Emin Milli: Manifest

Emin Milli, 12/12/08

Bizim tarixi məsuliyyətimiz bizdən fərqli olmaği və Azərbaycana dəyişikliklər gətirməyi tələb edir. Dəyişikliklər hələ də Azərbaycana gəlib çıxmayıb. Amma Siz dəyişikliklərin qarşısını nə qədər çox alsanız, dəyişikliyin Sizə doğru gəlmək iradəsi bir o qədər də çox olacaq. Dəyişiklik Azərbaycana doğru həm içəridən, həm xaricdən, həm soldan, həm sağdan, həm cənnətdən, həm də cəhənnəmdən inamla addımlayır. Bu gün bizim nəslimizin gələcəyə baxışını biz formalaşdırmalıyıq. Dəqiq müəyyən etməliyik, bizə cəmiyyətimizin dəyərlər strukturunda hansı dəyişikliklər lazımdır ki, sabah sonumuz cəhənnəm deyil, cənnət olsun.

Qara qızılı insan qızılına çevirmək barədə danışmağımızın heç bir faydası olmayacaq, əgər biz hal-hazırda olan insan qızılının qədrini bilmirik və ondan dəyərincə istifadə etməyi belə bacarmırıqsa. Yazdığı ssenariyə görə yeganə "Oskar" mükafatı alan Azərbaycanlı Rüstəm İbrahimbəyov bu yaxınlarda bizim cəmiyyəti və ölkə rəhbərliyini oyatmağa çalışdı. Həm də Azərbaycan üçün yazılan hal-hazırkı "ssenarinin" insan kapitalı istehsal edə bilmədiyini dilə gətirdi. Ölkəmizin hal-hazırkı "ssenarisi" korrupsiya mentalitetini, bizim ailələrdə, təşkilatlarda, cəmiyyətdə və dövlətdə hakim olan avtoritar düşüncələri və yanaşmaları dəyişə bilmir. Bu "ssenari" bizim potensial insan qızılımızı ümidsiz, arzusuz və inamsız qara daşlara çevirir. Bəzi insanlar hətta dünya kino tarixində ən yaxşı ssenari yazmış insana öz qara "daşlarını" atmaqdan belə çəkinmirlər.

Mən inanıram ki, artıq fundamental dəyişikliklər etmək və fərqli gələcək "ssenari”mizi yazmaq vaxtı gəlib. Bizə gələcək üçün Azərbaycan Demokratik Respublikası irsinə və ruhuna dərin şəkildə bağlı olan yeni "ssenari" lazımdır. ADR liderləri, islam dünyasında ilk tanınmış demokratik respublikanın liderləri bizim azadlığa aparan uzun yolumuzu məhz ideyalara, arzulara və təhsilə azad istəkdən, sarsılmaz inamdan və yenilməz iradədən qurmağa başladılar.

Bizim təhsil sistemimiz dəyişiklik fabrikasına çevrilməlidir və XXI əsrin ən yüksək keyfiyyət meyarlarına cavab verən insan qızılını istehsal etməlidir. Mən istəyirəm ki, Sizin uşaqlarınız və mənim uşaqlarım bir yerdə BİZİM məktəblərdə və universitetlərdə nəyə görə "Azadlıq" radiosuna qulaq asmağın və bu radionun bağlanmamasının vacib olduğunu, nəyə görə azad və demokratik seçkilərin, nəyə görə iki müddətdən artıq prezident seçilməyi qadağan edən sistemin vacib olduğunu, monopolizmin və korrupsiyanın bizim iqtisadiyyatdan, təhsildən və siyasətdən yığışdırılmasının vacib olduğunu dərindən öyrənsinlər.

Mən istəyirəm ki, Sizin uşaqlarınız və mənim uşaqlarım inansınlar ki, qanunları işləyən cəmiyyət və dövlət qurmaq mümkündür və qanunların işlədiyi dövlətdə qanunlar evdə məişət üçün kağız kimi istifadə olunmur. Mən istəyirəm ki, Sizin uşaqlarınız və mənim uşqlarım inansınlar ki, onlar yeni şəbəkələr, hərəkatlar, təşkilatlar yaradıb üzləşdikləri haqsızlıqlara qarşı birləşib mübarizə apara bilərlər. Mən istəyirəm ki, Siz sabahın insan kapitalının yalnız fərmanlarla yaradıla biləcəyinə inanmayasınız. Biz ilk növbədə bizim nəslimizin fərqli yollar tapa biləcəyinə və ölkəmizə uşaqlarımız üçün istədiyimiz dəyişiklikləri gətirə biləcəyimizə möhkəm inanmalıyıq. Hər şey inamdan başlayır!

P.S. Bu “MANIFESTO” Britaniya Parlamentində keçirilən Azərbaycan gənclərinin "FƏRQLİ OL!" Forumundakı çıxışından götürülüb.

Əsli:
http://www.azadliqciragi.org/node/83

1 comment:

Anonymous said...

Məncə dəyişiklik elə burdan başlayır. Tək fərdlər dəyişirsə,bu bütünlükdə cəmiyyətin dəyişməsinə gətirib çıxarır. Sizin dəyişiklik haqqında çıxışınız dəyişikliyin gəlməsinin göstəricilərindən biridir.