Martın 6-da OL! Azərbaycan Gənclər Hərəkatı özünün növbəti interaktiv mühazirəsini keçirdi. Mühazirə “Söyüşün söz azadlığında rolu” mövzusunda keçirildi. Diplomat Hotelde baş tutan mühazirənin qonaqları şairlər Rasim Qaraca və Səlim Babullaoğlu və eləcə də yazıçı publisist Əli Əkbər oldular. 2 saata yaxın davam edən mühazirədə 60-a yaxın tələbə, müxtəlif gənclər təşkilatlarını təmsil edən və həmçinin müstəqil gənclər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan OL! Hərəkatının üzvü Ruslan Əsədov Qərbdə gənclərin ictimai həyatda insanlar arasında çox rahat şəkildə söyüşlərdən istifadə etdiyini söylədi və mühazirəçilərin buna münasibətini soruşdu. Şair Rasim Qaraca ictimai tədbirlərdə söyüşdən istifadəyə mənfi münasibətinin olduğunu desə də insanın özünü maksimum ifadə etməsinə tərəfdar olduğunu və bu zaman da söyüşlərdən istifadə etməsinə normal yanaşdığını söylədi. Öz yaradıcılığından misal göstərən Rasim bəy bir neçə il öncə dilimizdə olan müxtəlif arqo sözlərlə və söyüşlərlə zəngin olan atalar sözü və deyimləri ehtiva edən “Türkün məsəli” kitabını nəşr etdiyini və bu kitabın elmi məqsədlərlə istifadə edilə bilməsi ilə yanaşı dilimizdə olan bu atalar sözü və deyimləri yaşatmaq və ədəbiyyatda istifadə edilməsinin əsas məqsədi olduğunu söylədi: “Çünki bunların dilimizdən tədricən yoxa çıxması təhlükəsi var”. O həmçinin cəmiyyətin seksual inqilabı yaşamadan heç bir nəaliyyətə çata bilməyəcəyini əlavə etdi.
Əli Əkbər söyüşün söz azadlığında rolunun onun üçün üçün heç bir məna kesb etmədiyini söylədi: “Tutaq ki, mən bu tədbirdə 5 saat çıxış edə bilərəm, söyüş istifadə etmərəm. Ancaq dostlar arsında bir məclisdə məsələn stoldan yıxılsam ya başım dəysə orda “Lənət olsun” yox hər hansı söyüş istifadə edərəm”. O əsasən söyüşün ədəbiyyatdakı rolundan danışmaq istədiyini vurğuladı. Bu mərhələnin Avropa, rus və türk ədəbiyyatında və incəsənətində artıq keçildiyini vurğulayan Əli Əkbər Azərbaycan ədəbiyyatında da özünün “Götenin röyası” eksperimenti ilə həmçinin Alataron jurnalı və AYO-nun bu streotipi sındırmağa başladığını söylədi.
Səlim Babulloğlu isə ədəbiyyatda ümumiyyətlə söyüşə yer olmadığı fikrini mühazirə iştirakçılarıın diqqətinə çatdırdı: “Dostlar, yaxın insanlar arasında söyüşə qarşı deyiləm. Lakin qadınların yanında da söyüş söymək qeyri-etik bir hərəkətdir”. Səlim bəy “əgər zülm görürsənsə söyüş söyə bilərsən” prinsipini müdafiə etdiyini desə də söyüşün pis vərdiş olduğunu qəbul etdiyini də qeyd etdi.
Daha sonra mühazirəçilər leksiya iştirakçılarının suallarını cavablandırdılar. Gənclərdən birinin Azərbaycan cəmiyyətinin nəyə görə söyüşə bu qədər həssas olmasına baxmayaraq hüquqlarının pozulmasına, bu qədər əzab əziyyətə və alçaldımağa dözdüyünü soruşdu. Səlim Babullaoğlu belə ümumiləşdirməyə qarşı olduğununu, şəxsən özünün isə söyüşə qarşı həssas olmaqla yanaşı, hüquqlarının müdafiəsində də çox fəal olduğunu qeyd etdi və bütün sferalara və instansiyalarda həmişə özünü tam şəkildə müdafiə etdiyini bəyan etdi. Əli Əkbər suala cavabında əslində bu mühazirədə özünü belə sərbəst apara bildiyini, hər hansı məmur və ya polis işçisiylə qarşılaşdıqda isə özünü tamamən itirdiyini və müdafiə edə bilmədiyini söylədi: “Çünki mən onların dilindən anlamıram ona görə də acizəm”. Söyüşə gəldikdə isə istər “Götenin röyası” istərsə də son romanı olan “Artuş və Zaura” görə çox söyüş və hədə qorxu eşitdiyini lakin artıq bunlara fikir vermədiyini söylədi. Rasim Qaraca isə söyüşün cəmiyyətimizdə həssas bir məsələ olmaqla yanaşı bizim ən zəif yerlərimizdən biri olduğunu qəbul etdiyini bildirdi. O əslində söyüşün də digər sözlər kimi hərflərdən və hecalardan ibarət sözlər olduğunu və heç bir xüsusi məna kəsb etmədiyini qəbul etməyin vacib olduğunu bildirdi. Səlim Babullaoğlu isə əlavə etdi ki, həm də ölkədə qanunlar yaxşı işləməlidir ki, söyüş söyənlər və buna qarşı təpki göstərənlərə qarşı münasibətlər qanuna müvafiq tənzimlənə bilsin.
Bundan sonra təxminən 1 saata yaxın mühazirəçilər digər mühazirə iştirakçılarının da müxtəlif suallarını cavablandırdıqdan sonra mühazirə başa çatdı.
“Söyüşün söz azadlığında rolu” mövzusunda interaktiv mühazirə
“Dövlət və Mədəniyyət” mövzusunda interaktiv mühazirə
OL! Azərbaycan Gənclər Hərəkatı fevralın 17-də daha bir interaktiv mühazirəsini gerçəkləşdirdi. “Dövlət və Mədəniyyət” mövzusunda keçirilən mühazirənin qonaqları filosof Ağalar Məmmədov və kultroloq “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov olub.
Mövzuyla bağlı ilk fikirlərini filosof Ağalar Məmmədov bildirib. O deyib ki, Azərbaycan daha çox İslam mədəniyyətinə yaxınlığı ilə seçilir. Lakin mədəniyyət adı ilə qəbul etdiyimiz bir çox şey əslində İslamda olmayan məsələlərdir. Ağalar bəy insanların saxta dini dəyərlərdən qaçmasını, yersiz şükür hissindən uzaq olmalarını və Qərb mədəniyyətinə yaxınlaşmasını vacib olduğunu bildirib.
Kulturoloq Fuad Məmmədov isə elmsiz mədəniyyət və ya mədəniyyətsiz elm barədə danışıb. Kulturoloq hesab edir ki, bu iki amil bir birindən ayrıla bilməz. O, həmçinin Şərq xalqlarının istiqanlı olmasından, amma çox zaman bu istiqanlılığın yanlış nəticələrindən bəhs edib. Sitat: “Bizdə böyüyə hörmət ciddi məsələdir. Amma bəzən böyüyə hörmət rüşvət kimi fəsadlar doğurur”.
Çıxışların ardından gənclərin sualları cavablandırıldı. Bəzi gənclər Şərq mədəniyyətindən tamamilə imtina edib, Qərbə doğru yönəlməyi düzgün addım həsab etmədilər. Amma yekdilliklə vurğulandı ki, Şərq və Qərb mədəniyyətlərinin insana dəyər verən bütün yönlərini öyrənmək və yaşatmaq lazımdır.


"Azərbaycanda ziyalı problemi" mövzusunda interaktiv mühazirə
OL! Azərbaycan Gənclər Hərəkatı noyabrın 25-də daha bir interaktiv mühazirəsini gerçəkləşdirdi. “Azərbaycanda ziyalı problemi” mövzusunda keçirilən mühazirənin qonaqları kinorejissor Ayaz Salayev, jurnalist Çingiz Sultansoy və xalq şairi Sabir Rüstəmxanlı olub.
Mövzuyla bağlı ilk fikirlərini jurnalist Çingiz Sultansoy bildirib. O deyib ki, hazırda Azərbaycanda ziyalı problemi varsa bu, Sovet hakimiyyətinin bizə buraxdığı mənfi mirasdır. Sovetlər dönəmində formalaşan ziyalıların, vəzifəyə, pula düşkünlüyünü qeyd edən mühazirəçi, hazırda universitetlərdəki mənfi vəziyyətin, savadsızların savadlıları önləməsinin məhz bunun nəticəsi olduğunu deyib.
Kinorejissor Ayaz Salayev ziyalı və intellektual sözləri arasındakı fərqi açmağa çalışıb. O deyib ki, intellektual hər kəs ola bilər. Ziyalı olmaq üçün isə xalqı düşünmək, vicdanı çalışdırmaq lazımdır. Salayev onu da deyib ki, ziyalı xalqın içində olmalı və özünü kimsədən üstün tutmamalıdır. Təvazökarlıq ziyalılığın birinci şərtidir.
Xalq şairi Sabir Rüstəmxanlı isə hələ 1988-ci ildə, Azərbaycanda xalq hərəkatının geniş vüsət aldığı dönəmlərdə ziyalılıq barədə yazdığı yazılardan və buna olan oxucu münasibətindən söz açıb. Deyib ki, 20 il əvvəl Azərbaycanda ziyalılığa münasibət necə idisə, indi də belədir. Yəni o zaman da insanlar ziyalılıların yoxluğundan və ya özünü ziyalı hesab edənlərin mənfi hərəkətlərindən şikayətlənirdilər. Rüstəmxanlı deyib ki, indiki şəraitrdə ziyalı kimi yetişmək çox çətindir. Çünki, indi belə bir düşüncə mövcuddur ki, ziyalı olmaq dövlətin və hökümətin sözünü deməkdir.
Bütün iştirakçılar sonda bunu qeyd ediblər ki, ziyalı dövlətin və hökümətin sözünü deyən yox, məhz xalqın içində olan və xalqa doğru yol açan və dəyərlər formalaşdıran vicdanlı insanlara deyilir. Mühazirəçilər gənclərin suallarını cavablandırıblar və nikbinliklə qeyd ediblər ki, gənclərin belə mövzulara müraciət etmələri Azərbaycanın xoşbəxt gələcəyinin olacağından xəbər verir.
"Demokratik cəmiyyətdə söz azaldığının rolu" mövzusunda interaktiv mühazirə
OL! Azərbaycan Gənclər Hərəkatı noyabrın 17-də növbəti interaktiv mühazirəsini təşkil edib. "Demokratik cəmiyyətdə söz azaldığının rolu" mövzusunda keçirilən mühazirənin qonağı Yeni Nəsil Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, jurnalist Xədicə İsmayılova və Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı olub.
Arif Əliyev deyib ki, söz azadlığı təkcə siyasi səviyyədə həll edilən məsələ deyil. Buna cəmiyyət də hazır olmalıdır. Xədicə İsmayılova isə bildirib ki, söz azaldığından daha çox cəmiyyətinin məlumatı qəbul etmə hazırlığına fikir vermək lazımdır. Əgər cəmiyyət istədiyi xəbəri almağa maraqlı deyilsə, söz azaldığının mənası yoxdur. Rəşid Hacılı isə söz azaldığı məhfumunun hüquqi yönündən danışıb. Mühazirəçilərin nitqindən sonra gənclərin sualları cavablandırılıb.
İştirakçılar suallarla yanaşı daha çox ötən günlərdə Milli Televiziya və Radio Şurasının xarici radiostansiyaların bağlana biləcəyi haqda qərarına münasibət bildirib buna etirazlarını bildirdilər.
"Türkiyə-Ermənistan münasibətləri: Yeni mərhələ?" mövzusunda interaktiv mühazir
"OL!" Azərbaycan Gənclər Hərəkatı 26 oktyabr, 2008-ci il tarixində "Türkiyə-Ermənistan münasibətləri: Yeni mərhələ?" mövzusunda interaktiv mühazirə təşkil edib. Mühazirəçilər, Professor Azərbaycanın İrandakı keçmiş səfiri Həsən Əlibəyli, "Şərq-Qərb" Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu, Siyasi təhlilçi, Monterrey Beynəlxalq Araşdırmalar İnstitutunun məzunu Rəşad Elli və olub.
Həsən Əlibəyli çıxışında Türkiyə ermənistan münasibətlərinin tarixindən danışıb. Deyib ki, bütün tarixi faktlat göstərir ki, ermənilərlə yaxın münasibət qurmaq yersizdir. O, bunu ermənilərin xəyanətkar olması ilə əsaslandırıb. Ərəstun Oruclu isə deyib ki, ermənilərin hazırkı durumu deməyə əsas verir ki, onlar gələcəkdə Qərbin regiondakı tək partnyoru olacaq. Rəşad Elli də deyib ki, regionda gedən siyasi proseslərdə Türkiyə iştiraksız qala bilməz. Buna görədə Türkiyə Ermənistanla münasibətlər qurmalıdır. Amma bu zaman xəyanət risqini də nəzərə almalıdır.
Mühazirənin sonunda gənclərin suallarına cavab verilib.

“Dünya maliyyə böhranı: səbəblər və gözlənilən nəticələr” mövzusunda interaktiv mühazirə
"OL!” Azərbaycan Gənclər Hərəkatı oktyabrın 4-də növbəti interaktiv mühazirəsini təşkil etdi. Mühazirə son zamanların ən aktual problemlərindən olan dünyada gedən maliyyə böhranına həsr edilmişdi. “Dünya maliyyə böhranı: səbəblər və gözlənilən nəticələr” başlıqlı tədbirdə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov və Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban iştirakçılara mövzu ilə əlaqəli maraqlı mühazirə etdi. Daha sonra mühazirəçilər auditoriyanı maraqlandıran müxtəlif suallara cavab verdilər. 2 saat davam edən tədbirdə 50-ə yaxın gənc iştirak etdi.
"Rusiya - Gürcüstan münaqişəsi: Bu bizə necə təsir edə bilər?" mövzusunda interaktiv mühazirə
Avqustun 16-da "OL!” Azərbaycan Gənclər Hərəkatı son həftələr ərzində dünya siyasətinin gündəmində olan Rusiya - Gürcüstan münaqişəsi və bu münaqişənin Azərbaycana dəyə biləcəyi təsirləri haqqında ictimai müzakirə təşkil etmişdir. Görüşdə spiker kimi Politoloqlar İlqar Məmmədov, Rasim Musabəyov və beynəlxalq hüquq üzrə ekspert Erkin Qədirli iştirak etmişlər. Üç saata yaxın davam edən görüşdə natiqlər münaqişənin siyasi və hüquqi aspektləri haqqında geniş məlumat verdikdən sonra gənclərin çoxsaylı suallarına cavablandırdılar. Tədbirdə 80-ə yaxın gənc iştirak etdi





































