"İrəli!" dayandı

Azərbaycanın «İrəli» ümumrespublika gənclər hərəkatı fəaliyyətini dayandırıb.
«Hərəkat qarşısına qoyduğu məqsədə çatdığı üçün həmtəsisçilər bu gün qurumun fəaliyyətinin dayandırılması barədə qərar çıxarıb», - çərşənbə axşamı Trend News-a hərəkatın həmtəsisçisi Ceyhun Osmanlı bildirib.

Azərbaycan, Bakı, 09 dekabr / Trend News , müxbir C.Babayeva/
Bu da, "İrəli!"-nin rəsmi veb-səhifəsində yayılmış bəyanat:

3 il bundan əvvəl, 26 Avqust 2005-ci il tarixində Azərbaycan gənclərinin sosial sifarişi ilə yeni tipli bir gənclər təşkilatı olan “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı yarandı. Hərəkatın ideyası öz milli-mənəvi dəyərlərinə bağlı, eyni zamanda müasir inkişafı özündə əks etdirən gəncləri səfərbər etmək, onların inkişafına çalışmaq, bu yolla da ölkədə gedən inkişafa töhfə vermək idi.
3 illik fəaliyyəti boyunca “İRƏLİ”-nin fəaliyyəti 20 ali məktəbi, 30 regionu əhatə edmişdir. “İRƏLİ” 60-dan çox beynəlxalq şəbəkə və təşkilatla əməkdaşlıq edir. Hal-hazırda “İRƏLİ”-nin 6 mindən çox üzvü vardır.
“İRƏLİ”-də gənclərin inkişafını təmin etmək üçün 12 departament və 18 klub faəliyyət göstərir. Departamentlərə - Layihələr, Təhsil və Maarifləndirmə, Beynəlxalq Əlaqələr və Qarabağ, Mədəniyyət və İncəsənət, Asudə vaxtın təşkili, İnformasiya Texnologiyaları, Regionlarla iş, Tibb və Sağlamlıq, Strateji araşdırmalar, İdeoloji məsələlər, Kütləvi tədbirlərin təşkili, İşədüzəltmə və karyera departamentləri daxildir. Klublara – Politoloqlar, Ekoloqlar, Xanımlar, Ədəbi Məclis, Teatr, İqtisadçılar, Ritorika, Tarixçilər, İntellekt, İnsan hüquqları, Vətənpərvərlər, Futbol, Biznes, Dizayn, Turizm, Təlimçilər, Diaspora, Debat klubları daxildir.
Effektiv planlaşdırma və davamlı fəaliyyət nəticəsində “İRƏLİ” cəmi 3 il ərzində 550-dən çox layihə və aksiyanın reallaşmasına imza atmışdır.
“İRƏLİ” öz fəaliyyəti haqqında məlumatı mütəmadi olaraq www.ireli.az, www.ireliwap.com, www.youtube/irelitv vasitəsi ilə, eyni zamanda “İRƏLİ PRESS” qəzeti ilə yaymışdır.
“İRƏLİ” öz fəaliyyəti ilə sübut etdi ki, effektiv fəaliyyət nəticəsində 6 nəfərlə başlayan bir hərəkatı 6 min nəfərə çatdırmaq, eyni zamanda öz kateqoriyasında olan təskilatlar arasında liderliyi qazanmaq mümkündür.
Hesab edirik ki, fəaliyyət göstərdiyi 3 ildən bir qədər artıq zaman ərzində “İRƏLİ” qarşıya qoyduğu məqsədlərə çatmışdır.
Beləliklə, 26.08.2005-də təsis edilən “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının 09.12.2008-ci ildə qəbul etdiyimiz qərarla buraxılmasını bəyan edirik.
Fəaliyyətimiz müddətində hər zaman bizimlə olan və bütün uğurlarımızı şərtləndirən “İRƏLİ” üzvlərinə dərin ehtiramımızı bildirir, eyni zamanda bizimlə əməkdaşlıq etmiş, hərəkatımıza dəstək göstərmiş bütün şəxslərə və qurumlara öz minnətdarlığımızı ərz edirik.

Hörmətlə,
“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçiləri
09.12.2008

Mənbə http://www.ireli.az/

No comments: