Britaniya Parlamentinin bir qrup üzvü Azərbaycan hökumətinə ünvanlanmış petisiya imzalayıb. Petisiyanın mətni Britaniyadakı Azərbaycan icmasının gənc fəalları tərəfindən hazırlanıb.
Petisiyada deyilir ki, biz Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin sürətlə pisləşməsindən dərin narahatlıq hissi keçiririk. Biz bu il iyul ayının 10-da Azərbaycanlı gənclərin üzərinə basqını və onların həbs edilməsini qətiyyətlə pisləyirik. Biz onların dərhal azadlığa buraxılmasını, müstəqil mətbuat və müxalifət fəallarının təqib edilməsinin dayandırılmasını, habelə Əliyev hökuməti tərəfindən bu ilin əvvəllərində bağlanmış BBC yayımlarının yerli tezliklərdə bərpasını tələb edirik.
Bu da qeyd olunmalıdır ki, İlham Əliyevin Londona səfəri ərəfəsində hazırlanmış sənəddə Britaniya xarici işlər nazirindən bu məsələlərlə bağlı Azərbaycan hökumətinə təsir göstərmək rica olunur.
Emin Milli və Adnan Hacızadənin həbsini hökumət və media fərqli əsaslandırır. Polis onlarıın xuliqanlıq üstündə həbs olunduqlarını bildirsə də, istər xarici, istərsə də yerli mətbuat gənclərin siyasi fəaliyyətinə və ələlxüsus da hökumət rəsmisini məsxərəyə qoyan videoklipə görə həbs olunduqlarını yazır.
Petisiyanı imzalamış Britaniya millət vəkillərindən Pol Flin (Paul Flynn) redaktorumuz Yohannes Dellin Britaniyada bu tipli siyasi tənqid nə dərəcədə normal sayılır sualına belə cavab verib:
Tamamilə normal baxılır. Çünki bizdə media azaddır. Adamlar əgər istəyirlərsə, kimisə siyasi məsxərəyə qoya bilərlər. Qaldı Azərbaycanda insan haqlarının tapdanması məsələsinə, bizi narahat edən budur ki, bu iki gənc - Hacızadə və Milli bundan əvvəl Qənimət Zahidin həbsinə bənzər şəkildə həbs ediliblər. Onun da xuliqanlıq etdiyi iddia olundu və 4 illik həbsə atıldı. Mən güman edirəm ki, onları davaya xüsusi xidmətlərin iştirakilə salıblar. Məqsəd onların susdurulmasıdır.
Siz bu petisiyanı İlham Əlyevin Londona gəldiyi gün imzalamısınız. O heç bu sənəddən xəbər tutdumu?
Məncə bu petisiya olmasa idi, onun gəlişindən biz də xəbər tutmaya bilərdik. Bu, az qala məxfi bir səfər idi. Bu səfər haqqında çox az xəbər yayılmışdı. Odur ki, biz indi o gedəndən sonra da bu petisiyanı imzalamaqda davam edirik və artıq 20 imza var. Azərbaycanda insan haqları ilə bağlı başqa məsələlər də var. Biz orada seçkilərdən sonra nümayişçilərə divan tutulduğunu, BBC radiosunu yerli dalğada qadağan olunduğunu bilirik. Azərbaycan insan haqlarının ciddi zərbələrə məruz qaldığı ölkəyə çevrilməkdədir.
Siz bu petisiyada xarici işlər nazirini bu məsələni Azərbaycan hökumətinin qarşısında qaldırmağa çağırırsınız. Çağırışınıza cavab varmı?
Mən bu barədə cənab nazirə yazmışam və ümid edirəm ki, cavab olacaq. Mən bu məsələni onunla üzbəüz də müzakirə edəcəyəm. Biz Qafqazlarda kifayət qədər maraqlara malikik və biznes məsələləri ilə yanaşı insan haqları məsələsini də müzakirə etməliyik.
Lakin burası da var ki, Azərbaycan hökuməti, elə İlham Əliyevin özü də Avropanın ikili standardlarından gileylənirlər. Deyirlər ki, məsələn, başqa hansı ölkə xarici yayımlara icazə verir?
Burda söhbət xırda insidentlərdən getmir. Mən məsələnin arxa tərəfini görürəm. Məsələn Azərbaycanı, məsələn Ukrayna ilə müqayisə etsək, görərik ki, Ukraynada da nümayişlər olub, Narıncı inqilab olub. Və orada nümayişçiləri seçkilərdən sonra qəddarlıqla döyməyiblər.
http://www.bbc.co.uk/azeri/news/story/2009/07/090717_britain_aliyev.shtml
Britaniya millət vəkilləri Azərbaycana petisiya imzalayır
Labels: AEdestek
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment