Şəmkir-Bakı qatarı / Pessimizmdən optimizmə doğru

Bu yaxınlarda OL! Hərəkatının fəalı Ruslan Əsədov Şəmkirdən Bakıya qayıtdığı zaman səfər düşüncələrini qələmə alıb. Ruslanın fikirlərini sizlərə təqdim edirik:

Qatarla Şəmkirdən Bakıya gedirəm. Sovetlər dönəmindən qalmış köhnə qatar məni gələcəyə doğru aparır. İctimai həyatımızla analoqiya aparsaq görərik ki, Azərbaycan da gələcəyə doğru köhnə formatla gedir. Bəzən mənə elə gəlir ki, biz getmirik daha çox bizi sürüyüb aparırlar. Format olaraq keçmişdəyik, zaman olaraq isə indidəyik. Keçim hazırki düşüncələrimə və psixoloji vəziyətimə…

Çox narahatdır içim. Həyatda bu qədər pessimist olduğum zaman olmayıb. Pessimizm cəmiyyətin gələcəyi və bu günü ilə bağlıdır. Özümdə sakitlik tapa bilmirəm, status-kvonu dəyişmək və incik/çarəsiz vəziyyətimi düzəltmək istəyirəm. Gənəl olaraq optimist, həyat eşqi ilə dolu bir insanam. Rasional düşünən zaman dərk edirəm ki, mənim pessimistliyim əslində mənim optimist xarakterli kimliyimi tamamlayır. Mənim optimizmim bir prosesdir, sonu gözəl olan bir nəticəsi var. Pessimizm bu prosesdə məni real həyata endirir və hər şeyin əksinə olaraq daha da pisə getdiyini xatırladır. Bəli! Real vəziyyət budur ki, hər şey daha da pisləşir - insanlar daha da cahilləşir, ümidsizləşir, çarəsizləşir və incik düşürlər.

Bu saydıqlarım, haqqında pessimistləşdiyim real həyat axınına qarşı çıxılmayacaq bir çaydır. Bu çaya qarşı çıxsan səni məhv edər. Mənim optimist dünyamın sirri ondadır ki, mən bu çaya qarşı çıxmaq istəmirəm, çayın axınını dəyişmək və yeni-yeni axınlar yaradılmasını istəyirəm. İstəyirəm bu çaynan axan cahillik, korrupsiya, ictimai pozğunluq (yalançılıq, ikiüzlülük, rüşvət) axın boyu bir bataqlığa çevrilsin və bizdən, indiki və gələcək nəsillərdən uzaq olsun. Çox ümid edirəm ki, köhnə nəslin bizə qoyduğu pis vərdişlər bu bataqlıqda məhv olacaqdır. Baxın! Mənim optimist dünyam budur. Optimist dünyam ümid doludur. İndiki pessimist vaxtımın hazırki anında özümü xöşbəxt sayıram. Çünki dərk edirəm ki, dediklərimdə ardıcılam, ən əsası özümlə səmimiyəm çünki bütün bunları yaşayıram.

Təbliğ etdiyim dəyərləri yaşamaq həm ağrılıdır, həm də ləzzətli. Ağrılıdır ona görə ki, ətrafda səni düzgünlüyünə, vicdanlı olduğuna görə qınayırlar. Hətta xəstə, gic kimi adlarla çağırırlar. Ləzzətlidir ona görə ki, sən bu qaranlıqda yanan tək işıqlardansan, sən fərqlisən, sən nüfuz daşıyıcısısan, sən mənəvi olaraq təmiz və güclüsən. Bu çaya alternativ yeni bir axın yaratmaq lazımdır. Alternativ axın alternativ həyat tərzidir, geyimdir, təhsildir, ideyalardır. Bunun üçün cəmiyyətə çoxlu OLlar, DALĞAlar, ANlar və digər yeni fikir, dəyərləri təbliğ edən, yaşayan və digərlərinə yaşadan qurumlar, klublar, hərəkatlar, təşkilatlar, şəbəkələr və s lazımdır.

Bu şəbəkələr bir axın deyil, çoxlu axınlar təqdim etməlidirlər ki, gənclərimizin seçim imkanları çox olsun. Nə qədər çox alternativ yollar təqdim edilsə gənclərin etdikləri seçimlər bir o qədər fərqli və keyfiyyətli olar. Nəticədə fərqli düşüncə özünü vətəndaş cəmiyyətinin müxtəlif sahələrində - dində, biznesdə, siyasətdə, təhsildə və s. sahələrdə göstərər. Bu abzası yazarkən artıq optimistləşdim.

Bir çoxlarımız üçün bu dediklərim reallıqdan uzaq, utopik səslənə bilər. Bəziləriniz bu yolun mənim dediklərimdən daha çətin olduğu arqumentini gətirə bilərsiniz. Bu yolda çətinliklər, uğursuzluglar olacaq, amma bütün bunlar uğurlu prosesin tərkib hissəsi olaraq qalacaqlar. Bir çoxlarımız bu dediklərimi yaşamadıqlarından onlar üçün dediklərimi həyata keçirmək qeyri-real gəlir. İnanın əzizlərim! Mən yaşayıram bunu və zövq alıram. Sən də yaşa, sən də zövq al.

P.S. Bu arada Vəfa, Rəşad, Emin, Adnan, Vüqar, Pərvanə, Turqut, Erkin, Əli və s kimi xəstələrə eşq olsun!

3 comments:

Rəşadət said...

Sper yazıdır Ruslan. Ağalar müəllimin Dalğadakı leksiyasında danışdıqların yadıma düşdü:)

Rəşadət said...

Sən bu ölkənin bəlkə də ən optimist, enerjili insanısan!

Ruslan Asadov said...

Agalar ve Erkin kimi xestelerin genclernen gorushunu tez-tez teshkil etmek lazimdir. Onlar tebligh etdiyimiz deyerlerin ne uchun bizlere lazim oldughunu felsefi contextde gozel chatdirirlar. Bu shexsler adamlari ozlerinden itelemir eksine etraflarina yeni adamlar celb edirler. Herekatlara bu lazimdir.