Bir neçə aydan sonra tanış olmağımızın düz 11 ili tamam olacaq. Həmin günləri sentemental şəkildə xatırlamaq həvəsi yaransa da, buna indi vaxt sərf etməyi lazımlı bilmirəm. Bir onu bilirəm ki, 11 il öncə səninlə tanış olanda şüuraltı anlamışdım ki, həyatımın yaddaqalan simalarından biri olacaqsan.
Elə də oldu. Universitetə bir hazırlaşdıqdan sonra, uzun müddət uzaqdan, gec-gec ünsiyyətdə olsaq da, forumlar, internet vasitəsilə əlaqə saxladıq, sonra eyni təşkilatın üzvü olduq, iş yoldaşı olduq və ən əsası yaxın dost olduq. Hər şeyimi etibar edə biləcəyim bir adam oldun.
Sən mənim yeganə dostumsan ki, sənə az dala qan qohumu kimi bağlanmışam. Sənə həmişə olmayan qardaşım kimi yanaşmışam. Bəlkə də ona görə səni heç vaxt tərifləməmişəm. Özün bilirsən, qardaşlar bir biri ilə hər zaman rəqabət aparıblar. Amma indi qibtə etdiyim xüsusiyyətlərin haqqında susa bilmiyəcəm.
Mənə sual versələr ki, vicdan deyəndə ağlıva ilk nə gəlir? Düşünmədən adıvı çəkərəm. Bu vicdan anlayışı sənin qanında həmişə olub. Səni tanıdığım bu 11 il ərzində bir dəfə də sənin cığallığını, yalan danışmağını, insanı atmağını görmədim. Görə də bilməzdim. Sən vicdansızlığın nə olduğunu bilmirsən.
Dünən forumların birində səni tanıyan bir xanım səni belə xarakterizə etmişdi: “Adnan, bu torpağın adamı deyil”. Səni bir cümlə ilə yalnız belə ifadə etmək olar. Ömründə rüşvət verməyən, yalan danışmayan, tanışlarını atmayan, maddi mənfəət güdməyən, ad-san axtarmayan, yalnız idealları uğrunda mübarizə aparan və son qəpiyinə qədər öz ideyalarının reallaşdırmağa sərf edən adam bu torpağın adamı ola bilməz.
Kaşkı, Azərbaycanın 20% vətəndaşı sənin kimi qərib olsun. Bəlkə onda mən səni burada tərifləmək məcburiyyətində qalmazdım.
Bilirsən ömründə böcəyə əl qaldırmayan insanı idmançıya zərər yetirdiyi haqqında deyən insanlar necə gülməli və aciz görsənirlər? Hayıf sən o mənzərini indi görə bilmirsən. Elə təəssüflənirəm ki, bu teatrı izləyə bilmirsən. Amma, eybi yox səninlə oturub pivə içərək bu teatrın bütün səhnələri haqda deyib güləcəyimiz gün uzaqda deyil. Sənə deyim ki, nəyi var güləcəksən.
Sən elə adamsan ki, şəhərdə gəzdiyin zaman qarşında gəzən iki-üç cavan gəncin yerə atdığı kağızı əyilərək qaldırıb zibil qabına kimi apara bilərsən. Düzünü desəm, bunu öz gözlərimlə görməsəydim heç vaxt inanmazdım.
Sən o az-maz gənclərdənsən ki, əlində xaricdə yaşamaq və işləmək imkanı ola-ola problemlərdə dolu ölkəyə qayıtdın. Mən bilərəkdən VƏTƏN yazmadım. VƏTƏN sənin kimi DAŞlarını həbsə basmaz.
Sən o az-maz gənclərdənsən ki, qeyri-zorakılıq prinsipilərini öz həyat prinsipi olmasına baxmayaraq, yaxşı məvacibli iş yerivi bir illik tərk edib ölkənin hərbi xidmətində oldun. Mən yenə VƏTƏN yazmadım. VƏTƏN öz oğulları ilə belə davranmaz.
Bizə həmişə deyirlər ki, “Soruşmayın ki, vətən sizə nə verib? Soruşun ki, siz vətənə nə vermisiniz?”. Qardaş, sən bəlkə yeganə adamsan ki, vicdan təmizliyi ilə VƏTƏNdən hər şey soruşa bilərsən. Çünki sənin hər günün bu ölkənin vətənə çevrilməsi üçün irəli gedən bir gündür.
Qardaş, əgər tanrı mənə oğul bəxş etsə, istərdim ki, o sənə bənzəsin! Səni sevirəm, qardaş!
Vüqar Salamlı
Adnan, biz səninlə bərabər hələ çox güləcəyik!
Labels: AEkimdir
Subscribe to:
Post Comments (Atom)
1 comment:
This was greeat to read
Post a Comment