OL!-un gənclərə müraciəti

Təklif edirik ki, sizlər də həmin gün həlak olanların ruhunun narahat olmaması, heç kimin zərbə almaması üçün polislə hər hansı qarşıdurmaya getməməli və mümkün qədər insanların bu gündə zərər görməməsinə çalışmalısınız.

OL! Azərbaycan Gənclər Hərəkatının
gənclərə müraciəti

Əziz gənclər,

Başınız sağ olsun! Hər birimiz bir neçə gün öncə ağır bir sarsıntı keçirdik. 30 aprel tarixində Neft Akademiyasında baş vermiş faciə bizim hafizəmizdə hələ çox qalacaq. Həmin gün günahsız bacı və qardaşlarımızı itirəndən sonra dərin bir yuxudan ayıldığımızı anladıq. Anladıq ki, həlak olan dostlarımızın yerində sabah biz də ola bilərik. Anladıq ki, bizim və yaxınlarımızın həyatı bir an içində heçə çevrilə bilər.

Faciədən sonra Neft Akademiyasının önünə və ətrafına gül qoymaqla, şam yandırmaqla onları qaytaracağımıza ümid etdik. Bütün bunların qorxunc bir yuxu olduğunu düşündük. Amma bu yuxu deyildi. Belə dəhşətli faciə heç yuxumuza da girməzdi.

Bu hadisə biz gənclərin necə aciz və köməksiz olduğunu göstərdi. Ətrafdakılardan kömək gözlədik. Günahkarların cəzalandırılmasını istədik. Amma yenə də anladıq ki, hətta bu belə bizim ürəyimizdəki yanğını söndürmək iqtidarında deyil.

Qışqırmaq istədik, faciə qurbanlarının ruhlarına hörmətsizlik olar düşünüb, susmalı olduq. Divarlarda ürək sözlərimizi yazdıq, bu yazılar şəhərin görünüşünə uyğun olmadı deyə yazılarımızı sildilər. Matəm istədik, əvəzində bizə bayram verdilər.

Bacı və qardaşlarımızın qanının yerdə qalmasını istəmədik. Bunun üçün əlimizdən gələni etdik. Lakin bütün cəhdlərimizə baxmayaraq itirdiyimiz dostlarımıza layiq olduqları vidalaşmanı təmin edə bilmədik. Amma bütün bu uğursuzluqlara baxmayaraq, biz həmrəy olduq. Dostlarımızın ruhları rahat olsun deyə həmrəylik nümayiş etdirdik. Bu faciə Azərbaycan gəncliyin həmrəylik simvoluna çevrildi. Gəncə güllə atmaqla onu yalnız olduğunu göstərmək istəyən insanlara yanıldıqlarını sübut etdik.

Bu müraciət 30 aprel günü sarsılan hər bir Azərbaycan vətəndaşına ünvanlanır. Biz həlak olan bacı və qardaşlarımıza olan borcumuz əbədi həmrəy olduğumuzu göstərməkdir. Bunun üçün biz hər birinizə aşağıdakıları təklifləri veririk:

1 May - Azərbaycan Gənclərinin Həmrəylik Günü kimi qeyd olunsun

Biz matəm əhval ruhiyyəsində olan sizlərin 10 May günü “Gül bayramı”nın keçirilməsinə qarşı hiddətləndiyinizi və buna etiraz etmək istədiyinizi başa düşürük. Gül Bayramı ADNA-da baş verən hadisə nəticəsində həlak olanların ruhuna və yaxınlarına qarşı təhqir və hörmətsiz bir davranışdır, lakin biz soyuq başla düşünməli və bu bayramın cəmiyyətdə baş alıb gedən ədalətsizliklərə qarşı mübarizənin əsas motivini təşkil etməməli olduğunu anlamalıyıq. Biz həlak olanların xatirəsini yad etməli və matəm əhval ruhiyyəsində olan cəmiyyətə bayram təqdim edilməsinə qarşı olduğumuzu göstərməliyik.

Biz 10 May günü hər hansı qeyri-adekvat etiraz və bu etirazın nəticəsində bacı və qardaşlarımızın döyülməsinə, həbsinə, ümumiyyətlə hər hansı zorakılığa qarşıyıq. Təklif edirik ki, sizlər də həmin gün həlak olanların ruhunun narahat olmaması, heç kimin zərbə almaması üçün polislə hər hansı qarşıdurmaya getməməli və mümkün qədər insanların bu gündə zərər görməməsinə çalışmalısınız. Etirazın müxtəlif üsulları var və heç də hər kəsin bir yerə yığışıb nəyisə qışqırması önəmli deyil. Həmçinin bizim bunları etməyimiz 10 Mayla əlaqələnməməli və təkcə bu günlə məhdudlaşmamalıdır. Hadisə baş verəndən 40 gün ərzində biz qara paltar geyinməklə, üstümüzdə müxtəlif qara nişanələr gəzdirməklə və qara lentləri şəhərdə müxtəlif yerlərdə ağaclara, dirəklərə bağlamaqla mövqeyimizi bildirə bilərik.

ADNA-da həlak olanların ruhu şad olsun!

No comments: