“Respublikaçı Alternativ” (REAL) vətəndaş birliyinin həmtəsisçisi, həbs edilmiş bloggerlər Emin Milli və Adnan Hacızadənin hüquqlarını müdafiə Komitəsinin koordinatoru Erkin Qədirli Turana verdiyi müsahibəni təqdim edirik.
- Bloggerlər Emin Milli və Adnan Hacızadənin həbsindən 3 həftə keçib. Bu, dünyada böyük rezonans doğurub və Azərbaycan hakimiyyətinin ünvanına kəskin beynəlxalq tənqidə səbəb olub. Hadisələrin inkişafının müsbət nəticəsinə və gənclərin cinayət təqibinə son qoyulacağına ümid etmək olarmı?
- Hansısa nəticədən danışmaq çox çətindir, biz yalnız müsbət nəticələrə ümid edirik. Tam informasiyaya malik olmaq və hakimiyyətdə nə baş verdiyini, bunu kimin hazırladığını və bunun kimə lazım olduğunu, niyə belə kobud və tələsik qərarlar qəbul edildiyini anlamaq lazımdır. Biz bütün bunları bilmirik, buna görə bizim etdiklərimizin və dediklərimizin əksəriyyəti ehtimallara əsaslanır, amma bu, bizim obyektivliyimizə və ədalətliliyimizə təsir etmir.
Adnan və Emin özləri qanunun onları müdafiə edəcəyi ümidilə polisə müraciət ediblər. Bir neçə saat ərzində onları zərərçəkmişdən şübhəli şəxsə çeviriblər, tibbi yardım göstərmədən 48 saat saxlayıblar, iki gün sonra qapalı məhkəmə iclası keçirilib, məhkəmə az qala axşam saat 10-da iki aylıq həbs qərarı çıxarıb. Tamamilə aydındır ki, uşaqları onsuz da həbs edəcəkdilər, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin işində olduğu kimi.
- Bloggerlərin həbsinin arxasında nə durur? Bu fərqli düşüncəyə görə “qisasdır”, ya digərlərinə İnternetdə “inqilabçılığa” aludə olmamaları üçün “dərsdir”?
- Bu, adi qisas deyil. Çox maraqlı proses baş verir ki, bu, cəmiyyətdə hələ bir o qədər də hiss edilmir, çünki əsasən İnternet şəbəkəsində gedir. Müasir dünya belədir ki, öz siyasi əqidəni formalaşdırmaq üçün heç də meydanlarda mitinqlər, manifestasiyalar, qurultaylar keçirmək mütləq deyil. Aydındır ki, ideyalar hər yerə nüfuz edə bilir, onları dayandırmaq, qadağan etmək mümkün deyil və alternativ informasiya axtaran insanlar şəbəkədə birləşirlər. Bizim televiziyamızın və çap KİV-lərinin faydalı informasiya və balanslı təhlil yaymadığını nəzərə alaraq, istənilən informasiya İnternetdən götürülür. Xüsusən, xarici dilləri bilənlər üçün tək You Toube kifayətdir ki, bütün dünya verilişlərini izləmək mümkün olsun. Və son 5-6 il ərzində bu proseslər keyfiyyətcə yeni səviyyəyə çıxıb. Belə ki, gənclər virtual dünyadan real aləmə keçirlər, yəni regionları gəzirlər, həmyaşıdları ilə görüşürlər. Leksiyalar, seminarlar və digər tədbirlər zamanı onlar bir-biriləri ilə tanış olur, əlaqələr qurur və birləşirlər.
Uzun müddət buna qeyri-ciddi yanaşıblar, məlum olub ki, bu «şıltaqlıq» vasitəsilə insanlar bir-birində etimad qazanır, siyasi fikirlərini bölüşürlər. Adnan Hacızadə də, Emin Milli də həm şəbəkədə, həm də cəmiyyətdə öz fikirlərini kifayət qədər açıq bildirirdilər. Elə bu yaxınlarda keçirilən referenduma münasibəti götürək. Bu, Azərbaycan vətəndaşlarının BMT-nin mənzil- qərargahı qarşısında qeyri-legitim referenduma qarşı ilk etiraz aksiyası idi. Bu aksiyada, yeri gəlmişkən, Emil Milli fəal iştirak edib. Sonra sosial, tənqidi videoroliklər, məqalələr getdi və s. İndi onlar həbs edildikdən sonra Parisdə, Strasburqda dəstək aksiyaları keçirilib. Başqa ölkələrdəki gənclər artıq başa düşürlər ki, azərbaycanlı olmaq təkcə onun təbiətini, musiqisini sevmək deyil, həm də siyasi vəziyyətin sağlamlaşması üçün nə isə etməyə çalışmaqdır.
Bizim hakimiyyətimizdə isə elementar vaxt duyğusu yoxdur, o, zamanın içində itib-batıb və müasir templərdən xeyli geriyə qalıb. O güman edir ki, ölkə daxilində sakitlikdirsə, insanlar öz baxışlarını açıq-aşkar ifadə edə bilmirlərsə, deməli vəziyyət nəzarət altındadır. Gənclərin məsələsində olduğu kimi: onları cəzalandırdılar və ölkə daxilində xüsusi reaksiya olmadı, əvəzində bu, necə beynəlxalq rezonans doğurdu. Bu gün informasiya texnologiyaları harada və kim olursan ol və hakimiyyətin dəyər verdiklərinə – pula, fiziki qüvvəyə, əhalinin dəstəyinə malik olmadan proseslərə təsir etməyə imkan verir.
Şəbəkə münasibətəri ona görə cəzbedicidir ki, orada lider, rəhbər yoxdur, hamının bərabər şansları var. Əgər başqalarının fikir bildirməsinə imkan versən, sən də fikrini bildirə bilirsən və əlaqə yaranır. Emin və Adnan saxlanılan gecə Səbail rayon polis idarəsinin qarşısında toplaşan gəncləri dağıtmaq istəyirdilər. Biz polislərə sadəcə gənclərin dostları olduğunu izah etməyə başlayanda, onlardan biri maraqlı ifadə işlətdir: “Ola bilməz, mən 30 ildir Bakıda yaşayıram, mənim bu qədər dostum yoxdur”.
Mətbuatda gənclərlə bağlı bütün çirkin fikirlər bir daha sübut edir ki, bir çox insanlar sadəcə başa düşə bilmirlər ki, gənclər hər-hansı təşkilati formatsız necə birləşirlər.
- Hakimiyyətin bundan sonra hücuma keçərək, İnternetdə məhdudlaşdırıcı tədbirlər üçün hüquqi əsaslar tətbiq etməsi mümkündür?
- Şəbəkə münasibətlərini eyniləşdirmək, onların qadağan etmək mümkün deyil. İnternetdə məhdudlaşdırma hakimiyyətin özünə qarşı zərbə olar, onlar özləri şəbəkədən istifadə etmək məcburiyyətindədirlər. Texniki cəhətdən, əlbəttə ki, bu, mümkündür, amma ikinci Şimali Koreya və ya hansısa digər təcrid olunmuş ölkə yaranacaq. Hələlik gənclər şəbəkələrinin siyasi çəkisindən danışmaq çətindir, amma proses artıq gedir və o, qarşısıalınmazdır. Hakimiyyətdə, sözsüz, ağıllı insanlar var, amma belə qərarları qəbul edənlər, aydındır ki, uzaqgörən insanlar deyil, onlar başqa vaxt ölçüləri ilə yaşayırlar. Onlar özləri üçün dünya fikirləşiblər, onu “sabitlik” adlandırıblar və hesab edirlər ki, vəziyyətə nəzarət edirlər.
- Azərbaycanda demokratiya uğrunda mübarizənin gələcəyini necə görürsünüz? Hakimiyyət repressiya yolu ilə ölkənin siyasi meydanını fərqli düşüncədən tamamilə “təmizləyə” biləcək?
- İstənilən fərqli düşüncə totalitar sistemi qorxudur, amma repressiya yalnız fərqli düşüncəni gücləndirir. Bu halda, əgər hakimiyyət fərqli düşüncə prosesini sürətləndirməkdə maraqlıdırsa, qoy təzyiqi davam etdirsin. Son vaxtlar cəmiyyətdə nəsillər arasında fərq yaranıb və bioloji yaşın burada heç bir rolu yoxdur. Fərq düşüncə sürətinin səviyyəsində, onun formatında və istiqamətindədir. Gənclər ölkələrində oturub, baş verənlər haqda xarici mənbələrdən xəbər alırlar, onlar operativlik, obyektivlik, anlaşılan dil nöqteyi-nəzərdən xarici KİV-lərə etibar edirlər. Hakimiyyət isə hesab edir ki, məsələn, dini ədəbiyyatın ölkəyə gətirilməsini qadağan etməklə, 2-3 fəal insanı həbs etməklə, QHT-lərin fəaliyyətini qadağan etməklə və s. hakimiyyətin problemləri həll ediləcək.
Hazırki düşünən gənclər sadəcə hakimiyyəti saymamağı üstün tutur, elə yaşlı nəsil özü də. Demokratiya uğrunda real mübarizə, əgər “mübarizə” sözü yerinə düşürsə, gənclərin arasında baş verir. Burada bir neçə qrup var: dini qruplar, solçular, liberallar və s. Və onlar bir-biriləri ilə mübahisə etməyi və rəqibi ilə razı olmadıqda onun fikrinə hörmət etməyi öyrənirlər. Onlar, hakimiyyətin təsəvvür etdiyi kimi, hazırki hakimiyyətə qarşı mübarizə aparmağı qarşılarına məqsəd qoymurlar.
Bu hakimiyyət istənilən halda gedəcək: həm nəsil, həm də sistem olaraq. Sistem artıq göstərib ki, əvvəllər olduğu kimi idarə edə bilmir, hələlik o, əhalinin fikrindən asılı deyil, belə ki, neft resursları var, amma bunun da nə vaxtsa sonu gələcək.
- Yəni, Azərbaycan cəmiyyətində ölkənin avtoritarizmə doğru yuvarlanmasının qarşısını almaq üçün potensial var?
- Düşünürəm ki, yuvarlanma hələ bir müddət davam edəcək. Amma sistemin özünün daxili məntiqi var. Onda prosesləri kimin idarə etdiyi mühüm deyil, sistem özü repressiyalara, qurbanlara proqramlaşdırılıb, çünki başqa cür özünü təsdiq edə bilməz. Yeganə məqsəd hakimiyyəti saxlamaqdır. Vaxt var idi, hakimiyyətin bu gənclərlə heç bir işi yox idi, başqa vəzifələr var idi: əvvəlcə onlar rəsmi müxalifətlə hesablaşdılar, sonra KİV, həmkarlar ittifaqları, QHT-lərlə və s. Gənclərin həbsi son addım deyil, hələ yenə həbslər və qorxutmalar olacaq. Bu sistem islah olunan deyil, radikal dəyişikliklər lazımdır və yaxşıdır ki, hakimiyyətdə bunu kimsə başa düşür və hansısa tədbirlər görür. İstənilən halda, repressiyaların davam edəcəyini dərk etmək azad düşünmək istəyənləri həvəsdən salmamalıdır. Uzaq gələcəyi görmək lazımdır. Ciddi, düşünən gənclər kimi potensial isə var. Və onlar özləri hakimiyyətə doğru can atmırlar, onlar sadəcə özlərini axtarırlar. Bu axtarış onları bərabər imkanlardan imtina etmiş cəmiyyətdə özünü tapmağın mümkün olmadığını dərk etməyə gətirib çıxarıb.
- İctimai Komitə gənc bloggerləri müdafiə üçün hansı addımları atmaq niyyətindədir?
- Şişirtmədən deyim ki, beynəlxalq reaksiya Emin və Adnanın həm buradakı, həm də xaricdəki dostlarının səyidir. Mən bütün hadisələrin real iştirakçısı kimi həqiqətən bu gənclərlə fəxr edirəm. Biz Emin Milli və Adnan Hacızadənin azad edilməsi üçün əlimizdən gələni etmişik və edəcəyik.
http://news.qaynar.info/29322.html
Erkin Qədirlinin "Turan"a müsahibəsi
Labels: AEmovqe
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment