Arzularımızdakı həmrəylik

Sabah “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”dür. Bu “həmrəylik” sözü mənim marağımı ən çox çəkən sözlərdən biridir. Çünki lap uşaqlıqdan bu ölkədə hər kəsin həmrəylikdən danışıb heç bir şeydə həmrəy olmadığını görürəm. Eyni zamanda bütöv bir xalqın abstrakt həmrəylik bayramının nə anlama gəldiyi də mənim üçün həmişə düşündürücü olub. Məsələn BMT dekabrın 20-ni Beynəlxalq İnsan Həmrəyliyi Günü elan edib. Məqsəd isə dünyada yoxsulluğun kökünün kəsilməsinə qarşı fəaliyyəti artırmaq. Bu qədər bəsit. Bəs biz nədə həmrəyik həmin gün? Aydın deyil.

Bayramla əlaqədar mətbuatda, ictimaiyyət arasında da son günlər “həmrəylik” sözünə çox tez-tez rast gəlirik. Yeri gəldi gəlmədi hər kəs özünü hamıdan artıq vətənpərvər göstərmək üçün bu sözü də digər zıppıltılı sözlərə qoşub bir çıxış edir. Xüsusilə televiziyalarda bu mövzuya həsr edilmiş bogazdan yuxarı, pafosla dolu, saxta proqramların sayı xeyli artıb. Adamın lap əti tökülür. O gün də ANS kanalında Mübarizin “Mübarizə” verilişi gedirdi (Ad və mahiyyət arasındakı təzad göz deşir, İlahi). Başına müxtəlif ölkələrdə fəaliyyət göstərən lobbi təşkilatlarını (DAK klassiklər, DAK islahatçılar, DAK yapçılar və s...) yığıb müzakirə açmışdı. Nəisə... Qısaca olaraq ərz edim ki, mən bu verilişdən ancaq bir şey başa düşdüm: Bizim həmrəylik enerjimiz ancaq erməniyə qarşı yönlənməlidir. Onlar mahnılarımızı, yeməklərimizi oğurlayanda həmrəy olub, tökülməliyik üstlərinə. Hətta iştirakçılardan biri təxminən belə bir fikir səsləndirdi ki, daxildə müxtəlif fikirli olmaq olar amma xaricə çıxdın ancaq və ancaq ölkəni tərifləməlisən, artıq əksik danışmaq olmaz. Mövzu dolmadan, “Sarı gəlin”dən və kamançadan bir millimetr də kənara çıxa bilməz.


Biz nədə həmrəyik, ey mənim “ulu xalq”ım? Yalnız yuxarıda qeyd etdiyim saxta vətənpərvərlikdəmi? Həmrəy olacağımız başqa problemlərimiz, dərdlərimiz yoxmu? Yoxsa yaşadığımız bu çirkab cəmiyyətin rəzil durumuylamı, insan yerinə qoyulmamağımızla həmrəyik? Biraz da dərindən düşünüb görürsən ki, həqiqət ortadadır. Əgər ölkədə siyasətindən tutmuş mədəniyyətinə qədər hər cür eybəcərlik, xaos, natamamlıq hökm sürürsə və yalan, ədalətsizlik, korrupsiya adi həyat normasına çevrilibsə, biz bir millət olaraq hər bir şeyə qul psixologiyası prizmasından baxırıqsa, susaraq, boyun əyərək, alçalaraq bütün bunları görməzdən gəliriksə, deməli həmrəyik. O zaman bunlarla həmrəy olduğunuz üçün bu bayramı qeyd etməyə tam haqqınız çatır. Mən isə sizinlə həmrəy deyiləm. Ancaq mən özüm bu bayramı nə üçün keçirəcəyimi və kimləri təbrik edəcəyimi bilirəm. Sayımız az da olsa, məhdud bir çevrə olsaq da həmrəy olduğum dostlarım və tanıdığım insanlar var. Sıxılanda, depressiyada olanda ümid dolu bir təbəssümləriylə belə müsbət enerji alıb hər şeyə yenidən başladığım dostlarım. Yuxarıda sadaladığım çatışmazlıqlarla barışmayan, bu durumun dəyişməsi üçün minimum imkanlarla belə olsa mübarizə aparan və buna görə ailəsinin, yaxınlarının, ölkədəki çoxluğun tənəsinə tuş gələn, amma eyni amal uğrunda, fədakarcasına, yorulmadan çalışan insanlar. Biz indi azıq, kifayət qədər güclü deyilik, ancaq əzmlə işimizə davam edə bilsək sonda ölkədəki çoxluğu da özümüzlə həmrəy edəcəyik. Bu ölkə mütləq dəyişəcək. Biz bunu bacaracağıq, bacarmağa borcluyuq. Düşüncə və həyat tərzi, davranış normaları bir bütün olaraq dəyişəcək, dəyişməlidir. Ya dəyişəcəyik, ya da birlikdə məhv olacağıq. Silahımız intellektimiz, tolerantlığımız və qeyri-zorakı bütün məqbul mübarizə vasitələridir. Yetər ki, yorulmadan, sınmadan bizimlə eyni ideyaları paylaşan bütün dostları bir çevrədə toplayaraq, heç kimi küstürmədən yəni həmrəy olaraq məqsədlərimizə doğru inamla irəliləyək.

Bayramınız mübarək, dostlar! Nə yaxşı ki, sizlər varsınız!

Rəşadət Axundov

2 comments:

Elshan said...

senin de bayramun mubarey ;)

Aynur said...

Bizi birlesdiren yemek, musiqi, eyni hezzler yox, inkisafa dogru aparan ideologiya, haqsizliga qarsi edilen mubarizedeki hemreyliyimi olmalidir!