"Azərbaycanda ziyalı problemi" mövzusunda interaktiv mühazirə

OL! Azərbaycan Gənclər Hərəkatı noyabrın 25-də daha bir interaktiv mühazirəsini gerçəkləşdirdi. “Azərbaycanda ziyalı problemi” mövzusunda keçirilən mühazirənin qonaqları kinorejissor Ayaz Salayev, jurnalist Çingiz Sultansoy və xalq şairi Sabir Rüstəmxanlı olub.

Mövzuyla bağlı ilk fikirlərini jurnalist Çingiz Sultansoy bildirib. O deyib ki, hazırda Azərbaycanda ziyalı problemi varsa bu, Sovet hakimiyyətinin bizə buraxdığı mənfi mirasdır. Sovetlər dönəmində formalaşan ziyalıların, vəzifəyə, pula düşkünlüyünü qeyd edən mühazirəçi, hazırda universitetlərdəki mənfi vəziyyətin, savadsızların savadlıları önləməsinin məhz bunun nəticəsi olduğunu deyib.

Kinorejissor Ayaz Salayev ziyalı və intellektual sözləri arasındakı fərqi açmağa çalışıb. O deyib ki, intellektual hər kəs ola bilər. Ziyalı olmaq üçün isə xalqı düşünmək, vicdanı çalışdırmaq lazımdır. Salayev onu da deyib ki, ziyalı xalqın içində olmalı və özünü kimsədən üstün tutmamalıdır. Təvazökarlıq ziyalılığın birinci şərtidir.

Xalq şairi Sabir Rüstəmxanlı isə hələ 1988-ci ildə, Azərbaycanda xalq hərəkatının geniş vüsət aldığı dönəmlərdə ziyalılıq barədə yazdığı yazılardan və buna olan oxucu münasibətindən söz açıb. Deyib ki, 20 il əvvəl Azərbaycanda ziyalılığa münasibət necə idisə, indi də belədir. Yəni o zaman da insanlar ziyalılıların yoxluğundan və ya özünü ziyalı hesab edənlərin mənfi hərəkətlərindən şikayətlənirdilər. Rüstəmxanlı deyib ki, indiki şəraitrdə ziyalı kimi yetişmək çox çətindir. Çünki, indi belə bir düşüncə mövcuddur ki, ziyalı olmaq dövlətin və hökümətin sözünü deməkdir.

Bütün iştirakçılar sonda bunu qeyd ediblər ki, ziyalı dövlətin və hökümətin sözünü deyən yox, məhz xalqın içində olan və xalqa doğru yol açan və dəyərlər formalaşdıran vicdanlı insanlara deyilir. Mühazirəçilər gənclərin suallarını cavablandırıblar və nikbinliklə qeyd ediblər ki, gənclərin belə mövzulara müraciət etmələri Azərbaycanın xoşbəxt gələcəyinin olacağından xəbər verir.




2 comments:

Unknown said...

Ela gorush idi, mene lezzet eledi Ayaz Salayevin movqeyi. Mence movzuya en uyqun o danishdi. Erkin Qedirli de eslinde maraqli sherh verdi.

"Ziyali menevi statusdur, peshe yox" Gorushde seslenen fikirlerden biri...

Mubariz.

Anonymous said...

Hemde Chingiz Sultansoy "Vicdan" meselesini dwzgwn vurguladi.