Gənclər hərəkatı fəalı Emin Millinin vəkili Elton Quliyev bu gün Bakı İstintaq Təcridxanasında hüquqlarını müdafiə elədiyi şəxslə görüşüb. Vəkil “Media forum” saytına açıqlamasında deyib ki, Eminin saxlanma şəraitindən heç bir şikayəti olmayıb: “O, çoxadamlıq kamerada tək qaldığını dedi. Ovqatına gəlincə, hər bir günahsız insan kimi hadisənin belə inkişafına təəccüb edir. Gənclərin özləri də, biz də əminik ki, həbsləri ictimai fəaliyyətləri ilə bağlıdır”.
E.Quliyevin bildirdiyinə görə, Bakı İstintaq Təcridxanasında E.Milliyə tibb yardım göstərilib: “Həkim müayinə edib, müalicə gedir. Səhhəti qaydasına düşür”.
Bakı Apellyasiya Məhkəməsinə şikayət hazırladığını deyən vəkil cinayət işində zərərçəkən kimi keçən Vüsal Məmmədov və Babək Hüseynov haqda heç bir məlumatı olmadığını bildirib: “Bizim üçün də maraqlıdır ki, onlar kimdir, onları restorana kim göndərib? Bir ekspertizadan keçirilsinlər görək onlara nə olub? Onlara əl dəyən olmayıb axı”.
Gənclər hərəkatı fəalları Emin Milli və Adnan Hacızadənin hüquqlarını müdafiə edən əlaqələndirmə qrupu bu gün mətbuat konfransı keçirib. İyulun 8-də “Livan” restoranında baş vermiş hadisənin şahidləri jurnalistlərə təfərrüatları açıqlayıblar. Qrupun rəhbəri, hüquqşünas Erkin Qədirlinin “Media forum” saytına verdiyi məlumata görə, həftədə ən azı bir dəfə toplaşıb gənclərin müdafiəsi yönündə addımları müzakirə etmək razılaşdırılıb.
E.Milli və A.Hacızadə iyulun 8-də axşam “Livan” restoranında baş vermiş davadan sonra saxlanılıblar. Beş gənclə birlikdə yemək yeyən E.Milli və A.Hacızadə ilə qonşu masada olan Vüsal Məmmədov və Babək Hüseynov arasında düşən dava ilə əlaqədar Cinayət Məcəlləsinin 221.2.1 maddəsi (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) üzrə cinayət işi başlanıb. İyulun 10-da Səbail Rayon Məhkəməsi E.Milli və A.Hacızadə barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.
http://mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20090713065715150
Emin Milli çoxadamlıq kamerada tək saxlanılır
Labels: AEdestek
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment