Emin Millinin Kolumbia Universitetində çıxışı

Azərbaycanda Sülalə və Demokratiya:
Prezidentlik Müddətinə Qoyulan Məhdudiyyətləri Ləğv Edən Referendum

Emin Milli, Kolumbia Universitetində çıxış
15 aprel 2009

(OXU VE YAY)

Hörmətli professor Miçel, mən Sizə, Kolumbia Universiteti və Harriman İnstitutuna Azərbaycanda gedən son hadisələrə göstərdiyiniz maraq üçün təşəkkür etmək istərdim. Yanvarda mən BMT-nin qarşısında bu referenduma qarşı etiraz təşkil edib orada iştirak edəndə ailəmin ən yaxın üzvlərindən biri işdən çıxarıldı. Ona demişdilər ki, o, dövlət düşməninin qohumudur. Bu rejimə loyallıq göstərməkdən imtina edərkən və ya onların siyasətinə qarşı narazılıq ifadə edərkən bu, qarşılaşacağınız cəzanın ən yumşaq formasıdır. Ümid edirəm ki, alternativ fikirləri dinlədikləri üçün tədbirimizdə iştirak edənlərdən heç biri hər hansı bir cəza ilə qarşılaşmayacaq və onların qohumları işlərini itirməyəcəkdir.

1. Müsəlman dünyasının ilk demokratik Respublikasından adi monarxiyalı diktaturaya qədər

Azərbaycan keçən il ADR-nın, Müsəlman dünyasının ilk demokratik respublikasının yaranmasının 90-cı ildönümünü qeyd etdi. Bu tarixi günü qeyd etdiyimiz tarix 28 maydır. 90 il sonra Azərbaycan indiki prezident İlham Əliyevin atası keçmiş prezident Heydər Əliyevin sonsuz sayda heykəllərinin qoyulduğu bir ölkədir. Keçmiş DTK (KGB) generalı Ata Əliyev Sovet dönəminin sonuna doğru uzun illər bu ölkəni idarə etmiş və 1993-cü ildə yenidən hakimiyyətə gələrək 2003-cü ildə öləndən sonrada bir daha hakimiyyəti tərk etmədi. Onun ölkənin hər yerindəki minlərlə portretləri, bilbordları və heykəlləri rəsmi təbliğatın sevərək adlandırdığı kimi qüdrətli “ümummilli lider”i hər kəsin yadına salır.

Oğul Əliyev 2003-cü ildə polis və təhlükəsizlik qüvvələri tərəfindən gen-bol tətbiq edilən zorakılıqla müşayiət edilmiş saxtalaşdırılmış seçkilər nəticəsində atasının postuna varis oldu. Bu, keçmiş Sovet İttifaqı ərazisində qurulan ilk siyasi sülalə idi. Ölkədəki plakatların bəzisində “Müstəqil Azərbaycanın dünəni, bugünü və gələcəyi” şüarı ilə bir-birinin arxasında duran Heydər Əliyev, İlham Əliyev və Kiçik Heydər Əliyev (İlham Əliyevin kiçik oğlu) təsvir edilir.

Ənənəvi müxalifət partiyaları son onillik ərzində müxalif fəallara və tərəfdarlara rejimin hücumları və təzyiqləri nəticəsində çox kəskin şəkildə zəiflədilmişdir. 2008-ci ildə rəsmi nəticələrə görə İlham Əliyevin səslərin 89 faizini qazandığı ziddiyyətli prezident seçkilərini müxalifət boykot etdi. İlk demokratik respublikanın 90-cı ildönümünü qeyd etdiyimiz elə həmin il Azərbaycan hakimiyyəti qısa dalğalardan BBC, Azadlıq Radiosu və Amerikanın Səsi radio yayım xidmətlərini bağlamaq qərarı verdi. Bununla Azərbaycanlıların obyektiv informasiya mənbələrinə və ictimai maraq doğuran məsələlərlə bağlı debatlar üçün ümumi platformalara çıxışı xeyli məhdudlaşdırıldı.

2. Prezidentlik müddətinə qoyulan məhdudiyyətləri ləğv edən referendum

Martın 18-də keçirilmiş son referendum hakim rejimin hakimiyyəti öz əlində cəmləməsinin kulminasiyası oldu. Fikrimcə, bütövlükdə referendum legitim deyildi və o nə ədalətli, nə də qanunidir. Azərbaycan hakimiyyəti ömürlük prezidentlik üçün konstitusional qapılar açmaqla Çad, Uqanda, Zimbabve, Kamerun, Əlcəzair, Belarus, Özbəkistan və Venesuela kimi ölkələrin yolu ilə getməyə qərar verdi.

Bütövlükdə referendum Konstitusiyanın 29 maddəsinə dəyişiklik təklif etdi. Halbuki hər kəsə aydın idi ki, əsas məqsəd İlham Əliyevin ömürlük prezidentliyinə yol açmaq üçün prezidentlik müddətinin sayı ilə bağlı məhdudiyyəti aradan qaldırmaq idi. Öncə maddə 101.5 eyni şəxsə ardıcıl olaraq 2 dəfədən artıq prezident olmağı qadağan edirdi. Təklif edilən düzəliş isə bunu ləğv etməyi nəzərdə tuturdu. Konstitusiya Məhkəməsi Prezidentin doğum günü (24 dekabr 2008) yalnız 35 dəqiqəlik müzakirədən və Konstitusiyaya 29 dəyişikliyi təsdiqləyəndən sonra öz “qanuni həri”sini verdi. Bütün təklif edilən düzəlişləri müzakirə etmək və referendumun keçiriləcəyi günü təyin etməkdən ötrü Parlamentə cəmi bir-iki saat gərək oldu. Bu hal indiki rejimin məhkəmə və qanunverici hakimiyyətləri nə dərəcədə nəzarət altında saxladığını göstərir. Nəzarət eyni dərəcədə radio və televiziya stansiyalarının konstitusional dəyişikliklər də daxil olmaqla ictimai maraq doğuran məsələlərlə bağlı ciddi və dərin ictimai debatlar keçirməsini məhdudlaşdırır.

2008-ci il seçki kampaniyası zamanı nə İlham Əliyev, nə də onun vəkilləri mümkün referendum haqqında söz açmışdı. Odur ki, İlham Əliyev üçün səs verdikləri ehtimal edilən kəslər onun Konstitusiyaya düzəliş etmək planından xəbərsiz idi. Son prezident seçkilərindən bir ay sonra dedilər ki, hakim partiya (YAP) referendum təşəbbüsü irəli sürmək qərarı verib. Baxmayaraq ki hakim partiya heç bir partiya iclası keçirməmişdi. Heç mətbuat konfransı da olmamışdı. Kimin və necə qərar verməsi qaranlıq qaldı.

3. Avropa təcrübəsi və ya parlamentar və prezident rejimləri arasında çaşqınlıq?

Davosda Dünya İqtisadi Forumunda Reuters-ə verdiyi bir müsahibədə Prezident İlham Əliyev özünün prezidentlik müddətinə qoyulan məhdudiyyətləri ləğv etmək təşəbbüsünə Avropanın demokratik təcrübəsinə əsaslanmaqla haqq qazandırdı. O dedi “Siz elə bir Avropa Birliyi üzvü tapa bilməzsiniz ki, onun lideri xalqının onu öz postunda istədiyi qədər seçilməyə bilməsin. Bu demokratikdir? Bəli. Odur ki, eyni hal Azərbaycana tətbiq edilməlidir”. Hakim partiyanın əsas arqumenti - xalqın eyni adamı istədiyi qədər seçmək üçün demokratik hüququnun məhdudlaşdırılmaması - Avropa Şurasının Venesiya Komissiyasının hüquqi rəyində rədd edildi (13-14 mart 2009). Prezident İlham Əliyevin və onun hüquqşünaslarının müasir Avropa hüquqi düşüncəsi və idarəçilik təcrübəsi haqqında bəzi məlumat alması üçün budur həmin hüquqi rəydən bir hissə:
“….Bu səbəbdən, eyni şəxsin prezidentliyi həddən artıq müddət üçün tutmaq imkanı olması faktından çıxış edərək demokratiya üçün mənfi nəticələr riskini məhdudlaşdırmaq məqsədilə ardıcıl prezidentlik müddətlərinə konstitusional məhdudiyyətlər qoyulması nəzərdə tutulur.
Həmçinin, arqument gətirilir ki, Baş Nazirin təyin edilməsinə heç bir müddət məhdudiyyəti mövcud deyildir. Bu, hər halda, prezident (və ya yarımprezident) rejimi ilə çətin ki müqayisə edilə biləcək fərqli bir hüquqi vəziyyətdir. Parlamentar rejimdə Baş Nazir daima parlamentar əksəriyyətdən dəstək almalıdır, lakin prezident rejimində bu, prezident üçün eyni hal deyildir. Odur ki, sonuncu sistemdə şəxsi faktor daha güclüdür. Bundan başqa, Baş Nazir Dövlət Başçısı deyildir. Dövlət Başçısı mövcud olduğundan müxtəlif dərəcədə olsa belə Baş Nazirin səlahiyyətləri məhduddur. Bu səbəbdən, parlamentar sistemdə fəaliyyət göstərən Baş Nazirin əlində səlahiyyətlərin şəxsən cəmlənməsinə şirniklənmə daha azdır. Nəticə etibarilə, demək olar ki, parlamentar mexanizmlər adətən Baş Nazir vəzifəsində demokratik rotasiyanı təmin edir, ancaq belə mexanizmlər aydındır ki, onların prezidentə təsir etməsinə şamil edilmir.
Demokratik strukturların və onların mədəni təfsirlərinin hələ möhkəmlənmədiyi ölkələrdə prezidentin ardıcıl seçilmə müddətlərinə qoyulan dəqiq konstitusional məhdudiyyətlər xüsusilə vacibdir. Venesiya Komissiyasının rəyinə görə, Konstitusiyanın 101(V) Maddəsindəki hazırkı məhdudiyyətin aradan qaldırılması Azərbaycanda möhkəmlənmiş demokratiyaya gedən yolda ciddi bir əngəl ola bilər..."



4. Prezidentin Andı

İstehzalı olsa da, referendumun rəsmən elan edilmiş nəticələrinə baxmayaraq İlham Əliyev təkrar prezident seçilə bilməz. Yenicə dəyişiklik edilmiş maddə növbəti prezident seçkilərindən başlayaraq tətbiq edilməlidir. İlham Əliyev artıq 2 dəfə seçilib. O, ikinci müddətə seçiləndə Konstitusiyada yuxarıda göstərilən məhdudiyyət mövcud idi. İlham Əliyev and içərək xalqın qarşısında həmin məhdudiyyətə tabe olacağına söz verib. Ona yenidən təkrar seçilməyə icazə vermək yeni edilmiş düzəlişin geriyə tətbiqi demək olardı. Bu isə həm artıq təşəkkül tapmış qanunun geriyə qüvvəsinin olmaması prinsipinə, həm də konstitusiyanın hazırlanması tarixinə ziddir.

Konstitusiyaya 1995-ci ildə düzəliş ediləndə ona şərti maddələr daxil idi. Maddə 3 nəzərdə tuturdu ki, prezidentlik müddətinə qoyulan məhdudiyyətlər Konstitusiyanın qüvvəyə minməsindən sonra seçilən prezidentə şamil edilir. Bu səbəbdən Heydər Əliyevin faktiki birinci müddəti (1993-1998) konstitusional olaraq birinci hesab edilmədi. Bu o deməkdir ki, layihə hazırlayanlar geriyə tətbiq edilə bilməmək prinsipini açıq-aydın nəzərdə tutmuşdular. Bir daha qeyd etmək istərdim ki, İlham Əliyev hal-hazırda öz prezidentliyinin ikinci müddətini xidmət etməkdədir və yeni maddə qanun nöqteyi-nəzərindən ona tətbiq edilə bilməz.

5. Azərbaycanda demokratik dəyişiklik perspektivləri

Mütəxəssislərin əksəriyyəti neft və qaz erasının sonu çatmadan ən yaxın gələcəkdə Azərbaycanda hər hansı bir siyasi dəyişiklik perspektivi haqqında çox pessimistdir. Ermənistanın təcavüzü və Azərbaycan torpaqlarının işğal altında olması ölkədə demokratik inkişafla bağlı daha da mürəkkəblik və pessimizm yaradır.

İqtisadiyyatın inhisarlaşması və dünyada korrupsiyanın səviyyəsinə görə ölkənin birinci yerlərdən birini tutması müxtəlif sektorlu və davamlı iqtisadı sistemin qurulması üçün hər hansı imkanın qarşısını alır. Rejimi dəstəkləyən klanların loyallığını satın almaq və korrupsiyanın sistemin əsası və oyun qaydası olduğu bir mühitdə yaşayıb sağ qalmaq üçün korrupsiya ilə korlanmağa məcbur edilmiış əksər vətəndaşları özünə bağlamaq məqsədilə rejim korrupsiya sistemindən istifadə edir (korrupsiyaya icazə verilir, korrupsiya cəzalandırılmır). Müxalif qüvvələri qorxutmaq və müstəqil sosial qrupların formalaşmasının qarşısını almaq üçün rejim öz repressiya aparatını genişləndirir və gücləndirir. Nəticədə, mövcud status-kvoya meydan oxumağa qadir alternativ siyasi baxışları təqdim etmək üçün olduqca məhdud məkana malik tərk-silah edilmiş bir cəmiyyətlə qarşılaşırıq.

Indiki siyasi rejimin sabitliyi xüsusilə yüksək neft və qaz qiymətlərindən asılıdır. Azərbaycan artmaqda olan neft gəlirləri hesabına (2006-cı ildə ÜDM artımına görə rekord həddinə çatdı - 34.5%) dünyanın ən sürətlə artan iqtisadiyyatlarından birinə çevrilmişdir, halbuki o həm də dünyanın ən çox korrupsiyaya uğramış ölkələrindən biridir: Şəffaflıq Beynəlxalq 2008-ci il Korrupsiya Qavrama İndeksinə görə Azərbaycan 180 ölkə arasında 158-ci yerdədir. Mütəxəssislər Azərbaycanı “resurs lənət”inə düçar olmuş və hazırda onun bütün mənfi təsirlərinə məruz qalan bir ölkə kimi xarakterizə edir.

Azərbaycanın büdcəsinin ixrac gəlirlərinin təxminən 90%-i təbii mineral ehtiyatların ixracatından və ya neft və qazla bağlı infrastrukturdan formalaşır. Hazırkı siyasi rejimin arxasında heç bir davamlı və müxtəlif sektorlu iqtisadi sistem dayanmır. Bu isə sözügedən rejimi zəif və hər cür gözlənilməz dəyişikliklərə həssas edir. Oxşar hallar Afrika və Latın Amerikasındakı (eləcə də İndoneziya, İran və s.) “ən salamat siyasi rejimlər”in tarixində müşahidə edilmişdir. “Böyük Şəxsiyyət” siyasətinin tarixi Azərbaycanın indiki rejiminin təbiəti və onun gələcəyinin potensial taleyi haqqında bizə çox şeylər deyə bilər.

Ölkədə artan neft və qaz ixracı gəlirləri və azalan demokratik təsissatlar və qüvvələr arasında müəyyən bir əlaqə var. Əgər belədirsə, onda həmçinin güman edə bilərik ki, neft və qaz gəlirləri azaldıqca qızğın neft istehsalından sonrakı illərdə demokratik inkişaf şansları daha da artır. Bu meyli anlamaq və azalan neft və qaz istehsalı erasında demokratik dəyişikliyin yeni diskursunu formalaşdırmaq çox vacibdir.

5 comments:

Rəşadət said...

Emin, əjdahasan!Bir gün bu ölkədədə də mütləq qaranlığın yerini aydın sabahlar tutacaq!

Anonymous said...

Azerbaycanin parlaq geleceyi mehz bele genclerimizin elindedir !!!

Anonymous said...

Salam.Siz Azerbaycani temsilden cox tehqir etmisiniz.Burda fexrlikden danismaq lazim deyil.Sizin kimi gencler hansisa bir mesede danissa ondan yaxsidir.
Hormetle Taleh Yusifzade
talehyusifzade@yahoo.com

nitroglycerine said...
This comment has been removed by the author.
Anonymous said...

qardaş, elə meşədə yaşayırıq da ;)