Mübarizə və məzhəkə arasında seçim

Sadiqə Mehdizadə

Öncəliklə bildirmək istəyirəm ki, bu yazımın motivi kiməsə şəxsi dəstək vermək deyil. Sadəcə vətəndaş, gənc olaraq son hadisələrə münasibət bildirməyin çox vacib olduğunu düşünürəm. Bir neçə gündür, gəncliyimizin qeyri-biganə hissəsi narahatlıq içindədir. Emin Milli və Adnan Hacızadə qrup şəklində və təkrar xuliqanlıq törətmə cinayətində ittiham olunaraq, həbs edilmişdir.

Rəsmilər yumuşaq desəm qeyri-peşəkar beyanatlar verir, hüquq müdafiəçiləri müdafiə edir, gənclərin ən fəalları həqiqətən də fəal olduğunu sübut edir. Sanki hər şey normal gedir, lakin bir şeydən başqa. Bütün bu cəhdlərin, müzakirələrin içində, bizim uğrunda vuruşduğumuz qanunçuluq və real mübarizə tədbirləri zəif nəzərə çarpır. Yazıçı olsaydım bütün şəxsi mülahizələrimi yazardım, lakin hüquqşünas oluğumdan sizə sadəcə faktları, qanunların tələbini və məntiqi nəticəni ifadə etməklə kifayətlənəcəm. Beləliklə nə baş verib? Emin Milli və Adnan Hacızadə qeyri-qanuni olaraq həbs edilib.

Emin Milli və Adnan Hacızadənin həbsi niyə qeyri-qanunidir?

Bu xüsusda fikir bildirmək üçün hüquqşünas ya şəxsən hadisələrin iştirakçısı olmalı, ya hadisələrin iştirakçılarından bilavasitə məlumat almalı ya da sadəcə ictimaiyyətə məlum olan, mübahisələndirilməyən faktlar üzrə danışmalıdır. Hadisələrin şəxsən iştirakçısı olmamış və hüquq pozuntularını şəxsən müşahidə etməmiş insan olaraq sonuncu variantın üzərində dayanacağam.

Məlum insidentdən sonra Emin Milli, Adnan Hacızadən, Babək Hüseynov və Vüsal Məmmədov hadisənin şahidi olmuş digər gənclərlə bərabər Səbayel rayonu polis bölməsinə gətirilmişlər. Maraqlıdır ki, sonradan təqsirləndirilən şəxs qismində ictimaiyyətə təqdim olunan Emin və Adnandan, hadisə zamanı orada olmuş Orxan Qafarlıdan, həmçinin sonradan zərərçəkmiş qismində irəli sürülən Babək Hüseynov və Vüsal Məmmədovdan ifadə alınsa da, digər gənclərdən, hadisənin şahidlərindən və hadisəni bilavasitə görmüş şəxslərdən ifadə alınmayıb. Onlardan nəinki ifadə alınmayıb, hətta onların bölmədə olması fiksə olunmadan, bölmədən xaric ediliblər. Halbuki məhz bu gənclərin verəcəyi ifadələr təhqiqatçının Emin və Adnanı cinayət törətməkdə, şübhəli şəxs hesab edib-etməyəcəyi üçün vacib hüquqi əsas təşkil edir. Bu haqda AR Cinayət Prosessual Məcəlləsinin 148-ci maddəsi şərh verərək bildirir ki, şəxsin cinayət törərməkdə şübhəli şəxs olaraq bilinməsi və tutulması üçün əsas, cinayət başında yaxalanma, zərərçəkmişin ifadəsi və cinayətin törədilməsini şəxsən gözləri ilə görmüş şəxslərin ifadələridir. Birinci halın istisna, (polislər cinayət əməlinin artıq başlamış olduğu və davam etdiyi bir zamanda müdaxilə etmişlər) ikinci halın isə hələ qeyri-müəyyən olduğu bir halda (məhz kimin zərərçəkmiş olması araşdırma zamanı müəyyən olunmalı idi), ibtidai istintaq üçün hüquqi tövsif və araşdırma baxımından ən vacib olanı - hadisəni şəxsən gözləri ilə görmüş insanların, yəni polis məntəqəsindən xaric edilən gənclərin ifadələri olmalı idi. Bu ifadələrin alınmamasından dolayı, Emin Milli və Adnan Hacızadənin, məhz cinayət törətməkdə şübhəli bilinən şəxs qismində saxlanılmalı olduğu haqqında gəlinmiş nəticə öz hüquqi əsasını itirir.

Həmçinin cinayət prosessual qanunvericiliyinin ən sadə tələbinin belə kobud şəkildə pozulması, AR Cinayət Məcəlləsinin 221.2.1. maddəsi ilə cinayət işi açılması haqqında qərarın da qüvvəsini sual altına alır. Və ən azı bu sadə nüans məhkəmə qərarından verilmiş şikayətin təmini və qərarın ləğvi üçün əsas yaradır.

Digər tərəfdən, naməlum əsaslarla, barəsində qrup şəklində və təkrar xuliqanlıq maddəsi ilə cinayət işi açılmış Emin Milli və Adnan Hacızadəyə dair, niyə məhz qəti imkan tədbirinin ən ağır formasının seçilməsi aydın deyil. Məlumat üçün bildirim ki, həbs qəti imkan tədbiri, adətən şübhəli və təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq üçün tətbiq edilir. Sadə dillə desəm, həbs qəti imkan tədbiri şəxs barəsində, onun yenidən cinayət edəcəyinə ya istintaqdan gizlənəcəyinə və ya cəmiyyət üçün təhlükə törədəcəyinə dair tutarlı ehtimallar olduqda tətbiq edilir. Maraqlıdır ki, məhkəmə xuliqanlıq cinayəti ilə ittihamlandırılan Emin və Adnan haqqında həbs qəti imkan tədbiri seçərkən hansı mülahizəni və ehtimalı əsas götürüb? Görəsən məhkəmə Emin Milli və Adnan Hacızadənin buraxıldığı təqdirdə, növbə ilə bütün şəhər restoranlarına daxil olaraq xuliqanlıq etməsindən, yoxsa istintaqdan qaçıb gizlənməsindən ehtiyat etmişdir? Bu qərarın əsasında hansı mülahizə və ehtimal durur? Hüquqşünas olaraq bunu bilmək mənim üçün də maraqı olardı.

Bu məqamda diqqəti, yenə də hadisəni şəxsən gözləri ilə görmüş şahidlərə yönəltmək istərdim. Daxili İşlər Nazirliyinin saytında rəsmi olaraq dörd şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər görüldüyü yazılıb. Halbuki qanunvercilik bu tip hallarda şahidlərin şəxsiyyətnin müəyyən edilməsi formalarını şərh edib. Bu məlumatlar ən pis halda şahid qismində dindirilən Orxan Qafarlıdan, həmçinin Emin Milli və Adnan Hacızadədən də əldə edilə bilərdi. Çox qeyri-müəyyən statusda və vəziyyətdə qalan şahid gənclər, sonda istintaqdan və ifadə verməkdən çəkinmədiklərini hüquq mühafizə orqanlarına, mətbuat vasitəsilə deməyə məcbur qalmışlar. (!) Halbuki şahidlərin və digər əlaqədar şəxslərin araşdırmaya şəxsən çağırılaraq, ifadəsinin alınması istintaq orqanın vazifəsidir. Şahidlərin və əlaqəli digər şəxslərin hüquq-mühafizə orqanlarına mətbuatla məsaj göndərmək kimi bir vəzifəsi yoxdur. Qanunvericilik belə deyir.

Göründüyü kimi ən sadə və minimum faktları analiz etdikdə belə, bu həbsin qeyri-qanuni olması və ibtidai araşdırmanın prosessual qanunverciliyin tələblərini pozaraq aparıldığı ortaya çıxır.


Rəsmi “ittiham” və qeyri-rəsmi “müdafiə”

Bu hadisə ilə bağlı məni ən çox narahat edən məsələlərdən biri də DİN-in mətbuat xidmətinin hadisəyə rəsmi münasibəti, həmçinin Emin və Adnanı dəstəkləməyə çalışan ictimai fəalların müdafiə formatıdir. Mən təsadüfən bu zidd olan iki tərəfi eyni cümədə birləşdirmədim. Təəssüf ki, kənardan baxdıqda bu iki ziddiyyət arasında çox zaman ortaq nöqtə görürəm. Bu ortaq nöqtə-qanunlara qarşı göstərilən hörmətsizlikdir.

Bir neçə gün öncə DİN-nin mətbuat xidmətinin nümayəndəsi Azadlıq radiosuna açıqlama vərərkən bu cümlələri deyib: “ Başqa birisi, mən də olsaydım, bir sözlə vicdanı olan hər kəs belə edərdi... Məişət zəminində xuliqanlıq hadisəsidir...” İlk baxışdan sadə cümlələrdir, lakin bir hüquqşünas üçün, xüsüsən də hüquq mühafizə orqanında vəzifə tutan bir şəxs üçün bu tip açıqlama zənnimcə bağışlanılmazdır. Hər şeydən öncə, hüquqşünas fakt və qanun üzrə danışmalıdır, onun şəxsi mülahizələrinin, rəyinin hüquqi şərh və cavab kimi irəli sürülməsi yolverilməzdir. Digər tərəfdən elementar olaraq, Konstitusiyamızda belə insanın təqsiri məhkəmə qətnaməsi ilə sübut olunmayana qədər onun təqsirsiz hesab olunduğu göstərilib (təqsirsizlik prezumpsiyası) Məhkəmənin hələ araşdırma aparıb, Emin Milli və Adnan Hacızadənin həqiqətən də təqsirli olduğunu təsdiqləmədiyi halda, hansı əsasla bu insanları artıq təqsirli bilir və hətta buna vicdan kateqoriyasından münasibət bildirilir? Qanunvericilik ki, bu səlahiyyəti yalnız məhkəmələrə verib...

Emini və Adnanı hər vəchlə qeyri-qanuni mühakimədən xilas etməyə çalışan insanlar, diqqəti kobud hüquq pozuntularından “siyasi məhbus” anlayışının spekulyasiyasına yönəldəndə də qanuni mübarizə aparmırlar. Hüquq müdafiəçisi qapıları bağlanmış məhkəmənin qapılarını döyərək bir dəstə əcnəbi ilə mütləq məhkəməyə daxil olmaq istəyərkən, qanunların tələbini irəli sürmək əvəzinə “qapını açın, Avropanın, Amerikaının adamları gəlib” deyəndə də qanunlara hörmətsizlik nümayiş etdirir. Əvvəla ona görə ki, məhkəmələr və hakimlərə təzyiq qanunla qadağandır, kimin tərəfindən olursa olsun. Bu həm də hörmətsizlikdir ona görə ki, milli qanunvercilikdə Avropa və Amerika adamları üçün xüsusi imtiyazlar müəyyən edən heç bir müddəa yoxdur... Məhkəmə zalın deyil, ümumiyyətlə inzibati binanın qapılarını bağlayaraq, özünü gülünc vəziyyətdə qoymuşdur, qanunu pozmuşdur, bəs biz? Biz niyə bu gülünc vəziyyətə, gülünc tələbərlə, arqumentlərlə cavab veririk?

Yuxarıda hadisə ilə bağlı polisin törətdiyi hüquq pozuntularının ən sadələrini qeyd etmişdim. Bu xüsusda polisin həbs edilmə və araşdırma zamanı, törətdiyi hüquq və qanun pozuntularının siyahısını yəqin ki, uzatmaq da olar. Lakin bu nöqtədə vacib olan başqa bir məsələ də var. Bu hərəkətlərə qarşı bütün qanuni effektiv vasitələrdən (vəkillərin göstərdiyi yardım xaric) istifadə olunubmu? Məsələn, müvafiq bölmənin əməkdaşlarının vətəndaşlara qarşı qeyri-qanuni hərəkətlərindən dərhal 102 nömrəli qaynar xəttə şikayət edilibmi? Bu qaynar xətt vətəndaşların şikayəti ilə yanaşı, həm də polis işçilərinin vətəndaşalara qarşı qanunsuz hərəkətlərini fiksə etmək və tədbir görmək üçün fəaliyyət göstərir.(Hüquqşüans olaraq öz təcrübəmdə bu formatda şikayətlərə yuxarı instansiyalardan adekvat reaksiya gəldiyinin şahidi olmuşam)

Əgər dərhal qaynar xəttə polis əməkdaşlarının vətəndaşlara qarşı qanunsuz hərəkətlərindən şikayət edilməyibsə, növbəti günlərdə bu haqda Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş Üzrə Baş Xüsusi İdarəsinə polisin bütün qeyri-qanuni hərəkətlərini təsvir edən şikayət yazılıbmı? Bu polis əməkdaşları barəsində ən azı daxili araşdırma başlanılmasına nail olunubmu? Vacib deyil ki, bu şikayəti məhz Emin və Adnanın vəkilləri yazsın. Bu şikayəti hadisə baş verən gün polis bölməsinin önündə olmuş və polisin qeyri-qanuni hərəkətərini şəxsən görmüş hər bir vətəndaş yaza bilər.

Bəli, bu doğrudur ki, çox zaman polis hüquqlarımızı qorumalı olduğu halda, onları pozur. Lakin biz bu qanunsuzluqla necə mübarizə aparırıq? Mətbuatda polisləri qarğıyaraqmı? Bizim demokratiya və haqlarımız uğrundan mübarizəmizin məzmunu elə bundanmı ibarətdir?

Hamımız arzulayırıq ki, tezliklə Emin və Adnan azad olunsun, lakin biz bunun üçün nə edirik? Ən əsası etdiklərimiz və dediklərimiz onlara yardımçı ola bilirmi? Gündəlik pozulan insan hüquqlari sırasından, iki gəncin hüquqları bu gün gündəmdədir, lakin biz nə ilə mübarizə aparırıq və necə mübarizə aparırıq? Hüquqları pozanlarlamı yoxsa siyasi ambisiyalarımıza meydan verməyənlərləmi?

Mən insan və hüquqşünas olaraq İnsandan, onun haqlarına dair mübarizədən yanayam. Və bu mübarizədə qarşı tərəf qanunu nə qədər pozsa da, qanuna aşkar hörmətsizlik nümayiş etdirsə də, eyni davranışları tərəfimdən nümayiş etdirməyəcəm. Çünki mənim vətəndaş, hüquqşünas olaraq uğrunda savaşa biləcəyim şey də məhz haqlara hörmət, qanunçuluqdur. Çünki mən bilirəm ki, insan vurulanda və yıxılanda uduzmur. İnsan mübarizə apardığına bənzəməyə başlayanda uduzur.

Son dərəcə bədbin köklənmiş çoxlarından fərqli olaraq, qanuni yollarla ədalətin bərpa etməyin mümkün olduğuna inanıram və bu xüsusda əlimdən gələni etməyə də hazıram. Məncə biz indi bütün səylərimizi mətbuatda mülahizələr irəli sürməyə yox, konkret ilkin araşdırmanın aparılması zamanı yol verilmiş hüquq pozuntularının tam şəkildə üzə çıxarılmasına və ədalətsiz məhkəmə qərarının ləğvinə yönəltməliyik. Hər halda unutmaq lazım deyil ki, bizim sadəcə müzakirə apardığımız, müsahibələr verdiyimiz bu günləri Emin Milli və Adnan Hacızadə azadlıqdan məhrum olunmuş insan olaraq keçirir. Bu səbəbdən və ya sadəcə ədalətə olan sevginiz səbəbindən, hər birinizi konkret mübarizəyə, bütün qanuni vasitələrdən istifadə etməyə çağırıram.
Gəlin mübarizə aparaq, dostlar, məzhəkə yaratmayaq.

http://sadiqe.blogspot.com/2009/07/mubariz-v-mzhk-arasnda-secim.html

No comments: