“Nitqim tutulur hərzəvü-hədyanını görcək...”

Səadət Cahangir

Şəhərin mərkəzindəki kafelərin birində Adnan Hacızadə ilə Emin Millini vəhşicəsinə döyüblər. Daha dəqiq desək, adsız, familyasız qoçular bu gənc “intellektlər”i əzişdirməklə onlara “ağaları”ndan mesaj gətiriblər. Buralarda “intiligentlik” keçməz, diliuzunluq etməyin!

Bizimkilər yenə diliuzunluq ediblər. Polisə şikayətləniblər. Polisimizin iş üslubu da məlum. Zor kimdəsə, onun tərəfində... “Aksiya”nın icraçılarını azad edib, döyülənləri içəri atıb.

Emin Millini “Alumni Network”dakı fəaliyyətindən, mətbuatdakı, ölkə xaricindəki cəsarətli çıxışlarından tanıyıram. “OL” Gənclər Hərəkatının yaradıcılarından olan Adnanla şəxsi tanışlığım var. Yüksək təhsil səviyyəsi, iti mühakimə qabiliyyəti olan biridir, xaricdə oxuyub. Əsgəri xidmətini yerinə yetirib. Cəmiyyətin dünyəvi dəyərlərə doğru dəyişməsi üçün özünü oda-közə vuranlardandır. Bir sözlə, bu iki adı ölkənin çox faydalı gəncləri siyahısına gözüyumulu salmaq olar.

Hərçənd ki, onları “xuliqanlıq” ittihamıyla saxlayıblar. Doğrudur, biz belə şeylərə öyrəncəliyik. Amma istənilən halda qeyri-peşəkarlığı bu dərəcədə qeyri-peşəkar icra etməyin özü də heyrətləndiricidir. Adnan o qədər səbrli, sakit bir adamdır ki, onu xuliqanlıqda ittiham etmək gülüş doğurur. Üstəlik, burnu sındırılmış halda... Bu, nə ölkədir belə, insanlar qanunsuzluqlardan nə vaxtadaək çəkəcək? İndi kimi inandıra bilərsiniz ki, polis bu “muzdlular”la əlbir deyil və ya sifarişlə oturub-durmur?

Azərbaycan hakimiyyətində oturanların çoxu ölkənin sərvəti olaraq yalnız nefti görürlər. Təəssüf! Hər bir xalqın dəyərinin insanlarında olduğunu anlamaq beləmi zordur?. Demək ki, dəyərlərin baş-ayaq salındığı bir yerdə dəyərləndirmə gözləmək də anlamsız bir şeydir.

Məmləkətdə cəmiyyətin təmizlənməsinə səy edən insanların aqibətini hər kəs görür. İki il əvvəl Adnan ətrafındakı fəal gənclərlə Bayıl Parkında iməcilik keçirmişdi. Gənclərin öz büdcələri hesabına orada quraşdırdıqları zibil qabları indi də qalır. Bəlkə kiçik detaldır, amma burada bir simvolika da var...

Həqiqətən, qoçuluq himayə olunan yerdə “intiligentlik” keçməz. Böyük Sabirin Bakı qoçularına yazılmış silsilə şerləri var. İndi Bakıda Bakılıq qalmayıb.

Qoçuluğu da çirkli işləri icra edən tüfeylilərin boynuna yükləyiblər. Ehtiyacın üzü qara olsun. Bu gözəl ölkəni cəhənnəmə çevirənlərin üzü də...

3 comments:

Esmira said...

adrenallinlə dolu qanımızı artıq burnumuzdan gətirirlər.

necə axı sevmək olar bu ölkəni?

Anonymous said...

Я думаю отличный повод испытать АДРеналин на прочность...Дерзайте!

Страна тут НЕ ПРИ ЧЕМ...Правительство? вот это возможно и да..

Fuad said...

Bu olke ozu bize deyirki sevmiyin meni...mene uzanan elleri men dibinden vuracam...mene deyilen sozleri mene gelib catmaqa imkan vermeyecem sizeeee