OL AZƏRBAYCAN GƏNCLƏR HƏRƏKATININ DAVRANIŞ KODEKSİ
1. ÜMUMİ MÜDDƏALAR
1. 1 OL Azərbaycan Gənclər Hərəkatının Davranış Kodeksi nə üçündür?
OL Gənclər Hərəkatının Davranış Kodeksi OL-un bütün üzvlərinin etik normalara riayət etmək zərurətini təsbit edir. Bu zərurətin həyata keçirilməsini tənzim etmək üçün kodeks OLun fəaliyyət məkanından və formalarından asılı olmayaraq üzvlərinin davranışından nəyi gözlədiyini müəyyən edir.
OL-un Davranış Kodeksi şəxsiyyətin toxunulmazlıq hüququnu və şərəf və ləyaqətin müdafiəsi hüququnu əks etdirməklə hərəkat daxilində bu hüquqların maksimal dərəcədə təmin edilməsinin qayğısına qalır.
1.2 Qanunilik
OL öz fəaliyyətini Azərbaycan Respublikasının dövlətdaxili normativ hüquqi aktlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və OLun Nizamnaməsinə uyğun qurur.
1.3 OL Azərbaycan Gənclər Hərəkatının Davranış Kodeksinə kim riayət etməli?
OLun bütün üzvləri bu kodeksə riayət etməlidirlər.
Davranış Kodeksi OLun Nizamnaməsinin 5.8-ci maddəsinin 4-cü bəndinə əsasən qəbul edilib. Üzvlərin kodeksə əməl etməməsi, onu kobud surətdə və ya davamlı olaraq pozması İdarə Heyəti tərəfindən onlara qarşı müvafiq tədbirlərin görülməsinə səbəb olur.
1.4 OL Azərbaycan Gənclər Hərəkatının davranış Kodeksinə əlavə və dəyişikliklərin edilməsi
OL Gənclər Hərəkatının Davranış Kodeksində nəzərdə tutulmamış hallar OLun İdarə Heyətinin qərarı ilə Kodeksə əlavə və dəyişiklik qaydasında daxil edilə bilər.
2. ÜZVLƏRİN DAVRANIŞ QAYDALARI
2.1 Üzvlərin hüquqları
OL hərəkatının bütün üzvləri OLun fəaliyyətində dilindən, dinindən, irqindən, cinsindən, milli mənsubiyyətindən, doğulduğu yerdən, cəmiyyətdəki sosial statusundan və s. bu kimi amillərdən asılı olmayaraq bərabər şəkildə iştirak etmək hüququna malikdirlər.
Digər üzvlərin hüquqlarına toxunmadan, bütün üzvlər öz şəxsi fikir və mövqeyini azad ifadə etmək hüququna malikdirlər. Bütün ideyalar və təşəbbüslər müzakirəyə layiqdir.
2.2 Üzvlərin Vəzifələri
OL hərəkatının üzvləri:
- düzgün və dürüst olmalı;
- bir-birinə hörmətlə yanaşmalı;
- öz hərəkətləri və hərəkətlərinin doğurduğu nəticələrə görə məsuliyyət daşımalı;
- tədbirlərə vaxtında gəlməli.
2.3 Davranışda yol verilməyən və arzu olunmayan hallar
OLun fəaliyyətində bu və ya digər formada iştirak edən bütün şəxslər humanist münasibət və insan ləyaqətinə hörmət hüququna malikdirlər. OLun istənilən fəaliyyət məkanında və tədbirlərində idarə heyətinin, koordinatorların və digər üzvlərin davranışında aşağıdakı hallar yolverilməzdir:
- davakar, qorxuducu, bədnam və təhqiramiz hərəkətlər;
- hərəkatın fəaliyyətinə ziyan vura biləcək hərəkətsizlik;
- düşmənçilik və hədələyici mühitin yaradılması;
- digər şəxslərin işinə yersiz müdaxilə;
- hər hansı şəxsin OL Hərəkatına qəbul olunma imkanına maneələr yaradılması;
- başqa şəxsi alçaltma, ona şər atma və xəsarət yetirmə;
- xoşagəlməz və arzuolunmaz zarafatlar;
- OLun nüfuzuna ziyan gətirə biləcək yalan, alçaldıcı, ayrı-seçkilik təbliğ edən məlumatların yayılması;
- OLun müxtəlif rəsmi tədbirlərində siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi.
OLun rəsmi tədbirləridə mobil telefonlardan istifadə arzuolunmazdır.
2.4 Şəxsi həyata hörmət və üzvlərə aid olan məlumatların məxfiliyinin təminatı
OL hərəkatı üzvlərinin haqqında şəxsi məlumatın məxfiliyinə riayət olunur. Üzvlərə aid şəxsi məlumatlar heç vaxt OLun daxilində və ya xaricində müvafiq zərurət və şəxsin öz razılığı olmadan heç bir şəxsə verilmir. Davranış Kodeksi OLun üzvlərinin hərəkatın fəaliyyətindən kənardakı davranışına tətbiq edilmir – bir şərtlə ki, belə davranış OLun nüfuzuna və onun maraqlarına mənfi təsir göstərməsin.
2.5 Üzvlər arasındakı münasibət
Üzvlər arasındakı münasibətlər tolerantlıq və qeyri-zorakılıq prinsiplərinə əsaslanır. OLun üzvləri arasındakı gündəlik ünsiyyətdə dözümsüzlük, regionçuluq, qohumbazlıq, tayfabazlıq, irqçilik, ksenofobiya, cinslər arasında ayrıseçkilik, ifrat feminizm və s. kimi diskriminasiya növləri yol verilməzdir. Dini əqidə müxtəlifliyinə hörmətlə yanaşılır. Centlmenlik alqışlanır, lakin tələb olunmur.
2.6 Geyim tərzi
OLun iclas və tədbirlərinə rəsmi geyinməyə ehtiyac yoxdur.
3. İCTIMAİ ƏLAQƏLƏR
3.1 Şəffaflıq
Korrupsiya inkişafın və bəşəri tərəqqinin düşmənidir. OL Gənclər Hərəkatı rüşvətxorluq və korrupsiyada hər hansı formada iştirak etmir. O fəaliyyətində şəffaflığa sadiqdir.
3.2 Qeyri-siyasilik
OL ictimai hərəkatdır. O siyasi partiyaların fəaliyyətində birbaşa və ya dolayı yolla iştirak etmir. OL öz üzvlərinin bütün siyasi hüquqlarını tanıyır. Lakin onların fərdi və ya qrup şəklində siyasi proseslərdə iştirakları zamanı OLu təmsil etmək, OLun adından istifadə etmək, OLun adından danışmaq, OLun rəmzlərindən və ona məxsus olan şüarlardan istifadə etmələri yolverilməzdir və OLun Nizamnaməsinin və Davranış Kodeksinin pozulması kimi qiymətləndirilir.
3.3 Kütləvi informasiya vasitələri və digər qurumlarla əlaqə
Biz kütləvi informasiya vasitələrinin bütün növləri ilə konstruktiv və məhsuldar əməkdaşlıq etməyə hazırıq. Hər hansı bir şəxsə OL adından danışmaq və müxtəlif danışıqlarda və tədbirlərdə OLu təmsil etmək səlahiyyəti İdarə Heyətinin qərarı əsasında verilir. Hər hansı bir əlaqənin qurulması zamanı üzvlər OLun nüfuzuna heç bir zərər vurulmamasının qayğısına qalmalıdırlar.
Davranış Kodeksi
Labels: kodeks
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment