Adnan Hacızadə "Yeni Müsavat"dan təkzib tələb edir

“Adnan Hacızadənin səhhəti və saxlanma şəraiti normaldır, o, təcridxana rəhbərliyinin ona qarşı münasibətindən razıdır”, deyə vəkil İsaxan Aşurov Turan agentliyinə bildirib.

Çərşənbə günü gənc fəala baş çəkən Aşurov qeyd edib ki, “Yeni Müsavat”da dərc edilmiş Adnan Hacızadə və Emin Millinin iştirakı ilə narıncı inqilab həyata keçirmək planlarından bəhs edən məqalə Adnanı təəccübləndirib və qəzəbləndirib.

“Mən inqilabçı deyiləm və heç bir rəngli inqilab layihəsində iştirak etmirəm. “Yeni Müsavat”da gedən məqalə tamamilə cəfəngiyyatdır. Düşünürəm ki, bu təxribatın məqsədi cəmiyyətdə mənim haqqımda mənfi fikir yaratmaqdır. Bunu düşünənlər üçün hansı səbəb olduğu aydındır. Amma başa düşə bilmirəm ki, niyə bu çirkin oyunda “Yeni Müsavat” iştirak edir? Mən tam əsassız olan məqalə ilə bağlı təkzib verilməsini tələb edirəm”, deyə vəkil Adnan Hacızadədən sitat gətirib.

Aşurov həmçinin bildirib ki, təcridxanada müdafiə etdiyi şəxsin sınmış burnu rentgendən keçirilib. “Lakin ona tibbi rəy təqdim edilməyib. Hacızadəyə burnundan aldığı zədə ilə əlaqədar tibbi yardım da göstərilmir”, deyə vəkil qeyd edib.

Turan

1 comment: