Gənc fəalların azadlığı uğrunda kampaniya davam edir

Bir sıra beynəlxalq təşkilat Azərbaycanda həbs edilən iki gənc fəalın azad edilməsinə çağırıb.

Onların arasında nüfuzlu Amnesty İnternational, Sərhədsiz repotyorlar və Article 19 adlarıni çəkmək olar.

Avropa Birliyinin 27 üzv dövlətinin səfirləri "Azərbaycanda insan haqları və azadlıqlarının vəziyyətinə dair narahatlıq" izhar edən bəyanatı hakimiyyətə təqdim ediblər.

Adnan Hacızadə ilə Emin Milli Bakının mərkəzindəki kafedə iyulun 8-də "xuliqanlıq" ittihamları ilə həbs olunublar.

İnsan haqları qrupları isə bildirib ki, bu ittihamlar hakimiyyətə qarşı müxalif mövqeyi ilə fərqlənən bu gəncləri cəzalandırmaq üçün quraşdırılmış bir uydurmadır.

İndi isə gənclərin azad olunmasına dair səsyığma kampaniyası internet məkanında təşkil edilib.

Vusal Həmzəyev kampaniya təşkilatçılarından biridir.

V.H.: Təbii ki, bu, internet məkanında olduğundan onun hüdudu yoxdur. Dünyanın hər yerindən insanlar buna qoşula bilərlər. Kampaniya Bakıdan təşkil olunub və məqsəd prezidentə təqdim etmək üçün imza toplamaqdır. Bu kampaniya internet və elektron məktub yollama yolu ilə həyata keçirilir. Hər kəs bu məktubu tanıdığı şəxsə ötürərək göstərir və razılığını alır. Kampaniya məhz bu şəkildə həyata keçirilir. Biz prezidentdən məsələyə müdaxilə etməsini və gənclərin azad edilməsini istəyirik.

BBC: Sizcə çağırışınız əks səda doğuracaqmı? Sadəcə olaraq səs yığmanın kəsərli tədbir olduğuna inanırsızmı?

V.H.: Əlbəttə ki, biz buna ümid edirik. Həmin gənclər bizim üçün dəyərlidir. Əgər bu cür insanlar bu şəkildə həbs edilirsə, onda Azərbaycandan beyin ixracından narahat olanlar bu haqda düşünməlidirlər. Onları tanıyanlar və hadisələrdən narahat olan gənclər çalışırlar ki, bu məsələ yayılsın və təzyiqlər artsın ki, bu insanlar tez bir zamanda azadlığa çıxsınlar.

http://www.bbc.co.uk/azeri/news/story/2009/07/090721_campaion.shtml

No comments: