"Ulduz" OLmayan ulduzlar…


Uşaq olanda dünyanın yaradılışı haqda çox düşnərdim. “Mən kiməm, niyə yaşayıram, sonum necə olacaq?” kimi suallara cavab tapmaq üçün araşdırmalara başlayanda hələ 4-cü sinifdə oxuyurdum. Yəni, 10 yaşım var idi. Müharibə illərinə təsadüf etdiyindən, atam o vaxt döyüşə getmişdi. Anam ehtiyat etdiyindən çölə çıxıb, uşaqlarla oynamağımı qadağan etmişdi. Amma məni evdə tutmaq olardı? Cəza alacağımı əvvəlcədən bilsəm də imkan tapan kimi qaçıb dostlarımla görüşürdüm. Amma bütün günü evdə qaldığım vaxtlar da az deyildi. Bax elə, yuxarıda yazdığım sualların cavabını tapmaq üçün ən əlverişli zamanım da evdə boş oturanda olurdu. Evimizdəki böyük kitabxananın hamısını da elə müharibə illərində, cəmi 3 ilə oxuyub bitirdim. Suallarıma cavab tapa bildim mi? Ürəklə “hə” deyə bilmərəm. Çünki, kim olduğumu, həyatdakı rolumu tam mənasında anlamaq üçün oxuduqlarımı həyatda gördüklərimlə isbatlamalıydım. Təbii ki, bunu indi düşnürəm. Uşaq olanda isə suallarıma cavab tapa bilmədiyim üçün bəzən az qalırdı həyəcandan ürəyim partlasın.

İllər keçdi, böyüdüm. Universitet illərim o qədər də maraqlı keçmədi. Çünki, tələbə yoldaşlarım maddi məsələlərdə az qala bir biri ilə yarışırdılar. Pul, maşın, telefon, qız… Ənənəvi söhbətlər 4 il davam etdi. Elə buna görədə qrupdakı 45 uşağın arasında cəmi 4 nəfər dostumla həmişə ayrı oturub durduq. Çünki bizi düşündürən məsələlərlə o birilərininki üst üstə düşmürdü. Üstəlik, həmsöhbət ola bildiyim çox az müəllim var idi. Beləcə, zorla 4 ili başa vurdum. Ardıyla iş həyatım başladı. Jurnalist kimi 4 qəzetdə çalışdım. Ardınca televiziya… Gənclər sektoru ilə tanış olmağın elə ciddi səbəblə bağlı deyil. Sadəcə gənc olduğum üçün gənclərlə işləməyin daha asan olacağına inanırdım. Nə də olmasa, özüm kimi düşünən, şablon yaşamaqdan ləzzət almayan, fərqli, amma mənalı yaşamağa çalışan gənclərlə tanış olacağıma ümidim böyük idi.

Düz 4 il gənclər təşkilatları ilə çalışdım. Qısa müddətdə çox dostlar qazandım. Qismətimizdə neçə səfərlər, neçə layihələr, hətta neçə mübahisələr yazılıbmış. Gənclər sektorunda çalışan bir çox təşkilat üçün əlimdən gələn köməyi etmişəm. İndidən sonra da edəcəyəm. Çünki, dəyişikliyin gənclərlə olacağına inanıram. Amma heç bir gənclər təşkilatına üzv olmaq barədə düşünməmişdim. Nədən? Çünki, istədiyim kimi bir quruluşa sahib təşkilat görməmişdim. Qalstuk taxmağı sevən, təqdimat mərasimlərində başda oturmağa çalışan, danışanda sanki uzun illər icra hakimiyyəti vəzifəsində çalışmış qocaman bir insan kimi danışan o qədər gənc görmüşdüm ki. Çoxsu ilə ciddi mənada salam-eleykümümüz var. Elə indi də münasibətimiz pis deyil. Amma mən tamam başqa şey istəyirdim… Boğzadan yuxarı olmayan, mənəm-mənəmlikdən uzaq, etdiyini gözə soxmayan və ən vacibi azad düşünən, ən azı azadlıqdan qorxmayan gənclik vardı xəyallarımda. Kim bilir, nə zamansa qarşıma çıxacaqdılarmı? Amma dərdini kimə deyəsən? Çünki belə düşünən tək sənsən çevrəndə. Heç olmasa bir neçə nəfər də olsa, cəsarətləriniz birləşər. Tək olduğun müddətcə cəsarətin içində yatır. Amma sən demə bu cəsarətin oyanacağı gün də varmış. Özün kimi düşünənlərlə qovuşmaq… Anlatmaq çox gözəldir o duyğuları.

Amerikada yaşayan Rauf adlı bir dostum var. Bolqarıstanda Amerika Universitetindən məzun olduqdan sonra bu ölkəyə gedərək orda işləyirdi. Azərbaycana gələndə ancaq onunla birgə olurduq. Çünki, düşüncələrimin qarşılığı Raufda var idi. Raufun vasitəsi ilə tanış olduğum bir neçə gənc dostum da ürəyimcə idi. Həmin dostlardan biri internetdə, yahoo qrupların birində elan görmüşdü. Gənclər bir araya gəlib demokratiya və insan azadlıqları haqda danışacaqdılar. Söhbət etməyə isə politoloq Rasim Musabəyov gəlməli idi. İndiyə qədər bu elan qədər diqqətimi çəkən olmamışdı. Dostlar təklif edəndə “gedək” dedim. İnidyə qədər qatıldığım tədbirlərin heç birində elə atmosfer görməmişdim. Hamının üzündən AZADLIQ yağırdı. Sanki, hər şey ilahi bir qüvvə tərəfindən proqramlaşdırılmışdı. Çünki, belə təsadüf ola bilməzdi: dostlar təklif edir və bir mühazirəyə qatılırsan, e-mail adresini kağıza yazırsan və hər dəfə sənə dəvət gəlir. İlk dəfə heç təşkilatın adı barədə də maraqlanmağa macalım olmamışdı. Növbəti mühazirəyə dəvət e-maili gələndə iri hərflərlə yazılmış OL! kəliməsi diqqətimi cəlb etdi. Anlaya bilməsəm də çox şirin gəlmişdi mənə. Ən azından fərqlilik var idi. Özü də mənalı fərqlilik. Bir neçə mühazirədən sonra özümdə itirdiyim enerjini tapmağa başladım. O qədər ümidsizliyə düşmüşdüm ki, hələ də özüm kimi düşünən dostlar tapdığıma inana bilmirdim. Burdakı uşaqlarda səmimilik, can yandıranlıq var idi. Heç kim şəxsi karyerası üçün gəlməmişdi. Qalstuk taxan isə ümumiyyətlə yox idi….

İndi aradan düz 2 il keçib. Nə qazanmışam? - deyə öz özümdən soruşuram. OL! Məni 2 aydan sonra üzvü kimi qəbul etdi. Bu 2 ildə daha çox özüm kimi olmuşam və məncə bu mənim ən böyük uğurumdur. Rola girməmişəm, riyakarlıq etməmişəm, yalan danışmamışam və yaşadığım cəmiyyəti dəyişməyin yeganə yolunun özümün dəyişməsində görmüşəm. Daha doğrusu hələ uşaqlıqdan düşündüyüm bu məsələni öz üzərimdə həyata keçirmək üçün böyük cəsarət tapmışam. Kiməm, nəçiyəm suallarına tapdığım cavabı daha da təkmilləşdirmişəm. Anlamışam ki, biz çətin bir imtahandayıq: Özümüzü və çevrəmizi pislikdən uzaqlaşdırıb, yaxşılığa doğru götürmək imtahanında. Həyat belə olanda həqiqətən ləzzət verir. Və ən əsası… DOSTLAR qazanmışam. Sevə biləcəyim, bir arada olmaqdan sıxılmadığım dostlar. Azad düşünən, tolerantlığı qanına işlədən, zorakılıqdan uzaq həyatın tərəfdarı olan, modern olmaqdan qorxmayan dostlar…

İstər əvvəl tanış olduğum, istərsədə OL!-a gəldikdən sonra tanış olduğum insanların hamısı dəyərlidir. Heç birini silib ata bilmərəm. Necə ki, azad səmada ulduzlar tolerantcasına bir birinə göz vurur, sayrışırlar. Həyat da belədir. İnsanların çevrəsindəyik. Amma unutmayaq ki, ulduzun ən böyük və işıqlı olanı diqqət cəlb edir. Bütün ‘ulduzları’’- bütün insanları sevirəm. Amma daha işıqlı olanlar bir başqadır. Heç kimin xətrinə dəyməsin….

Yusif Kərimli

No comments: