Azərbaycanda demokratiyanı necə xilas etməli?

FAR Centrin Gənclər Mərkəzinin koordinatoru, ümum gənclərin və OL!-un dostu olan Hikmət Hacızadənin Yeni Müsavat qəzeti ilə bölüşdüyü maraqlı fikirlərini sizə təqdim edirik:

Azərbaycanda demokratiyanı necə xilas etməli?


2008-ci ilin prezident seçkisi Azərbaycan demokratiyasına nəinki fayda verdi, əksinə, çox ciddi zərbələr vurdu. Cəmiyyətdə seçki yolu ilə dəyişikliklərin baş verə biləcəyinə dair olan inam tamamilə sarsıldı. Hakimiyyətin yaratdığı anormal siyasi şərait üzündən real müxalifətin seçkilərdə iştirak etməməsi demokratik dəyərlərin yayılması baxımından cəmiyyətin ziyanına işlədi. Faktiki olaraq, ölkədə ölü bir vəziyyət hökm sürür. İnsanlar tamamilə ümidsizləşib, ictimai fəallıq hiss olunmur.

Təbii ki, vəziyyətin bu şəkildə davam etməsi olduqca pis nəticələrə səbəb ola bilər. Bəs demokrkatik proseslərin canlanması, heç olmasa ictimai fəallığın yüksəlməsi üçün hansı işləri görmək lazımdır? Hansı addımlar Azərbaycan demokratiyasının xilasına səbəb olar?

Mövzu ətrafında söhbət etdiyimiz politoloq, Müsavat Məclisinin üzvü Hikmət Hacızadə bununla bağlı orijinal təkliflərlə çıxış etdi. O, “hamı öz işi ilə məşğul olmalıdır” deyə qeyd etdi: “İlk növbədə siz jurnalistlər, müstəqil mətbuat güclənməyə çalışmalıdır. Və gopla, yalanla insanları aldatmaq lazım deyil. Səmimi şəkildə insanlara vəziyyəti olduğu kimi çatdırmaq, situasiyanı anlatmaq gərəkdir. Siyasətçilər, demokratik fəallar öz sözlərini deməlidirlər. İctimaiyyət qarşısında çıxışlar etməli, insanlara real durumu anlatmalıdırlar. Həmçinin, beynəlxalq əlaqələri gücləndirmək, demokratik institutlarla sıx əməkdaşlıq etmək lazımdır. Bu işləri həyata keçirib çalışmalıyıq ki, cəmiyyətdə oyanış baş versin. Görək bu istəklər nə zaman reallaşacaq”.

H.Hacızadə bildirdi ki, müxalifət ənənəvi metodlarla deyil, öz işini başqa cür qurmalıdır: “Bizim siyasətçilər anlamalıdırlar ki, onlar siyasi qüvvə deyillər. Siyasətçilər başa düşməlidirlər ki, artıq mənəvi qüvvəyə çevriliblər. Bundan sonra siyasi qüvvə kimi yox, haradasa dissidentlər klubu kimi fəaliyyət göstərmək lazımdır. Bunun faydası ola bilər. Siyasi liderlər mənəvi bir qüvvəyə, büllura çevrilib işıq saçmalıdırlar. Başa düşmək lazımdır ki, artıq siyasət yoxdur, ona görə də hansısa manevrlər etmək, taktikalar qurmaq mənasızdır. Bəlkə dissident kimi səsimiz çıxanda insanlar bizim səsimizə oyandılar. Mən başqa yol görmürəm”.

Bəs siyasətçilər bu işləri hansı vasitələrlə həyata keçirməlidirlər? H.Hacızadə bildirdi ki, müxalifətin telekanallara çıxış imkanları olmasa da, “Azadlıq”, “Amerikanın səsi”, “BBC” radiostansiyalarından, bir neçə müstəqil qəzetdən yararlana bilərlər: “Bundan başqa kitablar, broşüralar yazıb paylamaq olar. Konfranslar keçirmək, müxtəlif məkanlarda vətəndaşlarla görüşmək mümkündür. Lap hətta insanları ayıltaq üçün liderlər bir dissidentə, mənəvi qüvvəyə çevrilib Qız Qalasının üstünə çıxıb oradan insanlara müraciət edə bilərlər. ”Dalğa"çılar kimi, gedib özümüzü Prezident Aparatının qarşısındakı dəmir barmaqlıqlardan düzəldilmiş hasara da bağlaya bilərik. Problem ondadır ki, bizim siyasətçilər hələ də özlərini siyasətçi sayırlar. Hansı ki, onlar özləri də real vəziyyətdən, ölkədə siyasət olmamasından xəbərdardırlar".

H.Hacızadə bildirdi ki, əgər demokratik fəallar, müxalifət heç bir iş görməsə, müqavimət təşkil olunmasa, insanlar arasında iş aparılmasa, hakimiyyət olan-qalan strukturları da məhv edəcək: “Hakimiyyət çalışacaq ki, müxalif düşüncəli insanları sındırsın, pulla ələ alsın, incitsin, təzyiqlərə məruz qoyub ölkədən didərgin salsın. Ona görə də kimin gücü varsa, möhkəm durmalıdır”.

Müxalifət partiyalarının birgə fəaliyyət göstərməsinin də faydalı ola biləcəyini deyən H.Hacızadə qeyd etdi ki, istənilən halda siyasi fəaliyyət göstərmək mənasız olacaq: “Birləşib mənəvi güc və dissident kimi fəaliyyət göstərmək effektli ola bilər. Artıq Azərbaycanda siyasi fəaliyyət göstərmək heç bir nəticə verməyəcək. Çünki siyasətin özü yoxdur”.

No comments: