17.09.2009
ABŞ Dövlət Departamenti Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı konqresmen Ceyms Moranın sorğusunu cavablandırıb. “Turan”ın Vaşinqtondakı müxbirinə istinadən yaydığı məlumatda bildirilir ki, cavabda ABŞ-ın əvvəlki kimi gənc bloqçuların həbsdə saxlanılmasından narahat olduğu vurğulanır. Dövlət katibinin hüquq məsələləri üzrə köməkçisi Maykl Polt tərəfindən imzalanmış məktubda bildirilir ki, bu narahatçılıq bloqçuları azad etmək çağırışı ilə birgə Azərbaycanın ali rəhbərlərinin nəzərinə çatdırılıb. Daha sonra məktubda Dövlət Departamentinin bu məsələni Azərbaycan hakimiyyəti qarşısında qoyacağı qeyd olunur.
Qeyd edək ki, konqresmen Ceyms Moran avqustun 24-də dövlət katibi Hillari Klintona müraciət edərək Adnan Hacızadə və Emin Millinin işində pozulmuş ifadə azadlığını müdafiə etməyə çağırıb”.
“Sərhədsiz reportyorlar” təşkilatı isə Adnan Hacızadə və Emin Millinin cinayət işinə baxan hakim Araz Hüseynova müraciət edərək, gəncləri azad etməyə çağırıb. “Sizi Adnan Hacızadə və Emin Millini azad etməyə çağıran hüquq müdafiəçiləri və hökumətlərin səsini eşitməyə çağırırıq. Onlar siyasi səbəbdən həbs edilib və onlar qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır - deyə müraciətdə bildirilir. Müraciəti http://www.rsf.org/Court-confirms-pre-trial-detention.html linkində tam oxuya bilərsiniz.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. İyulun 20-də Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaqın yekununda gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.
http://www.irfs.az/content/view/2851/28/lang,az/
Beynəlxalq ictimaiyyət gənc bloqçuların azad olunmasını istəyir
Labels: AEbeynelxalq
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment