İstintaqa kim müdaxilə edir?

Azərbaycanda gənc fəallar Adnan HacızadəninEmin Millinin (Abdullayevin) xuliqanlıq ittihamı ilə əlaqədar barələrində həbs qətimkan tədbirinin seçilməsi cəmiyyətdə müəyyən rezonansa səbəb oldu. Bununla bağlı bir sıra təşkilatlar, beynəlxalq qurumlar və səfirliklər bəyanatlar qəbul etmiş və etməkdədir. Obyektiv istintaq aparılması çağırışları ilə yanaşı gənclərin həbsinə açıq etiraz edənlər də var. Bu açıqlamalarla bağlı Azərbaycan Respublikasının Daxili işlər nazirliyi və Baş prokurorluğu (BP) birgə bəyanat vermişdir. Kütləvi informasiya vasitələrində yayımlanan bu bəyanatda baş vermiş olaya və faktlara konkret qiymət verilmiş, həbs olunan gənclərin birmənalı təqsirli olması elan edilmişdir. Bununla yanaşı DİN və BP istintaqın işinə müdaxilə etməmək və təsir göstərməmək çağırışlarında bulunmuşdur.

Sözügedən bəyanatla bağlı sual meydana çıxır: istantaqın işinə kim müdaxilə edir?

Bəyanatın məzmunu göstərir ki, istantaqın işinə müdaxilə edən faktiki Daxili işlər nazirliyi və Baş prokurorluqdur. Çünki, inzibati cəhətdən DİN strukturuna daxil olan istintaq orqanlarının prosessual müstəqilliyi aşkar pozulmuşdur. Bəyanatda istintaqın hansı istiqamətdə aparılması haqqında istintaq orqanına və müstəntiqlərə konkret göstərişlər verilməsi açıq-aydın görülməkdədir. İstintaq orqanının inzibati baxımdan DİN-in strukturuna daxil olması və bundan irəli gələn faktiki tabeçilik vəziyyəti istintaq orqanının (müstəntiqlərin) bəyanatdan asılı olmayan və “fərqli həqiqət” üzə çıxartmasına imkan vermir. Belə olan halda isə obyektiv istintaqdan söhbət gedə bilməz.

Deyilənlərlə bağlı cinayət-prosessual qanunvericiliyinin bəzi normalarını xatırlatmaq yerinə düşərdi. Birincisi, Cinayət prosessual məcəlləsinin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasına görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Bu mühüm prinsipə zidd olaraq DİN və BP-un bəyanatında göstərilən mövqe bir sıra KİV-də sübut olunmuş kimi qələmə verilir. İkincisi, Cinayət-prosessual məcəlləsinin 139-cu maddəsində sübut edilməli hallar göstərilmişdir. Bu hallar sırasında cinayət qanunu ilə nəzərdə tutlmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutlmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar göstərilir. Lakin istintaqın lap başlanğıcında DİN və BP-un bəyanatında bütün bunlara dair rəy bildirilmişdir – hadisədə cinayət əlamətinin olması, gənclərin təqsirli olması və bu əməli sərxoş vəziyyətdə törətmələri. Üçüncüsü, cinayət prosessual məcəlləsinə görə müstəntiq istintaqı ibtidai araşdırmaya rəhbərlik edən prokurorun göstərişlərinə və daxılı inamına əsaslanaraq aparır. Zəruri hallarda müstəntiq ibtidai araşdırmaya rəhbərlik edən prokurorun göstərişlərindən yuxarı prokurora şikayət edə bilər. Lakin gördüyümüz kimi bu bəyanatı imzalamaqla yuxarı prokuror öz rəyini artıq vermişdir. Dördüncüsü, İstintaq orqanının DİN strukturuna daxil edilməsi DİN rəhbərliyinin məcburi göstərişlər vermək hüququ olması kimi başa düşülməməlidir. İstintaq orqanının prosessual müstəqilliyi təmin edilməlidir.

Deyilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, istintaqın işinə müdaxilə və təzyiq edən elə Daxili işlər nazirliyi və Baş prokurorluğun özüdür.

Başqa bir sual da qətimkan tədbirinin seçilməsi ilə bağlıdır. Dəfələrlə deyilib – nədən istintaq orqanları mütləq həbs qətimkan tədbirini seçirlər? Cinayət-prosessual məcəlləsində həbsdən başqa digər qətimkan təbirləri də nəzərdə tutulmuşdur – ev dustaqlığı, girov, başqa yerə getməmək barədə iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi və s. Qətimkan tədbirinin seçilməsi zamanı təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin birinci dəfə törədilməsi, daimi yaşayış yerinin olub-olmaması və s. kimi amillər nəzərə alınır. Bəs nədən daha çox həbs qətimkan tədbiri seçilir? Belə qanaətə gəlmək olar ki, bunun səbəbi ondadır ki, 1) istintaq daha çox ittihamedici yöndə aparılır, 2) sözügedən bəyanatların verilməsi ilə istintaq və məhkəmə orqanlarına güclü təsirlər edilir. Belə olan halda müstəqil və obyektiv istintaqın aparılması əsaslı olaraq şübhə altına alına bilər.

Qeyd etmək lazımdır ki, bu problemlər yalnız konkret bu işlə bağlı deyil, ümumiyyətlə Azərbaycanda cinayət prosesinə aiddir. Sadəcə ictimai rezonans yaradan işlərdə üzə çıxır. Bunların aradan qaldırılması üçün bir sıra hüquqi və təşkilati tədbirlərin həyata keçirilməsi labüddür.

Söylənənlər bu olayla bağlı ilk təəsuratlardır. Bilərəkdən işin faktiki hallarına toxunmuruq və yalnız bir neçə hüquqi məsələlərə toxunduq. Ümid edirik ki, bunlara baxmayaraq istintaq müstəqil və obyektiv aparılacaq və sonda ədalət bərqərar olacaq. Amin!

http://www.legal.az/content/view/10239/1

No comments: