Azərbaycan bloggerlərinin məhkəməsinə beynəlxalq müşahidəçilər gələcək

17.08.2009

HRW,OMCT, FIDH, Front Line kimi məşhur beynəlxalq hüquq-müdafiə təşkilatları bloggerlər Adnan Hacızadə və Emin Millinin işi üzrə məhkəmə prosesinə öz nümayəndələrini göndərmək barədə qərar qəbul ediblər. Bu barədə hüquq-müdafiə təşkilatları şəbəkəsi ilə əlaqə saxlayan Sülh və Demokratiya İnstitutunun məlumatında deyilir. İnstitut məhkəmə prosesini izləyəcək beynəlxalq müşahidəçiləri qəbul etməyə və yerləşdirməyə hazırdır, deyə bu QHT-dən Turana bildiriblər.

Hələlik məhkəmənin dəqiq tarixi məlum deyil. Proses sentyabrın 10-dan gec olmayaraq keçirilməlidir, bu tarixdə gənclərin 2 aylıq həbs müddəti bitir. Vəkillər məhkəmənin tez keçirilə biləcəyini istisna etmirlər.

Milli və Hacızadə iyulun 8-də Bakıda “Lebanez” kafesində döyülüblər. Lakin polis onların özlərini xuliqanlıqda ittiham edib, Səbail rayon məhkəməsi isə iyulun 10-da gəncləri iki ay müddətinə həbs edib. Azərbaycanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı olmadan bloggerləri ictimai olaraq “xuliqanlıqda” ittiham etməyə tələsiblər.

“Bu həbsəri qanun pozuntusu və özbaşınalıq kimi dəyərləndirirəm. Onların həbsinin göz önündə olan yeganə motivi bu gənclərin ictimai fəallığıdır. Hər ikisinin həbsi siyasi motivlidir”, deyə vəkil Elton Quliyev bildirib. O, DİN və Baş Prokurorluğun mətbuat xidmətlərinin gənclərin restoranda xuliqanlıq etməsi və kimisə döyməsi barədə versiyasını “tamamilə yalan” adlandırıb.

Bir versiyaya görə, hakimiyyətin narazılığına Adnan Hacızadənin rəhbərliyi ilə çəkilmiş və İnternetdə yerləşdirilmiş videosüjet səbəb olub. Bu süjet Almaniyadan gəlmiş və Azərbaycanlı həmkarları ilə təcrübəsini bölüşən eşşəyə həsr olunub.

Bloggerlərin həbsi dünyada geniş etiraza səbəb olub. Hadisə dünya KİV-lərində reportajların mövzusuna çevrilib. Avropa İttifaqı, ATƏT kimi beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini bloggerləri azad etməyə çağırıb. Demək olar ki, bütün beynəlxalq təşkilatlar etirazlarını bildiriblər.

Hacızadə və Millinin yaxın gələcəkdə azad ediləcəyi istisna deyil. Keçən həftə Prezident Administrasiyasının beynəlxalq şöbəsinin müdiri Novruz Məmmədov qeyd edib ki, işi siyasiləşdirmək lazım deyil, bloggerlər bir neçə aydan sonra azad olunacaqlar

http://contact.com.az/index.php?type=news&lang=az&news_id=12908

1 comment:

yakasha said...

Bu blog lap maraqsiz olub gedib.Evveller maraqli meqaleler yazilirdi muntezem gelib oxuyurdum, indi ne oldu size ele ancaq bloggerlerin hebsi ile bagli meqaleler yazirsiniz.Biraz bashqa movzuda da yazsaz maraqli olardi.Onlari onsuzda helem nece hefte hec hara buraxan deyiller, heyat davam edir, xahish edirem blogu evvelki seviyyeye geri getirin.