Aprel ayının 21-i OL! Hərəkatı “Azərbaycanda Underground Mədəniyyəti” mövzusunda növbəti interaktiv mühazirəsini keçirdi. Mühazirənin spikerləri yazıçı-publisist Həmid Herisçi, “Yuxu” qrupunun bas gitaristi İbrahim Emin və “Ozan” qrupunun solisti Nurlan Kərimov idilər.
İnteraktiv mühazirədə ilk olaraq Həmid Herisçi nitq söylədi. Onun sözlərinə görə Underground fəlsəfəsi özünü yalnız musiqidə biruzə vermir. Tarix boyu həm siyasi, həm təriqət, həm də ədəbi underground mövcud olub və olmaqdadır. Həmid bəyin fikrincə mahiyət etibarilə Underground mədəniyyəti Şərq ölkələrində daha güclü olub. Buna misal olaraq o, saray şairləri və saraya qarşı olan şairlərin əsərlərini nümumə göstərdi. “Underground-a məxsus olan insanları avara kimi təqdim etmək istəyirlər. Bu əsla belə deyil. Bu insanlar haqsızlığa və ədalətsizliyə qarşı mübarizəni, çarəsiz şəkildə öz ruhi məkanlarında gizlənib, yaradaraq edirlər” deyən Həmid bəy bu tip insanların həm də hər şeyə qarşı çıxaraq absurd nəzəriyyələr irəli sürüb, cəmiyyəti silkələyə bildiklərini bildirdi.
Çıxış üçün növbəti sözü gənclər arasında popular olan “Ozan” rok qrupunun solisti Nurlan Kərimova verildi. Nurlan musiqidə Underground-u haqqında danışdı. Onun fikrinə görə, insanlar öz xoşlarına görə Underground olmurlar, insanları buna mövcud şərait və onların barışmazlığı məcbur edir. “Musiqidə 2 cərəyan var: Main stream – kütlənin bəyəndiyi, komersiya məqsədi güdən musiqi növləri və Underground – yalnız özləri və həmfikirlər üçün yazılmış musiqi” deyən Nurlan keçmişdə Underground olan, indiki dövrdə isə kommersiya məqsədli musiqilərin mövcudluğu da qeyd etdi: “80-ci illərdə fəaliyyət göstərən Leybax qrupu və 90-cı illərdə mövcud olan Rammstein qrupu demək olar ki, eyni musiqidir. Lakin 80-ci illərdə bu Underground kimi qalmışdısa, 90-ci illərdə Rammstein qrupu bunu kommersiya layihəsinə çevirdi”
Azərbaycan rok tarixinin əfsanəsi olan “Yuxu” qrupunun nümayəndəsi İbrahim Eminin çıxışı isə xüsusi maraq doğurdu. Onun sözlərinə görə, qrup məhz ədalətsizliyə etiraz olaraq formalaşıb: “Biz zirzəmilərdən çıxmışıq. Həmin zaman bizim 13-15 yaşlarımız var idi və rok yasaq idi”. İbrahim bəyin dediyinə görə onlar yaratdıqlarından zövq alırdılar və heç bir qadağa onları musiqi ilə məşğul olmağa mane olmurdu.
İnteraktiv mühazirənin sual-cavab hissəsində repin və meyxananın Underground mədəniyyətinə aid olub-olmaması ilə bağlı səslənən fikirlərə cavab olaraq spikerlər qeyd etdilər ki, mahiyyət etibarilə hər iki janr tipik Undergroundur. Lakin hal-hazırda Azərbaycanda meyxana mainstream cərəyana çevrilib.
“Azərbaycanda Underground Mədəniyyəti” mövzusunda interaktiv mühazirə
Labels: reliz
Subscribe to:
Post Comments (Atom)
1 comment:
İnteraktiv mühazirədə ilk olaraq Həmid Herisçi nitq söylədi. Onun sözlərinə görə Underground fəlsəfəsi özünü yalnız musiqidə biruzə vermir. Tarix boyu həm siyasi, həm təriqət, həm də ədəbi underground mövcud olub və olmaqdadır. Həmid bəyin fikrincə mahiyət etibarilə Underground mədəniyyəti Şərq.
Post a Comment