Albaniya: gecikmiş səfər təəsüratları

Önsöz
Məndən “OL”un bloqu üçün yazı yazmağımı xahiş ediləndə əvvəlcə çox sevindim, amma sonra bir az tərəddüd etdim. 2001-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycanca yazmamışam və vətənpərvərlik, ədəbiyyat və yaxud sərbəst mövzuda yazdığım bütun gözəl inşalar (təvazökarlıqdan uzaq olsa da) artıq saralmış dəftərərin vərəqlərində yaşayır. Bu qeydlə bütün qrammatik, üslub və s. səhvlərimə bəraət qazandırıram və mətləbə keçirəm.

Albaniyaya səfərim universitetin proyekti ilə - Qərbi Balkanlarda (keçmiş Yugoslaviya ölkələri ve Albaniya) regional turizmin inkşafi üçün imkanların dəyərlərdirilməsi ilə bağlı idi. Albaniyaya gedəcəyimizi öyrənəndə ağlıma heç bir fikir, gözümün önünə isə heç bir mənzərə/şəkil gəlmədi. Bu məni narahat etdi, çünki hər hansı bir yerə xeyir və dəyər gətirmək missiyası ilə gedirsənsə, o yerə qarşı daxilində dərin və səmimi simpatiya və empatiya olmalıdir. Hisslərin olmadığı yerdə isə əlbəttə heç bir empatiyadan (özünü başqasının yerinə qoya bilmək, başqası üçün üreyi yanmaq) söhbət gedə də bilməz. Kitabxanamıza getdim və Albaniyanın ən məhşur yazıcısi Ismail Kadarenin “Konsert” kitabını götürdüm. Kitabın adının yüngüllüyünə baxmayaraq əslində çox ağır mövzunu əhatə edir. Albaniya 40 il Kommunist diktator Ənvər Hoca tərəfindən idarə olunub. Ənvər Hoca əvvəl Tito, sonra Stalin və ən axırda Sovet İttifaqı ilə münasibətləri korlayandan sonra, Mao Tze Tungla müttəfiq olub. Çinlə sonuncu müttəfiqlik Albaniyaya müəyyən iqtisadi xeyir gətirməsinə baxmayaraq, Mao Tze Tungun ölümündən sonra iki ölkə arasında münasibətlər soyuyub və Albaniya Yunanıstan və İtaliya ilə qonşuluguna baxmayaraq özünü könüllü olaraq izolasiyaya məhkum edib. Bunun səbəbi ideoloji “paklığı” qorumaq olub və Albaniya 1991-ci il kommunizmin süqutuna qədər Avropa ilə heç bir iqtisadi, siyasi və mədəni əlaqələrə girməyib.

“Konsert” Fransada “ilin ən yaxşı kitabı” premiyasına layiq görülüb və kitabı oxuyanda yenə də sistemin dəhşətini, insan azadlığı və ruhunun heç bir dəyəri olmamasını, bir birinden yerlə göy qədər fərqli olan Alban ve Çin mentalitetlərinin kommunizmin süni “qardaşlıq” damı altında birləşdirilməsinin absurdluğunu başa düşürsən. Uzun sözün qısası, Albaniyaya və albanlara münasibətim artıq biganə deyildi.

Ağlıma “OL”un birinci görüşləri gəldi. Vüqar, Adnan, Nərgiz... “Pora” ve “Kmara”ya vurğunluq... İdealizm abu havası... Gəncliyin gətirdiyi sərxoşluq və dünyadakı bütün gənclərlə qardaşlıq hissi. BP-də işlədiyim vaxt Adnanın mənə verdiyi “Pomerançevo nebo” (Narıncı göy) albomu və ordakı mahnıları kar olmaq təhlükəsi altında yüksək səslə dinləməyim... ordan da “Mjaft” (Albanca: “Bəsdir”) Albaniyanın gənclər təşkilatı... Vüqarın Mjaft-a vurğunluğu... Madam ki, Albaniyaya gedirik, Mjaftla da mütləq görüşmək lazımdı. Həm sırf birbaşa məqsədimizlə bağlı, həm də... Həm ziyarət, həm ticarət.

“Mjaft”ın vebsəhifəsi ziyarətçiləri çox orijinal salamlayır: “Bu websayt ancaq aktiv vətəndaşlar üçündür. Laqeyd vətəndaşlara və rüşvətxor siyasətçilərə verdiyimiz narahatçılıq üçün heç bir məsuliyyət daşımırıq. Əgər aktiv vətəndaş olmağı yük kimi görürsüzsə, apatiyaya qapılın və daş dövründən bizə açıqca göndərin.”

Albaniya. “Nənə Tereza” hava limanı. Nənə albanca azərbaycanca olduğu kimi “nənə” deməkdi, həm də yaşlı qadınlara hörmət əlaməti olaraq işlənilir. Təyyarəmiz hava limanına endi və mən təyyarədən çıxdığım an Albaniyaya vuruldum. Bu ele bir vurğunluq idi ki, heç bir səbəbi yox idi, amma Albaniyada olduğum 1 həftə ərzində o surreal hiss mənimlə qaldı. Ya albanların azərbaycanlılara çox oxşamasından, ya hava limanının dağların arasında yerləşməsindən, ya havanın günəşli olmasından.

500 il Osmanlı imperiyası hökmü Albaniyada izlərini qoyub: məscidlərində, mətbəxlərində və dillərindən düşməyən “haydi” ifadəsində... Telefonla danışıb qurtaranda - “haydi”, “Rock bar”larında gitaristə xahişlərində “haydi, nothing else matters”, “haydi, U2, The One”. Deyirlər ki, Albaniyaya sırf albanları görmək üçün getməyə dəyər. Bu həqiqətdir. Qafqaz xalqları qədər Balkan xalqları da qonaqpərvərlikləri ilə fəxr edirlər. Albanlarda “besa” - “namus andı” çox böyük əhəmiyyət daşıyır və köklərini qədim İllur tayfalarına bağlayan albanlar ancaq 1912-ci ildə öz dövlətlərini qurduqları üçün vətənpərvərlikləri ilə seçilirlər. Yarı-qürürlu, yarı-acı təbəssümlə “Balkan” adını türk dilindəki “bal” və “kan” sozbirləşməsi ilə başa salırlar.

Albaniyanın paytaxtı Tirananın özülü 1640-cı ildə Süleyman Paşa tərəfindən qoyulub. 1920-ci ildə Tirana rəsmi olaraq Albaniyanın paytaxtı elan olunub. Kommunizmin süqutundan sonra, 1991-ci ildə Avropaya qapılarını açan Albaniya Tirananın necə de boz, rəngsiz, ürəksıxıcı olduğunu görüb. 2000-ci ildə şəhərin icra başçısı seçilən Edi Rama eyni zamanda rəssam və Albaniya İncəsənət Akademiyasının professoru olduğu üçün Tirananı canlandırmağa qərar verib. Bununla da Tirananın rənglər renessansı başlayıb - şux qırmızı, sarı, yaşıl, çəhrayı, göy, mavi, narıncı. Əvvəl əvvəl çoxları bu cəsur rəngləri qəbul etməkdə və başa düşməkdə çətinlik çəkib, amma ən azından bu 40 il ərzində Albanlara qadağan olunan ümümi müzakirələrə, şəhərlərinə və bir birilərinə qarşı olan məsuliyyətin dərk olunmasına yol açıb. Edi Rama 2004-cü ildə “Dünyanin ən yaxşı meri” (World Mayor) adına layiq görülüb, 2005-ci ildə isə Time jurnalı tərəfindən “European Heroes 2005” sıralarına seçilib.

Tiranada bu rənglərdən başqa rənglər də var – zirvələrdən asılan ağappaq qar kimi paltarlar və kafelərdə mafiya görkəmi ilə siqaret çəkən qara dəri kurtkalı kişilər. Sonuncu ikisi mənə məktəbdə oxuduğum vaxtların Bakısını xatırlatdı. Və bu rənglərin qarışdığı və qaynadığı şəhərin bitməz tükənməz enerjisi, kafeləri, gəncləri, dinamikasi, yeniliklərə, dəyişikliklərə açıqlığı, neçə ilin məcburi qapalılığından sonra dərindən nəfəs alması - bütün bunları görəndə “Mjaft”in necə formalaşdığını dərk edirsən.

“Mjaft”ın ofisində iki dəfə oldum. Birinci dəfə qeyri-rəsmi, ikinci dəfə isə rəsmi şəkildə. Birinci dəfə amerikalı və Kanadalı həmkarlarımla eyni gündə 3 görüş keçirtdikdən sonra onlar çox yoruldular və “Mjaft sabaha qalsın” deyib mehmanxanaya qayitdılar. Mense, “Mjaft”dan ayibdı” fikirləşib onlara baş çəkməyə qərar verdim. Media Departamenti Direktoru Ervin Qafmolladan ünvanı soruşanda “Elbasanit küçəsi, 71” dedi - amma sonra əlavə etdi ki, taksilərə “Mjaft” demeyim kifayətdi. Doğurdan da italyanca çox gözəl danışan və məni danışdırmağa çalışan taksi sürücüsünə “Mjaft” deməyimlə ofisə çatmağımın arası 5 dəqiqə oldu.

“Mjaft” Albaniyanın ən böyük hərəkatıdır. 8,000-dən çox üzvü, 1,000-ə yaxın könüllüləri və 18 şəhərdə ofisləri var. 2004-cü ildə Vyanada Birləşmiş Millətlər Təşkilatının “Ən yaxşı vətəndaş cəmiyyəti” mükafatına layiq görülən “Mjaft” Albaniyanın vətəndaşlarını aktiv, siyasətini və siyasətçilərini şəffaf və xaricdəki reputasiyasını daha müsbət görmək istəyir. “Mjaft”ın ofisinə girəndə boynunda Fələstin şarflı bir oğlandan Ervinin harada oturduğunu soruşdum, o da menə 3-cü mərtəbəni işarə etdi. Məhz o gün aşağıdakı uğultudan da başa düşdüyüm kimi “Mjaft” görüş keçirirdi. Amma bu göruş sıravi göruşlərdən fərqli idi və “Mjaft” strukturunu dəyişdirməklə bağlı idi. Ervin artıq “Mjaft”ın ümumi fikirlər fazasından spesifik problemlərin həllinə yönəldiyini qeyd etdi və bunun üçün sırf texniki biliklərə ehtiyaclarının olduğunu söylədi. Görüşdüyüm vaxt “Mjaft” iki məsələ ilə aktiv məşğul idi – birincisi, Albaniya parlamentinə seçilən millət vəkillərinin seçkilərdən əvvəl öz gəlirlərinin miqdarını və mənbələrini açıqlamalarının tələbi ilə, ikincisi isə Martın 15-i, 2008-ci il Tirana yaxınlığıindakı böyük silah anbarının partlyaşı zamanı (NATO-ya daxil olmağin şərtlərindən biri Albaniyanın kommunist dövründən qalmış təhlükəli silahları məhv etməsi idi) yaxındakı kəndin zərər çəkmiş ailələrinə düzgün kompensasiyanın verilməsi ilə bağlı idi. Birinci məsələ adi yollarla - daha çox tələblər, etirazlar, maarifləndirmə, media yolu ilə həll oluna bilərdi. Amma ikinci məsələdə sırf hüquqi ekspertlərə ehtiyac var.

Sali Berişaya (Albaniyanın Baş Naziri) etiraz üçün çəkilmiş qraffiti

“Mjaft” artıq sadəcə tələbələrin etiraz kampaniyası deyil. Ervinin dediyinə görə, “Alban cəmiyyəti inkişaf etdikcə, biz də inkşaf edirik. Artıq insanlar etiraz etməyi öyrəniblər. Amma destruksiyanin olduğu yerdə konstruksiya da olmalıdır. İndi bizim hüquqşünaslara, etraf muhitin qorunması ilə bağlı peşəkarlara ehtiyacımız var. Bundan sonra işin daha ağır hissəsi başlayır.” “Mjaft”da çox olmadım – ikinci görüşümüzdə artıq amerikalı və kanadalı həmkarlarımla getdiyim üçün bizi Albaniyaya gətirən əsas məsələni müzakirə etdik. Amma çox gözəl abu-havası var idi “Mjaft”ın, sən sırf gənc olduğun üçün, güldüyün üçün, “falihminderit” (Albanca: çoxsagol) sözünü uzada-uzada dediyin üçün onlardan biri idin. OL-dan da danışdım və Ervin heç vaxt Qafqazda olmadığını, amma, gəlmək istədiyini dedi. Məmnuniyyətlə əməkdaşlığa hazır olduqlarını da qeyd etdi.

“Mjaft”ın ofisindən çıxıb Skanderbeg (İskəndər Bəy) meydanındakı qədim məscidə getdim. Pilləkanla qadınların olduğu hissə ilə qalxdım, düz məscidin günbəzinə yaxın. Qədim Osmanlı naxışlı divarlar və insanın içinə çökən sakitlik hissi. Bəzən hansısa bir anda çox paradoksal şəkildə bir millətlə yaxınlığını hiss edirsən. Bu yaxınlığın Albaniyada bir çox qatları bir-birinə zidd idi: Kommunizm və İslam, Türk işğalı və Türklərə qarşı məhəbbət və nifrət hissinin qarışığı. Bu oxşarlıqlar kaleydoskopuna birinin də əlavə olunmasını çox istəyərdim. Yaxın gələcəkdə Bakıda taksiyə minib “OL”un ofisi” deyəndə yol göstərməyə ehtiyac qalmasın və yollar bizi həmişə təzə üfüqlərə doğru aparsın. Bu pafoslu sonlugu bu 3 il ərzində “OL”a enerji sərf edənlərin hamısına həsr edirəm və sizi təbrik edirəm! Enerjiniz heç vaxt bitməsin…

Humay Quliyeva,
Nyu-York, ABŞ

Qeyd: Humay Quliyeva "OL!" Azərbaycan Gənclər Hərəkatının ilk İdarə Heyətinin üzvlərindən biridir. O, 2007-ci ilin avqustundan ABŞ-ın Kolumbiya Universitetinde təhsil alır.

3 comments:

Adnan Hajizada said...

Sırf Humayın stilində idi bu yazı. Lap köhnə vaxtlar yadıma düşdü.

"Black Dog" said...

O4en simpati4no..

Anonymous said...

Salam Humay,senin adresini axtardim tapmadim! imkan olsa heves olsa yaz mene xanlar08@hotmail.com