ABŞ səfirliyi başqa qərar gözləyirmiş

“Biz gözləyirdik ki, Bakı Apellyasiya Məhkəməsi iki gəncin azadlığa buraxılması qərarını verəcək”. Bu sözləri ABŞ səfirliyinin ictimaiyyətlə əlaqlələr departamentinin müdir əvəzi Dmitri Teraxovski iyulun 20-də Bakı Apellyasiya Məhkəməsinin binası qarşısında jurnalistlərə açıqlamasında deyib.

“Media forum” saytının məlumatına görə, D.Teraxovski bildirib ki, səfirlik Adnan Hacızadə və Emin Millinin mühakimə olunması prosesini yaxından izləməkdə davam edəcək: “Eyni zamanda bu işlə əlaqədar hökumətlə danışıqlar davam etdiriləcək”.

İyulun 8-də “Livan” restoranında baş vermiş davaya görə saxlanan, iyulun 10-da Səbail Rayon Məhkəməsinin qərarı ilə barələrində iki aylıq həbs-qətimkan tədbiri seçilən, Cinayət Məcəlləsinin 221.2.1 maddəsi (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) ilə günahlandırılan AN Sosial Şəbəkəsinin təsisçisi Emin Milli və OL Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadənin həbsindən verilən şikayəti Bakı Apellyasiya Məhkəməsi iyulun 20-də rədd edib. Hər iki gənclə bağlı proses qapalı keçirilib.

Bakı Apellyasiya Məhkəməsinin binası qarşısına toplaşan gənclər təşkilatları nümayəndələri, gənc yazarlar, ziyalılar, siyasi partiya təmsilçiləri həbsin qüvvədə saxlanması qərarına etirazlarını Azərbaycan dövlət himnini oxumaqla bildiriblər. Polis toplaşanlara müdaxilə etməyib.


No comments: