Novruz Məmmədov: Bloggerlər xuliqandırlar, amma onları buraxacaqlar

15.08.2009

“Çox təəssüf ki, bu gün Qərb imkanlarından istifadə edərək, kiçik bir milçəyin uçmasını böyük hadisə edərək, dünyaya yaya bilir”, deyə Turana müsahibəsində Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov beynəlxalq ictimaiyyətin bloggerlər Emin Milli və Adnan Hacızadənin azad edilməsi çağırışı ilə çoxsaylı müraciətlərini şərh edərkən bildirib. “Blogerlərin həbsi sadəcə bir xuliqanlıq hadisəsidir. Bir xuliaqanlıq baş verib və bir-iki aydan sonra onlar buraxılacaq. Amma belə işlər dünyada yüzlərlə olur, sadəcə olaraq onların bir neçəsi kimlərəsə lazım olanda siyasiləşdirilir. Sonra isə kimlərinsə marağına uyğun olaraq, dünyada süni olaraq mühüm hadisə kimi qələmə verirlər”, deyə Məmmədov bildirib.

“7-8 nəfər bu gənclər bir iki nəfərə qarşı olub. Bunu beynəlxalq mətbuat, Azərbaycanda olan səfirlər, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, xarici nümayəndələr məsələni şişirdirlər. Amma Azərbaycanın həyati vacib məsələlərindən aylarla danışmırlar”, deyə o qeyd edib.

Azərbaycanın bloggerləri həbsədn azad etmək niyyətində olub-olmaması barədə suala cavabda Novruz Məmmədov bildirib ki, bu məsələ qanunvericilik daxilində həllini tapacaq. “Azərbaycan müstəqil dövlətdir. Biz görəndə ki, kimlərsə Azərbaycana süni təzyiqlər edir, bundan öz məqsədləri üçün istifadə etmək istəyir, biz bunları qəbul etmirik. Azərbaycan bütün dövlətlərlə səmimi əməkdaşlıq edir, dostluğu və tərəfdaşlığı qiymətləndirir. Lakin digər tərəf Azərbaycandan piyada kimi istifadə etməyə çalışırsa, bu qəbul edilməyəcək”.

Azərbaycanın xarici və daxili siyasətinə ədalətsiz kənar təsirlərin qəbul edilmədiyini deyən Məmmədov ölkədəki proseslərin qanunlarla idarə olunduğunu vurğulayıb. “Mən demirəm ki, Azərbaycanda nöqsan yoxdur və hər şey idealdır. Amma Azərbaycan son 17 ildə göstərdi ki, öz seçimində demokratik hüquqi və dünyəvi dövlət qurumunda, bütün çətinliklərə baxmayaraq, irəliləyir. Azərbaycan tezliklə qərbdə olan dövlətlər kimi sivil vətəndaş cəmiyyəti dövlətinə çevriləcək”, deyə Məmmədov bildirib.

http://contact.com.az/index.php?type=news&lang=az&news_id=12894

1 comment:

Man of Constant Sorrow said...

İnterview-nun bashligi-Paralel dünyada yaşayan insan.