Bizim Məhəbbət Respublikamız

Fevralın 28-də OL! Azərbaycan Gənclər Hərəkatı 3 yaşı münasibətilə “Məhəbbət yoxsa Nifrət” adlı parti keçirdi. Partynin əsas şüarı “Siz nəyi seçəcəksiniz? Məhəbbət Respublikası yoxsa Nifrət Monarxiyası” idi.

Bizlər həmin gün Stop Clubda bu partini keçirməklə iki əsas ideyanı cəmiyyətin diqqətinə çatdırmağa çalışdıq: bunlar Respublika və Respublikaçılıq ideyasına sədaqət, məhəbbətin gücü və cəmiyyətin hər bir fərdinin sevgiyə ehtiyacı olduğu, hər bir probleminin həllində sevginin açar rolunu oynaya biləcəyini qabartmaq idi.

Biz həmin gün kiçik bir yerdə belə olsa özümüzün Məhəbbət Respublikamızı elan etdik. Məhəbbət Respublikasının Konstitusiyasını yazdıq və hər kəsi ideyamızın məğzi ilə tanış etdik:

Biz, Məhəbbət xalqı daha mükəmməl ittifaqın yaradılması, ədalətin bərqərar edilməsi, daxili tolerantlığın qorunması, birgə anlaşmanın təşkili, ümumi müdrikliyin səviyyəsinə yardım göstərilməsi, bizim və bizdən sonrakı nəsillərin azadlıq nemətləri ilə təmin edilməsi məqsədilə Məhəbbət Respublikasını təntənə ilə bəyan və təsis edirik.

Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün sevənlər bərabərhüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edibdir, onların sırasına sevmək, sevilmək, azadlıq, səadətə canatma hüququ da daxildir; belə hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına güvənən Sevgi höküməti qurur; odur ki, hər hansı Nifrət həmin hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzindəsə həmin prinsiplərə dayanan, yeni Məhəbbət quruluşu yaratmağa haqqı vardır.

Biz insanlara əsl məhəbbət, insanlar arasındakı hörmət və anlaşma, əsl azadlığa bir Məhəbbət Respublikasında çata biləcəyimiz mesajını verdik və onlara bu ideyaların gerçəkləşdirilməsi üçün stimul olacaq bir qığılcım verməyə çalışdıq.

Bu gün cəmiyyətimizdə də çatışmayan iki ünsür məhz bunlardır. Biz dövlət quruluşu olaraq rəsmən Respublikayıq. Ancaq addımbaşı bütün sferalarda respublika ideyasına, respublikaçılıq ənənələrinə zidd addımlar atıb, onun mahiyyətini dərk etmədən əhəmiyyətini heçə endiririk. Respublika quruluşunun dünyanın əksər inkişaf etmiş ölkələrində gətirdiyi xeyirləri görməzdən gəlirik və onun gətirdiyi azadlıq, bərabərlik, seçib-seçilmək hüququ, ümumi rifah kimi bütün bu müsbət təcrübələrdən bilərəkdən imtina edirik.

Biz isə respublikanın nə demək olduğunu, onun nemətlərini dərk edirik. Ona görə də çalışırıq ki, bütün cəmiyyət də bunu anlasın və ona toxunulmasına imkan verməsin və onu itirmək təhlükəsi ilə üz-üzə qaldığı anda Respublikanın yaşaması üçün var gücüylə çalışsın.

İkinci problem isə sevgi ilə bağlıdır. Bu gün cəmiyyətimizdə sanki bir sevgisizlik və aqressiya problemi var. İnsanların üzü gülmür, hər kəs insanlar arasında bir inamsızlıq və pessimizm müşahidə edir. Biz hesab edirik ki, belə mühitdə sevgi və inam olmadan bütün cəmiyyət məhv olmaq təhlükəsi ilə üz üzədir. Dünyanın ən şirin neməti sevgidir, o insanı nikbin olmağa, hər kəsə xeyirxah yanaşmağa, sabaha inamla baxmağa və daima içində gəzdirdiyi sevinci insanlarla paylaşmağa sövq edir. Əgər sevgi yoxdursa deməli nifrət qalibdir. Ona görə də biz məhz bu parti ilə respublika ideyası ilə yanaşı sevginin də parlaq sabahımız üçün əsas faktorlardan biri olduğunu göstərdik.

Əsl Sevginin olduğu Respublika - bu bizim yorulmadan uğrunda çalışdığımız, çatmaq istədiyimiz hədəfdir. İnaırıq ki, içində insanlığa sevgi hissləri dolu və respublika ideyasına sadiq biz gənclər bu hədəfimizə çox tezliklə nail olacağıq!

Rəşadət Axundov

3 comments:

Anonymous said...

Mehebbet respublikasinin vetendashi olmaq uchun ne etmek lazimdir?

Anonymous said...

Sevmək və dəyişmək! və ya...
Dəyişmək və sevmək! :)

Vüqar

shipping a car cross country said...

This is my second visit to this blog. We are starting a new initiative in the same category as this blog. Your blog provided us with valuable information to work on. You have done a admirable job….

Cheers.
shipping a car cross country