Adnan və Eminin işini araşdıran müstəntiq: “Burada siyasi motivli heç nə yoxdur”

İyulun 10-da barələrində iki aylığa həbs olunmuş gənclər hərəkatı fəalları Adnan Hacızadə və Emin Millinin işini araşdıran Səbail Rayon Polis İdarəsinin baş müstəntiqi Ziya Əliyev “Media forum” saytının suallarını cavablandırıb.

- Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsinin gənclərin həbsilə bağlı yaydığı rəsmi məlumatda bildirilir ki, hadisə siyasiləşdirilir. İşi araşdıran şəxs kimi siz bu haqda nə deyərdiniz?

- İşi araşdıran müstəntiq kimi deyirəm ki, burada siyasi motivli heç nə yoxdur, sırf məişət zəminində baş vermiş xuliqanlıq hadisəsidir. Hadisənin bu cür siyasiləşdirilməsinə nə lüzum, nə əsas, nə də gərək var.

- Vəkillər Elton Quliyev və İsaxan Aşurov deyirlər ki, gənclərin müdafiə hüququnda qanun pozuntusuna yol verilib, onlar müdafiəçilərlə vaxtından gec təmin olunublar...

- Saxlanılan andan onların müdafiə hüququ tanınıb. Müdafiəçilərlə təmin olunublar. Onların hər hansı müdafiə hüququ pozulmayıb.

- İşdə zərərçəkənlər kimi keçən Babək Hüseynovun və Vüsal Məmmədovun mövqeyini ictimaiyyəttə çatdırmaq istərdik. Onlarla necə əlaqə saxlaya bilərik?

- Biz cinayət təqibi orqanı olaraq şəxslərin dindirilməsi ilə bağlı prosedurları həyata keçirmişik. Bundan sonra da bu işi davam etdirəcəyik. Bu səbəbdən Babək Hüseynov və Vüsal Məmmədovu digər qurumun dindirməsinin nə dərəcədə düzgün olduğunu deyə bilmərik.

- Şahid qismində dünən, bu gün kimsə dindirilibmi?

- İstintaq hərəkətləri aparılır. Lazım olan araşdırmaları edirik.

- Adnan və Emini ilk görənlərdən bir də siz olmusunuz. Onların tibbi yardıma ehtiyacı hiss olunurdumu? Müdafiə tərəfi bildirir ki, gənclərə lazımi tibbi yardım göstərilməyib.

- Onlara tibbi yardım göstərilib. Sonradan da tibbi yardımla bağlı müraciətləri baxılmadan saxlanılmayıb. Dərhal həkim müayinəsi və tibbi müdaxilə təmin olunub.

- Vüsal Məmmədovun və Babək Hüseynovun nümayəndəsi kimdir?

- Hələ ki, onlar istintaqa öz nümayəndələrini təqdim eləməyiblər.

- Zərərçəkənlərdən birinin stasionar yardım aldığı deyilirdi. O hələ xəstəxanadadır?

- İcazə versəydiniz, mən öz işimlə məşğul olardım...

http://mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20090713053007354