Qorxmaz Əsgərov (Vaşinqton)
Azərbaycan hökuməti yenə də beynəlxalq birliklə qarşı-qarşıya durub. Gənc fəallar Adnan Hacızadə və Emin Millinin həbsi qeyri-hökumət təşkilatları haqqında qanuna təklif olunan dəyişikliklər zamanı müşahidə olunan beynəlxalq etirazları daha böyük miqyasda təkrarlayıb.
İndiyə qədər artıq Avropa Şurası, Avropa Birliyi və ATƏT bu həbsə öz qəti etirazlarını bildiriblər. BMT-nin İnsan Haqları Komitəsi eyni addımı atmağa hazırlaşır. ABŞ və Böyük Britaniya rəsmiləri Azərbaycan hökumətinə öz narahatlıqlarını çatdırıblar. Avropa Birliyi dövlətlərinin bir neçəsinin nümayəndələri məsələyə kəskin reaksiya veriblər. Almaniya rəsmilərindən olan Günter Nuke «Azərbaycanda tiraniya var» bəyanatı belə verib. Amnesty İnternational, Freedom House, Human Rights Watch və onlarla digər təşkilat bu məsələdə Azərbaycan hökumətini pisləyən bəyanatlarla çıxış edib. Adnan Hacızadənin təhsil aldığı Riçmond Universitetinin 17 professor-müəllim heyəti bəyanatla çıxış edib.
Azərbaycan hökuməti də təbii ki, reaksiya verib. Daxili İşlər Nazirliyi və Prokurorluq birgə bəyanatla çıxış edərək Azərbaycandakı diplomatik korpusu ölkənin daxili işlərinə qarışmaqda ittiham edib və bildirib ki, həbs olunan gənclərin işi adi xuliqanlıq məsələsidir, amma... Bu «xırda» işə görə məhkəmələr qapalı keçirilir və məhkəmə də iki aylıq həbs qətimkan tədbirini ciddi cəhdlə qüvvədə saxlayır, sanki iri bir kriminal şəbəkə aşkar olunub və gənclər məhkəməyə qədər azadlıqda olsalar, qaçıb gizlənə, yaxud digər cinayət işləri görə bilərlər. «Adi xuliqanlıq işinə» görə Azərbaycan hökumətinin bu cür təhlükəsizlik tədbirləri görməsinin özü məntiqə zidd gedir və düşüncə qabiliyyəti olanları belə fikrə sövq edir ki, söhbət «adi xuliqanlıqdan» getmir. Zatən, beynəlxalq birliyin də kəskin reaksiyasının səbəbi budur.
DİLEMMA
Nə baş verir? Belə görünür ki, Azərbaycanda gənclərin yeni bir hərəkat dalğası ilə dirçəlişindən qorxan Azərbaycan hökuməti 2010-cu ilin parlament seçkilərindən öncə preventiv həbslərlə ictimai müqavimət cücərtilərini ibrətamiz bir tərzdə əzməyə cəhd edib və tanış metodlardan istifadə edib – şərləyib tutdurmaq (zatən, beynəlxalq təşkilatların etirazlarında və beynəlxalq mətbuatda gənclərin yalançı ittihamlarla həbsi kifayət qədər aydın şəkildə qeyd olunub). O da görünür ki, Azərbaycan hökuməti beynəlxalq reaksiyanın belə kəskin olacağını gözləmirdi. Bu çaşqınlıq Azərbaycan hökumətinin verdiyi reaksiyada da özünü göstərir. «Ölkənin daxili işlərinə qarışmaq» ittihamı ilə diplomatik korpusa etiraz notasını Xarici İşlər Nazirliyi əvəzinə hüquq mühafizə orqanları verir. Sanki hökumət koridorlarında, hansısa məmur o birinə deyir ki, «bu iş mənlik olmayıb, özünüz eləmisiniz, özünüz də bəyanat verin».
İndi Azərbaycan hökuməti dilemma qarşısındadır. Ya beynəlxalq birliklə qarşıdurmanı bir az da gücləndirərək gənclərin həbsini əsaslandırmalıdır, ya da güzəştə gedərək öz səhvini etiraf etməlidir. Belə görünür ki, Azərbaycan hökuməti güzəştə getməkdən xeyli qorxur. Səbəbləri görmək elə də çətin deyil. İndi həbsdə olan gəncləri buraxsa, Azərbaycan hökuməti beynəlxalq birlik qarşısında avtoritar olduğunu etiraf edib sifətini itirməkdən ehtiyat edir və güman edir ki, bu addımı ilə Azərbaycan gəncliyi daxilində cücərməkdə olan etiraz hərəkatını da müəyyən qədər gücləndirmiş olar. Bu səbəbdən apellyasiya instansiyaları gənclərin həbs qətimkan tədbirini qüvvədə saxlayır və onların şikayətlərini rədd edir və qızıl-qırmızı beynəlxalq birliyin üzünə durmaqda davam edir.
Lakin beynəlxalq birliyin və Azərbaycan hökumətinə bu məsələdə etirazlarını bildirmiş Qərb dövlətləri nümayəndələrinin də eyni durumda olduğunu nəzərə almaq lazımdır. Bu qədər etirazlardan sonra beynəlxalq birlik nümayəndələrinin Azərbaycan polisinin və məhkəməsinin gəncləri dama basmasını udmaları həmin təşkilatların və həmin dövlətlərin beynəlxalq imicini ciddi zərbə altına qoyur. Onsuz da, zaman-zaman neft-qaz məsələlərinə görə Qərb ölkələrinin Azərbaycan siyasəti elə Qərb mətbuatının özündə ciddi tənqid atəşinə tutulur. Belə olan şəraitdə Qərb təşkilatlarının və Qərb dövlətlərinin Adnan və Eminin həbsini «adi xuliqanlıq işi» sayaraq Azərbaycan hökuməti ilə razılaşmaları qeyri-mümkündür.
SOYUQ MÜHARİBƏNİN HAVASI
Azərbaycanın indiki hakim elitası keçmiş sovet məmurlarının düşüncə tərzini əks etdirir. İndiki qarşıdurma da Soyuq müharibə erasının Sovet-Amerika qarşıdurmalarını xatırladır. Amma ortada ciddi bir fərq var – dövlətimizin ölçüləri. Həm SSRİ, həm indiki Rusiya, həm Çin, lap elə İran iri dövlətlərdir və Qərblə insan haqları məsələsində ciddi qarşıdurmaya davam gətirə bilirlər. Azərbaycan isə ağ və qaranın aşkar göründüyü məsələlərdə Qərblə qarşıdurmaya girdikdə Qərbi dəvət etmiş olur ki, ona qarşı açıq sanksiyalar tətbiq olunsun. Bir növ Türkmənistan, yaxud Belarusun vəziyyətinə düşmüş oluruq.
ƏSAS TƏHLÜKƏ
Bu cür rejimlərdə hakimiyyətin legitimliyi asanlıqla sual altına qoyulur və ölkədəki siyasi sabitlik çox şərti xarakter daşımağa başlayır. Yaranan şəraitdə istənilən hakimiyyət dəyişikliyi imkanı zamanı (qanuni, yaxud qeyri-qanuni) hökumətin legitimlik arqumenti ilə beynəlxalq birlikdən dəstək qazanmaq imkanı çox məhdud olur. Nə qədər qəribə də görünsə, qeyd olunan ssenaridə indiki hakimiyyətə əsas təhlükə tutub damladığı gənc fəallardan, yaxud demokratik siyasi qüvvələrdən gəlmir. Əsas təhlükə mənbəyi bu rejimin öz qoynunda bəslədiyi və indi şişərək heç kimi saya almayan məmur-oliqarxlardır. Keçmiş prezident Heydər Əliyev bu məsələni o qədər ciddi hesab edirdi ki, insan haqları məsələsində Qərblə heç vaxt pərdəni aradan qaldırmırdı. Həm 1994-cü, həm də 1995-ci illərdə yaranan çevriliş təhlükəsi vaxtı beynəlxalq aləmdə Azərbaycan hökumətinin legitimliyi birmənalı olaraq qəbul edilirdi və bu məsələ Əliyevə öz hakimiyyətini qorumağa ciddi yardım edirdi. İndi isə Azərbaycan hökuməti maskasız zorakılıqla beynəlxalq səhnədəki legitimliyinə zərbə dalınca zərbə vurur.
Hələ gec deyil. Ali Məhkəmə hələ ki, işə qarışmayıb. Kifayət qədər ciddi hüquqi resurs kimi çıxış edə biləcək bu qurum ən azı məhkəməyə qədər gənclərin tutqulanmasını aradan qaldıran qərarla özündən aşağı instansiyaların hökmlərini ləğv edə bilər. Əsas məhkəmə vaxtı isə «nə şiş yansın, nə kabab» prinsipi ilə gəncləri öz evlərinə buraxmaqla Azərbaycan bütöv bir dünya ilə qarşıdurmaya getmək yolundan geri qayıda bilər.
http://www.azadliq.org/content/article/1784338.html
Qarşıdurma məntiqi
Labels: AEmovqe
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment