Müstəntiq suallara cavab vermir, DİN-in mətbuat xidmətində isə yeni məlumat yoxdur

2009-07-30

Gənclər hərəkatı fəalları Adnan Hacızadə və Emin Millinin işini araşdıran müstəntiq, Səbail Rayon Polis İdarəsinin zabiti Ziya Əliyev “Media forum” saytının suallarını cavablamayıb. O, gənclərin istintaqına yönəlik bütün sualları Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə ünvanlamağı məsləhət bilərək telefonu qapadıb.

Saytın əməkdaşı istintaqın gedişi ilə bağlı məlumat almaq niyyətində olub. A.Hacızadə və E.Millinin vəkilləri Elton Quliyevlə İsaxan Aşurov mediaya açıqlamalarında hazırda heç bir istintaq hərəkəti aparılmadığını bildirirlər. Onların dediyinə görə, son 20 gündə - gənclər həbs olunandan bəri gəncləri dindirən olmayıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov “Media forum”a deyib ki, istintaqı aparılan işlə bağlı hər hansı münasibət bildirməsi mümkün deyil: “Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi bu işlə bağlı iki birgə məlumatı yayılıb. Hazırda istintaq gedir. Mənim istintaqın işinə qarışmağa, istintaqla bağlı hər hansı bir açıqlama verməyə ixtiyarım yoxdur. İstintaq necə gedir, bilmirəm”.

E.Milli və A.Hacızadə iyulun 8-də saxlanıblar. Buna həmin gün axşam Bakıdakı “Livan” restoranında baş verən dava səbəb olub. E.Milli və A.Hacızadə ilə qonşu masada olan Vüsal Məmmədov və Babək Hüseynov arasında düşən davaya görə Cinayət Məcəlləsinin 221.2.1 maddəsi (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) üzrə cinayət işi başlanıb. İyulun 10-da Səbail Rayon Məhkəməsi A.Hacızadə və E.Milli barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

http://www.mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20090730022000704

No comments: