Monarxiyanın növbəti qələbəsi

Dünən Texniki Universitetin futzal meydançasında BDU tələbələri tərəfindən təşkil olunmuş “Respublika” və “Monarxiya” komandaları arasında futbol matçı keçirildi.
Oyun çox sərt və maraqlı idman mübarizəsi şəraitində keçdi. Qarşılıqlı əks-hücümlar, gözəl driblinqlər, azarkeşlərin emossiyaları oyunu daha da rəngləndirirdi. Futbolçular sanki ölkədə respublika və monarxiya ənənələrinin hansının qalib gəlməsi uğrunda mübarizə aparır və meydanın hər qarışında güzəştsiz oyun sərgiləyirdilər.

Bu maraqlı oyun 7:6 hesabı ilə “Monarxiya” komandasının qələbəsi ilə başa çatdı. Monarxistlərin daha çevik, qətiyyətli, kəskin və sərt mübarizəsi özünü oyunun nəticəsində də əks etdirdi. Respublikaçıların isə məhz ölkəmizdəki respublika tərəfdarları kimi aralarında lazımi anlayışın olmaması, son məqamda qətiyyətsizlikləri məğlubiyyətdə açar rolunu oynadı.

Azarkeşlər isə ayrıca bir söhbətin mövzusudur. Tribunada respuspublikaçı və monarxist tərəfdarlar bütün oyun boyunca öz sevimli komandalarını çılğınlıqla dəstəkləyir, yaradıcı şüarlarlа oyuna əlavə intriqa gətirirdilər. Respublikaçı azarkeşlər əsasən “Respublika”, “Yayaya-şaşaşa Respublika çox yaşa” və “Monarxiyaya YOX, Respublikaya HƏ” şüarlarından istifadə edir, Monarxistlər isə əsasən “Monarxiya- Şah sağolsun” və “Xalq heç kimdi-Şah sağolsun” cavabları ilə rəqiblərinə layiqli müqavimət göstərirdilər.

Respublikaçı azarkeşlər zalda çoxluq təşkil etsə də sonda onlar Monarxiyanın ölkəmizdə daha bir qələbəsinə şahid olmağa məcbur oldular və suyu süzülə süzülə zalı tərk etdilər. Monarxistlərin kapitanı isə sonda verdiyi bəyanatla onların bu işdə necə qətiyyətli və özlərinə arxayın hərəkət etdikərini bir daha sübut etdi: “Biz istənilən rəqiblə - millətçilərlə, radikallarla, demokratlarla yarışmaqdan qorxmuruq, çünki, əminik ki, sonda həmişə monarxiya qalib gələcək”















1 comment:

Anonymous said...

Bloga görə cox sağ olun. Monarxistlərin qələbəsi təbiidir sponsorları güclüdür. amma biz Ce Gevara demişkən realist olaq yəni mümkün olmayanı tələb edək.