Səadət Cahangir
Sizinlə şəxsən tanış deyilik. Amma Adnanı tanımaq ailəni yaxından tanımağa bəs eləyib. Sizi özümə doğma hiss etdiyim üçün pafoslu sözlər işlətməyəcəm. Bunu isə mütləq deməliyəm: belə oğlunuz olduğu üçün yalnız qürur duya bilərsiniz!
Bir ana üçün övladının haqsız həbs olunması nə deməkdir, gözəl anlayıram. Amma Adnan baxışları, görüşləri, əqidəsi ilə bizim hamımızın ailəsindən sayılır. Ona görə də, yalnız olduğunuzu düşünməyin! Bilirsiniz, məmləkətdə ən fəal intellektualları “xuliqanlıq” maddəsiylə həbs edirlər...
Sizə Uyğur türklərinin lideri Rəbiyə Qadiri misal çəkmək istəyirəm. Öz xalqının hüquqları uğrunda mübarizə apardığı üçün 6 il məhbəsdə yatıb. “Vətənə xəyanət”də ittiham olunan həyat yoldaşı mühacirətə qaçmaq zorunda qalıb. Kommunist rejimi ailənin başına olmazın müsibətlər gətirib. Hazırda Amerikada sürgün həyatı yaşayan Rəbiyə Qadirin 65 yaşı var. Üç oğlu Çində həbsxanada, iki qızı ev dustağıdır. Vaxtı ilə ölkənin ən zəngin qadınlarından olan Rəbiyə xanımın bütün sərvətini əlindən alıblar. Amma rejimin ürəyi yenə soymur. Hazırda Urumçidə qətl edilən Uyğurların qanına görə özünü deyil, Rəbiyə Qadiri günahkar sayır. O isə şantajdan çəkinmədən, “azadlıq davasına xidmətim davam edəcək” deyir.
Məgər, Uyğur problemi sırf milli məsələdir? 1989-cu ildə zirehli tankları öz xalqının üstünə yeridib minlərlə insanın həyatına son qoyan bu rejim deyildimi? Bəli, Çində Uyğurlara olan münasibətlə müxalif fikirli çinlilərə olan münasibət heç nəylə fərqlənmir. Çünki dünyanın hər yerində diktaturaların mahiyyəti insan ləyaqətini alçaltmağa yönəlir. Bu sistemi yönəldənlərin də ləyaqətli insanları görməyə gözü yoxdur.
Rəbiyə Qadirin adını təsadüfi çəkmədim. Sadəcə, onun timsalında dünyada bizdən daha fədakar dava adamlarının olduğunu xatırlatmaq istədim. Bir məqama diqqət edin...O, yüksək əhali artımı səbəbindən ölkədə doğumu nəzarətdə saxlayan Çin hökumətinə dünyaya 11 uşaq gətirməklə də qarşı çıxıb...
Adnan isə Sizin yeganə övladınızdır. Ziyalı, normal təminatlı bir mühitdə böyüdüyünü bilirəm. Xaricdə təhsilini davam etdirmək istəyirdi. Amma bundan əvvəl əsgərliyə getdi. Görünür, rejimlərdə Adnan kimi intellektlərin əsgər getməsindənsə, ölkədən çıxıb getməsi daha xeyirlidir.
Adnanı həmişə öz məktəbli oğluma nümunə göstərmişəm. Bir azdan onun tələbə həyatı başlayacaq. Onu qarşıda necə həyat gözləyir? Bu sual məni çox narahat edir...
Diktaturaların tarixi göstərir ki, hakimiyyəti ələ keçirmiş ailələr ölkənin gələcək sahibi olaraq yalnız öz övladlarını görmək istəyirlər. Yaşadığı ölkənin gələcəyini layiqli insanlara vermək arzusunda olan Adnan kimi gənclər o baxımdan “qorxulu” sayılır.
Diktat rejimlərin isə sonu yoxdur. Qadınların ayağa qalxdığı yaxın tarixdə bunun açıq reallıqlarını gördük. Ölümüylə Pakistan rejiminin sonunu gətirən Benəzir Bhuttonu, Çində öz haqları üçün tankın üstünə yeriyən Uyğur analarını, İranda demokratiya naminə ürəyini gülləyə nişan qoyan gənc tələbə Nidanı gördük. Bu dava uzun sürə bilər...Üç il, beş il, on il...
Bizə gəlincə...Ətrafda heç nə baş vermirmiş kimi öz dünyasını yaşayan duyğusuz adamlar Sizi ruhdan salmasın! Həyatda hər kəsin öz missiyası var. Demək ki, bizim mübarizəmizi davam etdirmək də övladlarımızın öhdəsinə düşüb. Sizin kimi kimi insanlar, sizin kimi ailələr, sizin kimi analar bu ölkənin ən böyük dəyəridir. Sizdən möhkəm olmağı xahiş edirəm. Bu ölkədə heç kəsin şərdən sığortası yoxdur. Bir gün övladlarımızı həbs etsələr, bizə də təsəlli gərək olacaq...
Məqalə Azadlıq qəzetinin 14 iyul 2009-cu il tarixində nəşr olunub
Adnanın anasına məktub
Labels: AEkimdir
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment