Bloqqerlərin növbəti məhkəməsinə ekspertlər gətiriləcək

01.10.2009

Oktyabrın 1-də Səbail rayon Məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəmə prosesinin növbəti iclası keçirilib.

ŞAHİD ŞƏKİLİ GÖRƏNDƏN SONRA BÖLMƏNİ XATIRLADI

Məhkəmədə şahidlər ifadə veriblər. Öncə Səbail rayonu 39-cu polis bölməsində növbətçi köməkçisi vəzifəsində çalışan Fərid Hüseynov dindirildi. O, təqsirləndirilən Adnan Hacızadə və Emin Millini tanımadığını, onların hadisə baş verən gün 39-cu bölməyə gəlmədiklərini bildirdi. Həmçinin əlavə etdi ki, təqsirləndirilən şəxslər bölməyə heç bir şikayət ərizəsi də təqdim etməyiblər. Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri şahidin ifadəsini təkzib edən fotoşəkillər – Adnan və Eminin xəsarət almış şəkildə 39-cu polis bölməsində çəkilmiş fotoşəkillərini hakimə təqdim etdilər. Şahid də həmin fotoşəkillərin çəkildiyi məkanın məhz 39-cu polis bölməsi olduğunu təsdiqlədi.

Prokuror vəkillərin bu hərəkətinə etiraz etdi. Hakim fotoların araşdırılacağını bildirdi.

Daha sonra vəkillər növbəti prosesə rəy verən ekspertlərin gətirilməsini istədilər. Məhkəmə bildirdi ki, növbəti iclasda ekspertlər iştirak edəcəklər.

«ONDA BUNU İSTİNTAQ EDİB»

Vəkillər onu da bidirdilər ki, əvvəlki ifadələrində zərərçəkən kimi təqdim olunan Babək Hüseynovla Vüsal Məmmədov hadisədən sonra heç bir KİV-ə münasibət bildirmədiklərini deyiblər. Amma day.az saytında onların müsahibələri və Vüsal Məmmədovun xəsarət almış formada şəkli yerləşdirilib. Vəkillər iddia edirlər ki, əgər zərərçəkmişlər mətbuata məlumat verməyiblərsə, onda bunu istintaq edib və müstəntiq buna görə cavab verməlidir.

Daha sonra Səbail rayonu 9-cu polis bölməsinin əməkdaşı Rövşən Hüseynov şahid kimi dindirildi. Dedi ki, hadisə baş verən gün Adnan və Emin də daxil olmaqla 5 nəfəri bölməyə polis əməkdaşları gətirib: «Təkcə Adnan xəsarət almışdı. Təcili yardım çağırdıq, sonra onlar dındırıldılər». Rövşən Hüseynov onu da dedi ki, şikayət ərizəsi ilə bölməyə yalnız Babək və Vüsal müraciət ediblər.

Şahid kimi dindirilən Səbail rayonu 39-cu polis bölməsinin əməliyyat müfəttişi Murad Səlimov da dedi ki, həmin gün onların bölməsinə heç bir şikayət ərizəsi daxil olmayıb və Adnanla Emini də bölmədə görməyib. Vəkil İsaxan Aşurov yenidən şahidin bu ifadəsini təkzib edən fotoşəkillər təqdim istədikdə dövlət ittihamçısının şikayəti əsasında hakim bunun qarşısını aldı və bildirdi ki, həmin fotoşəkillərin sübut kimi qəbul olunub-olunmaması məsələsinə baxılacaq.

ŞAHİDLƏR VÜSALLA BABƏKİ BÖLMƏYƏ GÜLƏ-GÜLƏ, XƏSARƏTSİZ GƏLDİKLƏRİNİ GÖRÜBLƏR

Daha sonra bloqqerlərlə birlikdə restoranda olan gənclər – Nurəddin Babayev, Bəhram Əhmədli və Ülvi Həsənli dindirildilər. Hər üç şahid münaqişəni qarşı tərəfin törətdiyini bildirdilər. Şahidlərin dediyinə görə, onlar öz aralarında söhbət edən zaman arxa masadan söyüş eşidiblər. Amma buna reaksiya verməyiblər. Daha sonra Vüsalın başı ilə Eminə zərbə vurduğunu, Adnanın Emini müdafiə etməyə cəhd göstərdiyi zaman onun da Vüsal tərəfindən zədə aldığını bildirdilər. Şahidlər xəsarət alan Adnan və Eminin əvvəlcə 39-cu polis bölməsinə, daha sonra 9-cu polis bölməsinə getdiklərini, bölmədə fotoşəkillərinin çəkildiyini təsdiqlədilər. Bəhram Əhmədli onu da dedi ki, həmin gün Vüsalla Babəki 9-cu bölməyə gülə-gülə, xəsarətsiz gəldiklərini də görüb.

PROSES OKTYABRIN 7-DƏ DAVAM EDƏCƏK

Ülvi Həsənli də həmin gün 9-cu polis bölməsində hazırda özünü zərərçəkmiş kimi təqdim edənləri tam sağlam şəkildə gördüyünü bildirdi. Ülvi Həsənli isə onu da əlavə etdi ki, Babək Hüseynovla üzləşdirilən zaman ondan restoranda birinci kimin kimə yaxınlaşdığını soruşub. Babək də ilk olaraq özlərinin bloqqerlər olan masaya yaxınlaşdığını bildirib. Ülvi isə Babəkin şifahi ifadəsi ilə yazılı ifadəsinin üst-üstə düşmədiyini istintaqa bildirəndə Babək dediklərini təkzib edib.

Ülvi Həsənlinin ifadsindən sonra hakim oktyabrın 1-nə olan prosesi başa çatmış élan edib. Növbəti iclas oktyabrın 7-ə təyin edildi.

Prosesi beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri də izləyirdi. Amerika səfirliyindən Terri Devidson, millət vəkillərindən Pənah Hüseyn də prosesi izləyənlər arasında idi.

Gənclər iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər.

Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Məqalənin əsli burada

1 comment:

wakka said...

シンプルでナチュラルな洋服を探すならシンプルおしゃれ雑記

大人かわいいファッションを探すなら大人かわいいおしゃれ雑記