını istəyir

17.09.2009

ABŞ Dövlət Departamenti Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı konqresmen Ceyms Moranın sorğusunu cavablandırıb. “Turan”ın Vaşinqtondakı müxbirinə istinadən yaydığı məlumatda bildirilir ki, cavabda ABŞ-ın əvvəlki kimi gənc bloqçuların həbsdə saxlanılmasından narahat olduğu vurğulanır. Dövlət katibinin hüquq məsələləri üzrə köməkçisi Maykl Polt tərəfindən imzalanmış məktubda bildirilir ki, bu narahatçılıq bloqçuları azad etmək çağırışı ilə birgə Azərbaycanın ali rəhbərlərinin nəzərinə çatdırılıb. Daha sonra məktubda Dövlət Departamentinin bu məsələni Azərbaycan hakimiyyəti qarşısında qoyacağı qeyd olunur.

Qeyd edək ki, konqresmen Ceyms Moran avqustun 24-də dövlət katibi Hillari Klintona müraciət edərək Adnan Hacızadə və Emin Millinin işində pozulmuş ifadə azadlığını müdafiə etməyə çağırıb”.

“Sərhədsiz reportyorlar” təşkilatı isə Adnan Hacızadə və Emin Millinin cinayət işinə baxan hakim Araz Hüseynova müraciət edərək, gəncləri azad etməyə çağırıb. “Sizi Adnan Hacızadə və Emin Millini azad etməyə çağıran hüquq müdafiəçiləri və hökumətlərin səsini eşitməyə çağırırıq. Onlar siyasi səbəbdən həbs edilib və onlar qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır - deyə müraciətdə bildirilir. Müraciəti http://www.rsf.org/Court-confirms-pre-trial-detention.html linkində tam oxuya bilərsiniz.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. İyulun 20-də Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaqın yekununda gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.

http://www.irfs.az/content/view/2851/28/lang,az/

“Sərhədsiz reportyorlar” hakim Araz Hüseynovu blogerləri azad etməyə çağırıb

17.09.2009

“Sərhədsiz reportyorlar” azad mətbuatın beynəlxalq müdafiə təşkilatı hakim Araz Hüseynova müraciət edərək onu blogerlər Adnan Hacızadə və Emin Millinin azad etməyə çağırıb. “Sizi Adnan Hacızadə və Emin Millinin azad etməyə çağıran hüquq müdafiəçiləri və hökumətlərin səsini eşitməyə çağırırıq” - deyə təşkilatın iyulun 8-də Bakıdakı “Lebanez” restoranında baş vermiş hadisədə xuliqanlıq və bədən xəsarəti yetirməkdə təqsirləndirilən blogerlərinin sentyabrın 16-da başlanan məhkəmə prosesi ilə əlaqədar olan müraciətində bildirilir. “Onlar siyasi səbəbdən həbs edilib və onlar qarşı irəli sürələn ittihamlar tamamilə əsassızdır. Sentyabrın 4-də keçirilən hazırlıq iclasında məhkəmənin yalnış qərarı səbəbindən onların müdafiə hüququnun pozulmasından hiddətlənmişik” - deyə müraciətdə bildirilir. Həmçinin, güya “dövlət sirlərinə” görə məhkəmənin qapalı keçirilməsi cəhdləri də nəzərdə tutulur. Təşkilat həmçinin hadisə yerindən videoçəkilişlərin işə əlavə edilməsi ilə bağlı vəsatətin rədd edilməsi və hakimin məhkəməyə qədər hər iki blogeri azad etməkdən imtina etməsini də pisləyir. “Hakimin bu qərarı İnsan Haqlarına dair Avropa Konvensiyası və Vətəndaş və Siyasi Hüquqlara dair Beynəlxalq Konvensiyaya ziddir. Hakimlərin valideynlərinin Adnan və Eminlə görüşməsinə icazə verməməsi İnsan Haqlarına dair Avropa Konvensiyasının pozulmasıdır” - deyə müraciətdə qeyd olunur.

DÖVLƏT DEPARTAMENTİ BLOGERLƏRİN İŞİNDƏN NARAHATDIR

ABŞ əvvəlki kimi blogerlər Adnan Hacızadə və Emin Millinin həbsi və həbsdə saxlanılmasından narahatdır, deyə ABŞ Dövlət Departamentinin blogerlər Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı konqresmen Ceyms Mopanın sorğusuna cavabında bildirilir.

Turanın Vaşinqton müxbirinin verdiyi məlumata görə, Dövlət Departamentinin cavabı dövlət katibinin hüquq məsələləri üzrə köməkçisi Maykl Polt tərəfindən imzalanıb.

“Narahatçılığımız blogerləri azad etmək çağırış ilə birgə Azərbaycanın ali rəhbərlərinin nəzərinə çatdırılıb” - deyə Poltun cavabında bildirilir. Daha sonra məktubda Dövlət Departamentinin bu məsələni Azərbaycan hakimiyyəti qarşısında qoyacağı qeyd olunur.

Konqresmen Ceyms Moran avqustun 24-də dövlət katibi Hillari Klintona Adnan Hacızadə və Emin Millinin işində pozulmuş ifadə azadlığını müdafiə etməyə çağırıb”.

http://www.contact.com.az/index.php?type=news&lang=az&news_id=13293

Haraşti: Jurnalistlərin təqib edilməsinə son qoyulmalıdir

10.09.2009

ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti hesab edir ki, gənc blogerlər Emin Milli və Adnan Hacızadə azadlıqdan məhrum edilməyəcəklər. Bu nəticəyə o Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşdən sonra gəlib.

Haraştinin sözlərinə görə, Həsənov hesab edir ki, blogerlər “azadlıqdan məhrum edilməyəcək”.

Haraşti Azərbaycan hakimiyyətinin böhrana görə cinayət məsuliyyətini ləğv etmək meylini də “yaxşı xəbər” adlandırıb. Bu, qurama ittihamlara görə jurnalistlərin cinayət təqibinə son qoyulmasına imtina etməklə müşahidə edilməlidir. Həsənovla söhbətin yekunlarına görə Haraştidə buna ümidləri yaranıb.

Məhkum jurnalistlərin aqibətinə toxunan Haraşti bu problemin prezidentin əfvi ilə yoluna qoyulmasını arzuladığını dilə gətirib. Turanın yaxın vaxtlarda əfv gözləmək olarmı sualına Haraşti birmənalı cavab verə bilməyib. “Məsələ açıq qalır, biz həbsdə olan jurnalistlərin azad edilməsi ilə bağlı israrlarımızı davam etdiririk” - deyə Haraşti bildirib.

O, həmçinin yerli tezliklərdə “Amerikanın səsi”, “azadlıq radiosu” və BBC radiostansiyalarının yayımının bərpasına tərəfdar olduğunu deyib.

“Onsuz bu sahədə media plüralizmin ilə bağlı vəziyyətin yaxşılaşmasından danışmaq çətin olar” - deyə Haraşti bildirib.

Dövlət məmurlarının internetə dövlət nəzarətinin güclənməsi çağırışları ilə bağlı Haraştinin münasibətinə dair Turanın sualına ATƏT-in xüsusi nümayəndəsi belə cavab verib: “İnternetin tənzimlənməsinin sərtləşdirilməsi daha böyük neqativ nəticələrə gətirib çıxara bilər. Azərbaycanda internet sonuncu plüralist informasıya mənbəyidir” - deyə o bildirib.

Haraşti internetə məhduyyətin və icazə sisteminin tədbiqinin yol verilməz olduğunu dedi. İnternetdə məhdudiyyətlər texniki cəhətdən mümkün deyil və yalnız lokal xarakter daşıya bilər. “Bir bloga girişi məhdudlaşdırmaq olar, ancaq bu məlumat başqa bloglardan gedəcək” - deyə Haraşti bildirib.

İndiki səfəri zamanı Haraşti XİN başçısını müavini Mahmud Məmmədquliyev, ombudsman Elmira Suleymanova, həmçinin KİV və jurnalist təşkilatları nümayəndələri ilə görüşüb.

O həmçinin həbsdə olan jurnalistlər Eynulla Fətullayev və Qənimət Zahidova baş çəkib. Bunun qanunsuz olduğunu bildirərək onun blogerlərə görüşünə icazə verilməyib.

http://www.contact.com.az/index.php?type=news&lang=az&news_id=13231

“Freedom House” gənclərə qarşı ittihamları dayandırmağa çağırır

03.09.2009

“Freedom House” təşkilatı gənc bloqqerlər - Emin Milli və Adnan Hacızadəyə qarşı bütün ittihamları dayandırmağa çağırıb.

Təşkilat bildirir ki, gənclərin sentyabrın 4-ə təyin olunmuş məhkəməsi hökumətin yeni media da daxil olmaqla ifadə azadlığını boğmağı davam etdirməsinin uğursuz əlamətidir.

“Freedom House”un icraçı direktoru Cennifer Vidsor deyib ki, “Hacızadə və Milliyə qarşı məhkəmə Azərbaycanda qanunun aliliyini çətin sual altında qoyur. Bu hal onu göstərir ki, müstəqil jurnalistlər və özünü ifadə etməyə çalışanlar məhkəməyə düşürlər”.

Təşkilat qeyd edir ki, gənc bloqqerlərin məhkəməsi ötən il “xuliqanlıq və bədənə az xəsarət yetirmə maddəsi” ilə həbs olunan müxalifətçi jurnalist Qənimət Zahidin işini xatırladır.

Təşkilat Azərbaycanda internetin - narazılığı ifadə etməyin yeganə vasitələrindən biri olduğunu bildirir.

“Freedom House”un qiymətləndirməsinə görə “Mətbuat Azadlığı” üzrə Azərbaycan 195 ölkə arasında 168-ci yerdədir.

Hər iki gənc iyunun 8-də "Livan" restoranında baş verən münaqişədən sonra həbs olunublar.

Gənclər Cinayət Məcəlləsinin xuliqanlıq və bədənə az ağır bədən xəsarəti yetirmə maddələrilə ittiham olunurlar. İrəli sürülən ittihamlar üzrə məhkəmə prosesi sentyabrın 4-ə təyin olunub.

http://www.azadliq.org/content/article/1813622.html

Almaniya Bundestaqının deputatı Yörq Taussun Azərbaycan Respublikası Prezidentinə ünvanladığı məktub

Hörmətli cənab Prezident,

Almaniya, Avropa və onun hüdudlarından kənarda çox sayda insan iki Azərbaycan vətəndaşı- Adnan və Eminin həbsi və bununla əlaqədar yaranmış vəziyyəti narahatlıqla izləyir.

Qapalı məhkəmə iclasları, onların valideynləri və xarici diplomatlarla görüşməyə icazə verilməməsi, çoxlu sual doğuran istintaq prosesi və həbsin ilk günlərində həbs edilənlərə düzgün olmayan davranış Azərbaycanın Avropa Şurasında üzv olaraq riayət etməyi öhdəsinə götürdüyü prinsiplərə uyğun deyil.

Odur ki, Sizdən bir daha xahiş etmək istəyirəm ki, bu məsələni şəxsən öz nəzarətinizə götürəsiniz. Bakıda son səfərim zamanı prokurorluq və istintaq orqanlarında mənə bildirdilər ki, yüksək hökumət instansiyaları tərəfindən göstəriş olarsa, mənim həbsdə olanlara baş çəkməyimə heç bir maneə olmayacaq.

Cənab prezident, bu səbəbdən, dövlət hakimiyyətinin ən yüksək orqanı kimi, mən bir daha Sizə müraciət edirəm.

Bu ilin 31.08.-01.09. tarixlərində Bakıya növbəti səfərim zamanı həbsdə olan həmin vətəndaşlarla görüşməyim üçün Sizin və ya idarənizin nəzərincə heç bir maneə olmaması və bu günlərin birində yerli idarələr tərəfindən bu görüşə şərait yaradılmasının təmin olunması tapşırığı haqqında Sizdən, və ya əlaqədar nazirlikdən aidiyyatı olan orqanlara təqdim etmək üçün təsdiq məktubu verməyinizi rica edirəm. Əlbəttə, daha yaxşı olardı ki, bu vətəndaşlar o zamana qədər artıq azadlıqda olsunlar.

Polis və prokuroluq orqanları mənim son səfərim zamanı məlumat verdilər ki, həmin iki məhbusa qarşı istintaq fəaliyyəti yekunlaşmışdır. Qanunun aliliyi nəzərindən yanaşdıqda ehtiyac olmadan onların həbsdə saxlanması heç bir halda düzgün hesab edilə bilməz .

Hörmətli cənab prezident,

Sizin ölkənizi çox sevən bir dost kimi mən həmişə Almaniya ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına çalışmışam. Xahiş edirəm ki, bunu nəzərə alaraq mənim xahişimə müsbət cavab verəsiniz. Bu hal Azərbaycanın Avropada və onun hüdudlarından kənarda nüfuzuna ciddi xələl gətirir və bu məsələnin tezliklə həll olunması yaxşı olardı. Həbsdə olanların valideynlərinə və eləcə də mənə görüş üçün icazə verilməsi bu məsələnin həlli yolunda vacib göstərici olardı olardı.

Sizin dəstəyinizə böyük ümid bəsləyirəm və arzu edirəm ki, Bakıya bundan sonrakı səfərlərim daha xoş məqsəd daşısın.
Əvvəlcədən təşəkkür edirəm.

Hörmətlə

Yörq Tauss
Almaniya Bundestaqının deputatı

Bloqqerlərin taleyi Qərb diplomatlarının diqqət mərkəzindədir

Həbs edilmiş gənc bloqqerlər və ağır xəstə olan məhbus Novruzəli Məmmədovun taleyi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır.

Son günlərdə Qərb diplomatik missiyalarının nümayəndələri Azərbaycan ombudsmanı Elmira Süleymanova ilə görüşlər keçiriblər.

Belə ki, avqustun 11-də ombudsman Belçika və Macarıstanın Bakıdakı səfirliklərinin nümayəndələri Peter Booms, Tibor Szilagyi, Zoltan Baç və Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Alan Vaddamsı, avqustun 12-də isə ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coan Qansonu qəbul edib.

Qərb diplomatları həbs edilmiş gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsindən, o cümlədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsində saxlanılan «Tolışi sədo» qəzetinin sabiq baş redaktoru Novruzəli Məmmədovun vəziyyətindən narahatlıqlarını ifadə ediblər.

Ombudsman Aparatının mətbuat xidmətindən «Turan»a verilən məlumata görə, E.Süleymanova Azərbaycan ombudsman təsisatının insan hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyətini, dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti ilə əməkdaşlığını, həmçinin ixtisaslaşmış beynəlxalq və regional təşkilatlarla, o cümlədən Avropa Birliyi ilə, xarici ölkələrdəki milli insan hüquqları institutları ilə qarşılıqlı əlaqələrini diqqətə çatdırıb.

Gənc bloqqerlərin işinə toxunan Süleymanova bildirib ki, Milli və Hacızadə saxlandığı andan etibarən Ombudsman Aparatının əməkdaşları bir neçə dəfə Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında onlarla görüşüb. Bundan başqa, Süleymanova Daxili İşlər nazirinə və Baş prokurora müraciət edərək, başlanmış cinayət işinin istintaqının obyektiv aparılmasının nəzarətə götürülməsini, saxlanmanın qanuniliyinin yoxlanılmasını, məhkəməyədək məsələnin barışıq yolu ilə həll edilməsinin mümkünlüyünün nəzərdən keçirilməsini xahiş edib.

E.Süleymanovanın sözlərinə görə, gənclərin saxlanma şəraitindən narazılıqları olmayıb, eyni zamanda, onlar barələrində istintaq hərəkətlərində iştirakdan imtina ediblər. Və onların məhkəmə prosesini gözlədikləri vurğulanıb.

Novruzəli Məmmədovun səhhətinə gəlincə, Ombudsman Aparatının əməkdaşları Penitensiar Xidmətin Tibb Müəssisəsində bir neçə dəfə ona baş çəkiblər və xəstəxana rəhbərliyi ilə görüşüblər. Onun saxlanma şəraiti, lazımi tibbi yardım alınması ilə bağlı müvafiq tövsiyələr verilib.

Müvəkkilin tapşırığından sonra məhkumun müalicəsinə daha diqqətlə yanaşıldığı, onun təkadamlıq palataya keçirildiyi, mütəmadi olaraq vəkili ilə görüşdüyü, saxlanma şəraitindən şikayətinin olmadığı, müayinələrin və müalicə tədbirlərinin müntəzəm aparıldığı diqqətə çatdırılıb. Novruzəli Məmmədovun əlavə müayinə olunması üçün müalicə müəssisəsinə tibb mütəxəssisləri göndərilib, xəstə zəruri olan bütün müayinələrdən keçirilib, bu günlərdə onun səhhəti ilə əlaqədar yekun tibbi rəy veriləcək və buna uyğun müalicə aparılacaq.

http://www.azadliq.org/content/article/1798932.html

“Mətbuata təzyiqlərə son qoyun”

31.07.2009

BMT-nin İnsan Haqları Şurasının iyulun 31-də Cenevrədə keçirilən sessiyasında açıqlanan Azərbaycanla bağlı hesabatda bu yaxınlarda həbsə alınan iki İnternet yazarı – Emin Milli və Adnan Hacızadənin həbsindən narahatlıq bildirilir – deyilir ki, onların hücuma məruz qalmaları ilə bağlı polisə məlumat vermələrindən sonra niyə həbs edilmələrinə aydınlıq gətirilməyib.

Ümumiyyətlə, komitə jurnalistlərə qarşı xuliqanlıq ittihamlarının irəli sürməsindən narahatlığını bildirib. Bundan başqa hesabatda Azərbaycanda söz azadlığına qoyulan məhdudiyyətlər, müstəqil qəzetlərin bağlanması, xarici radiostansiyaların FM tezliyindən çıxarılması, jurnalistlərin qətli və döyülməsi haqda xəbərlərdən narahatlıq ifadə olunur.

Komitə Azərbaycan hökumətinə məsləhət görür ki, söz azadlığına qoyulan birbaşa və dolayısı məhdudiyyətlərin aradan qaldırılması, jurnalistlərin zorakılıqdan qorunması üçün tədbirlər görsün. Hesabatda deyilir ki, hökumət müstəqil mətbuatın fəaliyyəti və radiostansiyaların yerli yayımına heç bir səbəb olmadan məhdudiyyət qoymamalıdır.

"MTN-NİN TƏCRİDXANASI BAĞLANMALIDIR!"

BMT-nin İnsan Haqları Komitəsi Azərbaycanda istintaq zamanı insanlardan işgəncə yoluyla ifadə alınması, işgəncə ilə alınan ifadələrdən məhkəmələrdə istifadə edilməsi, işgəncə ilə bağlı şikayətlərin araşdırılmaması, polis məntəqələrində ölümlər haqda xəbərlərdən də narahatdır.

Komitə Azərbaycan hökumətinə məsləhət görür ki, hüquq-mühafizə orqanları haqqında şikayətləri araşdırmaq üçün müstəqil orqan yaratsın, günahı olanlar cəzlandırılsın. Bundan başqa hesabatda bildirilir ki, Milli Təhlükəszlik Nazirliyindəki təcridxana ya bağlanmalı, ya da Ədliyyə Nazirliyinin tabeçiliyinə verilməlidir.

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ HANSI PRİNSİPLƏRLƏ İŞLƏYİR?

BMT-nin İnsan Haqları Komitəsi həm də insanların sərbəst toplaşmasına məhdudiyyət qoyulması, dinc nümayişlərin həddən ziyadə zor tətbiq etməklə dağıdılması haqda xəbərlərdən də narahatlıq keçirir. Komitə Azərbaycan hökumətinə məsləhət görür ki, sərbəst toplaşma ilə bağlı qaydaları yenidən nəzərdən keçirsin, həmin qaydalar insanların sərbəst toplaşmaq hüquqlarından yararlanmasına şərait yaratsın.

Hesabatda deyilir ki, Azərbaycan hökumətinin təmsilçiləri dini azadlıqların məhdudlaşdırılmadığını bildirsələr də, dini icmalar sərbəst fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməyə məcbur edilirlər. Bundan başqa Komitə ondan da narahatdır ki, müsəlman icmaları dövlət qeydiyyatından keçməmişdən qabaq Qafqaz Müsəlmanları İdarəsindən ilkin razılıq almalıdırlar. Amma həmin təşkilatın hansı prinsiplər əsasında müraciətləri qiymətləndirməsi haqda məlumat yoxdur.

http://www.azadliq.org/content/article/1789793.html

Gənc fəalların hüquq və azadlıqlarını pozulub

Ülkər Akifqızı

Avropa Parlamentinin insan hüquqları üzrə alt komitəsi Azərbaycanın Belçika, Lüksemburq və Avropa Birliyindəki səfirinə gənclər hərəkatı fəalları Adnan Hacızadə və Emin Millinin həbsi ilə əlaqədar müraciət göndərib. Müraciətdə gənclərin həbsindən, o cümlədən Apellyasiya Məhkəməsinin aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlamasından narahatlıq ifadə olunub.

Bildirilir ki, gənclərin həm saxlanarkən, həm də istintaq zamanı hüquq və azadlıqlarını pozulub. Həmçinin qeyd olunur ki, məhkəmənin qapalı keçirilməsi Azərbaycanın qoşulduğu beynəlxalq razılaşmalara ziddir.

Emin Milli və Adnan Hacızadə iyulun 8-də «Livan» restoranında baş verən münaqişə ilə bağlı xuliqanlıqda ittiham olunurlar. Məhkəmənin qərarı ilə hər iki gənc barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bir sıra beynəlxalq insan haqları təşkilatları gənclərə qarşı irəli sürülən xuliqanlıq ittihamını əsassız sayırlar.

http://www.azadliq.org/content/article/1788016.html

“Tələb aydındır: Qeyd-şərtsiz azadlıq”

28.07.2009

Bundestaqın Almaniya Sosial Demokrat Partiyası fraksiyasının sözçüsü və AŞPA-nın Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə məruzəçi Kristof Ştresser gənc fəallar Emin Milli və Adnan Hacızadənin həbsi ilə bağlı bəyanat verib.

Fraksiyanın adından mətbuata yayılan bəyanatda deyilir ki, onlar Emin Milli və Adnan Hacızadənin həbs olunmasına ən kəskin formada etirazını bildirirlər.

Gənclərin hər ikisinin Azərbaycanda mülki cəmiyyətin fəal üzvləri və öz internet bloqlarında Azərbaycanda siyasi vəziyyətə dair öz tənqidi münasibətlərini bildirən gənclər olduğunu qeyd edən Ştrasser Milli və Hacızadənin bu fəaliyyətin qurbanına çevrildiyini vurğulayıb:

“Bundestaqın Sosial-demokrat fraksiyasının tələbi aydındır: Öz söz azadlığı hüququndan istifadədən başqa bir şey etməyən Emin Milli və Adnan Hacızadənin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması”.

Emin Milli və Adnan Hacızadə iyulun 8-də Lebanese restoranında onlara qarşı baş vermiş hücumdan polisə şikayət etdikdən sonra iyulun 9-a keçən gecə xuliqanlıq ittihamı ilə həbs olunublar. Məhkəmə onlar haqqında məhkəməyə qədər həbs qətimkan tədbiri seçib. Sosial-demokratların bəyanatında qeyd olunur ki, “əsl xuliqanlar Emin Milli və Adnan Hacızadə yox, kafedə onlara səbəbsiz olaraq hücum edən və döyənlərdir. Milli və Hacızadəyə bu günədək lazımi tibbi yardım göstərilməyib”.

“HÖKUMƏT ÖZÜNƏ ZİYAN VURUR”

Ştresserin imzaladığı bəyanatda ölkədə söz azadlığı ilə bağlı ümumi şəraitə də toxunulub.

“Azərbaycan hökuməti jurnalistlər, bloq yazarları və müxalifətçilərlə qaba rəftarı ilə məşhurdur. Təsadüfi deyil ki, AŞPA mütəmadi olaraq Azərbaycandakı siyasi məhbuslara dair hesabatlar qəbul edir. Növbəti hesabat artıq planlaşdırılır. Emin Milli və Adnan Hacizadə kimi iki tanınmış və xaricdə də geniş şəbəkəyə malik olan tənqidçiləri həbs etməklə hökumət özünə ancaq ziyan vurub. Onların taleyi ictimaiyyətin diqqətini təkcə prezident İlham Əliyevin rəhbərlik etdiyi siyasi sistemə deyil, həm də və xüsusilə şübhə doğuran xuliqanlıq və böhtan ittihamları ilə mühakimə edilmiş jurnalistlərə yönəltmiş oldu” deyə sənəddə vurğulanır.

Bəyanatda o da qeyd olunur ki, Almaniya Federal hökuməti Emin Milli və Adnan Hacızadəni müdafiə etmək üçün əlindən gələni edib. “Beynəlxalq etirazlar davam edir. Avropa İttifaqı Şurasının hazırkı sədri Karl Bildt Bakıda səfərdə olan zaman iki gəncin həbsini pisləyib”.

Almaniya Bundestaqının Sosial-demokrat fraksiyasının sözçüsü onu da qeyd edib ki, Avropa İttifaqı ATƏT-in Daimi Şurasında rəsmi bəyanat verdikdən sonra qurumun bu məsələdə qətiyyətinə şübhə qalmayacaq.

Avropa Şurası Parlament Assambleyası da bu gün Ştrasserin bəyanatını yayıb. Bu bəyanatında alman deputatı bildirib ki, siyasi məhbuslar məsələsinə dair hazırladığı hesabatda mülki cəmiyyət nümayəndələrinin həbsinə xüsusi diqqət yetirəcək.

http://www.azadliq.org/content/article/1787239.html

Avropa Birliyi, BMT, ABŞ-ın nümayəndəliyi narahatdır

BMT-NIN İNSAN HAQLARI KOMITƏSI HESABAT HAZIRLAYIR

«Komitə üzvlərinin bu həftə verdikləri bəyanatlardan aydın görünür ki, hesabat çox sərt olacaq»- bunu adının çəkilməsini istəməyən BMT mənbəsi «Reuters» agentliyinə deyib.

İyulun 31-də BMT-nin İnsan Haqları Komitəsi Azərbaycanın insan haqlarına necə riayət etməsi haqda hesabat verəcək.

Keçən bazar ertəsi və çərşənbə axşamı öz iclasına toplaşan 18 üzvlük komitə araşdırıb ki, Azərbaycanda nə baş verir? Jurnalistlər niyə tutulur və öldürülür? Həbsxanalarda niyə intiharlar baş verir? Müxalifət nümayişlərinə niyə qadağandır?

Komitə qarşısında çıxış eləyən Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, Azərbaycanda jurnalistlər yalnız qanunu pozduqlarına görə tutulublar. Onda bir komitə üzvü deyib ki, belə görünür, Azərbaycan polis zorakılığını danmağı özünə adət eləyib. Digər Komitə üzvləri də Xələfovun cavabını bədgumanlıqla qarşılayıblar.

Xələfov vəziyyətə bir izah da verib. O deyib ki, Azərbaycanda proletariat diktaturası olub, ədliyyə sistemi o diktaturanın altında idi, həmin diktatura bir gecəyə yox olmur. Komitənin Cenevrədəki iclası Avropa Birliyi ölkələrinin 27 səfirindən ibarət nümayəndə heyəti ilə birlikdə keçirilib. Səfirlər də Azərbaycanda insan haqlarının və azadlıqların vəziyyətindən narahatlıqlarını bildiriblər.

Bu yaxınlarda Azərbaycanda olan İsveçin xarici işlər naziri Karl Bildt də üç gün qabaq demişdi ki, o, iki bloqçunun həbsindən narahatlığı İlham Əliyevin diqqətinə çatdırdı.

Bakıda ofisləri olan beynəlxalq QHT-lər Cenevrədə mətbuat konfransı keçiriblər və deyiblər ki, Avropa Birliyinin və beynəlxalq aləmin tənqidləri söz olaraq qalacaq, çünki Azərbaycan neft və qaz ölkəsidir. Cenevrədəki Human Rights House Foundation təşkilatından olan Florian İrminger isə deyib ki, «təcrübəmizə görə, Amerika və Norveç sərt mövqe tutmalıdırlar - onların öz nefti var».

AVROPA BIRLIYI NARAHATDIR

İyulun 23-də Avropa Birliyi də bəyanat yayaraq Emin Millinin və Adnan Hacızadənin həbsi barədə verilən qərardan narahat olduğunu bildirir. Avropa Birliyi qeyd edir ki, beynəlxalq ictimaiyyətin hüquqi prosedurların ədalətli və şəffaf olması barədə çağırışlara qoşulur:

“Biz Azərbaycanın ATƏT-də iştirakı, Avropa Şurasında üzvülüyü və həmçinin Şərq Tərəfdaşlıq da daxil olmaqla Avropa Birliyi ilə münasibətlər çərçivəsində üzərinə götürdüyü demokratiya prinsipləri və yaxşı dövlət idarəçiliyi, qanun aliliyi, müstəqil məhkəmə sistemi, insan haqlarına və fundamental azadlıqlara dair öhdəlikləri Azərbaycanın nəzərinə çatdırmaq istəyirik”.

Avropa Birliyi Azərbaycan rəsmilərini çağırırı ki, Emin Milli və Adnan Hacızadənin işi ilə bağlı Azərbaycanın öhdəliklərinə uyğun hüquqi addımların atılmasını təmin etsin.

Sonda Avropa Birliyi Azərbaycanda keçirilən siyasi islahatların həyata keçirilməsində və onların Avropa Birliyinin standartlarına uyğunluğunun təmin olunmasında dəstək niyyətini yenidən təkrar edir. Xatırladır ki, 2009-cu ilin martında elan olunmuş amnistiya, həbsxanalarda olan insanlarla görüş imkanlarının əldə olunması, məhkəmə proseslərinin müşahidəsi sahəsində irəliləiş və həmçinin insan haqlarına dair bir neçə vacib milli strateqiyalarının qəbul edilməsi alqışlanmışdı.

ABŞ-IN ATƏT-DƏKI MISSIYASI GƏNCLƏRI AZAD ETMƏYƏ ÇAĞIRIR

ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Kayl Skott cümə axşamı ATƏT-in daimi komitəsinin iclasında Azərbaycanda fikir azadlığı və fundamental insan hüquqlarının pozulması haqda bəyanatla çıxış edib. Bəyanatda deyilir:

“ABŞ bu yaxınlarda Azərbaycanda gənc liderlər Emin Milli və Adnan Hacızadənin həbsindən narahatdır. Biz israrla Azərbaycan hökumətini Milli və Hacızadəni məhkəməyə qədər azad etməyə, onları tibbi və hüquqi yardımla təmin etməyə çağırırıq”.

Gənclər təşkilatları liderləri, fəal bloqçular Emin Milli və Adnan Hacızadə iyulun 8-də xuliqanlıq ittihamı ilə həbs ediblər. Məhkəmə onların iki aylıq istintaq müddəti üçün həbs olunmasına qərar verib. İstintaqın yekununda da gənclər suçlu hesab olunsalar, onları bir neçə illik azadlıqdan məhrumetmə cəzası gözləyir.

Yerli və beynəlxalq insan haqları fəalları onların əslində hakimiyyəti tənqid etdiklərinə görə üstlərinə şər atılaraq tutulduqlarını bildirirlər.

http://www.azadliq.org/content/article/1784080.html

Azərbaycana beynəlxalq sanksiyalar vəd olunur

Anna Zamejc

Fransada yerləşən Sərhədsiz Reportyorlar Təşkilatının İnternet Azadlığı bölməsindən Clothilde Le Coz “Azadlıq” radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik.

Dünən Bakı Apelyasiya Məhkəməsi həbsdə olan bloqqerlər – Adnan Hacızadə və Emin Millinin şikayətini rədd etdi. Bu barədə Sizin fikrinizi bilmək istəyirik

Bu qəbuledilməz haldır. Bu bloqqerləri etmədikləri bir əmələ görə iki ay müddtəinə azadlıqdan məhrum edirlər. Onlar sadəcə olaraq Azərbaycanda nə baş verdiyi haqqında internetdə yazıblar.

Bir neçə gün əvvəl Siz Azərbaycanın Ədliyyə nazirinə məktub göndərmişdiniz ki, Adnan və Eminə qarşı ittihamlar ləğv olunsun. Bir cavab alıbsınızmı?

Hələlik yox. Amma bilmirik ki, nə vaxt cavab verəcəklər, yaxud ümumiyyətlə cavab verəcəklərmi.

Sizcə, bloqqerlər Azərbaycanda həqiqətənmi təhlükədədirlər?

Bloqqerlərin dediklərini televiziyalar, radiolar, qəzetlər deyə bilmədiyi üçün hakimiyyət onları özünə təhlükəli hesab edir. Azərbaycan media vasitələrinin çoxu nəzarət altındadır. Bloqqerlər isə istədiklərini yazırlar.

Sizcə, informasiyaların yayılmasında və ictimai fikir formalaşmasında online media nə qədər rol oynaya bilər?

Bu ölkədən asılıdır. Azərbaycanda bu, adamların internetə çıxışından asılıdır. İnternet həqiqəti yaymaq üçün əla vasitədir. Amma hər kəsin də internetə çıxışı və bu məlumatları almaq imkanı yoxdur. İndi həbs olunan iki cavan oğlan da internetdə liderə çevrilmişdilər. Ona görə də hakimiyyət onları susdurmaq istəyir.

Iki gün əvvəl Azərbaycan rəsmilərindən biri Sizin Azərbaycanda ifadə azadlığı haqqında dəyərləndirmənizi şübhəli və əsassız adlandırıb. Buna Sizin cavabınız nədir?

O, izah edə bilərmi ki, niyə əsassızdır? Bizim qiymətləndirmələrimiz faktlara əsaslanır. Əgər hökumət bizim müraciətlərimizə cavab versələr, biz onların üzərində düşünərik. Amma fakt budur ki, heç bir cavab yoxdur. Belə çıxır ki, onların gizlətməli nəylərisə var. Problem ondadır ki, ölkədə şəffaf siyasi proses yoxdur.

Bloqqerlərin buraxılması üçün güclü beynəlxalq təzyiqlər var. Sizcə, Azərbaycan hökuməti onları buraxacaq?

Ümid edirk ki, bəli. Biz dünən məhkəmənin açıq keçirilməsini istədik, amma bunu etmədilər. Hələlik atasına da imkan verməyiblər ki, Adnanı görsün. Əgər proses bu cür davcam etsə, biz mütləq Azərbaycana sanskiyalar qoyulması üçün dünyaya müraciət edəcəyik.

Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik. Azərbaycan buna görə qınanmalıdır. Hakimiyyət nə etdiyinin fərqində olmalıdır. Əgər onlar beynəlxalq təzyiqlərlə bloqqerləri buraxmasalar, biz Azərbaycana beynəlxalq sanksiyalar tətbiq olunması üçün tədbirlər görəcəyik.

Hansı sanksiylar?

Ona baxacağıq. Bunu indi deyə bilmərəm. Əlbəttə, Sərhədsiz Reportyorlar Təşkilatı kim bizim bunu etməyə imkanımız yoxdur. Amma bəzi addımlar və tədbirlər var ki, biz bunlardan istifadə edəcəyik.

http://www.azadliq.org/content/article/1782136.html

Konqresdə azərbaycanlı gənclərin həbsindən narahatlıq bildirildi

Vagif Məmmədli

Amerika Konqresinin Helsinki Komisiyasında keçirilən dinləmələrdə gənc fəallar Emin Milli və Adnan Hacızadənin həbsiylə bağlı narahatlıq bildirilib.

İyulun 16-da İran böhranı və ATƏT ölkələrindəki vəziyyətlə bağlı keçirilən dinləmələrdə çıxış edən Amerika German Marşal Fondunun təmsilçisi Devid Kramer Azərbaycanda insan haqlarıının vəziyyətinin pisləşdiyini deyib.

O bildirib ki, gənclər naməlum şəxslər tərəfindən döyüldükdən sonra müəmmalı şəkildə həbs olunublar, bundan sonra onlara qarşı xuliqanlıq ittihamı irəli sürülüb və beynəlxalq ictimaiyyətin etirazlarına baxmayaraq onlar hələ də həbsdə saxlanılır, gənclərə hücum edənlərsə azadlıqda gəzir.

Kramer daha sonra deyib : “Biz gərək prezident İlham Əliyev və Azərbaycan hökumətinə təsir göstərək ki, onlar gənc fəallar və həbsdə olan jurnalistlərin azad edilməsini , habelə xarici radioların FM tezliyində yayımının bərpasını təmin etsin".

Kramerin fikrincə, gənc fəalların başına gələnlər Azərbaycanda heç də nadir hadisə deyil.

O qeyd edib ki, Azərbaycanda insan haqlarının vəziyyəti pisləşməkdə davam edir və hökumət mülki cəmiyyət üzərində hökmranlığını artırmağa çalışır.

http://www.azadliq.org/content/article/1780452.html

Amnesty International: “Gənclər dərhal azad olunmalıdır”

Anna Zamejc

Amnesty İnternational təşkilatı bəyanat verib ki, Azərbaycanda vətəndaş cəmiyyətinə və media fəallarına davam edən hücumlardan dərin narahatdır.

Təşkilatın iyulun 17-də yayılan bəyanatında qeyd edilir ki, Adnan Hacızadə və Emin Milli fikirlərini açıq demək haqlarına görə hədəfə alıblar. Onlarla bağlı istintaq tərəfsiz aparılmayıb, şahidlər dindirilməyib, hakimiyyət bu iki gəncin haqlarına hörmət etmir.

Amnesty İnternationalda olan məlumata görə, onlara tutulandan sonra iyulun 9-na kimi öz vəkilləri ilə görüşmələrinə imkan verilməyib. Ancaq həmin vaxtda dindiriliblər.

Təşkilatın fikrincə, əgər Emin Milli və Adnan Hacızadə məhkum olunsalar, bu, Azərbaycanın söz azadlığını pozması olacaq.

Amnesty International hesab edir ki, hər iki gənc dərhal azad olunmalıdır.

“Azadlıq” radiosunun əməkdaşı Anna Zamejc təşkilatın Avropa və Orta Asiya üzrə mətbuat nümayəndəsi Lidiya Aroyodan söz azadlığı ilə bağlı Azərbaycandakı ümumi vəziyyəti qiymətləndirməyi xahiş edib.

Aroyo cavab verib ki, iki bloqqerlə baş verənlər Azərbaycanda müstəqil medianın gözünün qorxudulması prosesinin davamıdır. Təşkilat bunu İlham Əliyevin diqqətinə çatdırıb. Hərçənd İlham Əliyev deyir ki, dövlət jurnalistlərin haqlarını qoruyur, ancaq sözlər əməllə düz gəlmir.

İkinci sual belə olub ki, ATƏT-in fikrincə, Azərbaycanda söz azadlığı ölür. Amnesty İnternational nə düşünür?

Aroyo cavab verir ki, Azərbaycanda söz azadlığının vəziyyətindən Amnesty İnternational narahatdır. Ancaq Azərbaycanda söz azadlığı uğrunda vuruşanlar da var.

http://www.azadliq.org/content/article/1779566.html

“ATƏT həbsdəki gənclərlə bağlı Məmmədyarova iki məktub göndərib”

Ülviyyə Əsədzadə

"ATƏT-in iki rəsmisi həbsdə olan gənclər - Emin Milli və Adnan Hacızadə ilə bağlı Azərbaycanın Xarici İşlər nazirinə (Elmar Məmmədyarov -red) məktub göndərib, narahatlıqlarını bildiriblər". Bu haqda ATƏT-in baş katibi Mark Perrin de Brişambo Bakıda jurnalistlərə deyib:

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru və media azadlığı üzrə nümayəndəsi bu barədə məktub yazıblar. Azərbaycan rəsmiləri ilə görüşlərimdə də mən həmin bu iki məktuba istinad etdim və bir faktı əsas götürdüm ki, ATƏT-ə üzv olan ölkələrdə qanunun aliliyinə tamamilə hörmət olunmalıdır və öhdəliklər yerinə yetirilməlidir”.

Amma Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poloxov “Azadlıq” radiosuna deyir ki, nazirliyə belə bir məktub daxil olmayıb.

Gənc fəallar Emin Milli və Adnan Hacızadə barəsində xuliqanlıq ittihamıyla iki aylıq həbs-qətimkan tədbiri seçilib. Gənclərin vəkilləri və yaxınları deyirlər ki, onları internetdə hakimiyyəti tənqid edən materiallar yaydıqlarına görə tutublar.

“AzadlıqƏ radiosunun müxbirinin “Azərbaycanda söz azadlığı məsələsini və konkret gənc bloqqerlərin həbsi məsələsini İlham Əliyevlə görüşdə müzakirə etdinizmi” sualına cavabında ATƏT-in baş katibi deyib:

“Prezidentlə danışıqlarının gizliliyini pozmaq istəməzdim. Amma məncə, Azərbaycan rəsmilərinə bir daha xatırlatmağa lüzum yoxdur ki, ATƏT-in standartları və öhdəliklərinə əməl etmək lazımdır”.

Brişambo deyir ki, indi onlar ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri, media azadlığı üzrə nümayəndəsi vasitəsilə gənc bloqqerlərin həbsi ilə bağlı dialoq aparırlar:

“Ümid edirəm ki, Azərbaycan ATƏT qarşısında götürdüyü öhdəliklərə hörmətlə yanaşacaq. Hesab edirəm ki, mənim mövqeyim başa düşüldü”.

http://www.azadliq.org/content/article/1779280.html

“Bloqqerlərin həbs ilə bağlı hökumət qarşısında məsələ qaldırdım”

Ülviyyə Əsədzadə

“Mən bloqqerlərin həbs olunması ilə bağlı Azərbaycan hökuməti qarşısında məsələ qaldırdım. Həmçinin Azərbaycan rəsmiləri o sıradan prezident Əliyevlə görüşümdə ATƏT-in media azadlığı üzrə nümayəndəsinin bəyanatlarına istinad etdim”.

Bu sözləri Azərbaycanda səfərdə olan ATƏT-in baş katibi səfir Mark Perrin de Brişambo deyib.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti “Röyters” agentliyinə müsahibəsində bloqqerlərin həbsini pisləyib və deyib ki, Azərbaycanda söz azadlığı ölür.

“Azadlıq” radiosunun prezident İlham Əliyevin deyilənlərə reaksiyası ilə bağlı sualına cavabında Mark Perren de Brişambo bildirib ki, təəssüf ki, prezidentlə görüşün detallarını açıqlaya bilməyəcək:

“Bununla belə düşünürəm ki, Azərbaycan hökuməti ATƏT qarşısında götürdüyü öhdəliklərə hörmətlə yanaşacaq”.

E.Milli və A.Hacızadə iyulun 8-də «Livan» restoranında baş verən münaqişəyə görə həbs olunub və xuliqanlıqda ittiham olunurlar. Məhkəmənin qərarı ilə hər iki gənc barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bir sıra beynəlxalq insan haqları təşkilatları gənclərə qarşı irəli sürülən xuliqanlıq ittihamı əsassız hesab edirlər.

http://www.azadliq.org/content/article/1779280.html

ATƏT: Azərbaycanda söz azadlığı ölür

Elxan Nəsibli

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Reuters agentliyinə deyib ki, Azərbaycanda iki bloqqerin həbsi açıq-aydın sübutdur ki, Azərbaycanda söz azadlığı ölür.

Adnan Hacızadə və Emin Milli iyulun 8-də restoranda iki nəfərin hücumuna məruz qalıblar, ancaq özləri həbs olunublar və indi onları bir ildən beş ilə kimi həbs cəzası gözləyir.

Haraşti Adnan Hacızadə və Emin Millini tənqidi düşüncəli gənclər adlandırıb və deyib: “mən bilirəm ki, onlar bu hadisədə günahsızdırlar”.

Haraşti deyib ki, belə hadisələrin Azərbaycanda media azadlığının vəziyyətinə geniş təsiri var. “Azərbaycanda ictimai məsələlərin müzakirəsi ölür”.

Haraşti deyib ki, “hüquq-mühafizə orqanları jurnalistləri zorakılıqdan qorumaq əvəzinə, belə hadisələrdən istifadə eləyib, onları barmaqlıq arxasına atır”.

http://www.azadliq.org/content/article/1778749.html

«Gənclərin həbsi ilə bağlı Azərbaycan hakimiyyəti ilə danışmışıq»

Anna Zamejc

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi «Azadlıq» radiosuna müsahibəsində gənc fəalların həbsi və prezidentlərin görüşü barədə danışıb. Müsahibəni təqdim edirik:

- Bugünlərdə Azərbaycanda gənc fəallar Emin Milli və Adnan Hacızadə xuliqanlıqda ittiham edilərək həbs olunub. İndi onlar məhkəmələrini gözləyirlər. Bu həbs onların siyasi baxışları ilə izah edilir. Azərbaycan Avropa Birliyinin Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramlarında iştirak edir. Bu həbslərə reaksiyanız necədir?

- Bu hadisə ötən həftə baş verib. Biz bundan narahatıq və hadisələri yaxından izləyirik. Bununla bağlı hakimiyyət dairələri ilə danışmışıq. İndi yalnız bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, insan haqları ilə bağlı məsələlər, əlbəttə, Avropa Birliyi ilə Azərbaycan arasında ikitərəfli razılaşmanın bir hissəsidir. Bu, həm də Avropa Şurası, ATƏT çərçivəsində razılaşmaların öhdəliyidir. Vacib olan odur ki, biz həmin hadisəyə reaksiya veririk. Amma mən nə etdiyimizi və hansı planlarımızın olduğunu demək istəmirəm.

- İyulun 17-də Azərbaycan və Ermənistan prezidentləri Moskvada görüşüb Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər. Sizcə, bu görüş, münaqişənin həllində ciddi nəticələr verə bilərmi?

- Mən proqnoz verməklə cəsarət etmək istəmirəm. Keçmişin təcrübəsi göstərir ki, bu, çox çətindir. Amma bu danışıqların prosesdə ciddi bir irəliləyiş olacağına ümid etdiyimi deyə bilərəm. Avropa Birliyi sülh prosesini istənilən yollarla dəstəkləməyə hazırdır. Biz Qafqazda gedən proseslərə kifayət qədər yaxınlaşmışıq, region ölkələri ilə - o cümlədən də Azərbaycan və Ermənistanla sıx əlaqələrimiz var və bu inkişaf etməkdədir.

http://www.azadliq.org/content/article/1777656.html

Gənclərin həbsi və Azərbaycanda insan haqlarının vəziyyəti BMT-nin plenar iclasında müzakirəyə çixarılıb

Azərbaycanda insan hüquqlarının pozulması, xüsusən gənc fəallar Adnan Hacızadə və Emin Millinin həbsi haqda məruzə BMT-nin plenar iclasında müzakirəyə çıxarılıb.

“Turan”ın məlumatına görə, məruzə Cənubi Qafqazda İnsan Hüquqlarını Müdafiə Şəbəkəsi tərəfindən təqdim edilib. Sənəddə ifadə azadlığına ciddi təhlükə olduğu, jurnalistlərin hüquq və azadlıqlarının pozulduğu deyilir. Xüsusən bloqçular Adnan Hacızadə və Emin Millinin həbsi ilə əlaqədar ciddi narahatlıq ifadə olunub. Sənəd BMT İnsan Hüquqları Komissiyasının 96-cı sessiyasında da müzakirə ediləcək.

Məruzədə yalnız Azərbaycan vətəndaşlarının hüquqlarının pozulmasından deyil, həm də hakimiyyətin belə faktlarla bağlı narahatlığını bildirən Qərb diplomatlarına qarşı təzyiq göstərmək cəhdlərindən söz açılıb. Məruzə müəllifləri BMT-dən bu faktları diqqətdə saxlamağı və Azərbaycana bloqçuların həbsi kimi biabırçı halların yolverilməz olduğu barədə xəbərdarlıq etməyi xahiş ediblər.

İyulun 20-də BMT İnsan Hüquqları Komissiyasının iclasında Azərbaycanda, habelə Çad, Tanzaniya və Ekvadorda siyasi və vətəndaş hüquqlarının vəziyyəti haqqında məruzə dinləniləcək.

http://mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20090715050857733