Penitensiar xidmətin sözçüsü gənclərin saxlanma şəraiti haqda məlumat vermir

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov “Media forum” saytına açıqlamasında bildirib ki, Bakı İstintaq Təcridxanasında yatan gənclər Adnan Hacızadə və Emin Millinin neçə adamlıq kamerada saxlanması barədə məlumat verə bilməz: “Onların ayrı-ayrı, yaxud bir yerdə saxlanmaları barədə də məlumat verə bilmərik”.

M.Sadıqov bildirib ki, əgər saxlanılan şəxslərin hər hansı tibbi yardıma ehtiyacı varsa, yardım göstəriləcək: “Onlara ərzağın ötürülməsi də qanunvericiliyə uyğun həyata keçirilir”.

Gənclər hərəkatı fəalları A.Hacızadə və E.Milli barəsində iyulun 10-da iki aylıq həbs-qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) təqsirli bilinirlər.

İyulun 8-də polis hər iki gənci saxlayıb. Buna həmin gün axşam Bakıdakı “Livan” restoranında baş verən dava səbəb olub. Yeddi gənclə birlikdə yemək yeyən E.Milli və A.Hacızadə ilə qonşu masada olan Vüsal Məmmədov və Babək Hüseynov arasında dava düşüb.

Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsinin iyulun 11-də yaydığı rəsmi məlumatda deyilir ki, A.Hacızadə, E.Mill və daha beş nəfər restoranda ucadan etik normadan kənar nalayiq ifadələr işlətdiklərinə görə onlara irad tutan vətəndaşlar Vüsal Məmmədov və Babək Hüseynova zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol veriblər.

http://mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20090713011811103

No comments: