Biz niyə yuxu görürük?

Səhər durub gördüyüm yuxumu danışmaq istəyirdim.Yaxınlarımdan heç kimin qulaq asmaq istəmirdi. Bu problemdən çıxış yolu yuxumu sizə danışmaqdır. Oxumaq istəməyənləri qınamıram. Yuxu:

60 yaşım var. Sobanın qırağında nəvələrimin ətrafında əlimdə şərab qədəhi oturmuşam. Saçlarım qısa və düm ağ rəngdədir, cavanlığımda çox sevdiyim cırıq cinslər və üstündə hərflərin çoxunun yuyulmaqdan silinmiş “Dalğa”nın t-shirtu var. Arxa fonda həfif səslə DDT qrupunun “Eto vse çto ostanetsa posle menya” mahnısı eşidilir. Nəvələrim üz – gözünü turşudub mahnını dəyişdirməyi xahiş edirlər. Qısa mübahisədən sonra nəvələrim nağıl danışacağım halda cavanlığımının ən sevimli mahnısını saxlamağa mənə icazə verəcəklərini bildirirlər. Qan keçir. Bilirlər axı nənələri heç vaxt düz-əməlli nə nağıl, nə də şer bilməyib. Amma mən mən olmazdım, hətta yuxumda da nəsə fikirləşib beynimin alt qatından çıxan xəyali nəvələrimə dərs verməsəydim. Şərabımdan bir qurtum içib , sobaya odun atdım, kresloda yerimi rahatlayıb, həyatımın ən qəribə dönəmindən danışmağa başlayıram.

Biri var idi, biri yox idi (nağıl deyəndə ancaq bu cümlə ağlıma gəlir). Dünya xəritəsinə baxanda lupasız tapmaq qeyri-mümkün olan bir ölkə var idi. Bu torpaqlarda yaşayan xalqlar özlərini azərbaycanlılar adlandırırdılar. Amma azərbaycanlı olmaq nədir, azərbaycanlı ruhu nədir, bir xalq olaraq nə istəyirlər bilmirdilər. Padşah və onun ətrafı da bu bilgisizlikdən sevinib, kütləni öz arxasınca amorf ideyalar uğrunda uçuruma aparırdı. Xalq adlanan kütlə onlara böyük miqyasda paylanan tamaşadan dadıb üstündən də desertə çörək yeyib, heç nə barədə düşünmədən uçuruma doğru böyük cərgə ilə “Bivəfa” mahnısını oxuyub, yaxşı padşah uğrunda məhvə gedirdilər. Düzdü ön cərgələrdə gedənlər və padşaha daha sadiq olduğunu daha yaxşı “nümayiş” etdirənlərə adi çörək deyil, kişmişli bulka verirdilər. Bu xalq sadəlövh olduğu qədər də, kəndli hiyləgərliyi kimi bir keyfiyyətin daşıyıcısı idi. Onunla bir cərgədə məhvə gedən qonşusunun sonuncu çörək tikəsini alıb ona “atmaq” fəxr, igidlik sayılırdı. Başqaları bu insana yarşmayan hərəkəti görüb göz yumurdular. Çünki özləri də ən balaca fürsətdə eyni addımı atardılar. Ona görə heç kimi qınamırdılar. Biz o dövrdə sözün əsl mənasında Keçəl Həmzənin və Cırtdanın nəticələri idik. Amma bütün bunlara baxmayaraq, bu cərgədə getməkdən imtina etmiş insanlar da var idi. Onlar az idi. Amma çiyinlərinə titanların daşıya bilməyəcəyi işləri götürmüşdülər. Hərdən alınırdı, hərdən yox. Amma onların olması belə insana qəribə güvənlik və gələcəyə ümidlə baxmağa stimul verirdi. Bu fərqlilərin çoxu gənclər idi. Onlar çox zaman ayrı ayrı qruplarda birləşirdilər. “Dalğa” haqqında sizə çox danışmışam. Dalğanın ən yaxın dostu olan “OL”çular haqqında danışmaq istəyirəm. Bizim insanların savadsızlığı və yeni alternativlərə inamsızlığı ilə mübarizəmizdə onlar daha aktiv idilər. Sözün düzünü desəm, birinci onların mübarizəsi mənə mənasız, boş yerə vaxt və enerji sərfi kimi görünürdü. Ayda bir dəfə seminarların təşkili, yaxud da öz bloqlarının rekonstruksiyası mənə- radikal addımlarla hər şeyi bir anda dəyişmək istəyən adam üçün təbii ki, qəribə idi (bir anda nənələrinin onlara nağıl danışmayacağını anlayan nəvələrimin üzündən bir söz oxudum : DARIXIRAM). Ancaq yenə də qulaq asırdılar. Şərabdan içib siqaretimi yandırdım. Nəvələrim eksentrik nənələrini sevdiklərindən onlar üçün hələlik maraqsız olan bu söhbətlərə qulaq asırdılar.

Nə isə, qayıdaq “OL”a. Sonra isə eynəklərimi taxıb onları daha yaxından öyrənməyə başladım. Bir anda Turqut, Persik, Rəşadət və Adnan doğma insanlarıma çevrildilər. Onlar olmasaydılar, özümü bir nəfərlik dustaqxanada hiss edərdim. Onları tanıdıqca özümü də tanıdım. Başa düşdüm ki, həqiqətən də insanlıq və insanlar var. Bir də, kimsə sənin kimi düşünmürsə, bu o demek deyil ki, onlar problemi səndən pis qavrayır, ya da bu eybəcər, amma her şeydən əziz vətəni səndən az sevir. Sadəcə o sən deyil. Amma onlarla yol getmək çox gözəldir. Bu uçuruma gedən kütləni yolundan eləməyə, hər insan – fərd uğrunda mübarizədə səninlədir. Həyatımda iz qoyan ən unudulmaz insanları mən bu kütləyə əks gedəndə tapdım. Həyatın dibinə düşdüm, amma orda tək deyildim. Ən ümidsiz anlarımda yanımda olan insanlar var idi. Adlarını yuxarıda sadaladığım dostlarım da orda idilər. Uzun zaman İlkinin dediyi bir fikir ağlımdan çıxmırdı, o bizi insan haqqları uğrunda mübarizə apararkən haqqlara daha çox fikir verməkdə günahlandırırdı. İnsanlar uğrunda mübarizə aparmaq lazımdır. Çünki insanlıq olmayan yerdə haqqlar da heç kimə lazım deyil. Kütlə hər yerdə simasızdər - bizdə də, Amerikada da. Sadəcə o kutlədə kişmişli bulka yeyənlər hamını idarə edən 10 faiz, onlar insanlıq naminə vuruşub lazım gələndə qaxaca dönmüş çörək də yeməlidirlər. Amma insanlığa və ideallara xəyanət etməli deyillər. Bu 10 faiz içində mən Erkin Qədirlini, Rəşad Ellini, Aytən Qəhrəmanovanı, Xədicə İsmayılovanı, Ülvi İsmayılı, Ramin Hacılını, Turqut Qəmbəri, Adnan Hacızadəni görmək istəyirdim. Və gördüm də. Onların sayəsində siz indi o uçuruma getməyən, AZTV-nədir bilməyən, həyatında əlinə "Xalq qəzeti" tutmayan bir nəsilsiniz. Mən isə, hippi təbiətli, hər zaman özünü və ədaləti axtaran insanam….

Bu yerdə göydən üç qızrmızı alma düşdü. Üçünü də OL-çulara hədiyyə edirəm.

1 comment:

Anonymous said...

saol vefa.