Dilən(diril)ən insanlar bu sosial bəlaya düçar olurlar
Onu hər zaman Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində görmək olur. Çox zaman səhərdən axşamadək sürətlə şütüyən maşınların arasında keçir günü. Qismətinə şikəstlik yazılması azmış kimi, insafsız insanların acımasızlığı da ona yəqin ki, bir yükdür. Çünki, fiziki qüsuru olan bu gənc diləndirlir. Danışa bilmir, rəxitdir, üstəlik də gəncdir. Bəs onun bu vəziyyətindən sui-istifadə edən kimdir?
Araşdırmaq üçün ətrafdakı insanlardan soruşurdum. Emil və Rüfət adlı iki məktəbli oğlan deyir ki, onu tanıyırlar. Yaxınlıqda yaşayır. Ailəsinin imkanı pis deyil. Hətta ərzaq mağazaları da var. Amma ona nəzir verənlər əlinin düşərli olduğunu hiss etdikləri üçün davamlı olaraq pul verirlər. Əli pul almağa alışan şikəst gənc və onun ailəsi isə avtomobil yolunda dayanmasına məhz buna görə razı olublar.
Az keçmir ki, şikəst oğlanın qohumu olduğunu söyləyən bir nəfər bizə yaxınlaşır. Nə illah etdimsə, adını söyləmir. Bildirir ki, oğlan öz istəyi ilə küçədə dayanıb dilənir. Lakin qohumuna bildirirəm ki, onun avtombil yolunda bu şəkildə dayanması təhlükəlidir. Hər an sürətlə gələn hansısa bir avtomobil onu əzə bilər. Amma görünür bu qohumunun vecinə deyil. Çünki, o, “işiniz olmasın, xəstə oğlandır” - deyib getməklə kifayətlənir.
Söhbətləşdiyim sürücülər isə bildirir ki, onlar bu şikəst oğlanı hər zaman bu yol ayrıcında görürlər. Hətta o qədər alışıblar ki, onun olduğu yerə yaxınlaşanda avtomatik olaraq sürəti azaldırlar ki, birdən xoşagəlməz hadisə baş verər. Digər bir sürücü isə deyir ki, sürətlə gələn və ya xam olan bir sürücü bilmədən onun üstünə çıxa bilər. Onsuz da şikəst olan bu oğlan onda 20 qəpik üçün həyatını da itirər. Hətta sürücülərin arasında polisin bu işə nəzarət etməli olduğunu söyləyənlər də var.
Ərazinin daxil olduğu Nərimanov rayon polis idarəsinin 18-ci polis bölməsinin rəisi Cəbrayıl Şahlarov isə bildirir ki, həmin yola 28 saylı inzibati ərazi sahəsi nəzarət edir. Sahə müvəkkili Azər Orucov məzuniyyətə getdiyindən indi orda ola bilər ki, dilənçiliklə məşğul olanlar var. Amma ümumilikdə şikəst oğlanın avtomobil yolunda dayanaraq həm dilənməsi və həm də təhlükəli vəziyyət yaratması barədə isə xəbərləri yoxdur.
Sosioloq Nicat Hüseynov isə bildirir ki, polis çox zaman dilənçiləri küçələrdən yığışdırmaq və onları cərimə etməklə kifayətlənir. Bu isə dilənçiliyin kökünü kəsmir: “Bir müddət sonra onlar başqa bir yerdə öz işlərini davam etdirirlər. Buna görə də əslində onların bu işdən birdəfəlik çəkinməsi üçün tədbirlər görülməlidir. Məsələn, polis diləndirilməyə məcbur edilən həmin gəncin ailəsi ilə söhbət etməli və onlara bu işin ictimai normalara zidd olduğunu, hətta kənardakılara psixoloji baxımdan mənfi təsir etdiyini başa salmalıdır. Üstəlik həmin şikəst gəncin həyatı da təhlükədədir. Çünki, söylənilən ərazidə avtomobillər sürətlə hərəkət edir. Deyək ki, hansısa avtomobil həmin gəncə az da olsa xəsarət yetirdi. Bəs sürücünün taleyi necə olacaq? Onu təbii ki, həbs də gözləyə bilər. Anidən başına gələcək bəlaya kim razı olar?” Buna görə də N.Hüseynov hesab edir ki, dilənçiliklə məşğul olanlar və ya bu işdən qazanc əldə edənlər nə qədər zərərli bir işlə məşğul olduqlarının fərqinə varmalıdır. Çünki, onların istismar etdiyi insanlar olduqca zərərli bir vərdişə yiyələnirlər. Şəxsiyyətsizləşmə insan həyatında sosial bəla sayılır.
Ümumilikdə isə sosioloq hesab edir ki, dilənçiliyin və ya nəzir yığmağın məslək halına gəlməsi istənilən cəmiyyət üçün heç də yaxşı əlamət deyil. Məsələn, Avropa Birliyinə yeni üzv qəbul edilən Rumıniyada dilənçiliklə məşğul olanların çoxluğu və rumınların digər Avropa ölkələrində də bu işlə məşğul olması ittifaq ölkələri arasında onların kasıb və yazıq xalq obrazını yaradıb. Sosioloq deyir ki, Azərbaycan dilənçiliklə kökündən mübarizə aparmasa, 2-3 işbazın ucbatından ölkəmizə gələn əcnəbilər də bizi kasıb və yazıq xalq kimi qəbul edəcəklər. Çünki dilənçilər yol üstüdə dayanır. Yoldan isə hamı keçir: turist də, xarici qonaq da, hətta diplomatlar da…
Yusif Kərimli
Şəxsiyyətsizləşmə
Labels: maraqli
Subscribe to:
Post Comments (Atom)
1 comment:
hemise bu fikrimde sabit qalmisam, her kor saticinin bir kor alicisi vardir.
insanlarin cibine girib pulunu almir ki? Hami suru kimi aparib ona pul verir. mence birici temennasiz her gun getirib zorla birisine pul verirse, bunu almamaq mence anormalliqdi
Post a Comment