Hörmətli Gənclər!
Avrasiya Əməkdaşlıq Fondunun və Theodor Heuss Kolleg təşkilatı tərəfindən həyata keçirilmiş “Getting İnvolved” proqramının iştirakçıları kimi biz “Kimsəsiz uşaqlar üçün Təhsil Mərkəzi” kompleksi layihəsini həyata keçiririk.
Layihə çərçivəsində kitab ianəsi kampaniyasının başlanmasını elan etmək istəyirik. 9 yaşından 18 yaşına qədər olan kimsəsiz uşaqlar üçün Azərbaycan, İngilis və Rus dilində kitablar qəbul olunur. Kitabların hamısı yerli Uşaq Evi-İnternatların birinin kitabxanasına veriləcək.
Bütün Suallarla huseynova_m@yahoo.com (Mina) və nijat.ahmadov@gmail.com (Nicat) ünvanlarına müraciət edə bilərsiniz.
Uşaq evində kitabxana
OLçuların uşaqlarla gəzintisi
"OL!" Azərbaycan Gənclər Hərəkatı növbəti xeyriyyə aksiyasını keçirmişdir. Aksiya Şüvəlanda yerləşən Respublika Yardımçı İnternat Məktəbinin sakinləri olan 20 uşağın “Aquapark”a gətirilməsindən ibarət olmuşdur. Aksiyada Hərəkatın üzvləri və qeyri-üzv gənclər də iştirak etmişlər. Uşaqlar “Aquapark”da nahar etmiş, sonra isə əyləncə zalında müxtəlif oyunlar oynamışlar.
OLçular 189 saylı məktəbdə kompyuter kursları açdılar
"OL!" Azəbaycan Gənclər Hərəkatı Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təklif olunmuş layihəyə əsasən Bakı Şəhər 189 saylı məktəbdə kompyuter kursu açmışdır. Qeyd edək ki, Səbail Rayon İcra Hakimiyyəti bir neçə gənclər hərəkatını həmin rayonun bəzi aztəminatlı orta məktəblərində pulsuz ingilis dili və kompyuter kurslarının açılması ilə bağlı layihədə iştirak etməyə dəvət etmişdir. "OL!" AGH da bu dəvətə müsbət cavab vermişdir. Kompyuter kurslarında məktəbin 7-ci sinif şagirdlərindən 10 nəfər iştirak edəcək. Kursun aparıcıları Səbinə Məmmədova, Sevda Cəfəzadə və Turqut Qəmbərdir. Kurslar həftədə iki dəfə keçiriləcək."OL!" gələcəkdə bu layihə çərçivəsində Səbayıl rayonunun aztəminatlı orta məktəblərində də bu cur tədbirlər həyata keçirmək fikrindədir.
Müharibə Əlilləri və Veteranlar üçün pansionata səfər
“OL!” Azərbaycan Gənclər Hərəkatı, ACCELS və Uşaqdan Uşağa Sülh Şəbəkəsi İctimai Birliyi Bilgəhdə yerləşən Müharibə Əlilləri və Veteranlar üçün pansionata səfər təşkil etmişlər. Səfərin məqsədi yaxınlaşan Novruz Bayramı münasibətilə pansionat sakinlərini təbrik etmək, hər üç təşkilatın üzvləri, həmçinin bir çox digər yardımçı şəxslərdən yığılmış maliyyə vəsaiti ilə alınmış yardımları, toplanmış paltarları onlara çatdırmaq idi. Səfərdə hər üç təşkilatı təmsil edən 45 nəfər iştirak etmişdir. Xeyriyyə tədbirində toplanmış vəsaitlə müharibə əlilləri və veteranlar üçün bayram süfrəsi açılmışdı. Tədbirdə, həmçinin muğam ustalarının iştirakı ilə konsert proqramı da keçirilmişdir.
OLçular 189 saylı məktəbdə ingilis dili klubu açdılar
"OL!" Azəbaycan Gənclər Hərəkatı Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təklif olunmuş layihəyə əsasən Bakı Şəhər 189 saylı məktəbdə ingilis dili klubunu açmışdır. Qeyd edək ki, Səbail Rayon İcra Hakimiyyəti bir neçə gənclər hərəkatını həmin rayonun bəzi aztəminatlı orta məktəblərində pulsuz ingilis dili və kompyuter kurslarının açılması ilə bağlı layihədə iştirak etməyə dəvət etmişdir. "OL!" AGH da bu dəvətə müsbət cavab vermiş və 189 saylı məktəbdə ingilis dili klubunun açmaqla layihənin icrasına başlamışdır. "OL!" AGH-nın üzvləri - Kəmalə İsrafilova, Mina Hüseynova, Ruslan Əsədov, Esmira Məmmədova və Humay Quliyevanın daxil olduğu könüllülər qrupu məktəbin həm Azərbaycan, həm də Rus bölməsinin 5, 6, 7 və 8-ci siniflərinin şagirdləri ilə həftədə iki dəfə ingilis dili klubunda görüşürlər. Klubda əsasən şagirdlərin ingilis dilində danışmaq qabiliyyətinin inkişaf etdirilməsinə diqqət yetirilir. Yaxınlarda "OL!" AGH həmin məktəbdə bu layihə çərçivəsində şagirdlər üçün pulsuz kompyuter kursunun açılmasını da planlaşdırır. O cümlədən "OL!" gələcəkdə bu layihə çərçivəsində Səbayıl rayonunun digər aztəminatlı orta məktəblərində də bu cur tədbirlər həyata keçirmək fikrindədir.
Şüvəlanda İnternat Məktəbinə Səfər
“OL!” Azərbaycan Gənclər Hərəkatı və Amerika Təhsil Şurası Şüvəlanda yerləşən Respublika Yardımçı İnternat Məktəbinə səfər təşkil etmişlər. Səfərin məqsədi 20 Noyabr Uşaq Hüquqları Günü münasibətilə internat sakinləri olan uşaqları təbrik etmək, onlar arasında bir neçə gün əvvəl elan olunmuş “Əl İşləri” müsabiqəsinin iştirakçılarını mükafatlandırmaq və hər iki təşkilatın üzvləri, həmçinin bir çox digər yardımçı şəxslərdən yığılmış maliyyə vəsaiti ilə alınmış yardımları, toplanmış paltar və kitabları uşaqlara çatdırmaq, onların problemləri ilə maraqlanmaq idi. Təşkil olunmuş proqrama əsasən ilk olaraq uşaqların əl işləri qiymətləndirildi və onlar mükafatlandırıldı. Proqramın ikinci hissəsi olan konsertdə isə bir sıra tanınmış müğənnilər, o cümlədən Lalə Məmmədova, Zamiq, Samir çıxış etdilər. Səfər konsertin bitməsi ilə sona çatmışdır.
