Cavid Ramazanov
Bu dəqiqə Çin hökuməti uyğurları türmələrə doldurur. Qadın, kişi, uşaq, gənc, qoca demədən hamısını ya öldürür, ya da işgəncə verirlər. Dünyanın daha bir bölgəsində insanlara əzab verilir, həyatları məhv edilir...
Bir müddət öncə isə İsrail hökuməti Qəzzada fələstinliləri qırırdı. Fələstində bu ölüm-dirim mübarizəsi gedəndə yazmışdım ki, Azərbaycan hökuməti belə anları xüsusi həyacanla gözləyir, bir növ himə bənd olur. Gözləyir ki, aləm bir-birinə dəysin, dünyanın diqqəti o regiona yönəlsin, bunlar da dərhal Azərbaycanda antidemokratik bir addım atsınlar. Qəzza hadisələri vaxtı tələm-tələsik referendum keçirib, şahlıq rejiminə keçdilər. İndi də iki müxalif gənci türməyə basıblar.
Əlbəttə, o qədər də güclü arqument deyil, amma niyə də yox, belə qansız rejimlər üçün nə fərqi var?
***
Aman allah, elə bil Üsəma Ben Ladeni tutmuşdular!
Bunlar Eminlə, Adnana olan münasibətlərini heç ən dəhşətli cinayətkara belə göstərməzlər. Bunlar harasıyla düşünür, harasıyla nəfəs alırlar? Ümumiyyətlə, yoxlamaq lazımdır ki, bunların vücudunda ürək, qəlb deyə bir şey varmı?
Yoxsa ki, insan bu dərəcədə əzazil olmaz.
Polisləri deyirəm...
Sifarişçilər bəllidir, pul, hakimiyyət üçün eləyirlər, bəs polislər niyə belə aqressiv, kobuddular? Onların vəhşiliyinə baxanda adam dəhşətə gəlir.
Desəm ki, maaş üçün eləyirlər, o da yalandır. Sıravi polisin bütöv maaşı heç vaxt özünə çatmır. Onun maaşının əhəmiyyətli hissəsi “yuxarı”larındır. Tanıdığınız polis varsa, soruşun, toya getməyə pulunun olmadığından gileylenəcək.
Bəs belədirsə, sizə nə düşüb, ay yazıqlar?
....eh kimə müraciət eləyirəm, hərf tanıyırlarmı ki, oxusunlar?
Mənə elə gəlir ki, hökumət özlərini qoruyan bu polisləri xüsusi testlə seçir. Yalnız sadaladığım “keyfiyyətlərə” malik polislər onların kriteriyalarına uyğun gəlir.
***
İndi isə keçək əsas məsələyə.
Eminlə, Adnanın həbs olunmağı xəbəri kimiləri üçün əhəmiyyətsiz, kimiləri üçün sevindirici, kimiləri üçün isə kədərlidir.
Amma...amma, real olan bir həqiqət var. Bu həqiqət ondan ibarətdir ki, Azərbaycanda yeni bir dövr başlayır.
Mütiliyi ilə seçilən və sovet düşüncə tərzindən qopa bilməyən “itirilmiş nəsil” artıq yavaş-yavaş səhnəni tərk edir, onun yerini isə yeni və təmamilə fərqli gənc nəsil alır. Onların bəziləri, xarici təhsilli, bəziləri isə yerli universitetlərdə oxuyub(r). Fərq etməz. Əsas odur ki, bu gənclər həm savad, həm düşüncə, həm həyat tərzləri ilə fərqlənirlər. Ən önəmlisi isə prinsipiallılıqları ilə seçilirlər.
Onların sayı çox deyil, amma getdikcə çoxalırlar və gün-gündən real təhlükə mənbəyi olmağa başlayıblar.
Bu gün onlardan ikisinin həbs olunması, bu diktaturanın qorxudan tumanını islatmasından xəbər verir.
***
Əlbəttə, birilərini tənqid etməyi öz həyat missiyası hesab edən bəzi “dahilər” belə hesab edir ki, bu gənclər ordu yaradıb, hökumət qoşunları ilə mübarizədə həlak olmalıdırlar. Neynəyək, hər kəsin öz düşüncəsi var, hörmət etmək lazımdır.
Amma, çox əmmalar var...
Bəziləri Azərbaycan millətini zorla qocaldıb, azıxantropla həmyaşıd olduğuna inandırmağa çalışsa da, bu millət təmamilə yeni və dünyanın ən gənc millətlərindən biridir. Biz 1918-1920- ci ildə formalaşmağa çalışsaq da, qoymayıblar və sovet “xalqı” kimi əndrabadi bir şeyə çeviriblər.
Biz yalnız indi-indi formalaşmağa başlayırıq.
İndi də yeni formalaşmağa başlayan bu millətin ən perspektivli, ən gənc kəsimini ölüm-dirim mübarizəsinə səsləyirlər.
Axı nəyə görə? Bu gənclərin sayı min-milyonlarlardırmı ki, ölüm-dirim mübarizəsinə çıxsın?
Yaxşı, tutaq ki, hakimiyyət onun üstünə gələn bu dəstəni sıradan çıxartdı. Bəs sonra?
Təzədən sovet nəslimi inqilab edəcək?
Onların heç səslərini çıxartmağa heyləri qalmayıb, siz nədən danışırsız?
Ümumiyyətlə, belə danışan “inqilabçı dahi”lərin hansının təqib, həbs olunduğunu görmüsüz? Mənim xəbərim yoxdur, bəlkə siz görmüsüz?
***
Emin və Adnanın ədalətsiz mühakiməsindən sonra, məhkəmə önündə ürək parçalayan mənzərə yaranmışdı. Bəziləri ağlayır, bəzilərinin isə gözləri dolmuşdu.
Eminin saçları ağarmış yaşlı valideynləri doluxsunmuşdular, onlara bir xanım təsəlli verməyə çalışırdı. Adnanın atası bir yerdə dura bilmir, siqareti-siqaretə calayırdı.
Bir də Adnanın hönkürtü ilə ağlayan sevgilisi vardı, məhkəmə qapılarına baxa qapılmışdı. Polislər sevgilisini qapıdan çıxardarkən görmək istəyirdi...
Gözləri dolmuş qoca valideynlərə, həyacanlanmış ataya, ağlayan sevgiliyə belə göstərmədilər onları...
Yenə gizlətdilər və hansısa gizli bir yol tapıb Eminlə, Adnanı kimsəyə göstərmədən məhkəmədən çıxartdılar...
Hər gün neçə belə dram yaşanır bu ölkədə. Belə hadisələr bu ölkə üçün adi bir şeyə çevrilib.
Bütün bunlar-bu göz yaşları, bu ədalətsizlik, bu simazsızlıq bu günki diktaturanın iç üzüdür.
***
İndiyə kimi neçə-neçə qüdrətli diktaturalar məhv olub, tarixin arxivinə gömülüb. YAP rejimi kimi adi diktatura da məhv olacaq, çünki tarix heç bir şeyi, ədalətsizliyə və haqsız axıdılan göz yaşlarına bağışlamır.
Bu rejim bu həbslərlə öz süqutunun əsasını qoyur. Onlar bunun fərqində deyillər. Çünki əlində pulu, gücü olan hər kəs özünü ölümsüz hesab edir.
Ay yazıqlar!
Tarixin ən böyük yazıçısı Tolstoyun sözləridir: “Əsl xoşbəxtlik, başqaları üçün yaşamaqdır”
Bu gün bu ölkədə başqaları uğrunda mübarizə aparan gənclər var və onların sayı get-gedə artır. İkisini yox, onunu, yüzünü, minini həbsə atsalar da onların sayı artacaq. Və ən sonda diktatura belə gənclərin əhatəsində boğulub öləcək...
P.S “Azərbaycanlılar” üç dörd gündən sonra “ümumilli yeznənin” konsertinə getməyə hazırlaşır.
P.P.S Onlar çoxdular, amma bu ölkə bizimdir, bu vətən bizimdir, qələbə bizimdir! Çünki Eminlə, Adnan saxlanılarkən gülə-gülə yoldaşlarına, barmaqları ilə zəfər işarəsini göstərirdilər....
http://www.news.qaynar.info/28755.html
Emin və Adnandan başlanan yol...
Labels: AEmovqe
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment